Mən dünyaya gələndə Orxan Fikrətoğlu ədəbiyyata gəlmişdi. Yəni, yer üzündə öz dünyasını yaratmaqla məşğul idi. Bundan əvvəl yazdığım cümləni xahiş edirəm qəribçiliyə salmayın. Bu, hər hansı yazıçının haqqında deyilən klişe fikir deyil. Orxan Fikrətoğlu doğrudan da ədəbiyyatda özü üçün bir dünya yarada bilən yazıçılardandır və onun bu dünyası adi məntiq qaydalarıyla işləmir. Sadə, absurd, futurist, sakral hekayələr Orxan Fikrətoğlunun dünyasının əsasını təşkil edir.
Bir müddət əvvəl yazıçının "Tək" romanını birnəfəsə oxudum. Hətta özünə də zəng edib, bu nəfis əsərə görə təşəkkür elədim. Çox istəyirdim həmin roman haqda bir yazı yazım, lakin ssenarilər, layihələr başımı elə qarışdırdı ki, istədiyimi həyata keçirə bilmədim. Keçən dəfə kitabxanamı səliqəyə salanda kitabların arasında qara üzlü bir kitab diqqətimi çəkdi. Bu, bir müddət oxuyub təsirində qaldığım "Tək" romanı idi. Hiss elədim ki, yaddaşım qeyri-iradi olaraq əsərdəki obrazları xatırlayır, hadisələri canlandırır və məni sanki təşviq edir ki, həyata keçirə bilmədiyim niyyətimi gerçəkləşdirim. Mən də roman haqda yazmağa qərar verdim. Əvvəl istədim, kitabı yenidən oxuyum sonra fikrimdən daşındım. Ağlıma qəribə bir fikir gəldi. Diqqətlə və birnəfəsə oxuduğum bu romandan ancaq yaddaşımın divarına yapışan süjeti, obrazları, hadisələri, fikirləri yazsam deməli, əslində mənə əsərdə nələr maraqlı gəlibsə onları da yazmış olacam. Ona görə də "Tək"i Orxan müəllimin digər kitablarının yanında yerbəyer edib yazı masasına oturdum.
Şərqli nağılbazın modern nağılları
Romana başlamazdan əvvəl əsərin ruhunu tam ehtiva etməkdən ötrü yazıçının yaradıcılığından bir az söz açmaq istəyirəm. Orxan Fikrətoğlu ən birinci mənim üçün nəfis hekayələr ustasıdır. Yarımqaranlıq otaqda o hekayələri ləzzətlə oxuduğum gecələri necə unuda bilərəm?! Bəs nədir Orxan Fikrətoğlunun hekayələrinin ləzzəti, sehri, özünəməxsusluğu?! Bax, bu məqamda diqqətli olmaq lazımdır. Çünki istər-istəməz incə bir məsələnin üstünə gəlib çıxmışıq. Çox qəribə də olsa, bunu yazıb daha sonra xırdalamağa cəhd edəcəm. İndi bu yazını yazdığım yarımqaranlıq (və səliqəsiz ) otağımda Orxan müəllimin hekayələrini oxuyanda mənə elə gəlir ki, köhnə Şərq ölkəsində bir qəhvəxanadayam və müdrik bir sufi nağıllar danışır, hekayələr uydurur. Hə... məhz Şərq ölkəsi. Məhz müdrik sufi....
Bilirəm bir az qəribə fikirlərdi amma indi daha konkret olmağa çalışacam. Orxan Fikrətoğlu neçə əsr bundan öncəylə bu, günkü günə metafizik körpü sala bilən yazıçılardandır. Bəlkə də iki nəfərdən biridir. Bəlkə də yox, elə iki nəfərdən biridir!
