Oksford küçələrində çiçək satan qoca qadından balalar üçün cəfəng şeirlər... - Sevinc Nuruqızı yazır

 

Salam, Uşaq! Məşhur uşaq yazıçısı, "Çippolino", "Telefonla danışılan nağıllar" kimi sevilən əsərlərin müəllifi Canni Rodari belə deyib: "Uşaqlara düşünməyi öyrətmək üçün, ilk növbədə, düşünüb tapmağı öyrətmək lazımdır". Bir vaxtlar mən sənin üçün sahiblərinə üz çevirib gedən ev heyvanları haqqında nağıl yazmışdım. Nağıl belə adlanırdı "Qəribə kəndin nağılı". Oxumusansa, onların saldığı kənd yadında olar. Bu heyvanlar saldıqları yeni kənddə bacaları içinə açılan, eyvanları başıaşağı, pilləkənləri yuxarıdan aşağı aparan, damları döşəməsində olan evlər tikmişdi. Tərsi göstərib, düzü anlatmaq istəmişdim sənə. Düşünmək üçün düşünüb tapmağı öyrətmək istəmişdim. Sonralar gördüm ki, təkcə mən yox, başqaları da tərs göstərib, düz əldə etmək həvəsində olub. Folklordan tutmuş, ta bu günümüzə kimi.

Çoxlarının üslubunu bəyənmədiyi bir şair də var rus uşaq ədəbiyyatında - Qriqori Oster. O da düşünüb-daşınıb belə qərara gəlib ki, bu dünyanın ağlı, sarılı, qaralı uşaqları arasında sözə qulaq asmayanlar var. Onlar hər şeyi tərsinə edir. Onlara xeyirli məsləhət verib deyirlər: "Səhər yerindən duranda əl-üzünü yu", onlar yuyunmur, onlara deyirlər: "Özündən balacaları incitmə", onlar incidir. Qriqori Oster də belə qərara gəlib ki, məhz bu uşaqlar üçün xeyirli yox, zərərli məsləhətlər versin. Axı onlar hər şeyi tərsinə edirlər. Kitabın adı da belə olub "Zərərli məsləhətlər". Üstünə də yekə-yekə hərflərlə yazılıb: "Sözəbaxan uşaqların oxuması qadağandır". Bu kitabdan bir-neçə şeiri tərcümə edib sözəbaxmayanlara vermək üçün əməlli-başlı çalışdım. Və nəticəsi bu oldu:

Götürməyə tələsmə

Başqasının olanı.

Hər tərəfdən baxan var

Dostu-düşməni tanı.

Onlar çıxan kimi tez

Götür, nəyi istəsən.

Atan-anan bilir ki,

Sən də belə xəstəsən.

Özgənin olanını

Götürməyi sevirsən.

Onlar heç kimə deməz

Burda nələr çevirsən.

***

Əynində təzə palto

Başında təzə papaq,

Həyətə çıxdın, qoçaq.

Nəyinə lazım sənin

Gölməçədə sürünmək.

Kimsə gözün açınca

Hasar üstə görünmək.

Təzə palto geyənə

Göstərim təptəzə yol.

Elə et ki, paltoda

Qalmasın salamat qol.

Hasardan sürüşəndə

Mismarlara iliş, keç.

Gölməçəni şappıldat

Torpaq üstə sürüş, keç.

Aş, dırmaş, qalx, bir də aş

Toza-torpağa bulaş.

Təzə palto və papaq

Olsun cırıq, sökük, yaş.

***

Teatrın bufeti

Olsun görüş yeriniz.

Yeyin, için, şənlənin

Bufetdə hər biriniz.

Qazlı suyu ləzzətlə

Başınıza çəkin siz.

Pirojnadan, kökədən

Yeyin vəhşi təki siz.

Bileti neynəyirsiz

Bir-ikinci sıraya.

Bufetdə dadlı-dadlı

Yığışın bir araya.

Ən maraqlı, ən rahat

Yer - teatr bufeti.

Teatrda ən böyük

Sirr - teatr bufeti.

Qarnın dolu şirnilər,

Pirojnalar kökələr.

