Uşaq ədəbiyyatının ciddiyyətinə xələl gətirənlər: məsuliyyət kimin üzərinə düşür - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Uşaq ədəbiyyatı ilə bağlı bir məqam məndə həmişə sual doğurub. Uşaq psixologiyasının incəliklərinə bələd olmayan bir adam niyə bu sahədə qələm işlətməyə borclu bilir özünü? Axı bu sahədə qəbul olunmağın tələbləri çox ağırdır. Uşaqdır deyib keçməklə deyil ki. Təcrübə və reallıqlar sübut edib ki, uşaq ədəbiyyatı meydana qoymağın çox qəliz şərtləri var. Bu dənizdə qol qanad atmaq hər adamın hünəri deyil, hələ keyfiyyətə təsir edən bu kəmiyyət sıxlığı getdikcə nüfuzlu bir sahənin adını batırmaq təhlükəsi ilə üz-üzə qoyur bizi. Təsəvvür edin, dili və ifadə tərzi ilə uşaqların yaş səviyyələrinə uyğun olmayan nə qədər kitablar var. Mücərrəd nəsihət, quru mühakimə baş alıb gedir. Bədii zövqləri yenicə formalaşan uşaqlar üçün o qədər pis nümunələr meydana qoyulur ki, adam heyrət etməyə bilmir. Baxırsan ki, axı bu nümunələri yazan müəlliflərin özlərinin təfəkkürü, düşüncə səviyyəsi yerində deyil.

Düzü, bu mövzuda çoxdan yazmaq istəyirdim. Uşaq psixologiyasının xüsusiyyətlərinə tam diqqət və həssaslıq lazım olduğu məqamda əks qütbü nişan verən çoxsaylı mətnlərin bolluğu mövzudan yan keçməməyi labüd edirdi. Bu günlərdə sosial şəbəkələrdə Aygün Bal adlı müəllifin "Qaz və Göyərçinin əhvalatı" adlı kitabından bəzi nümunələrin yayımlanıb haqlı olaraq qınaq predmetinə çevrilməsi göstərdi ki, bəlkə də gecikirik. Uşaq ədəbiyyatı ilə bağlı SOS siqnalını dayanmadan çalmaq lazımdır. Mərhum dilçi alimimiz Aydın Məmmədov demiş, "səsimiz eşidilənədək"...

Biz dönə-dönə uşaqlara tərbiyəvi cəhətdən əhəmiyyətli, bədii cəhətdən kamil ədəbi nümunələrin yazılmasının vacibliyi məsələsini qabardarkən zamanla gizlənməyə fürsət tapmış bu kimi nümunələr üzə çıxıb, əslində, nə qədər ciddi bir problemin içində olduğumuzu bəlli edir:

...Söylədi eşqini Qaz Göyərçinə,

Dedi: "Vurulmuşam nə vaxtdır sənə..."

Evli olduğunu bilsə də Qazın,

Artırdı bir az Göyərçin nazın.

Boyu çatmasa da Qazın boyuna,

İnadla girirdi Qazın qoluna.

Göyərçin bilirdi tay deyil ona,

Göyərçin vurulmuşdu qazın puluna.

...Hər gün yeyib-içmək, hər gün restoran...

Xərclik də olurdu puldan-paradan.

Arvad anlamasın, bilməsin deyə,

Qaz evə alırdı çoxlu hədiyyə.

Bir gün xəbər tutdu Qazın arvadı.

Qaqqıltı səsilə tutdu fəryadı.

Axtarıb tez tapdı o Göyərçini,

Dedi: "Kəsəcəyəm sənin səsini"...

