Mətnlərarası virtual əlaqələr - Cavanşir YUSİFLİ - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

İdeya belədir: hər hansı yazıda məqsəd fikir və ideyanı ifadə etməkdən çox onu ötüb keçmək təşnəliyi ilə bağlıdır. Hərdən sual verirlər yazı-pozu adamlarına (yeri gəlmişkən, deyim ki, belə sadəlövh suallar da lazımdı): olur ki, yazdığınız alınmır, olur ki, zamanla gözdən düşür, neynəyirsiniz, qayıdıb üstündə işləyirsiniz, yoxsa ondan biryolluq imtina edirsiniz?  Gözdən düşən şey elə düşdüyü yerdəcə qalmalıdır və qalır da, sən nə çabalar göstərsən də geri qayıtmır, qayıtmaz da... Ancaq bir şey də var, özü də məncə, çox mühümdür: yazmağın ən birinci şərti imtinadır, son damcısı qalana qədər imtina eləmək, o vaxta qədər ki, əks qüvvə-müqavimət səndən güclü olsun. Belə olurmu? Onu deyə bilmərəm və demək əslində çox çətindir. Demək, bir yazı ona qədər gələn bir sıra mətnlərdən imtina üstündə qurulur (məlum fikri də xatırlatmaq olar: yazı özündən sonra yazılanlara sonsuz ön söz rolunu oynaya bilər...), belə olduğu üçün də yazı hörüldüyü ideya və fikirlərin ifadəsindən çox, onları ötüb keçmək tərzini və təşnəliyini bəlləmək üçündür. Həm də: yazıya pozu yoxdur. Tənqidçidə poza aydındır: elə yazır, elə gedişlər edir ki, başqasının mətnlərini uyğun şəkildə saf-çürük edə bilsin, normal məqam və nöqtələri tapsın, ancaq bu həddi keçdikdə fəlakət baş verir. Dərs keçmək azarı. İndi fb. tənqidçiləri var, dərs keçdiklərindən xəbərsizdirlər. Ancaq həm də bundan: tənqidçi nə edir-etsin, əslində daha çox özünü tənqid edir, buna onun əvvəldə dediyimiz pozası səbəb olur. Yanaşma tərzindən bilinir ki, köhnə palan içi açır, Allah bilir, neçənci dəfədi velosiped icad edir, hər şeydən "sıfır səviyyəsindən" danışır. Şairin bir sözü var: yaxşı şey milyon dənə olsa, yenə azdı, pis şey bircə dənə olsa belə, yenə çoxdu! Şair... ruhunun gücüylə qətrə-qətrə bir yerə yığıb düzəltdiyi güzgüdə özündən başqa hər şeyi, hər kəsi görür. Təhlükəli olan budu: bu "özünügörməzlik" haçansa tam qaranlığın düşməsinə səbəb ola bilər. Nasirin əlindəsə "işarələr səltənəti" (J.P.Sartr) var, o hər şeyi özündən keçirib görür. Zaman keçdikcə gözdən çox şey düşür. Dəbdən də. İnsanların hissləri, duyğuları dəyişir, janrlar qarışır bir-birinə. Bəzən bu dəyişkənlik, zamanın "qatlanan yerində"ki hissiyyat bizi aldadır, elə bilirik ki, artıq yazmaq məqamıdır, özü də nə gəldi (Çeslav Miloşu xatırlayın: ...Çünki şeirlər nadir hallarda və iradənin ziddinə yazılır)... Sürət təşnəliyi, heç nəyi saxlamamaq, necə deyərlər, ürəyini boşaltmaq, buna aldanmayanlar varmı? Varsa əgər, o, günlərin bir günü gecəylə gündüzün tən ortasında o sürətlə yazılan şeylərin elə o sürətlə də sovrulub getdiyini də görür.Bədii mətndə dediyimiz kimi, ifadə olunan ideya ötülüb keçilməyincə, həmin mətn parçalanır, məna itkisinə məruz qalır və sair. Bu mənada bir neçə nümunəyə baxmaq olar.

Səməd Vurğunun "Dünya" şeirində fəlsəfi mahiyyət üzdədir və kifayət qədər qabarıqdır. İlk baxışdan zahiri "nikbinlik" də var: Biz gəldi-gedərik, sən yaşa, dünya! Və ilk baxışdan ona qədər yazılanlardan ayrılır, həm də onların intonasiyasını "döyəcləməmək" üçün.

Bu dünya fanidir, fani,

Bu dünyada qalan hanı?

Davud oğlu Süleymanı

Taxt üstündən salan dünya.