Həm evdə, həm bufetdə

Yeyənlər tez yekələr.

***

Kötəkləyin qurbağanı

Əlinizdə dəyənək.

Qanadlarını qopardın

Piyada gəzsin milçək.

Məşq edin dayanmadan.

Çıxardın hər yerdə ad.

Unutmayın, çıxacaq

Sizdən əla bir cəllad.

***

Əli, üzü, boyunu

Yumaq nəyinə gərək.

Elə çirkli əllərlə

Götür ye, pendir-çörək.

Hər səhər yuyunmaqla

Vaxtı hədər etmə sən.

Yerindən duran kimi

Yuyunmağa getmə sən.

Qoy saçların uzansın

Qırxdırma, gəz, dolan gəl.

Onsuz da qocalanda

Başın olacaq keçəl.

***

Heç kəsi dinləmə sən

Çağırsalar nahara.

Gir divanın altına

Nahar hara, sən hara?

Dinməzcə uzan orda

Qoy gəzsinlər hər yanı.

Çıxartmaq istəsələr

Tez qucaqla divanı.

Qışqır, bağır, sal haray

Əllərini dişlə sən.

Çıxartsalar, məşğul ol

Ən zərərli işlə, sən.

Şorba qabını aşırt

Masa boyu süzülsün.

Kotletləri bir-bir at,

Tavan boyu düzülsün.

Olacaqsan çöp kimi

Cəmi bir ay keçincə.

Xasiyyətin sərt, özün

Napnazik, incə-mincə.

"Açarlar bağlanıb, qapılar cibimdə" - tərs-avandlar, yalan-palanlar, cəfəng və uydurmalar. Hətta bəzən uşaqların öz dilində də düşünməyə, düşünüb tapmağa çalışdıran ifadələr var. "Papağım üşüyür", "Şalvarım qaşınır", - deyən balaca qızcığaz tanıyıram ki, o da böyükləri düşünüb tapmağa məcbur edir. Əşyalara haqsızlıq etməyən qız, başından öncə papağının üşüdüyünü elə inandırıcı deyir ki, əsl həqiqəti tapmaq üçün azca da olsa düşünmək lazım gəlir.

Bu ədəbi janrdır desəm. Cəfəng şeirlərin bəzən söylədiyi o qədər həqiqət var ki...

Bizim folklorda da var həyat dolu sevimli, dillər əzbəri şeirlər var:

Hamam hamam içində,

Xəlbir saman içində,

Dəvə dəlləklik eylər

Köhnə hamam içində,

Hamamçının tası yox,

Baltaçının baltası yox,

Orda bir tazı gördüm,

Onun da xaltası yox.

Nağıl-mağıl bilmərəm,

Bilsəm də söyləmərəm,

Xandan gəlmiş nökərəm,

Dinmə böyrünü sökərəm.

Sevimlim, Uşaq! Sənin təxəyyülün o qədər genişdir ki. Bu geniş təxəyyülün dolaylarında düzünə və tərsinə dolaşanlar var. Sənə öz sözünü birbaşa və dolayısı ilə çatdıranlar da. Tərtəmiz həqiqət də, yüngül ironiya da var sənin üçün yazılanlarda. Amma onu deyim ki, sənin üçün ən çox başdöndərən, nəfəstutan, daha nə bilim nə hisslər yaradan maraqlı tərsavand şeirləri Korney Çukovski yazıb. Onun yumor, təxəyyül, hərəkət dolu şeirlərini zövqsüz, quru, ciddi və mühafizəkar böyüklər oxusa, yəqin ki, dodaq büzüb, onların uşaqlara heç nə verməyəcəyindən gileylənər, amma sən - əzizim, Uşaq, əminəm ki, bu şeirlərdən zövq alırsan. Onun hər sətrindəki alt mənanı asanlıqla anlaya bilirsən.       

Korney Çukovski

Telefon

Din dirin, din dirin

Telefonum zənğ çaldı.

- Kimdir?

- Fil.

- Haradan?

- Dəvədən.

- Nə lazımdır?

- Şokolad.

- Kiminçün?

- Oğluma. Şəkərimə, noğuluma.