Göründüyü kimi, müəllif əsl mətləbə dərin maraq oyatmaq üçün rəngarəng ədəbi priyomlar işlədir. Biz uşaqlarımızın əxlaqi dünyagörüşünün formalaşmasına bu cür lövhə və ştrixlər yaratmaqlamı xidmət edirik? Ümumiyyətlə, uşaqlarımıza münasibətdə hansı əxlaq kodeksi meydana qoyuruq? Axı dil və ifadə səlisliyi öz yerində, uşaqlar üçün yazılan mətn ilk növbədə, uşaqların təfəkkür tərzinə uyğun olmalıdı. İdeya saflığı, məna aydınlığı gözlənilməlidir. Müəllifin sonrakı açıqlamasına istinad etsək, tutaq ki, bu mətni uşaqlar üçün yazmayıb. Hərçənd gülməli və uğursuz bəraətdir. O zaman kitabın içindəki o bər-bəzəkli şəkillər nəyə gərək idi? Böyüklərə vizual olaraq nəyisə anlatmaq üçünmü? Yaxud kitabın sonunda müəllifin yazdığı "Ümidvaram ki, ailə-məişət fonunda qələmə aldığım "Qaz və Göyərçinin əhvalatı" adlı şeirimdən ibarət ilk kitabım balalarımızın ürəyindən olacaq, onların əxlaqi və estetik tərbiyəsində müəyyən rol oynayacaqdır", - fikrini hara yozaq? Məncə, müəllif belə təmənnalarda olmaqdansa, uşaqları yüksək dəyərlər ruhunda tərbiyə etmək vəzifəsini öhdəsinə götürsəydi, daha yaxşı olardı. Ataların sözü olmasın, qaçan da Allahı çağırır, qovan da. Bu "əxlaqi və estetik" ifadəsini isə kitab və məqalələrin içində görməkdən gözlərimiz yağır olub. Heç olmasa, üzünüzü uşaqlara tutanda əxlaq sözünü yazmayın, sadəcə əxlaq aşılayın yetər.

Günlərdir bu məsələdən bəhs edildiyindən həmin nöqtəyə çox fokuslanmaq istəməzdim. Həm də ona görə istəməzdim ki, bu cür nümunələr yüzlərlədir və bu qınaqdan çoxuna pay düşməlidir. Məsələn, götürək Gülzar İbrahimovanın redaktorluğu ilə nəşr olunan "Sehrli dünya" jurnalını. Bu jurnalda nağıl, yaddaş oyunu, müdrik hekayətlər, dahilərin həyatından bəhs edən məqalələr yer alsa da, onlar bəzən ideya baxımından zərərli, bəzən də sadəcə dil və üslub cəhətdən qüsurlu formada təqdim olunurlar. Verilən nümunələrdə sözçülük, cümlə dolaşıqlığı baş alıb gedir.

Etiraf edirik, jurnalda "Müdrik hekayətlər" rubrikasında maraqlı hekayələr yer alır, rus və ingilis dilində şeirlərin verilməsi maraqlı formatdır, "Mənim etiket qaydalarım" başlığı altında uşaqlara görüşərkən riayət etməli olduqları davranış qaydaları haqqında amillərin yer alması müsbət haldır, eləcə də dünyaca məşhur alimlərin həyatı və onların elmə verdiyi töhfələrdən bəhs edilməsi uşaqların dünyagörüşlərinin inkişafına xidmət edən keyfiyyətlərdir. Buna baxmayaq, jurnalın özünün uşaqlarla davranışda etiket qaydasına riayət etməsinə ehtiyac var. Məsələn, jurnalda uşaqları əyləndirmək məqsədi ilə sual-cavabı xarakterli yazıların "Prikollar" başlığı altında təqdim olunması nə dərəcə doğrudur? Bu başlığı daha məqsədəuyğun bir ifadə ilə əvəzləmək doğru olmazmı? "Ciddi ol" sərlövhəsinin altında isə uşaqların yaşına, psixologiyasına yad olan elə lətifələr yer alır ki, yazıq uşaq istəsə belə gülə bilməz:

"İki deyingən ər və arvad mübahisə edir. Qadın:

- Məni itirmək asandır, tapmaq çətindir.

- Eynən mənim corablarım kimi!"

("Sehrli dünya", №61, s.48)

Yaxud:

"Müasir dövrdə pis adam olmağın asan yolu:

1. Pul istəyənə borc verirsən

2. Gözləyirsən

3. Neçə aydan sonra soruşursan: "Borcu nə vaxt qaytaracaqsan?"

4. Hazırsan! Bitdi. Sən, ən pis adam oldun"!

Başqa nümunəyə diqqət yetirək:

"- Oğlum, niyə nişanlın neçə gündü görünmür?

- Ona dedim sən sehrlisən, küsdü məndən.

- Ona görə küsməz, düzünü de!

- Dedim Küpəgirənsən!"

("Sehrli dünya", № 60, s.42)

Bu lətifələrin uşaqlara nə qədər dəxli var? Ana ilə oğulun arasında gedən bu söhbət görəsən hansı yaş senzinə malik uşaqlar üçün nəzərdə tutulub? Yəqin "ananın gözündə övladı hər zaman uşaq qalır" kimi bir deyim bu lətifələri düzüb qoşan müəlliflər üçün daha çox keçərlidir, nəinki onların təlim tərbiyəsi üçün daşıdıqları cavabdehlik hissi.