Xəstə Qasımın bu misralarını epiqraf kimi seçən Şəhriyar paradiqmanı dəyişdirir, Xəstə Qasımın dediklərinin, yazdığı şeirin misraları arasındakı cazibə sahəsindən fərqli mətləblər çıxarır. Mətləbi sanki konkretləşdirirmiş kimi iki işi eyni anda icra edir: həm Xəstə Qasımı təsdiqləyir, həm də Xəstə Qasım da daxil olmaqla dünya haqqında deyilənlərə ironiya edir:

Atı əzəl dağa saldıq,

Yorulduqca dala qaldıq.

Atı satdıq, ulaq aldıq,

Yəhər oldu palan, dünya...

Ancaq sözümüz bunda deyil, bizi məhz Səməd Vurğunun "Dünya" şeiri və onun başqa mətnlər və mətləblərlə virtual əlaqələri maraqlqandırır. Dedik ki, bu mətndə fəlsəfi mahiyyət üzdədir və qabarıqdır, illər boyu insanlar yol getdikləri əsnada bu şeirin misralarını xatırlayıb ayaq saxlamış, ovunmaz dərdin üstünü məhz o nəfəs dolusu ricətlə örtməyə çalışmışlar, bu mənada Derridanın sözü lap yerinə düşür: şeir yaranın üstünü qaysaq kimi örtür. Bu şeir yazıldığı anda "Komsomol" poemasından ayrılaraq müstəqil yaşamağa davam etmiş, insanın daxili təcrübəsini, həyat fəlsəfəsini ən kritik yönlərdən əks etdirmişdir, bu mənada şeir zil qaranlığın çökdüyü yerə inadla tuşlanan, ancaq hərdən yuxu apardığı üçün qaranlıq quyunun içindəki işartını da xatırladır. Burda eyni zamanda janrın da fəlsəfəsi, onun kompozisiyasında əsrlərin hıçqırıq səslərini heç zaman yaddan çıxmayan sözə çevirən bir varlıq - mexanizm mövcuddur. Şeirin kompozisiyası bütün hallarda özünün kontekstinə (şeirin bütün künc-bucaqlarında mənaların yaranması konteksti) uyğun bir fiqur cızır. "Dünya" rədifli şeir hansı fiquru cızır, yaxud hansı həndəsi ölçünü ifadə edir. Söhbət şübhəsiz ki, kompozisiyanın fəza sərgüzəştlərindən gedir. Bu məqsədlə qafiyələrə də diqqət yetirmək olar. Zahirən bu qafiyələrin hamısı "biz gəldi-gedərik" mətləli fanilik duyğusunu ifadə edir, "sirrini verməyir sirdaşa" xətti, yaxud vektoru bir az əvvəl çəkilən dairədən uzaqlaşma, "bir yandan boşalır, bir yandan dolur" misrası isə gur çayın içində şüşə qabın həm vahiməli bir məkanda, həm də öz içində boğulma effektini ifadə edir. Qrafinin boğazı niyə dardır? Bəlkə ona görə ki, özündən daşdanmağın necə ağrı verdiyini hiss etsin. Şeir əslində çıxış yolunu arayıb onu bilmərrə tapmamaq hissini göstərir. Bu şeir adı çəkilən poemadan çölə, dünyadan fərqli dünyalara çıxsa da, içində hər şeyin, eləcə də poemada təsvir edilən zamanın izlərini daşıyır. Poemadan bir cizgi: Gəray bəy Kür çayının sahilində qırmancını dəli sulara çırpır, sanki onların daxilindəki təlatümü ram etmək üçün. Ancaq bu zahirən belədir. Ram etmək istədiyin nəsnə sənin çox adi hərəkətindən belə daxili güc alır, aşıb-daşır və sahil xəttini içində boğur. Bu qırmancın ilan kimi qıvrılmağından yaranan enerji, daha doğrusu, onun ifadə etdiyi nəsnə şeirdə səsi, hətta Kürün lap dibindən gələn hıçqırıqları qulaqla eşidilməyən, anacq gözlə görünən sözlərə çevirir. Mətnin fəza ölçüləri və sərgüzəştləri bununla da bitmir. Dar boğazına qədər dolan dünya beləcə xilas olur, hər şey öz içində boğulmağa məhkumkən qırıldığı, ayrılıb ömürdən çat verdiyi yerdə xilas olur, bu dolub-boşalan sular klassik Azərbaycan poeziyasının min illik tarixindən baş alıb gəlir. Nizami Gəncəvinin bir misrası var: Bədənin xarab olması (xəstələnməsi) ilə ağıllının ruhu sarsılmaz, budağın qırılması ilə quş yerə düşməz... Yaxud: bir həsəd tozundan min pak gül yerə sərilər. Bu misalı nəyə görə çəkdik? Dünyada mənalar, xüsusən mətnlərdə dünyaya gələn mənalar özbaşına deyil, başqa mənalarla virtual əlaqələr onu hansı məqamdasa, ancaq həmişə çox vazkeçilməz bir anda mənaların dünyanı bütün əlamətləriylə göstərmə radiusuna tuş gətirir.

