"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Rüstəm Behrudinin "Dağlar duman olmadan" şeiridir.
Dağlar duman olmadan
Dön, hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur gedək,
Dağlar duman olmadan.
Al məni də, dur gedək,
Bir kimsə bilməyəcək.
Dur, məni bitirəcək,
Bu bədən, can olmadan.
Xirqəsiz bir dərvişəm,
Külümə bürünmüşəm.
Halıma bax, ölmüşəm,
Təkkəm viran olmadan.
Beşin yarısı - gecə...
Sənsiz gecə - bilməcə.
Qayıt, xəlvət, gizlicə,
Ömür bir an olmadan.
Bəzənib dua ilə,
Allah belə, din belə.
Niyə gecikdin belə,
Gəl, ölmüşəm ölmədən.
Dön, hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur gedək,
Dağlar duman olmadan.
Anı ömür qədər uzadan şeir
Rahid Ulusel
Rüstəm Behrudi dünya ilə yaşıd şeirlərin yazarıdır. Yəni özündən qat-qat qocaman. Ruhun təkamülünün ayrı-ayrı hamilə anlarında ağrı ilə, çığırtı ilə doğulan yaşantı-sözlər şairin qəfil toxunuşundan oyanıb onun şeirlərinə axır, çox zaman bu şeir-qəfəsdə özünə yer tapa, daranıb-düzlənə bilmir, bir-biri ilə çarpışır da. Çağdaş Azərbaycan poeziyasında ən narahat bədii dünyanın yaradıcısının yazıları ona görə sel və leysan stixiyasındadır ki, onlar dünyanın sivilizasiya üçün yetişdiyi çağdan bəri dikələn ən yöndəmsiz qarmaq-suallarına sinəsini Kərbəla meydanı kimi açır. Rüstəm Behrudinin bir yazısında şeirdən nəsrə, nəsrdən şeirə divanəcəsinə sıçraması da tarixin zəlzələlərində uçqunlar altında qalmış həqiqətləri tapıb üzə çıxarmaq yanğısındadır. Şair bütün silahları tükənəndən sonra əlbəyaxa döyüşə keçən yaralı əsgər timsalındadır. Onun hətta ən hamar şeirlərində belə üsyankar ruhun gizli təcəllası var. Rüstəmin yaradıcılığı bizə o gerçəyi açır ki, həqiqətən, dünyanın ən ağır yükünü onun ən incə ürəkləri çəkir...
Rüstəm dəryasından bir damla - "Dağlar duman olmadan" şeiri isə, yəqin ki, həmin dəryanın üzdən durulub sakitləşdyi, dərindən isə yenə kükrəyən enerjisini ahəngdarca hərəkət etdirdiyi çağda yazılıb. Dünyanın ən ağır yükünü ən incə ürəklər çəkdiyi kimi, onun ən möhkəm və sarsılmazı da ("dağlar") ən zərifi və yüngülü ilə ("duman") ayrılmazdır, doğmadır: nəfəs sümüyü yaşatdığı tək. Amma şair "Dön, hardasan, dön qayıt" misrası ilə başlayan bu pıçıltı-şeirində "ümid - güman", "dağlar - duman" olmasın deyə sevdiyinə üz tutur. Əgər bu qayıdış baş verməsə, "külünə bürünmüş bu xirqəsiz dərvişin" bədəni - can olmayacaq, təkkəsi - viran, gecəsi - bilməcə olacaq. Sufi mənəviyyatının həzin titrəyişləri, ehtizazı ilə yazılmış bu yeddilik elegiya-şeir məhz atomik nüvəsində olduqca qüvvətlidir: əgər bu qayıdış baş tutmasa, "ömür - bir an" qədərincə sıxıla, darala bilər! "Dağlar duman olmadan" şeirinin poetik semantikası bütün bəndlərində yetərincə dərin və çoxqatlıdır. Misraların arxitektonikasındakı ahəngdarlıq yalnız mənəvi yaşantının dolğunluğundan biçildiyi üçün yenidən ilk bəndə qayıdışı ilə özünü bütünləşdirən harmoniyaya çatır. Rüstəm Behrudinin poeziyası, beləcə, ömürü - anları ilə görən, anı - ömür qədər uzadan bir sənət olduğu üçün yaşarıdır! Duyğu və idrakı çulğaya bildiyincə fatehdir!
Sözün dərgahına qayıtmaq istəyi
Kənan Hacı
Rüstəm Behrudinin şeirlərini oxuyanda ətrafını hüdudsuz bir genişlik bürüyür, məsafələr aradan qalxır, insan özünü yüksəldiyi ucalığın bir parçası kimi hiss edir. Söz şairin bətnindəki müqəddəs ağrının məhsuludur, ağrıdan mayalanan söz şeir formasında doğulur. Dar ağacına salam verən Rüstəm Behrudi də bir ömür boyu iztirablar tunelindən keçərək "iblis mələkdən gözəldir" həqiqətinə yetişib. Millətin taleyi onun poeziyasında ulu bir şamanın dilindən nəql olunur.