Onu da qeyd edim ki, uşaqları yaşından böyük danışdırmaq, onların fikir səviyyələrinin nəzərə alınmaması son vaxtlar çap olunan nümunələrdə çox gözə çarpır. Bəzən buna maraqlı uşaq şeirləri yazan müəlliflər də yer verir və öz poetik imkanından aşağı səviyyədə olan mövqe sərgiləyirlər. Məsələn, Budaq Təhməzin "Budaq babanın nağılları" adlı uşaq şeirlərindən ibarət kitabında "Anamın arzusu" şeiri var:

Saleh deyir: - Uşaqlar,

Anamın arzusu var.

Böyüyüb yaşa dolam

Geyib əsgər paltarın,

Oxuyub zabit olam.

 

Qoy hamı rahat yatsın

Evində, eşiyində.

Mən də bir zabit kimi

Dayanım sərhəd boyu

Vətənin keşiyində

 

Anam sevinər onda

Arzusunu bitirər.

Mənə də toy eləyib

Ağ örpəkdə, ağ donda

Evə gəlin gətirər.

Şeirin estetik tərəfləri bir tərəfə, bizi maraqlandıran ideya sağlamlığı məsələsidir. Doğrudanmı, balaca uşaqların gələcəklə bağlı arzularının təməlində "evə gəlin gətirmək" kimi bir istək də dayanır? Axı belə bir şey uşaq dünyasına, uşaq düşüncəsinə yaddır. Niyə bunu zorla uşaqlarımızın düşüncəsinə yeridirsiz? Onsuz da zamanı gələndə bütün gözəl hallar yaşanır. Bunu uşağın dilindən vermək nə dərəcədə doğrudur?

Yeni çap olunan kitablara nəzarətin olmamasından şikayətlənirik. Bəs o zaman müəyyən tarixi təcrübəyə malik jurnallarımızda yer almış naqisliklərin hesabını kimdən soraq? Məsələn, "Günəş" jurnalına baxaq. 1927-ci ildən çap olunan bu jurnalda elə nümunələrlə rastlaşırıq ki, həmin tarixi təcrübənin öz sözünü demədiyinə sadəcə, təəssüflənmək qalır. Əvvəla, jurnalda çap olunan əksər şeirlər mənasız söz yığını təsiri bağışlayır, sırf qafiyəpərdazlıq nümunəsi olan, uşaq təhkiyəsinin şirinliyindən uzaq bu şeirlərdə cılız vətənpərvərlik, bəsit yumor hissi dominantlıq təşkil edir. Bu şeirlərin ümumiyyətlə, uşaq jurnalına yol açmasına heyrət etməli oluruq. Məsələn, "Günəş" jurnalının 2014, N-1 sayında Sərxan Əhmədli adlı müəllifin "Dörd yolun ayrıcında" adlı belə bir şeiri verilib:

Bəzən olub, azmışam

Kasıblar arasında.

Qələmimin ucunda

Bir oçerk də yazmışam

"Dörd yolun ayrıcında".

Bu oçerki bir naşı

Cibimdən oğurlayıb.

Aparıb bir qəzetdə

Özün "müəllif" sayıb.

Bəyəm redaktor qağam

Dəsti-xəttimi bilmir?

Niyə onu götürüb,

Dəqiq öyrənmək üçün

Mənim yanıma gəlmir?!

Nə qədər çalışsam da, şeirdə uşaqlara aid kiçicik bir işarə tapa bilmirəm. Şeir müəllifi sanki çoxdan yanıqlı olduğu mətləbi nəzmə çəkərək onun haradasa çapına nail olmağa çalışıb və tarixi təcrübəyə malik "Günəş" jurnalı da öz səhifələrinə ona məmnuniyyətlə yer ayırıb. Bu şeirə də, həmin müəllifin epataj səciyyə daşıyan, uşaq dünyasına aid olmayan "Ehtiras növbəsində" şeirinə də:

Düz bir ildi Eşşəyin

Əli Atdan üzülüb.

Ehtiras "növbəsinə"

Tülkü-çaqqal düzülüb.

