İki Eldar. Faciəli Talelər - Vaqif YUSİFLİ yazır

"Unudulmazlar" silsiləsindən

Eldar Baxış. "Mən poeziyaya möcüzə kimi baxsam, ancaq o dini kitablardakı möcüzə kimi baxaram. Mən poeziyadan çəkdiyimi heç nədən çəkmirəm. Mən şeir yazmıram, and olsun o bir olan Allaha, səmimi deyirəm bunu, mən öz rahatlığım üçün yazıram, canımı qurtarıram şeirdən, şeir məni qoymur yaşamağa, mən də istəyirəm kəpənək kimi atılım-düşüm, ağac kimi tərpənim, su kimi axım".

Bir parça işıq düşdü

çarpayımın üstünə -

işıqdımı,

dişdimi, -

Sən ölümdə dişə bax,

haqq yolunda döyüşdə

ölmək istəyirdim mən,

amma yorğan-döşəkdə

öləcəyəm, işə bax!..

Bu parçanın müəllifi Azərbaycanın istedadlı şairlərindən biri - Eldar Baxışdır.

96-cı ilin may ayı bəlkə də, bu dünyanın ən gözəl aylarından biri kimi yadımdan çıxmır. Bahar bütün gözəlliyi ilə ağaclara, evlərə, ürəklərə, məmləkətin hər bir guşəsinə işıq və yaşıllıq saçırdı. Amma o ay həm də sevincimizə zəhər qatdı - Eldar Baxış dünyasını dəyişdi. "Zəhər" sözünü əbəs yerə işlətmədim, zəhərlənmişdi Eldar. Televiziyanın bir verilişində onu yataqda, ölümün cəngində göstərirdilər. Şair Qulu Ağsəs böyük bir ürək yanğısı ilə görkəmi tamam dəyişmiş, gözlərində həyat eşqi sönmüş Eldar Baxışın son durumundan söz açırdı. Həmişə deyib-gülən, boyu-buxunu, yaraşığı, görkəmi ilə çoxlarında qibtə hissi oyadan Eldar Baxış 49 yaşına bir ay qalmış gözlərini yumdu və içimizə - onu sevənlərin dünyasına Eldar Baxış nisgili səpələdi.

O, Qubadlı rayonunun Diləli Müskanlı obasında, bir kəndli ailəsində doğulmuşdu. ADU-nun tarix fakültəsini bitirmişdi. Məndən iki kurs yuxarıda oxuyurdu. Biz onu elə tələbəlik illərindən şair kimi tanıyırdıq. Eldarın səsi şeir gecələrindən, qəzet, jurnal səhifələrindən gəlirdi. Çox çəkmədi ki, Eldar Baxış öz ədəbi nəsli içərisində ön sıralarda göründü. Yaxşı xatırlayıram, "Azərbaycan" jurnalının 1978-ci ilin avqust nömrəsində "Ədəbi gənclik" rubrikasında üç cavan şairin - Vaqif Cəbrayılzadənin, Vaqif Bəhmənlinin və Eldar Baxışın şeirləri gen-bol təqdim edilmişdi. Baş redaktor Əkrəm Əylisli redaksiyanın qapılarını istedadlı gənclər üçün taybatay açmışdı və Eldar Baxışı tanımayan minlərlə oxucu onun şeirlərini oxuyub poeziyada təzə bir səsin, nəfəsin varlığını hiss etdilər. O şeirlərin içində "Kəndin dediyi" mənə daha çox təsir elədi. Bu o illər idi ki, kəndli cavanların şəhərə axını başlanmışdı və Eldar Baxış kəndin dilindən deyirdi ki:

Bu dağları atıb, daşları atıb,

bu yayları atıb, qışları atıb,

körpəcə-körpəcə quşları atıb,

hara qaçırsınız, kənd uşaqları?

Bütün yaradıcılığı boyu Eldar Baxış bu səpkidə, bu tempdə - sadə, hamının anlayacağı tərzdə yazdı. O, sübut etdi ki, Azərbaycan şeirini tapmağa, krossvord, müəmma oyununa qatışdırmaq olmaz.

O, tarixçi idi. Bakı kəndlərində öz ixtisası üzrə müəllimlik də eləmişdi, sonra öz ərizəsi ilə bir il əsgəri xidmətdə də olmuşdu. Sonralar Televiziya və Radio Verilişləri Şirkətində uzun müddət çalışdı, müstəqilliyimizin ilk illərində "Səs" və "Nəfəs" qəzetlərini yaratdı, sonuncu iş yeri yenə radio oldu, Uşaq verilişləri Baş redaksiyasının baş redaktoru vəzifəsində çalışdı. Ancaq tale onu şair yaratmışdı və mən onunla görüşlərimdə həmişə şeirdən, şairlərdən söz açardı, axırda da yaxşı anekdotlar söyləyərdi. Özü də daha çox Cəlal Bərgüşaddan...

