NƏRİMANIN NƏRDİVANI - ANAR yazır

Xalq şairi Nəriman Həsənzadənin məşhur şeirlərindən biri "Nərdivan" adlanır. Bu şeirdən bir az sonra bəhs olunacaq. İndi isə yazımın adını izah etmək istəyirəm. Mənə elə gəlir ki, ədəbiyyat da bir növ nərdivandır. Əlinə qələm alan adam istedadı varsa bu nərdivanı pillə-pillə dırmaşır.

Böyük yaradıcılıq ömrü yaşamış Nəriman Həsənzadə bu "ədəbi nərdivanda" addım-addım yüksəlmişdir. Cild-cild poeziya örnəklərindən başqa, Nəriman "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaz yürüşü" adlı mənzum pyeslərin, "Nabat xalanın çörəyi" povestinin, "Tariximiz, taleyimiz" kitabında toplanmış ədəbi publisist məqalələrin müəllifidir. Ağsaqqal yaşını çoxdan adlamış şair hələ də bu nərdivanla qalxmağa qadirdir. 2010-cu ildə 79 yaşlı N.Həsənzadənin "Nuri paşa" poeması nəşr olundu. Poemanın elə ilk sətrləri parlaq təşbehlərlə diqqəti çəkir.

Bakı qətl meydanıdı -

geniş meydanlar

car çəkir.

daşnak başlı bolşeviklər

qan gölündə

avar çəkir.

Qismətlərinə sovet dövründə yaşamaq düşmüş bütün şairlərimizi ucdantutma "sovet şairi" adıyla damğalamaq insafdandırmı? Əlbəttə, deyilə bilər ki, bu poema müstəqillik illərində yaranıb, amma Nərimanın da, başqa istedadlı şairlərin də o dövrdə yaratdıqlarının hamısını "sovet ədəbiyyatı" damğasıyla ədəbiyyatdan silmək çox böyük ədalətsizlikdir. O dövrdə yaşayıb-yaratmış bütün nəsillərdən olan həqiqi şairlərin yaradıcılığında Kommunist ideologiyasına xidmət edən, daha dəqiq desək, bu ideologiyaya uyğun gələn, bu ideologiyayla üst-üstə düşən əsərlər onların yaradıcılıq irsinin olsa-olsa on faizini təşkil edə bilər. Qalan 90 faiz - güclüsüylə, zəifiylə - vaxtın və quruluşun dışında duran ədəbiyyat hadisələridir. Sovet dövründə yaranmış bütün bədii əsərlərin üstündən qələm çəkmək ədəbiyyatımızın böyük bir dövrünün səhraya çevrilməsidir və bu quru, cansız səhrada yeni pöhrələrin yaranması mümkün deyil.

Sovet dövründə də insanlar sevib sevilirdilər, qarşılıqlı məhəbbətin bəxtiyarlığını yaşayırdılar, ayrılığının acısını duyurdular, ölüm-itimin sağalmaz yaralarından əzab çəkirdilər. Və şairlər də bütün bu insani hissləri - sovet ideoloji qəliblərinə məhəl qoymayan poetik üslubda əks etdirirdilər.

Elə o illərdə üç Xalq şairimiz Nəbi Xəzri, Cabir Novruz, Nəriman Həsənzadə ömür-gün yoldaşlarını itirdilər. Hər üçünün poeziyasında bu itkilərin ağrısı təsirli sözlərlə əks olunub. Amma bəlkə ən çox bu ağrı sevimli Sarasını itirmiş Nərimanın yaradıcılığında ifadə olunub. N.Həsənzadə haqqında yazan araşdırıcılardan biri şairin bu silsiləsini hətta "Nəriman-Sara" dastanı adlandırıb.

Nərimanın məşhur şeirlərindən birində belə misralar var:

Ürəkdir bu eşqlə qaynayıb daşan,

Sinəmdə çırpınır alışmaq üçün

Bir insan ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün.

Sonralar yazdığı bir şeirinə şair Sara xanımın dilindən bir beyti epiqraf qoymuşdur:

Bir qadın ömrünü girov qoymuşam

Bir şair ömrünü yaşatmaq üçün.

Vaxtsız itirdiyi həyat yoldaşına həsr olunmuş şeirləri arasında, məncə, ən təsirlisi mənim tərtib etdiyim "Min beş yüz ilin oğuz şeiri" antologiyasına daxil etdiyim şeirdir:

Mən səni sevdim ki, yoldaş olasan,

Həyatın ən ağır dar yollarında.

Demədim axırda bir daş olasan,

Qədim qəbiristanda, yol kənarında.

 

Mən səni sevdim ki, sevin, qaç oyna...

Yenə seçilməsin ətrin bahardan,

Demədim təzədən gizlənpaç oyna,

Axşam yuxuma gir, səhər qaç ordan.

Antologiyaya daxil etdiyim başqa bir şeirində də bu itkinin ağrısı boş qalmış mənzilin təsviriylə verilir:

Mən kimin yanına qayıdım evə,

Bir eyvan, dörd divar, çoxlu daş qalıb.

Sənlə dolu idi boş evim əvvəl

İndi dolu evim sənsiz boş qalıb.

 

Dünyada ən böyük itki qadındı:

Gördüm anamda da, qadınımda da...