Etiraf edək ki, bu şeir heç də yuxarıda sözü gedən Aygün Balın "Qaz və Göyərçinin əhvalatı" şeirindən az "effektiv" deyil. Uşaq ədəbiyyatı nümunələrində müəlliflərin öz xəstə düşüncələrini heyvanların üzərinə köçürüb onların dili ilə təqdim etdiyi, bu cür natamamlıq komleksinin göstəricisi olan mətnlər getdikcə adət halını almaqdadır. Təsəvvür edirsiz, uşaq ədəbiyyatı ilə bağlı təqdim olunan bir qism kitablarda açıq-aşkar zoofiliya ilə əlaqəli motivlər yer alır, "seks", "qız tapmaq", "arvad calamaq", "baştutanlıq etmək" kimi ifadələr, kobud sözlər, söyüşlər eninə boluna işlənir. Özü də bəzən bunu o müəlliflər edir ki, uşaq ədəbiyyatının tanınmış simalarıdır. Məni düşündürən bu şeirlərin hansı ovqatın təsiri ilə yazılmasıdır. Uşaq zehniyyətini bu cür neqativlərlə zəhərləməyə hansı səbəblə özlərini haqlı bilirlər?!...

Yaxud digər bir məqam. Böyüklər arasında mövcud hansısa konfliktin uşaq mətnlərinə gətirilməsinə nə ehtiyac var? Bu yaxınlarda uşaq şeirlərindən ibarət topluda Həsənəli Eyvazlının "Dayısına hürməyən küçük" adlanan təmsilinə rast gəldim.

Ana hər gün, hər zaman.

Nəsihət eyləyirdi.

Dayısın tərifləyib,

Əmisini söyürdü.

Deyirdi - nəslimizin,

Onlar qatı düşməni.

Heç inanma onlara,

Sevməyəcəklər səni.

Böyüyəndə bilərsən

Nələr çəkirik, bala.

Odur, qulaqsız qalıb,

Doğma dayın "boz tula".

Yaltaqlığı, bicliyi,

Hər donu bilməlisən.

Lazım gəlsə onların,

Ayağın öpməlisən.

Ana bir xalta asdı

Balasının boynuna.

Küçük girib sığındı,

Anasının qoynuna.

- Dedi: - bax, bu xaltada,

Asılını görərsən.

Kimin boynunda bundan

Yoxsa, ona hürərsən.

O gündən küçük hər gün,

Boyunlara baxırdı.

Hər gün xaltanı açır,

Silib, bir də taxırdı...

Bir gün əmisin görüb,

Hürdü onun üzünə.

Arsız-arsız hələ bir,

Dik də baxdı gözünə.

Əmi xeyli dinmədi,

Heç kəsmədi sözünü.

Asta-asta söylədi,

Ona sözün düzünü:

- Başqasından qurtarıb,

İndi bizə hürürsən.

Hür, bala, nə deyirik.

Göründüyü kimi, müəllif bəsit kompozisiya daxilində süni dramatizmə qapılmışdır. Amma burda bizi narahat edən ideya saflığının olmamasıdır. Uşaqlar üçün nifrət aşılamaq təlimi keçən əsərlərə gərək yoxdur. Mətn onlarda nəcib hisslər formalaşdırmağa hesablanmayıbsa bəri başdan özünü yanıltmış sayılır.

Qeyd etdiklərimiz hər gün rast gəldiyimiz yarıtmazlıqların bir qismidir. Təəssüf ki, bu cür nümunələrin sayı günbəgün artmaqdadır. Uşaq ədəbiyyatı adı ilə olduqca bəsit, tərtibatı zəngin, lakin mündəricəsi zəif, yaxud əksinə, məzmunca maraqlı olsa belə illüstrasiyası sönük, uşaqlara heç bir estetik və mənəvi qida verməyən kitablar satılır. Bunun qarşısını necə almalı? Yalnız hərəmiz bir yol deməkləmi ki, "uşaqlar gələcəyimizdir", "zəif, yararsız əsərlərın çapına yol vermək olmaz"?!. Bununla problem həll olunurmu? Əlbəttə ki yox. Bu məsələyə dövlət səviyyəsində nəzarət lazımdır. Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin, F.Köçərli adına uşaq kitabxanasının, AMEA Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin, bu yöndə daim təəssübkeş mövqe nümayiş etdirən ziyalıların ciddi nəzarətinə götürülməlidir bu sahə. Bu barədə bir neçə yazımda yazmışam, AzTv-nin "Çıxışa doğru" verilişində dəfələrlə səsləndirmişəm. Ki, uşaq ədəbiyyatına xüsusi nəzarət olmalıdı, bu sahədə ürəyi istəyən hər kəs, əlinə qələm alan hər istedadsız kəsim meydan sulaya bilməz, sulamamalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Qaz və Göyərçinin əhvalatı" kitabı ilə bağlı açıqlamasında oxuyuruq: "Ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib".