İlk baxışdan modernist, absurd hekayələr kimi görünən bu əsərlərin dərinliyinə varanda görürsən ki, bu hekayələr sənə nəsə deyir, bu yazılanlardan yüzillərin nəfəsi, hənirtisi duyulur. Sanki müdrik sufinin üslubu dəyişib, danışdığı əhvalatlar dəyişilib, amma mahiyyət eynidir. Ən ironik hekayədə belə Şərq istiliyini duymuşam. Sanki yazıçı rasional təfəkkürlə metafizika arasında itmiş rabitəni bərpa etməyə çalışır, bəzən bunun üçün dəridən-qabıqdan çıxır, bəzən də belə olmalıdır deyib barışır. Bu iradə azadlığı və fatalizm çarpışmasının özü də ortaya maraqlı əsərlər çıxardır. O zaman bir sual çıxır ortaya. Əsərdəki heçlik ab-havası, sıxıntı ovqatı hardan qaynaqlanır?! Axı şərqdə sıxıntı yoxdur, axı Şərqin kədəri də şirindir?! Orxan Fikrətoğlu itirilmiş Şərqin yazıçısıdır və həmin sıxıntı sadəcə səhrada su axtaran yolçunun axtarışından başqa bir şey deyil...
Sizin doxsanlar.
Bizik doxsanlar
90-ların ədəbiyyatının özünəxas cəhətlərindən biri də ədəbi üslub axtarışlarıyla səciyyələnir. Özlərindən əvvəlki yazıçıların yazı manerasını, üslublarını, ədəbi priyomlarını təkrar etmədən yeni ədəbi üslub yaratmaq cəhdləri maraqlı tapıntılarla nəticələndi. Yuxarda qeyd etdiyimiz kimi, Orxan Fikrətoğlunun hekayələri də üslub baxımından fərqlənir, təhkiyənin özü səni orijinallığıyla cəlb edə bilir. Sanki yazıçı köhnə nağılların sonunu yenidən işləyir və yaxud da ardını yazır. Sanki bununla özünü sakitləşdirir, real həyatdan qaçmaq üçün yol axtarır. Ancaq nağılların sonu həmişə xoşbəxt olur. Lakin Orxan Fikrətoğlunun hekayələrindən sıxıntı, boşluq, heçlik qoxusu gəlir. Həm sufinin nağılları, həm də heçlik qoxusu. Qəhvəyi ziddiyyət. İki düşüncənin qarşıdurmasına yeganə səbəb var; mənim dünyaya, Orxan Fikrətoğlunun ədəbiyyata gəldiyi qarışıq 90-cı illər.
Həmin xaotik illər, meydan hərəkatı, azadlıq yanğısı, gəldi-gedər "qəhrəmanlar" həmin dövrün gənclərində idealların dağılmasına, idilliyanın məhv olmasına gətirib çıxardı. Hər şey dağılandan sonra isə həmişə bir nəsnə mövcud olur. Qocaman bir heçlik...
Orxan Fikrətoğlunun bütün əsərlərini oxuyanda, verilişlərini izləyəndə, filmlərinə baxanda həmin heçliyi və həmin heçliklə gah barışmağını, gah da mübarizəsini hiss edirəm. Bu mübarizənin ən böyük cəng meydanı isə yazıçının "Tək" romanıdır.
Tək romanı və ya güzgü məsələsi
"Tək" romanı qarabağlı bir oğlanın həyat tarixçəsidir. Kitabı oxuyanda isə diqqətli oxucu fəhm edir ki, həmin oğlan müəyyən qədər Azərbaycanı simvolizə edir. Hətta hadisənin ekspozisiyası da ermənilərin Qarabağa hücumu ilə başlayır. Əsərin qəhrəmanı dünyaya fiziki qüsurla gəlir. Bir gözü olmadığı üçün ona "Təkgöz" deyirlər. Hətta nənəsi də daim buna görə giley edir, əzab çəkir. Atası kəndin hörmətli tarix müəllimidir və oğluna çoxlu tarixi əhvalatlar danışır. Bəzən tarixdə olmayan əhvalatları da uydurur. Uşaq atasının bu əhvalatlarıyla böyüyür. Birinci şəxsin dilindən nəql olunan təhkiyədə obrazın dilindən atasına olan münasibəti görünür. Deyir ki, atam hadisələri indiki zamanda qavraya bilmirdi, gərək baş verənlər keçmişə çevrilib tarix olaydı ki, atam hadisələri dərk edə bilsin. Çünki onun üçün tarixdən kənar heç bir şey yox idi.
