Vuqar Əhmədin “Koroğlu” romanı haqqında qeydlər
"Koroğlu" romanı Vüqar Əhmədin dördüncü romanıdır. Tarixi mövzuda qələmə alınan əsər "Ecoprint" nəşriyyatında çap olunub. Romana AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy ön söz yazmışdır. Bədii əsərin rəyçisi "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Təhminə Vəliyevadır.
Koroğlu... Hər bir erkək türk cocuğunun bənzəmək istədiyi fövqəladə gücə malik basılmaz bir pəhləvan, yenilməz bir xalq qəhrəmanı. Hansı birimiz ağlımız kəsəndən bəri, yeniyetmə vaxtlarımızda Koroğluya bənzəmək istəməmişik? Hansı birimiz uşaq olanda ağacdan yonub "misri qılınc" düzəltməmişik, xəyalən Koroğlunun misilsiz Qıratının belində oturmamışıq? Hansı birimiz "Koroğlu" dastanından heç olmasa iki-üç şeir nümunəsini əzbərdən bilməmişik? Fəqət, məhz bizə Koroğlunu da ulu ozanlarımızın bizim üçün miras qoyduğu bu qəhrəmanlıq dastanı tanıdıb. Biz məhz "Koroğlu" dastanını oxuyandan sonra əsl qəhrəmanın nə olduğunu Koroğlunun timsalında görmüşük və Allahdan başqa heç kimdən, heç nədən qorxmayan, zalımın zalımı, acizin, fəqirin müdafiəçisi olan, zülmkarlara qarşı sərt, kəskin mübarizə aparan, barışmaz mövqe tutan, həqiqət carçısı, haqq-ədalət bərpaçısı, düşmənlə döyüş zamanı nərəsi yeri-göyü titrədən, düşmənin canını lərzəyə salan, bir həmlədə yüzlərlə düşməni pərən-pərən salan, alçaqların, xainlərin, zülmkarların leşini bir tərəfə, başını bir tərəfə ayıran Koroğlunu tanımışıq və sevmişik.
"Koroğlu" dastanı, yuxarıda deyildiyi kimi, bizə ulu ozanlarımızdan miras qalıb. İyirminci əsrin birinci yarısında dahi Üzeyir Hacıbəyov "Koroğlu" dastanının motivləri əsasında Azərbaycan musiqisinin ən qiymətli gövhərlərindən birini - "Koroğlu" operasını yaradıb və bu əsər tez bir zamanda bütün dünyaya səs salıb. 1960-cı illərin əvvəllərində Sabit Rəhmanın ssenarisinə əsasən, məşhur sinema rejissoru Hüseyn Seyidzadə "Koroğlu" bədii filmini ərsəyə gətirib...
İndi isə Vüqar Əhməd Koroğluya müraciət edib və bizə elə gəlir ki, çox düzgün də bir iş tutub. Vüqar Əhmədin bu romanı da "Koroğlu" dastanının motivləri əsasındadır, lakin müəllifin özünəməxsus təhkiyəsi ilə qələmə alınıb və əsərdə heyrətamiz bir səviyyədə bədiilik mövcuddur. Əvvəlki əsərlərindən də biz Vüqar Əhmədin orijinal bir üsluba, kimsəyə bənzəməyən bədii dilə malik olduğunu bilirik. Müəllif "Koroğlu"da da bu bədii piryomlardan, qeyri-adi variantlardan məharətlə istifadə etmişdir.