Şair "bu dünyada hər şey canatmadan ibarətdir" deyir. Dərvişinsə ən çox can atdığı haqqa qovuşmaq istəyidir. "Dağlar duman olmadan" şeirinin mahiyyətində də Ruhun İlahi məqama, haqqa qovuşmaq istəyi dayanır. Bu şeir həm iltimasdır, həm duadır, həm də sevgi obyektinə xitabdır. İnsanlar həyat və ölüm, iblis və mələk, Tanrı və bəndə haqqında söz demək haqqını poeziyaya etibar etmişik. Tanrının bəndəyə ismarışları da özünün seçdiyi peyğəmbərlər və şairlərin dilində səslənir.
Dön, hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur, gedək,
Dağlar duman olmadan.
İlk baxışda bu misraları bir sevgi şeiri kimi qavraya bilərik. Biz Füzulinin qəzəllərini də aşiqanə bir məstanəliklə oxuyuruq. Füzulinin sözü ikiqatlı olduğu üçün hər kəs onu öz düşüncəsinin qavraya bildiyi qədər anlayır; onun poeziyasının üst qatı aşiqlər üçündür, alt qatı isə ariflər üçün. Bu misraların zahiri qatında anlaşılır ki, bir sevgiliyə müraciət olunur. Bu, ilkin təəssüratdır. Amma Rüstəm Behrudi poeziyasının estetik və fəlsəfi paradiqması şamanizm plastında inkişaf edir və bu məqamda şeirin alt qatına nüfuz etmədən şairin kimə xitab etdiyini anlamaq müşkülə dönür. Belə də anlaşıla bilər: şair bu çoxluğun içində tənhalıqdan, qurd yalqızlığından əziyyət çəkir və özünün həmdəmini, sirdaşını səsləyir ki, onunla birlikdə, mələkləri də duyuq salmadan Ruhun əbədi dərgahına - Tanrının hüzuruna yollansınlar.
Al məni də dur gedək,
Bir kimsə bilməyəcək.
Dur, məni bitirəcək,
Bu bədən, can olmadan.
Bu, özgə sferaya, ruhi aləmə, qutsallığa bir çağırışdır. Şairin Ruhla əlaqə, bağ yaratmaq cəhdidir, günahkar bədənin xilas yalvarışlarıdır. Bədən Ruha qovuşmaqla günahlardan arınır, durulur, təmizlənir və qutsallığına qovuşur. Bu halda katarsis baş verir.
Xirqəsiz bir dərvişəm,
Külümə bürünmüşəm.
Halıma bax, ölmüşəm,
Təkkəm viran olmadan.
Bu misralarda söz sanki alovlar içindən yenidən doğulur, ölməzliyini bir daha təsdiqləyir. Rüstəm Behrudi sözü öldürüb diriltməyi bacaran şairdir.
İblislə Mələyin əbədi mübarizəsində Söz Ruhun keşikçisidir. Şair Tanrının sözünü insanlara pıçıldayır, o qədər ucadan pıçıldayır ki, dərvişlər eşidir. Bəs o
gəlib çıxmayan, şairi intizarda qoyan kimdir axı?
Beşin yarısı - gecə...
Sənsiz gecə - bilməcə.
Qayıt, xəlvət, gizlicə,
Ömür, bir an olmadan.
Bilməcə gecələrin sirrini yalnız sözün yalnızlığı içində çözmək mümkündür. Şair başındakı qara sevdanın "Tanrıya gedən yola, uçurumlar üstən körpüyə" çevrilməsini arzulayır. Mələklər duyuq düşməsin… "Ömür, bir an olmadan" bu körpüdən keçib haqqa qovuşmaq ehtirası, bu dəli istəkdir ona bu misraları yazdıran.
Bəzənib, dua ilə,
Allah belə, din belə.
Niyə gecikdin belə,
Gəl, ölmüşəm ölmədən.
O gecikdikcə şairin ruhu bədənində əziyyət çəkir, "ölmədən ölmüşəm" deyir. Xilas ordadır - ucalıqlarda. Yer üzündə əbədi dirilik yoxdur, yerüstü əbədiyyət şirin bir aldanışdır. Əbədiyyət çox-çox uzaqlardadır və onun ünvanını o bilir - uzaqların adamı. Uzaqlardan gəlmiş adam öz ruhunu xilas etməyə can atır. "Bu dünyada hər şey canatmadan ibarətdir" deyən şair.
Dön, hardasan, dön qayıt,
Ümid - güman olmadan.
Al məni də, dur, gedək,
Dağlar duman olmadan.
Şair niyə o naməlum (əslində ona məlum olan) məkana - göylərə can atır? Çünki onun son ünvanı oradır. Yer üzündə dolaşan didərgin Ruhun üz tutacağı yeganə məkan oradır - Sözün yer üzünə endiyi dərgah. Sözün vətəni də göylərdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!