Çeslav Miloşun "Poeziya sənəti" şeirində yaxşı bir misra var, elə "Dünya" şeirinin mətləblərini, içindəki ideyaları ötüb keçmək məsələsini anlamaq üçün də yararlıdır

Vaxt vardı, yalnız

                         müdrik kitablar oxunardı,

əzab və düşkünlüyümüzü

                        dərindən hiss etməkçün...

Miloş daha sonra yazır:

Poeziyanın məqsədi bizə

Özümüz kimi qalmağın

                      çətinliyini xatırlatmaqdır,

evimiz açıq, qapılar kilidsiz olsun,

görünməz qonaqlarsa

                       istədikləri zaman gəlsinlər.

 

Razıyam ki, burda dediklərim

                        poeziya deyil,

Çünki şeirlər nadir hallarda və

                        iradənin ziddinə yazılır,

Qarşısıalınmaz təzyiq altında və

                        yalnız o ümidlə ki,

Şeytani yox, ilahi ruhlar bizi seçsinlər.

İndi isə Səməd Vurğunun yuxarıdakı şeirindən bir bəndi xatırlayaq:

Ellərə baxıram bağçalı-bağlı,

Göylərə baxıram qapısı bağlı.

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.

"Göylərin qapısının bağlı olması" bu mətndə tamaşanı seyr etmək (həm virtual, həm də gerçəkdən-! Həm də öz həyatını seyr etmək və bu seyr fürsətini əldən buraxmaq faciəsi-!) üçün göydəndüşmə metaforadır. Bu intonasiya üstündə Şərqdə, elə Qərbdə də nə qədər müdrik sözlər söylənmiş, dünyanın, aləmlərin sirrini, çərxi-fələyin amansızlığını ifadə edən mətnlər meydana gəlmişdir. Həm də nəzərə alamq lazımdır ki, həmin diskurs qəlibi zamanla hiss olunmayacaq dərəcədə dəyişmiş və bir gün özünün tam əksi olan ideyaları yaratmışdır. Yəni, əslində əkslikdə bir doğmalıq, bir qovuşma həqiqəti də var. Məsələn, bu ideyanın tam əksi olan bir şeirə baxaq:

Hərdən mənə elə gəlir ki,

Ulduzlar göyün yaxasında

Sədəf düymələridir.

Bu düymələri açsan

Başqa bir aləm görəcəksən.

Orda nə toz var,

Nə duman.

Nə ölüm, nə qan.

Orda yaşayır

Zamanın süzgəcindən keçmiş

İnsan...

 

Döşənirəm torpağa üzü üstə,

Bağışla məni, böyük ana,

Bağışla!

Könlünə dəydim

Bu yanlışla.

Rəsul Rzanın "Ani duyum" adlı bu şeiri artıq çox fərqli paradiqmanı ortaya qoyur, qapısı bağlı olan göylərin sirrini unudur, ona söz deməkdən vaz keçir (tamaşa, səhnə, dünyanın teatr olması ideyası da sadəcə nəzərdə tutulur...), daha doğrusu, artıq bu sözlər kərratla deyilib deyə, başqa, həm də çox maraqlı bir mətləbi təqdim edir. Və bu mətləb ifadə edilənə qədər həcmcə çox kiçik bir mətndə bəlkə onlarla ifadə planından vaz keçilir, özünüz diqqət edin, ulduzların göyün yaxasında düymə olması şeir və folklor yaddaşımızda mətnə gətiriləsi nə qədər motivi ehtiva edir. Bəlkə o motivlərdən hansısa şeirin arxitektonikasında çox cazibəli görünə bilərdi, dildən-dilə keçib əzbərlənərdi, ancaq nə qədər cazibəli olsa da, həm də ona qədər yazılanların cərgəsinə qoşulub itib-batardı. Bu məqamda istər-istəməz yenə də adı artıq burda çəkilən bir şairin misraları yada düşür: Poeziyanın lap məğzində yaramaz bir şey var: // İçimizdə qıvrılıb zərblə çıxan şeyin orda olduğundan xəbərsizik... 