Romanda Koroğlu, dastanda nəql olunan kimi, Alı kişinin doğma oğlu deyil, Alı kişi onu körpə ikən qayalıqdan tapıb və doğma övladı kimi bəsləyib, tərbiyə verib, boya-başa çatdırıb. Ümumiyyətlə, kompozissiyası mükəmməl qurulmuş romanda dastandakından çox fərqli cəhətlər vardır. Müəllif obrazlarda da dəyişiklik etmişdir. Məsələn, burada müsbət obraz kimi verilən Ərəb Reyhan Koroğlunun düşməni deyil, onun oğlu Ayxan isə Koroğlunun ən yaxın dostuna çevrilir. Keçəl Həmzə əvvəlcə Koroğluya qarşı namərd hərəkət edib, onun atını qaçırtsa da, sonra öz səhvini başa düşür. Koroğlu təkbaşına yüzlərlə düşmənlə döyüşərkən ona kömək edir və beləliklə, onun dəlilərinin sırasına daxil olur. Giziroğlu Mustafa bəy Çənlibeldə Koroğlu ilə birlikdə düşmənə qarşı mübarizə aparır. Əsərdə Həsən xan, Xotkar obrazları yoxdur, Nigar nə dastandakı kimi, Xotkarın, nə də filmdəki kimi, Həsən xanın qızıdır. Bayandur mahalının adil hökmdarı İsmayıl xanın övladıdır. Koroğlu da, əslində, Nigarın dost-doğma əmisi oğludur və körpə ikən, sonralar İsmayıl xanı nankorcasına öldürüb taxta oturan xain Qara vəzir tərəfindən anası zəhərlənmiş, özü isə qayalığa atılmışdır. Qara vəzir xəmiri riyakarlıqla, əxlaqsızlıqla, xainliklə, hiyləgərliklə yoğrulmuş iyrənc bir adamdır. Daha doğrusu, Vüqar Əhməd onun, eyni zamanda Türküstan hökmdarı Məhdim şahın ortancıl oğlu Xəyratın timsalında hakimiyyət, qızıl, külli miqdarda var-dövlət hərislərinin, hakimiyyətə yiyələnməkdən ötrü hər cür çirkinliyə, iyrənc əməllərə əl atanların, qadın düşkünlərinin, vətən, torpaq xainlərinin, xalq düşmənlərinin olduqca mənfi obrazlarını yaratmışdır.
Əsərdə nə dastanda, nə operada, nə də filmdə olmayan hadisələr və obrazlar mövcuddur. Buradakı hadisələrin çoxu dastandakından fərqli olaraq tamamilə başqa cür cərəyan edir. Bayandur mahalındakı Təbərrük meşəsində istirahət etməyə gələn rus çarının ailəsi, ülyahəzrət Nadejda, qızları Anastasiya, Marusya, knyaz Barkovski, Vüqar Əhmədin ayrıca tapıntılarıdır. Koroğlunun cirə sazı sinəsinə basıb rus mahalının qənirsiz gözəli vəsf eləməsi, eyni zamanda Anastasiyanın Koroğluya dəlicəsinə aşiq olması əsərə xüsusi bir yaraşıq verir və Vüqar Əhmədin nə qədər yenilikçi, orijinal bir sənətkar olduğunu sübuta yetirir.
Əsər həm də macəralarla doludur, maraqlı hadisələrlə zəngindir. Müəllif bu əsərə həm də uşaqlıqdan nağıllarda oxuyub başına gələn hadisələrə bəzən təəccüb etdiyimiz, bəzən heyrətləndiyimiz Azərbaycan nağıllarının ən məşhur personajlarından biri Ovçu Pirimin parlaq surətini də salmışdır ki, yüz yaşlı ixtiyar, əsərdə çox az görünsə də, romana özünəməxsus bir naxış vurur.
"Koroğlu" dastanında Aşıq Cünun surəti vardır. Orada Aşıq Cünun el aşığıdır və Koroğlunun ən yaxın sirdaşlarından biridir. Vüqar Əhməd isə bu əsərdə Aşıq Cünunu artıq məziyyətlərlə vermiş, onu bir növ övliya mərtəbəsinə yüksəltmişdir. Burada Aşıq Cünun Uca Yaradan tərəfindən kəramət verilmiş haqq aşığıdır və onun Koroğlu ilə hər görüşü çox xeyirli olur. Belə ki, Aşıq Cünun gah Koroğluya bir ağsaqqal tək hikmətamiz kəlmələrlə öyüd-nəsihət, təsəlli verir, gah da üstünə naqafil qoşun gəldiyindən xəbərdar edir. Koroğlunun Nigarla toyu olan zaman isə gəlib xeyir-dua verir.
Bu əsərdə Aşıq Cünun tək Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük yazılı abidəsi "Dədə Qorqud" eposundakı Dədə Qorqud obrazına çox bənzəyir. Belə ki, Dədə Qorqud yalnız ən lazmlı hallarda peyda olduğu kimi, Aşıq Cünun da əsərdə heç vaxt boş yerə görsənmir, hər gəlişi Koroğlunun uğur qazanmasına səbəb olur.