Hansı ekspert rəyi? Axı belə bir ekspert qrupu formalaşdırılmayıb ölkədə. Sovet dövründə "Nəzarət palatası" deyilən bir qurum vardı. Bu sahəyə aid bütün məsuliyyəti üzərinə götürür, uşaq nəşrlərinə birbaşa məsuliyyət daşıyırdı. Bəs bu gün bu məsuliyyəti hansı qurum daşıyır? Bizdə adı olub özü yox kimi görünən çox qurumun adını çəkmək olar, amma görünən, əldə olan nəticələr böyük bir boşluğun içində olduğumuzu bəlli edir.

Bu günlərdə Mədəniyyət Nazirinin birinci müavini təyin olunmuş Anar Kərimovun təşəbbüsü ilə nazirlik kompleks və sistemli islahatların həyata keçirilməsi məqsədilə ictimaiyyətə üç sual ünvanlamışdı. Suallardan biri belə idi: "Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?". Bir təklifi burdan irəli sürürəm, buyursun, uşaq ədəbiyyatı ilə bağlı Nazirlikdə Ekspert şurası yaradılsın. "Axar.az" saytında verilən bir məlumatda təhsil eksperti Kamran Əsədov belə bir fikir səsləndirib: "Azyaşlı uşaqlar üçün istənilən vəsait çap olunmamışdan əvvəl senzuradan keçib qrif almalıdır. Məsuliyyət daşıyan yoxdur deyə, hərə bir kitab çıxarır. Mövcud qanunvericiliyə görə, bu cür nəşrlərə nəzarəti Təhsil Nazirliyi həyata keçirmir. Müstəqil Dərslik Mərkəzinin yaradılmasını təklif etmişəm. Hətta dərsliklər belə müstəqil qurum tərəfindən yoxlanılsın. Ona görə hər kəs məsuliyyət daşısın. Mövcud prosedur və yoxlamalardan sonra çap edilsin. Ondan sonra bir də belə bir şey olmayacaq".

Bəli, məhz məsuliyyətin yoxluğundan törəyir bu cür hallar. Yazıçı yazdığı sözün, redaktor redaktə etdiyi mətnin, nəşriyyat çap etdiyi kitabın üzərində məsuliyyət daşımır. Bazara hesablanmış, rəngarəng dizaynlarla göz oxşayan, bəhsəbəhsə, say artırmaq üçün kitab meydana qoymaq uşaq ədəbiyyatına xidmət göstərmək deyil. Xidmət etmək o zaman baş tutur ki, mahiyyətində məfkurəvi istiqamət olsun. Düşünəndə ki, ötən əsrin bu zamanlarında uşaq ədəbiyyatını yaradanlar əsərlərini hansı ciddiyyətlə yazırdılar, uşaqlarımızda hansı məfkurəvi hisslər tərbiyələndirməyə çalışırdılar, bu ənənələr yaşanmalı və yeni istiqamətdə inkişaf etdirilməli halda sanki planlı şəkildə məhvə sürüklənməkdədir. Yoxsa texnogen sivilizasiyasının pik həddində olan çağdaş dünyada "tərəqqi" etməyin, uşaqlar üçün orijinal mətn yazmağın yolunu etik, əxlaqi mahiyyətin sıradan çıxmasında görürük? Onları uşaqlıq kimi təbii imtiyazlarından məhrum etməyə çalışırıq. Çox sevdiyim məşhur bir fikir var: Əl Xarəzmi ondan insanın qiyməti haqqında soruşanlara belə cavab verir: "Əgər insanın əxlaqı varsa, bu, bir rəqəmi deməkdir; əgər insan həm də gözəldirsə, bu 1-in yanına sıfır da artır =10; əgər insanın həm də pulu varsa, bura daha bir sıfır artır =100; əgər insan həm də əsil-nəcabətlidirsə, daha bir sıfır artır =1000. Amma alınan rəqəmdən 1 - yəni, əxlaq getsə, insanın qiyməti yerdə qalan sıfırlara bərabər olacaq".

Belə... İndi biz də əgər mətnlərimizdə uşaqlara gözəllikdən, əsil nəcabətdən, təbiətdən, dostluqdan, bir sözlə, guya hansısa mənəvi dəyərlərdən dəm vurub, əvəzində ruhunu və mənəviyyatını aşındıran nümunələrlə əxlaqını kor edəcəyiksə, o zaman edilən bütün çabalar Cavid demiş, "soldakı sıfır qədər mənasız" qalacaqdır.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!