Yazıçının bu dünyada başqaları kimi ola bilməyən adamların faciəsini, həyata qarşı təkliyini açmaq üçün istifadə elədiyi bir fənd var ki, gərək onu mütləq qeyd edəm. Təkgöz öz atasını yadına salarkən deyir ki, atam hətta iki-üç şahmat fiquru icad etmişdi, lakin şahmat taxtasının xanalarında yer tapa bilmədiyi üçün bu kəşfini heç kimə demirdi...
Gecənin bir aləmində ermənilər kəndə hücum edirlər. Ata öz tarixi ərazisini tərk edə bilmir, əvəzində oğluna silah verir, anasıyla qaçmasını tapşırır. Deyir, əgər görsən ki, ermənilər ananı tutublar silahla birinci onu vur, sonra özünü. Qorxma, bu elə-belə oyundur. Tarixçi özü isə tüfəngini götürüb tarixə çevrilmək üçün döyüşə başlayır...
Kəndin mollası, əvvəllər şair olmuş, hətta ölüləri də çox vaxt şeirlə basdıran Molla Vəli qadınları, uşaqları cığırla başqa rayona aparan zaman ermənilər onların qarşılarını kəsirlər... Molla Vəli nə qədər and-aman edirsə, ermənilər ona qulaq asmır. Bu vaxt onlardan biri Təkgözün anasına yaxınlaşır. "Aşot, bugünkü döşəyini tapmışam" deyir. Qadın oğluna sarılır. Bu vaxt qəfil güllə səsi eşidilir, bir neçə saniyə sonra qadın yerə sərilir. Ermənilər çaşıb qalırlar, çünki gülləni atan onlar deyil. On iki yaşlı Təkgöz öz anasını öldürür. Ermənilər güllənin kənardan atıldığını güman edir, ara qarışır, qırılanlar qırılır, qaçanlar qaçır.
Bu hadisəylə də qəhrəmanın daxili konflikti yaranır. O, ömür boyu bu yüklə yaşamağa məhkum olur.
Kinodrmaturgiyaya dair kitabların bir çoxunda eyni fikrə tez-tez rast gəlirəm: "Ssenaridə zahiri konflikt yaratmaq süjetin sturukturundan asılı məziyyətdir. Lakin daxili konflikti yaratmağın konkret bir yolu yoxdur. Bunu ancaq yaradıcı təfəkkürlə, əsl istedadla etmək mümkündür". Sözsüz ki, bu fikri yalnız ssenariyə deyil, bədii əsərə də şamil etmək olar.
Yazıçı burda unikal daxili konflikt yaradıb. Atasının dediyinə əməl edən uşaq tapşırığı axıracan yerinə yetirmir. Belə ki, anasını öldürür, lakin özünü öldürməyə gücü çatmır. Qorxur!
Süjeti çox qısa şəkildə yazmaq istədiyimdən dolayı detalizasiyaya yuvarlanmaq istəmirəm. Ona görə də hadisələri bir az sürətli şəkildə yazıb təhlil etmək fikrindəyəm.
Təkgöz bir çoban vasitəsiylə Ağdama gəlir. Amma orda da vəziyyət ürək açan deyil. Orda uşaq evinə düşən Təkgöz gecəylə ağdamlı bir qızla azuqə dalıyca uşaq evindən çıxıb tanımadığı yolla gedir, çayın qırağına gəlib çatanda anlayır ki, yolu azıb. İran sərhədində onları tuturlar. Uşaq elə bilir ki, öz dillərində danışan bu cənublu adam onlara kömək edəcək. Lakin elə olmur. Əksinə, onu möhkəm döyürlər, ağdamlı qızı isə zorlayırlar. Təkgöz qorxunu canlı olaraq o qızın gözlərində görür.