Rəsul Rzanın şeirində "semantik yuvalar" o qədər sıx və bir-birinə yaxın məsafədə yerləşir ki,  yalandan həqiqətə keçidin sürəkliliyi şeiri, onun içindəki ideyanı vurub çoxaldır, mənalar bir-biriylə dilləşərək artır, dayanmadan bir fikri, həm də onunla səsləşən düşüncələri təsdiq və inkar edərək "karusel" effektini yaradır. Hər hansı ideyanı ötüb ona başqa radiusdan yaxınlaşma burda təhlil etməyə çalışdığımız bütün mətnlərdə mövcuddur. Bu şeiri dəfələrlə oxumuşam və hər dəfə də Füzulinin "Leyli və Məcnun"unda yer alan qəribə keçidləri (Məcnun Leylinin məzarı üstə...) xatırlamışam. Həm də dünyanın çox nadir hallarda şeirə çəkilən mətləblərini. Son zamanlar oxuduğum şeirlərin birində belə bir ayrıntı vardı: ürəyi, içi büsbütün həvəslə dolu olan şeylərin ayaqları bağlı olur və onlar ancaq və ancaq həsrət içində yaşayırlar, həsrət adı bir kol üçün də mövcudluq forması ola bilər. Bu mətləblə Rəsul Rzanın şeiri arasındakı virtual, metaforik keçidlər özbaşına alınır, çünki mətləbə yanaşma, onu görmə və mətndə ifadə etmək səviyyəsi demək olar eynidir.

Bu dünyada bütün gözəl şeirlər beləcə bir-birini ötüb-keçir və məhz bu hadisə mətnlərdə yeni mənaların icad edilməsinə səbəb olur. Bayaqdan sitat gətirdiyimiz Çeslav Miloşun "Dünyanın son günündə" şeirində də belədir. Şair sanki başdan-axıra qədər bu şeirə qədər dünya haqqında deyilənləri "həvəssiz şəkildə" təkrarlayır.  Bu sıralar bitib-tükənmir, həm də dünya fırlandıqca, bəzi şeylər özünü təkrar-təkrar təqdim edir, bu tamaşa yuxuda gördüklərimizin vizuallaşmasını da xatırladır. Arı ərik gülünün başına fırlanır // Balıqçı şəfəqlərlə oynaşan torları yamayır // Delfinlər sevincdən atılıb-düşür dənizdə // Sərçə balaları navalçaya ilişib qalıb // İlan qabığı günəş altında parıldayır, mis kimi... Bu təsvirlər zahirən statik olsa da, sabit hərəkətlə göz önündən ötüb keçən kino lentini xatırladır. Onlar sadəcə ötüb keçir və biz danışmaq istədiyimiz anda susuruq, bu sözlə dolu sükut dünyada yaşadığımız ömrün özündən daha dəhşətli bir şeydir.

Dünyanın sonsuzluğunu dərk etməyən adam istər-istəməz məşum son gün haqqında düşünür. Mətndə illüziya formasında dünyanın son günündən sonrakı "zamanda" görünən hadisələr də fokusa gətirilir: Dünyanın son günündə // Əllərində çətir qadınlar çöl boyu gəzirlər // Sərxoşun biri çəmənliyin qırağında tirlənib // Göyərtisatan küçədə bağırır // Sarı yelkənli gəmi sahilə yan alır // Hava skripka səsi qoxuyur // Ulduzlu göyləri üzümüzə açır...

Ancaq bütün bunlar artıq yaşanmış şeylərdir. İnsanlar həmişə bir şeyi unudurlar, bütün ömür boyu ondan yan keçmək, onu görməmək üçün fərqli yollar seçirlər. Ömür boyu bir nöqtəyə baxan insanlar aldanırlar...

Bilmirlər ki....

Göylərdən əlamət və işarə gözləyənlər

Hər şeyin başlandığına hələ də inanmırlar.

Hələ ki, günəş və Ay göydədir

Hələ ki, eşşəkarıları qızılgülün qonağıdı

Hələ ki, gül kimi balalar doğulur.

Hər şeyin başlandığına necə inanasan.

Yalnız çalsaçlı qoca, bəlkə elə peyğəmbər...

Ancaq o deyil, deyil, oxşatmışıq sadəcə,

Pomidorları bir yerə yığır, dodaqaltı deyinir:

Dünyanın başqa sonu olmayacaq, - deyir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!