Aşıq Cünundan başqa, bu romanda Allah tərəfindən kəramət verilmiş, hamımızın müqəddəs "Qurani-Kərim"in "Loğman" surəsindən tanıdığı və sevdiyi Loğman surəti vardır. Müqəddəs "Qurani-Kərim"də adı hallanan Loğman şübhəsiz ki, tarixi bir şəxsiyyət olmuşdur və Uca Yaradanın ən xoşbəxt bəndələrindən olduğuna görə adı hər bir müsəlmanın həyat kitabı müqəddəs "Qurani-Kərim"ə düşmüşdür. Loğman surəti bizə nağıllarımızdan da tanışdır. Dünyanın ən məşhur tibb alimlərindən olan İbn-Sinaya da loğman demişlər. Lakin buradakı Loğman, sadəcə olaraq, çox güclü təbib olduğu üçün xalq arasında Loğman kimi tanınır. Əsl adı isə Hacı İbrahimdir. Burada Loğmana Uca Yaradan tərəfindən kəramət verildiyi üçün bəsirət gözü açıqdır və o da Aşıq Cünun kimi çoxlarının bilmədikləri şeylərdən xəbərdardır və İbn Sadatın qoşunu ilə döyüşdə nizə yarası alıb xeyli qan itirmiş Nigarı Allahın intəhasız inayətilə ölümdən xilas edib həyata qaytarır.
Həm Aşıq Cünun, həm Loğman, həm Ovçu Pirim, həm də bir çox nağıllarımızdan çox mənfi bir personaj kimi tanıdığımız Qara vəzir surətləri Vüqar Əhmədin dastanlarımıza, nağıllarımıza nə qədər bağlı olduğunu bəyan edir.
Vüqar Əhməd romanda Koroğlunun hələ, necə deyərlər, sağ vaxtında ona bənzəmək istəyənlərin olduğunu göstərir. Məsələn, Kərbəla səhrasında valideynləri və kiçik bacısı ilə birlikdə yaşayan Zülfüqar, Yezid nəslindən olan Şimrin əmriylə İbn Sadatın rəhbərliyi altında iyirmi minlik qoşunun Koroğlunun üstünə getdiyindən xəbər tutub düz üç gün-üç gecə at qovub, özünü Bayandur mahalına çatdıraraq bundan Koroğlunu xəbərdar edir.
Vüqar Əhməd əsərə bacı-qardaşlar, Qızılgüllə Rüstəmin surətini salmaqla Koroğlunun atılmış, kimsəsiz, yetim uşaqlara da qayğısını əsirgəmədiyinin, ulu peyğəmbərimiz Həzrəti Muhəmmədin mübarək hədisi-şərifinin hikmətinə əsasən yetim başına sığal çəkdiyinin şahidi oluruq.
Hamıya məlumdur ki, Koroğlu tarixi bir şəxsiyyətdir və Allaha bütün qəlbi ilə inanan bir insan olmuşdur. Tarixi mənbələrin əksəriyyəti onun Kərkük elindən olduğunu göstərir. Bu da çoxlarına məlumdur ki, kərküklülər istər Kərbəlaya, istər Nəcəfə, Şimali və Cənubi Azərbaycandan Həzrət Əli əleyhəssalamın, İmam Hüseyn əleyhəssalamın və ümumiyyətlə, Kərbəla şəhidlərinin eşqinə köçmüşlər ki, dünyalarını dəyişdikləri zaman onları bu müqəddəslərin məzarının yaxınlığında dəfn etsinlər. Belə olan təqdirdə Koroğlunun da Əhli-Beyt aşiqi olmasının şərhə ehtiyacı yoxdur. Folklorşünaslar və tarixçilər "Koroğlu" dastanının yaşının çox olduğunu qeyd edirlər. Bu da öz növbəsində dastanın baş qəhrəmanı olan Koroğlunun bütün məziyyətlərini, o cümlədən, dindar bir müsəlman olduğunu sübut edir. Lakin şübhəsiz ki, sovetlər dönəmində Koroğlunun dastandakı dindarlığı ilə bağlı səhifələr çıxarılmışdır və Koroğlu oxucuların nəzərinə sosializm ideologiyasının tələblərinə əsasən dinin nə olduğunu bilməyən bir şəxsiyyət kimi qələmə verilmişdir. Vüqar Əhməd bunu da nəzərdən qaçırmamış, Koroğlunun dindarlığını, ələlxüsus, Əhli-Beyt aşiqi olmasını ön plana çəkmiş, bununla da, Koroğlunun timsalında olduqca əməlisaleh bir obraz yaratmışdır.