Bir alverçi tərəfindən yazığı gəldiyi üçün alınan Təkgöz Bakıya gətirilir. Həmin adam çarəsizlikdən uşağı əqli inkişafdan qalmış uşaqlar üçün xəstəxanaya yerləşdirir. Təkgöz artıq həyatla mücadiləsini Bakıda davam eləməyə məcbur olur. O, xəstəxanadan çıxır, maşın təkəri qaraldır, şüşə silir, pul qazanır. Bir gün Samir adlı bir uşaqla dostlaşır, uşağın atası çox varlıdır. Onlar Təkgözü də himayəyə götürürlər. Sanki həyat onun üzünə gülməyə başlayır. Təkgöz bir gün Samirin bacısı Dilarəni məktəbdə bir oğlanla öpüşən görür, oğlanı döyür, Dilarə isə qorxusundan evdə hər şeyi başqa cür danışır. Deyir ki, o məni zorlamaq istəyirdi, sinif yoldaşım onunla dalaşdı. Bundan qəzəblənən Samir Təkgözü bıçaqlayır. Samirin atası Təkgözə Samirdən şikayət etməməyi xahiş edir. Təkgöz razılaşır, Samirin atası onu mədrəsəyə gətirir, bundan sonra burda yaşayacağını bildirir.
Əbədi Fatalizm oyunu və ya Faili-muxtarlıq məsələsi
Mədrəsə həyatı Təkgözün taleyinin tamamilə dəyişməsinə gətirib çıxarır. Bəs bunu özümü edir, yoxsa hər şeyə qadir olan Allah?! Əsəri oxuduqca yazıçının nə demək istədiyini anlamaq üçün müxtəlif cəhdlərdə bulundum. Əslində çox rahatlıqla əsərin konsepsiyasına uyğun gələn bir neçə cümləni seçib ideya adına əsərə vermək olardı. Ancaq bu, sadəcə naqis bir hal sayılardı. Mənim iliklərimə qədər işləyən bu əsərin əsl cövhərini tapmaq istəyəndə yuxarıda da yazdığım cümlənin üzərində dayanmalı oldum. Bütün bunları Təkgöz özümü edir, yoxsa hər şeyə qadir olan Allah?! Orxan Fikrətoğlu mənə görə romanda bu fikri aydınlaşdırmağa çalışıb. Yəni əsərin mahiyyəti hər şeyi edən Allahdır, yoxsa insan özü də nələrəsə qadirdir, yəni iradə azadlığı var?! Yazıçı bu təzadlı fikri süjetdə elə əridir ki, sən özün də Təkgözlə bərabər bu iki ziddiyyətli fikrin içində azıb qalırsan. Təkgözün mədrəsə həyatından qısa şəkildə söhbət açandan sonra bu məsələnin üzərinə yenidən qayıdarıq.
Təkgözü mədrəsədə Əmir Tarik adlı bir adam qarşılayır. O, həmin mədrəsənin şeyxidir. Əmir Tarik diqqətlə Təkgözə baxaraq onu bura Allahın göndərdiyini deyir.
Qarabağdan çıxandan bu günədək həyatla mübarizə aparan, həyatın "tarix olmayan tərəfində" yaşayan Təkgöz burda özünü çox rahat hiss edir. Çünki bura onu Allah gətirib. Bunu ona mədrəsənin şeyxi Əmir Tarik deyəndən sona anlayan Təkgöz həyatda tək olmadığını, Allahın ona rəhmi gəldiyini öyrənir. Mədrəsədə ona namaz qılmağı, dini ehkamları öyrədirlər. Mədrəsədə təlim görən hər kəs bir-birinin qardaşı sayılır. Namaz qılan zaman çiyin-çiyinə dayanırlar ki, aralarına şeytan girməsin. Mədrəsədə dünya siyasətindən, güclü dövlətlərdən, haqq döyüşündən dərslər keçirlər. Təkgöz öz "qardaş"larından öz fəhmi, bacarığı ilə fərqlənir. Əmir Tarik də bunu təqdir edir, deyir tezliklə səni başqa yerlərə hazırlığa yollayacam, çünki Allah belə məsləhət bilib. Hətta Əmir Tarik Təkgözə yeni ad qoyaraq bundan sonra adının Cəfər olduğunu bildirir. Təkgöz hər gecə yatanda, özüylə tək qalanda fikirləşir ki, deməli, bütün bu ağrılar, əzablar Allahı bu günə qədər tanımadığına görəymiş. Atasının