- Çox göndərək, yoxsa az?

- Beş pud, ya da ki, altı.

Oğlum körpədir, çəkməz

Bundan artığın xətri.

 

Sonra çəkdim ah

Bir də din, dirin...

Zəng etdi timsah.

Gözlərində yaş

Dedi: - Ay qardaş,

Arvadımla mən

Bir də ki, Tatoş

Hərəyə lazım

Düz bir cüt qaloş.

 

- Göndərmişəm mən

Lap elə dünən.

Nə dolu, nə boş

İki cüt qaloş.

 

- Düz deyirsən, onları

Dünən axşam yedik biz.

Yeni qaloş, görəsən

Nə vaxt gələr? - dedik biz.

Şamda ləzzətli qaloş

Süfrəmizi bəzəyər.

Bir axşama altı cüt

Qaloş yeməyə dəyər.

- Din, dirin...

Dovşanlardır.

Kələkbaz şeytanlardır.

Hər biri dedi tək-tək

Göndərin bizə əlcək.

- Biz isə meymunlarıq

Nə desəniz anlarıq.

Kitab göndərin bizə

Dayanmışıq göz-gözə.

Nərildəyən ayıdır

Dəcəllərin tayıdır.

Anlamadım nə deyir.

Nə bəli var, nə xeyir.

Zəng etdilər cücələr

Dedilər ki: - Gecələr,

Bərk ağrıyır qarnımız

Qurbağa yemişik biz.

Qurtarıb dərmanımız.

Sonra yenə din, dirin

Donuzdu zəng eyləyən.

Xoruldayıb hamını

Hər kəsi dəng eyləyən.

Deyir bülbül göndərin.

Birgə nəğmə oxuyaq

Dedim: - Bülbül oxumaz.

Donuzlarla bir xorda

Yəqin ki, sənə qarğa

Lazım olacaq orda.

- Mu, Mu...

Kimdir görəsən?

Aman, yenə ayıdır

Daha bilmirəm kimin

İndi ayı tayıdır.

Narahatdır, deyir morj

Udub dəniz kirpisi,

Başım-qulağım gedib

Aləmi basıb səsi.

Bütün günü din-dirin

Gah suiti zəng etdi,

Gah maral, gah bildirçin.

Bir beş-altı gün qabaq

Ceyranlar soruşdular:

- Karusellər yanıbdır?

Bizim xəbərimiz yox

Hamı bunu danıbdır.

Niyə danışırsınız

Ceyranlar, cəfəngiyat?

Karusellər yerində

Dayanıb sağ-salamat.

İnanmayanlar sabah

Gəlib yellənə bilər.

Yoxsa ki, boş-boşuna

De, kim dillənə bilər?

Ceyranlar dediklərin

Kim deyər ki, dandılar

Hamısı bir ağızdan:

- Karusellər yandılar,

Karusellər yandılar.

Küyçü ceyranlar dedi,

Axmaqlar inandılar.

Dünən səhər erkəndən

Din, dirin, din, din, din, din

- Moydadırdı bu?!

- Bəli, kimdir?

- Kenquru.

- Başqa yerə düşmüsüz.

- Bəs Moydadır...

- Zəng edin 125

 

Üç gecədir yatmıram

Yorulmuşam mən yaman.

Gözümə yuxu gedib

Açılana yaxın dan.

Yenə dirin, din, dirin

- Kimdir?

- Kərgədan!

- Söylə, nə baş veribdir?

- Fəlakət!

- Nə olub?

- Xilas edin!

- Kim dardadır?

- Begemot.

- Söyləyin, nə gətirim

- Yaşıl yarpaq, yoxsa ot.

- Yox ey, düz bataqlığa

Yıxılacaq begemot.

Gəlməsəniz, ordaca.

Boğulacaq begemot

Tez gəlin, tez...

- Yaxşı, gəldim köməyə

Can, begemot, deməyə.