Uzun illər öz cəfəngiyyatları ilə bəşəriyyətin beynini qarışdıran Karl Marksın materiyanın şüura olan nisbəti cəfəng fəlsəfəsi əsasında cərəyan edən sosializm ideologiyası daim belə bir fikir irəli sürmüşdür ki, bütün kasıblar yaxşı, bütün varlılar isə pis adamdır. Özü də məhz xalqın qanını sora-sora milyonlar sahibi olmuş adamlar sosializm ideologiyasını bu şəkildə təbliğ və tətbiq etmişlər. Çox əfsuslar olsun ki, Marksın ibliscəsinə hazırladığı bu zəhəri indi də şərbət əvəzinə içənlər var və onlar da "öz sələflərinin" yolunu tutaraq dövlətin, xalqın var-yoxunu altdan-altdan mənimsəyə-mənimsəyə başqalarını da zəhərləndirmək istəyirlər. Vüqar Əhməd yenilikçi və orijinal bir sənətkar kimi əvvəlki əsərlərində olduğu kimi, bu romanda da bu fəlsəfənin yalnış və gülünc olduğunu sübuta yetirir və çöllərdə kasıbcasına ömür sürən Koroğlunu xan sarayında böyümüş Nigarla bir araya gətirərək, istər sarayda boya-başa çatmış Nigarın, istərsə də çöllərdə at otarmış Koroğlunun və onun ətrafına toplaşmış vətənpərvər adamların timsalında, sadəcə olaraq əsl insan obrazları yaradır. Bu əsərdəki Koroğlu və Nigar başda olmaqla, onların ətrafındakı müsbət surətlər, dövlətli və yaxud kasıb olmasından asılı olmayaraq vətənpərvər, torpaq sevən, alicənab, əməlisaleh, mərd, adət-ənənələrinə, milli dəyərlərinə, dininə, dilinə intəhasız hörmət göstərən surətlərdir. Vüqar Əhməd bununla insanın dəyərlərinin onun kasıb və yaxud zəngin olması ilə deyil, əməlləri ilə ölçüldüyünü, kasıbların da arasında olduğu qədər, varlıların da arasında gözəl insanlar olduğunu bədii ustalıqla göstərə bildirmişdir.
Vüqar Əhməd bu əsəri Azərbaycanın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazmış, eyni zamanda azğın düşmənə Azərbaycan əsgərinin onların düşündüyü kimi zəif, qorxaq, aciz deyil, yer üzündə tayı-bərabəri olmayan, cəsarəti, rəşadəti bütün dünyaya nümunə ola bilən bir əsgər olduğunu bir neçə saatın ərzində yüzlərlə erməni dığasını cəhənnəmin dibinə göndərmiş Mübariz İbrahimova ithaf etmişdir. Buna da səbəb, şübhəsiz ki, yuxarıda qeyd olunduğu kimi, ən əlçatmaz zirvələrdən biri olan şəhidlik zirvəsinə yüksəlmiş igidlər igidi Mübariz İbrahimovun milyardlarla insandan birinə nəsib olan fövqəladə şücaəti, məhz çox zaman düşmənin üstünə təkbaşına gedən Koroğlu kimi bir həmlədə yüzlərlə düşmənin leşini leş üstünə qalamasıdır.
Əslində, həqiqətən də, Mübariz İbrahimov Koroğluya çox bənzəyir. Etiraf etmək lazımdır ki, biz bir xalq olaraq zəmanəmizin Koroğlusunu çoxdan gözləyirdik və budur, Koroğlu yeni qiyafədə, artıq Misri qılıncla yox, müasir silahlarla silahlanmış, lakin fiziki qüdrətindən, zirəkliyindən, qorxmazlığından, vətənpərvərliyindən, basılmazlığından, yenilməzliyindən, yüksək mənəvi keyfiyyətlərindən, nəcib sifətlərindən, əməlisalehliyindən, işıqlı imanından, eyni zamanda qüsursuz yaraşıqlı görkəmindən Koroğlunu bizə çox xatırladan yeni bir Koroğlu peyda oldu. Və gəlişilə hələ qiyamətə qədər də Koroğluların doğulacağını populist nitqlərlə, alovlu çıxışlarla yox, heyrətamiz ruhu, cəsurluğu və fövqəladə hərbi bacarığı ilə bəyan etdi.