dinlə arası yox idi. Atası Allahı tanıyırdı dini yox. Amma indi Cəfər Allahı da tanıyırdı, onun dinini də. Deməli, Allah özü onu bu qədər dərdlərə düçar edib ki, axırda bu mədrəsəyə gəlib çıxsın. Deməli, insan özü heç nə edə bilməz, nə edirsə Allah edir, nə olursa, Allahın əmriylə olur. İndi onun hər şeyi var, başının üstündə Allahı, mədrəsəsində inandığı şeyxi, yanında onu sevən din qardaşları. Deməli, Allah onu sevir və belə olmasını istəyir. Heç bir şey onun əlində olmayıb. Ancaq artıq hər şey arxada qalıb. Cəfər olmalı yerdədir. O, burada özünü xoşbəxt hiss edir. Əmir Tarik tez-tez din düşmənlərindən danışır. Kafirlərlə haqq döyüşünə getmək lazım olduğunu bildirir. Cəfər, Allah belə istəyibsə, mən kiməm ki - deyərək ilk əməliyyatına gedir. Suriyada bir neçə insan qətlinin şahidi olur, zamanla özü də adamlar öldürür, qatilə çevrilir. Daha doğrusu, qatilə yox "mələyə". Axı, Əmir Tarik deyir ki, kafir öldürən hər bir adam mələk sayılır. Cəfər də artıq bir mələkdir. Cəfər tez-tez özünə suallar verir ki, bizim öldürdüyümüz adamların elə bir günahı yoxdur axı? Əgər biz kafirlərə qarşı vuruşuruqsa niyə görə silah-sürsatı, ərzaqı, geyimi Amerikadan alırıq? Tez də bu sualları beynindən silib atır. Çünki Əmir Tarikə qarşı getmək olmaz. Çünki Allah belə olmağını istəyir. Cəfər də bu dünyaya ona görə gəlib ki, Allah yolunda döyüşsün və onun istəyi ilə şəhid olsun. Tək o yox, onun qardaşları da mələk olmaq üçün döyüşür, şəhid olmaq üçün ölürlər. Bəs Əmir Tarik özü niyə döyüşmür?! Belə sualları vermək olmaz. Çünki Allah belə olmağını istəyib...
İnsanı Adəmə çevirmək, yoxsa həşərata!
Cəfər hər düşünəndə ki, insan insanı niyə kafir deyib öldürməlidir? Biz niyə və kimə qarşı vuruşuruq? Haqq döyüşünün əsl mahiyyəti nədir?! Niyə dərk eləmirdi?! Çünki özünü orada rahat hiss edirdi. Görəsən, adəmoğlu özünü rahat hiss elədiyi yerdə səhvlərə göz yummağa niyə razı olur?! Çünki Allah beləmi istəyib?! Doğrudanmı yeri və göyü yaradan Allah bu qədər qəddardır?! Əsla! Bəs nədir Cəfərin və o mədrəsədəki "qardaş"ların problemi?! Axı məntiqlə hər şeyi başa düşmək mümkündür?! Bax, adəmoğlunun ən böyük xətası burda başlayır... Məntiq! İllərdi belə bir fikir formalaşıb ki, insan ağılla hər şeyi həll edə bilər, ağıllı insanı aldatmaq olmaz. Ən böyük səhv də burdadır. İnsanı elə ağılla aldadırlar. Harda görünüb ki, insanı ürəklə aldatsınlar?! Bütün məntiq "oyun"ları da elə insanı ağılla aldatmağa hesablanıb. Bir az iradəsiz olmaq kifayətdir ki, səni rahatlıqla aldatsınlar. Gəlin indi romanı bir az sosial tərəfdən təhlil edək. Təkgöz kim idi? Qaçqın, səfil, kimsəsiz adam. Mədrəsəyə düşəndə nə oldu?! Yeni adı, ona dəyər verən şeyxi, onu çox istəyən qardaşları və hər şeyin belə olmasını istəyən Allahı. Cəfər o mədrəsədə özünü daha inamlı, daha güclü, daha hörmətli hiss edir. Onun daxili komfortunu təşkil edən bu iyrənc məqsədlərə xidmət edən mədrəsə sabah da ona "cənnət" söz verərək ölümə yollayır. Cəfər də məhz bu yolun qurbanıdır. Orxan Fikrətoğlu romanda bu məsələni böyük ustalıqla göstərə bilib.
