"İlə" qoşmasının işlənməsi və tələffüzü barədə...
Dilimizdə birgəlik, yaxud vasitə məzmunu ifadə etmək məqsədilə sözlərə artırılan "ilə" qoşmasının bütöv, yaxud -la(-lə) şəkilçisi formasında işlədilməsi həm şifahi, həm də yazılı nitq üçün ədəbi dil norması sayılır. Məsələn, "qonşu ilə rastlaşdım", "dəsmal ilə sildim". Dil normaları baxımından qoşmanın bütöv və şəkilçi formasında işlədilən variantlarının hər ikisi düzgün hesab edilir. Bu variantların hansından nə zaman istifadə etmək isə müəllifin dil bilgisindən və nitq bacarığından asılıdır. Bununla belə, qeyd etmək lazımdır ki, samitlə bitən sözlərdə daha çox şəkilçi variantından istifadə olunur. Çünki şəkilçi forması saitlə bitən sözlərə qoşularkən əlavə olaraq bitişdirici samitdən istifadə etmək lazım gəlir ki, bu da şifahi nitqi ağırlaşdırır, yazıda isə nitqin səliqə-sahmanını pozur. Məsələn, "Qonşuyla rastlaşdıq", "Nizamiylə danışdım"
Bəzi hallarda -la(-lə) elementi qoşmalıq fünksiyasından uzaqlaşaraq leksik şəkilçi vəzifəsi daşımağa başlayır ki, bu zaman onu "ilə" qoşması şəklində bütöv şəkildə işlətmək, təbii ki, mümkün olmur. Bu qayda cəmi bir neçə sözə aiddir (maraqla, diqqətlə, sürətlə və s.) ki, onlarda -la(-lə) isimdən zərf düzəldən leksik şəkilçi kimi çıxış edir və bu sözlər də "nə ilə?" sualına deyil, tərzi-hərəkət zərfi kimi "necə?" sualına cavab verir.
Bundan əlavə, qeyd etmək lazımdır ki, "ilə" leksemi həmişə qoşma kimi deyil, bir çox hallarda omonimləşərək "və" bağlayıcısına ekvivalent olan bitişdirmə bağlayıcısı kimi işlənir. Bu halda onun cümlə tərkibində digər üzvlərlə sintaktik əlaqəsi də müvafiq şəkildə qurulur. Məsələn: "Mən dostum Məmməd ilə gəldim", "Dostum Məmməd ilə mən gəlduk". Bu qaydanın nəzərə alınmaması "ilə" qoşmasının işlədilməsində ən çox yol verilən dil pozuntusudur.
Əvvəldə qeyd etdiyimiz kimi, şifahi nitqdə -la (-lə) şəkilçisindən istifadə ədəbi tələffüz normasıdır. Məsələn: "Qatarla gəldik", "Qələmlə yazdım". Təəssüf ki, şifahi nitq praktikasında (həm adi ünsiyyət zamanı, həm də orfoepik normalara cavab verməli olan radio və televiziya verilişlərinin dilində) bu şəkilçinin daha çox -nan (-nən) formasında işlədildiyinin şahidi oluruq. Hətta bunu ədəbi tələffüz norması kimi qələmə vermək istəyənlər də tapılır. Bir çox təcrübəli diktor və aktyorlarımız da bu pozuntudan yaxa qurtara bilmirlər. Halbuki, danışıq zamanı yalnız hər hansı fonetik hadisə baş verdikdə sözün tələffüzünün yazılışından fərqlənməsi norma kimi qəbul edilə bilər. Məsələn, "ilə" qoşmasının (-la(-lə) şəkilçisinin) Həsən və Əhməd adları ilə işlədilməsini nəzərdən keçirək: "Həsənlə" sözünün "Həsənnən" kimi deyilməsi orfoepik normadır, çünki burada səsin dəyişməsini əsaslandıran fonetik hadisə baş vermiş - sözün sonundakı "n" samiti şəkilçinin "l" samitini tam assimilə edərək özünə çevirmişdir. "Əhmədlə" sözünün "Əhmədnən" şəklində tələffüzünü isə "bəraətləndirən" belə bir səbəb yoxdur. Nəticə olaraq deyə bilərik ki, yalnız şəkilçinin qoşulduğu sözün son samiti "l" səsinin assimilyasiyasına səbəb olduqda bu şəkilçi -nan(-nən) formasında işlənə bilər. Məsələn, "Qələmnən yazdım", "Kamrannan görüşdüm", "Qardaşımnan qayıtdım" demək orfoepik normaya uyğun tələffüzdür. Lakin söz kökünün son səsi şəkilçinin ilk səsinin assimiləsinə səbəb olmursa, bunu ədəbi norma kimi qələmə vermək olmaz. Məsələn, "Çəkicnən vurdum", "Lətifnən görüşdüm" şəklində demək, adi danışıqda yol verilsə də, ədəbi (orfoepik) tələffüz nümunəsi sayıla bilməz. Halbuki, qeyd olunan ədəbi dil normasının pozulması ilə şifahi nitq nümunələrinin səsləndiyi istənilən auditoriyada (istər əyani, istər televiziya və radioda) çox tez-tez üzləşirik. Ümumiyyətlə, hər hansı bir fonetik hadisə (assimilyasiya, dissimilyasiya, səsartımı, səsdüşümü və s.) baş vermirsə, ədəbi dildə sözün deyilişi yazılışından fərqlənməməlidir. Fərqlənmə orfoepik normanın pozulması deməkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!