Mərhum Hamlet Kazımoğlunun "Sevgilim anamtək yalvardı mənə" adlı bir şeiri var. Təzə oxuyanda məhz həmin misra heç cür mənə çatmırdı. Emosianallığıma salıb bunu onun özünə də demişdim. Müəllif də çaş-baş qalmışdı. O da mənim bu misranı niyə anlamadığımı anlamırdı.
Sonralar Borçalı ləhcəsiylə tanış oldum, "yalvarmaq"sözünün o tərəflərdə ədəbi dildən tamamilə fərqli mənada işləndiyini bildim. Onlar yalvarmaq əzizləməyə deyirlər. Özü də bu sözü çox işlətdiklərindən ona ədəbi dildəki "əzizləmək" sözündən daha dolğun, daha şirin anlam yükləyiblər. Məsələn belə: "Ana balasına yalvardı". Bunları anlayanda Hamletin həmin misrasının gözəlliyi mənə çatdı. Amma artıq müəllif sağ deyildi və mən ondan üzr istəyə bilməzdim.
Bax, ədəbiyyat budu. Ən azı onu yaradandan çox yaşayır. Ən azı.
Son illər ortalıqda bir sual dolaşır: "Seir ölübmü?"
İlk dəfə bu sualı (on il olar) Azadlıq radiosunda müzakirə edəndə mən tamamilə ciddi cavab vermişdim:
"Hələ XVI əsrdə Füzuli deyirdi ki, bir dövrdəyəm ki, nəzm olub xar", lakin Füzulinin şeirləri hətta özünün bədbin diaqnozuna rəğmən, hələ də yaşayır". Və mənim cavabım belə etimoloji, filoloji izahla davam edirdi.
Bir il sonra o sualı mənə bir saytda müsahibə zamanı yenidən verdilər. Artıq bu dəfə yarıciddi, yarızarafat cavab verdiyimi xatırlayıram. Sonra bir müddət sonra yenə, yenə. Sonuncu dəfə hiss elədim ki, artıq bu sualın cavab veriləsi heç on faiz də ciddiyyəti qalmayıb. Əgər bu sualı kəşf edən adam özünü çoxbilmiş, irəligetmiş, nə bilim saqqalıçıxmış, bığıbitmiş hesab edib, qarşı tərəfi pis vəziyyətdə qoymaq istəyirdisə, indi çərxi-fələk tərsinə dövran eləyirdi. Pas qarşı tərəfə keçmişdi. İndi bu sualla əməlli-başlı məzələnmək olardı.
"Şeir ölübmü?"
"Əlbəttə, ili də çıxıb. Sizin hələ xəbəriniz yoxdu?"
Və yaxud da:
"Doğrudanmı şeir ölüb?"
"Bəli, ölüb. Onu mən öldürdüm!".
Bir sual ki on ildən artıqdı, ortalıqda fırlanır və özünə fərli bir cavab tapa bilməyib, deməli, o ölüb. Özü də bizim kimi şeirlə yatıb-duran, səhər yeməyini, şamı, naharı nəzmlə edən, arağını şeirlə içib, dərmanını poema ilə atanların məmləkətində bu sualın kitabının bağlanması təbiidi. Bir "ölü"nün ki on ildi, öldüyü sübut oluna bilmir, deməli, o yaşayır. Çünki aradan keçən bu on ildən çox vaxtda şeir heç bir qırıq da ölməyib.
Ona görə də ədəbiyyat tarixini töküşdürüb, ədəbiyyat nəzəriyyəsini qarışdırıb fəlsəfi cavab axtarmağa gərək yoxdu. Mənim yuxarıda gətirdiyim misal o süni sualın ən təbii cavabıdı. Həqiqətin ən sadə halı.
Yəni ki, narahat olmayın, şeir bizi öldürməmiş ölən deyil. Ən azı.
Nə qədər ki insan ruhu var, onun musiqisi də çalınacaq. Əgər nə vaxtsa insan ruhsuz bir robota çevriləcəksə və həqiqətən, bizi qarşıda belə bir absurd gələcək gözləyirsə, onda biz indidən şeirə yox, gələcəkdə olmayacaq ruhumuza yas tutmalıyıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!