Bir gün Cəfərə İstanbulda partlayış törədəcəyi haqda əmr gəlir. Əmir Tarik deyir ki, orda tək olmayacaqsan. Əminə adlı bir əqidə yoldaşınla birgə olacaqsan. Cəfər razılaşır, İstanbula gedir. Orada Əminəni tapır. Onlar özlərini partlayış gününə qədər ər-arvad kimi aparmalı olurlar. Əminə də ən az Cəfər qədər peşəkardır. Onlar gecə bir otaqda qalanda Əminə Cəfərə onu öpməsini söyləyir. Cəfər bunun günah olduğunu desə də, gülərüz Əminə deyir ki, eybi yox, gəl kafirlər kimi öpüşək. Həmin gecəni bir yerdə keçirən terrorçular səhər artıq əməliyyata hazırlaşırlar. Əminə özünü gecə klubunda parladacaq, Cəfər isə nəsə bir şey olarsa, müdaxilə edəcək.
Romanda mənə ən təsir edən yerlərdən biri də məhz Əminənin bu məşum səhnəsi oldu. Ölümə getməli olan qadın evdən çıxana qədər bəzənir, dodaq boyası bitir, əsəbiləşir, saç sancağı itir, onu axtarır. Sanki yazıçı bununla ölümə belə getsə, terrorçu olsa belə, qadın qadındır mesajını böyük məharətlə oxucuya çatdırır.
Axşam klubda Əminə bombanı işə salır. Cəfər kənardan klubu seyr edir. Partlayış baş verəndən sonra Cəfərin minməli olduğu maşında bir zənci Cəfəri gülləylə vurur, sonra maşını yandırır. Cəfər isə ordan sağ qurtula bilir. Artıq başa düşür ki, Əmir Tarik Cəfəri öldürmək istəyib. Əlavə iz saxlamaq istəməyib. Şeyxin bu hərəkəti Cəfərə pis təsir edir. Bir müddət sonra Əminə qarşısına çıxır. Cəfər öyrənir ki, Əminə onun ölümündən xəbər tutan kimi zəncinin güllələrini dəyişdirib, özünü də partlatmayıb.
Cəfər ilə Əminə İstanbulda bir məscidə daxil olurlar. Orda qoca bir kişidən özlərinin kəbinini kəsdirməyini istəyirlər. Qoca kişi onların kəbinini kəsir. Sonra məlum olur ki, qoca kişi məscidin imamı deyil, gecələr ürəyindən gəldiyi üçün məscidi süpürməyə gələn milyonçudur. Kişi deyir sizi Allah çıxarıb mənim qarşıma. Ona görə çıxarıb ki, ilahi nizamımı tənzimləyə bilim...