Evin yiyəsiydin, indisə torpaq,

Sənsən sağ canımda ağrıyan yerim...

Çöldə qalmaq olmur,

evdə yaşamaq,

nə gedən yerim var,

nə qalan yerim.

Rəhmətlik Sara xanım gəncəli qızıydı. Nəriman həmişə deyir ki, onun bu suyu anama - Nigar Rəfibəyliyə çəkirdi. Müxtəlif vaxtlarda Moskvada eyni xəstəxanada müalicə olunmuşdular, anam da, Sara xanım da...

Nigar xanımın xatirəsinə həsr etdiyi şeirdə Nəriman bu barədə də yazıb:

Onu görüb səni tanımışdılar,

orda... Moskvada, cərrah həkimlər.

Burda heykəltəraş gör necə duyub

İki qəbir üstə eyni büst qoyub.

Bəlkə Nərimanın Gəncəyə xüsusi məhrəm münasibətinin bir səbəbi də xanımının bu şəhərdən olması idi. "Gəncə üsyanı" şeirində yazırdı:

Tarix qisas aldı tarixçilərdən,

Yaşadı yaddaşda Gəncə üsyanı.

Öldük, içimizdə ölmədi vətən.

Torpaqda və daşda Gəncə üsyanı.

 

Gəncə şəhər deyil, Gəncəbasardı,

Əriş-arğacıyam mən o yolların

Kürəyi - zirehli dəmir hasardı

Gəncədə doğulan mərd oğulların.

N.Həsənzadə Gəncə üsyanının, Gəncə əyilməzliyinin qurbanları, şəhidləri haqqında da yazıb:

Zəmiydi Gəncədə Rəfibəylilər,

Çəkicli oraqla biçib getdilər.

Yeri gəlmişkən, Nəriman orduda xidmət zamanı anasının dəfninə icazəsiz getdiyi üçün hərbi tribunaldan onu atamın xilas etdiyini də həmişə minnətdarlıqla xatırlayır.

Gələn il Xalq şairi, Heydər Əliyev mükafatı laureatı Nəriman Həsənzadənin 90 yaşı tamam olur. Yanılmıramsa, Əli İldırımoğlundan və Vidadi Babanlıdan sonra N.Həsənzadə Birliyimizin ən yaşlı üzvüdür. Bu yaşında da Nəriman həm sırf yaradıcılıqla, həm də pedaqoji, ictimai fəaliyyətlə ardıcıl məşğul olur. Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri kimi bu işə formal yox, can-başla yanaşır.

Müdafiə nazirimiz Zakir Həsənovla çox maraqlı və faydalı görüşümüz oldu. Bu görüşün nəticəsində yazıçılarla ordumuz arasında əlaqələr daha da möhkəmləndi və bu işdə Nəriman Həsənzadənin xüsusi xidməti var. Məhz onun təşəbbüsüylə şairlərimizin, yazıçılarımızın Orduya həsr etdikləri yazılardan ibarət kitab nəfis şəkildə işıq üzü gördü.

İstedadlı nasir və esseist Pərvin "Sevdim səni" kitabında Nəriman Həsənzadənin "Nərdivan" şeiri haqqında yazır:

"Görəsən, hansını sevmək daha çətindir? Dünyanın hər üzünü görən, hər ləzzətini dadan, tox (bəlkə də bezgin) adamı, yoxsa hələ təzə-təzə yaşamağa başlayan yeniyetməni? Bəlkə də burda "sevilmək" sözü, ya da "özünü sevdirmək" ifadəsi yerinə düşərdi. Çünki hissin qarşılıqlı deyilsə, yaşadıqların boş vaxt itkisidi...

Nəriman Həsənzadənin "Nərdivan" şeirində əsl faciə budur... Hər aşiq enməyi, qüruba doğru getməyi boynuna almaz. İlk baxışda şeir yaş fərqinə görə əzab çəkən, sevgilisinə qovuşa bilməyən insanın ağrılarını ifadə edir. Amma, məncə, sevgini əngəlləyən yaş fərqi deyil! Məhz istiqamətlərin başqa olmasıdır".

Bəli, məsələ bundadır - yalnız sevgidə deyil, ümmiyyətlə, dünyaya baxışda, həyatı anlamaqda, davranış qaydalarında nəsillərin bir-birilə uyuşmamasındadır. Müxtəlif nəsillər ömür nərdivanının yalnız bir pilləsində bir-birilə ani rastlaşır və ayrılırlar - biri qalxır, biri enir.

Bu dünya nərdivandı -

Qalxanda mehribandı,

Enəndə nə yamandı...

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

Sən qalxırdın bu dəmdə,

Mən enirdim xəbərsiz.

Səni arzularına

qaldırırdı nərdivan,

Məni xatirələrə

endirirdi bu zaman.

Birimiz günçıxana.

Birimiz günbatana.

Gərək ya düşməyəydi

bu görüş heç araya.

Ya sən əvvəl gələydin,

Ya mən sonra dünyaya.

Nəriman Həsənzadə dünyaya vaxtında gəlib və "ədəbiyyat nərdivanının" uca pilləsində möhkəm dayanıb. İnanıram ki, yeni əsərləriylə bu "nərdivanda" hələ bir neçə pillə də yüksəyə qalxacaq.

11 iyul 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!