İlk vazkeçilməz "cəfəng" şeirlər toplusu isə, ingilislərin təbirincə desəm, "uca kitab" "Ana qazın nəğmələri"dır ("The Mother Goose"). Bu kitab bir neçə nəsil ingilis uşağının sevimli şeir və nəğmələr toplusuna çevrilməmişdən öncə min illərlə ələkdən keçib. Yəqin ki, milyonlarla uşaq "Ana Qazın nəğmələri"ndəki Şaltay-Boltayı, Robin-Bobini, əlcəklərini itirmiş Bala pişikləri, ev tikən Ceki və digərlərini sevə-sevə oxuyublar. İngilisdilli ölkələrin ən şöhrətli və ən çox oxunan kitabı. Niyə görəsən, Ana Qazın şeirləri, yanıltmac və başsındırmaları əsrlərdir uşaqlar tərəfindən bu qədər sevilir? Çünki körpə oxucu və dinləyicinin qarşısında zarafat və fantastika dolu gülməli, qəribə, real və qeyri-real obrazlarla zəngin bir dünya açılır. Elə bir dünya ki, bu dünyada inəklər Aya uçur, səyahətçilər bapbalaca ləyəndə dünya okeanında səyahətə çıxır... Uşaq hadisələrin və qəhrəmanların bəzən axmaqlığına, bəzən cəld və məzəliliyinə gülür, sevinir və bu azart bütün dəhşətlərdən qorxu hissini üstələyir.

Barabas Robin-Bobin

Barabas Robin-Bobin

Əjdahadır, yoxsa cin?!

40 adam həzm eyləyib,

İnək, Öküz, At yeyib.

Əyriqıç qəssabı da

Su yığılan qabı da.

Arabanı, dudkeşi

Dəftər, qələm, xətkeşi.

Yeyib evi, sarayı.

İndi gəlir harayı:

"Ay qarnım, qarnım", - deyir

Yenə nə gəldi yeyir.

Şaltay-Boltay

De, hardadır, Şaltay-Boltay

Divardadır, Şaltay-Boltay.

Yuxuladı Şaltay-Boltay

Ay haray, haray, haray.

Divardan töküldü yerə

Görə-görə, bilə-bilə.

Kral ordusu axışdı

Kral ordusu yığışdı.

Hara getdi Şaltay-Boltay

İtdi, İtdi, Şaltay-Boltay.

Dəmirçi

Ay dəmirçi, afərin

Necə rahatdır, yerin?!

Kəhər atım axsadı

Bu at kimə oxşadı?!

Al, yenə nalla onu

Bir az sanballa onu.

Bax, bu nal, bu da ki, at

Nalla onu bu saat.

Cek və Cill

Əllərində vedrə var

Cek və Cill.

Onlar dağa dırmanar

Cek və Cill.

Cek nə yaman sürüşdü

Vedrəsi yerə düşdü.

Düz alnı üstə dəydi

Kaş düz yolla gedəydi.

Ay alnım, ay alnım

Cill nə yaman ağladı.

Dob xala tez yüyürüb

Cillin alnın bağladı.

Min bir qəribə və məzəli əhvalatla qəlbləri fəth edən Ana qaz kim idi axı?! Bu sevimli cəfəng şeirlər xalqdan gəlmişdi, yoxsa Ana Qaz təxəllüsü altında onları kimsə yazmışdı?

İngiltərədə belə hesab edilir ki, Ana Qaz Oksford küçələrində çiçək satan qoca qadındır. Fransada isə düşünürlər ki, kitabın müəllifi şahzadə Bertadır. O öz qohumu Robertlə qaçmış, sonra təsadüf nəticəsində bilmişdir ki, Robert ailəlidir. Və şahzadə Berta əməlinin cəzası olaraq qaza çevrilmişdir. Elə buradan da onun adı yaranmışdır: Ana Qaz.

Amma günü bu gün köhnə Boston məzarlığında Goos soyadı altında bir necə qadın məzarı var. Hansılar ki, zaman-zaman Ana Qazın şeirlərinin müəllifi kimi görünüb yox olmuşlar.

Müəllifi kim olur-olsun, körpə qəlbləri fəth edən şeirlər hələ də öz xeyirxah missiyalarını davam etdirir. Güldürür, əyləndirir, düşünməyə məcbur edir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!