Daxili səbat və başqa Allah anlayışı
Romanın dönüşümü, qərhəmanların dəyişimi məhz bu yerdən başlayır. Qoca milyonçu Cəfər ilə Əminəyə toy edir, Cəfər başına gələnləri (partlayış istisna olmaqla) qocaya danışır. Qoca deyir ki, sən islamı doğru anlamamısan. Allah heç vaxt bir başqasına zülm edənləri sevməz. Ümumiyyətlə, Allahın ölümlə işi yoxdur. Allah sevgi deməkdir. Cəfər bütün həyatını bir də gözünün önünə gətirir və başa düşür ki, onu adam öldürməyə sövq edən qüvvə Allah olmayıb Əmir Tarik olub. Yenə yazıçı cəbrilik pərdəsini bir kənara atır, hər şeyi faili-muxtar insanın ixtiyarına verir. Bu zaman da bir sual ortaya çıxır bəs Cəfəri bu məscidə gətirən qüvə nə idi?! Yoxsa Allah belə olmasını istəyib?! Yenə qayıdır cəbriliyin üzərinə. Yazıçının bu daxili mübarizəsi romanın içindən qırmızı xətt kimi keçir. Qoca Cəfərə izah edir ki, sənin bu günə qədər başına gələnlərin yeganə səbədi içindəki nizamın pozulmasına görə baş verib. Yəni, hər insan bu dünyaya ilahi nizamla gəlir, zaman keçdikcə o nizam pozula bilir. Bədbəxtlik də o zaman başlayır. Əgər insanın içinin nizamı pozulursa, artıq onun beyninə başqa fikirləri rahatlıqla salmaq olur. Sənin də qəlbinin nizamı pozulmuşdu deyə onların tayı olmuşdun. İndi isə başa düşmüsən ki, insanı ayaqda saxlayan içindəki nizamdır. İnsan Allahı qəlbiylə sevməlidir. Allah eşqdir. Allah sevgidir, Allah əxlaqdır. Elə əsl islam da budur: eşq, əxlaq, daha sonra ehkam.
Romanın məhz bu mesajı mənim ürəyimə yağ kimi yayıldı. Çünki bu gün özüm də gənc olduğum üçün ətrafımda çoxlu gənclər var. Demək olar ki, çoxunun qəlbinin nizamı pozulub. istər Qərbdən gələn təsirlərlə, İstər Şərqi düzgün fəhm etməməklə, istər sosial problemlərin sıxıntılar ilə... Bu öz nöbəsində depressiyaya, ruh düşkünlüyünə gətirib çıxarır. bu haqda ayrı bir yazı yazmaq fikrim olduğu üçün söhbəti çox uzatmayacam. Bəzən insan sakitcə dayanıb ürəyinin səsini dinləməlidir. Anlamlıdır ki, o, nə istəyir. Səbir etməlidir, çünki bütün nizamların başlanğıcında səbr dayanır...
Qəribə sonluq və ya müdhiş başlanğıc
Cəfər ilə Əminənin bir uşaqları var. Xoşbəxt yaşayırlar. Bir gün Əmir Tarik onları tapır. Qocanı öldürürlər. Cəfər evə çatanda onun mədrəsə "qardaş"ları silahla Cəfəri qarşılayırlar. Mədrəsədə həyatını danışdığı dostu Şakir Cəfərin öz anasını vurduğunu bildiyi üçün silahı onun oğlunun əlinə verib anasını vurmasını əmr edir. Amma uşaq anası yerinə həmin adamın özünü vurur. Bu vaxt polislər gəlir. Əmir Tarikin adamı qaçmağa məcbur olur amma Cəfərin avadını öldürürlər, uşağını isə götürürlər.
İki gündən sonra Cəfər öz oğlunu televizorda görür. Uşağın əlinə oyuncaq verib haranı isə partlatmağa göndərirlər və uşaq parça-tikə olur.
Cəfər Əmir Tarikin yerini öyrənir, onu güdür, görən kimi, ona yaxınlaşır, var gücüylə qucaqlayır və bombanı işə salır. Bir anda hər ikisinin parçaları bir-birinə qarışır. Oxucu yalnız indi görür ki, təhkiyə ölünün diliylə nəql edilirmiş.
Romanın sonluğunu Orxan müəllim zərgər dəqiqliyi ilə işləyib. Cəfər partlayan vaxt atasının səsini eşidir. Elə bu cümlələr yazıçının bəlkə də təfəkkür pradiqmasını ehtiva edən açar sözlərdir. Əsərin heçlik və eşq fəlsəfəsini öz içində əridə bilən fikirlərdir. Axı doğrudan da, heçliyə düşürsənsə, eşqə çatırsan, eşqə çatrısansa heçliyi seçirsən. Atası Cəfərə deyir: "Mənim padşah balam, hardasan sən?! Yerdə deyilsən, burda da yoxsan, tarixə də düşmədin... Bəs sən harda yaşadın?!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!