Mən elə düşünürəm ki, Vüqar müəllim məhz bu səbəbdən yenicə qələmə aldığı bu çox vacib və dəyərli əsəri Mübariz İbrahimova ithaf etmişdir.
Yuxarıda qeyd olunduğu kimi, Vüqar müəllim çox gözəl bir təhkiyə ustasıdır. O, bu hekayətini də elə bir şəkildə nəql edir ki, həm vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq yaşlı insanlar, həm də artıq oxumağı bacaran azyaşlı uşaqlar da əsəri, necə deyərlər, özünküləşdirir və əsər onu o qədər özünə bağlayır ki, özünü Koroğlunun yanında, bu el qəhrəmanının macəralarını, düşmənlərlə savaşlarını gözü ilə görüb müşahidə etmiş kimi hiss edir.
Vüqar müəllimin Koroğluya müraciətinin bir səbəbi də onun şəxsən özünün uşaq vaxtından bu igidlər-igidinə intəhasız dərəcədə bağlılığıdır. Gözəl bir zərb-misal var ki, niyyətin hara, mənzilin də ora. Layiq olan bir şəxsiyyəti çox sevirsənsə, ona hədsiz dərəcədə bağlanırsansa, hökmən haçansa qarşılığını alırsan. Əsrlər öncə Koroğluya heyran olan aşıqlar sevə-sevə onun haqqında çox dəyərli dastan qoşublar. XX əsrin əvvəllərində dahi Üzeyir bəy Koroğlu haqqında sevə-sevə tək Azərbaycan incəsənətini deyil, dünya opera xəzinəsini bəzəyən "Koroğlu" operası yaradıb. Sonralar Bülbül kimi, Lütfiyar İmanov kimi böyük müğənnilər sevə-sevə Koroğlu obrazını oynayıblar. İndi də Vüqar müəllim sevə-sevə "Koroğlu" romanını qələmə alıb. İnanırıq ki, Vüqar müəllim də hökmən Koroğluya qarşı olan bu sevginin qarşılığını alacaq, əsər damarlarından əsl azərbaycanlı qanı axan hər bir vətənpərvər insan tərəfindən sevilə-sevilə oxunacaq və yüz minlərlə insan bu kitabı özünün stolüstü kitabına çevriləcək.
Vüqar Əhmədin indiki zamanda, iyirmirinci əsrdə Koroğluya yeni baxışı həm də ona görə vacibdir ki, türk oğlu, türk övladı Koroğlunun kim olduğunu bütün dünya bir də görsün. Çoxlarına məlumdur ki, tarixləri məlum olmayan, bu səbəbdən də folklorları, mədəniyyətləri, milli dəyərləri mövcud olmayan, eyni zamanda türk qəhrəmanlarını hər vasitə ilə aşağılamaq istəyən ermənilər son zamanlar Koroğluya da əl ataraq onu fransız xalqına qorxaq və bir çox mənfi xüsusiyyətə malik olan bir adam kimi qələmə vermiş, daha doğrusu, bunu türklərin özlərinin yaratdığı Koroğlu dastanının fransız dilinə tərcüməsi kimi formalaşdırmışlar. Vüqar Əhmədin Koroğlunu ən yüksək keyfiyyətlərə, nəcib sifətlərə, misilsiz qəhrəmanlığa, əyilməzliyə, basılmazlığa malik olduğunu sadə, aydın və rəvan bir şəkildə bəyan edən bu romanı həm də tuği-lənət olub boğazımıza keçmiş nankor ermənilərə tutarlı bir zərbə, layiqli bir cavabdır. Şübhə etmirik ki, yaşından asılı olmayaraq Azərbaycan oxucusu məhz bu romanı oxuyub Koroğlunun indiyə qədər bizə məlum olmayan keyfiyyətləri ilə tanış olacaq və Koroğlu kimi bir igidlə eyni millətdən olduqlarına görə qürur duyacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!