Eldar Baxış deyirdi: "Mən bir adi adam kimi - kəndçi balası, şəhərli balası, yer oğlu, göy oğlu kimi şeir yazan gündən qalmışam beş daş arasında. Birinci daş mən özüməm. İkinci daş mənim qələmimdir. Üçüncü daş kağızdı. Dördüncü daş Tanrıdı (daş dediyimə görə Tanrı məni bağışlasın. Ona görə ki, ağacı, quşu yaratdığı kimi, daşı da Tanrı özü yaradıb). Beşinci daş bu gidi dünyadı. Dəyirman daşı buğdanı, arpanı necə əzirsə, bu daşlar da mənim duyğumu, düşüncəmi elə əzir". Amma bu daşlar Eldar Baxışı heç də o dediyi kimi əzə bilmədi. Bircə Ölüm olmasaydı. Belə bir kəmfüsrət ölümü heç kim gözləmirdi. "Ölüm" sözü ilə Eldar Baxışı yan-yana qoymaq, bəlkə də, bu dünyanın ən ədalətsiz işi olardı. Ancaq nə etmək? Bu ölüm, sən demə, doğulduğu gündən onunla yol gəlirmiş. Ölümünü yaşaya-yaşaya o, ölümə meydan oxuyurdu. "Ölüm" dedim, Eldar Baxışın "Balıq ölümü" poemasını xatırladım. Bu poema qısa bir ömür sürmüş, amma o az, yarımçıq ömrüylə də xatirələrdən, yaddaşlardan silinməyən Səməd Behrəngiyə həsr edilmişdi. Bu poema haqqında indiyə kimi tutarlı bir söz deyilməyib. Halbuki "Balıq ölümü" nəinki Eldarın yaradıcılığında, ümumən ədəbiyyatımızda uğurlu bir hadisə sayılmalıydı... 

"Balıq ölümü"ndə Eldar Baxış Səməd Behrənginin faciəsi fonunda təkcə bir insanın deyil, bütöv millətin - o taylı-bu taylı Azərbaycanın düşdüyü bəlaları, mənəvi girdabları canlandırır və bu da təsadüfi deyildi. O, bir şair və hər şeydən əvvəl bir türkçü və möhkəm azərbaycançı kimi şeirində də milli və turançılıq ideyalarını gizlətmirdi.

Azərbaycanın başı üstündə qara buludlar oynayırdı və belə bir vaxtda Eldar bir sıra söz adamları kimi müstəqillik savaşına qatıldı. İslaholunmaz dərəcədə azad və sərbəst adam olduğu üçün qırmızı bayraqların dalğalandığı bir vaxtda "Yaşılım, yaşılım, hara gedirsən?" şeirini yazdı.

Ağac yaşılım, hara gedirsən?

Hara gedirsən, yarpaq yaşılım?

Ot yaşılım, hara gedirsən?

Hara gedirsən, kəpənək yaşılım?

Getmə, qayıt geri, başına dönüm.

Zori Balayanın "Ocaq" kitabı çıxanda ona etiraz edən şeiri o zaman dillər əzbəri idi:

O nədir yazmısan, Zori Balayan,

Kür-Araz deyirsən - kəkələyirsən,

Xırda budaqların üstə oturub,

Böyük budaqları silkələyirsən.

Dünya nə haydadı, sən nə haydasan,

A köhnə palazı sırıyan oğlan.

İrəvan dilində xoruzlanırsan,

Moskva dilində zarıyan oğlan.

 

Sən Zori Balayan, mən Eldar Baxış,

Baxıram, eləcə zoğallayırsan.

Keşiş zurna çalır, sən də keşişin

Qara zurnasını sığallayırsan...

Belə deyirdi: "Hamımızın milləti var, amma Tanrının milləti yoxdu. Bəlkə buna görə də Tanrı göy üzündədi, biz yer üzündə. Bəlkə buna görə Tanrı hamıdan - məndən, səndən, bizdən, sizdən, peyğəmbərdən, imamdan böyükdü, uludu. Bəlkə buna görə min milyon ildi əlləşirik, vuruşuruq, dua oxuyuruq, dəstəmaz alırıq, namaz qılırıq, oruc tuturuq, ancaq gedib o böyük, ulu Tanrıya qovuşa bilmirik".

Amma o, elə sağlığında Sözün Tanrısına qovuşmuşdu. Ən yaxın dostlarından olan Vaqif  Bayatlı Ünər onun ölümündən sonra bu sözləri yazmışdı: "Eldar Baxış Azərbaycan dilinin yox, türk dilinin şairidir. Türk dili Göyüzünün və Yerüzünün dilidir. Bu mənada Eldar Tanrının, Göyüzünün şairi olmaqla, həm bizim yaşadığımız bu yer üzünün də şairidir. Bu, Eldarın hamı gördüyü kiçik bir hissəsidir".

Eldar Nəsibli (Sibirel). Şairlərin ölümü həmişə onları sevən oxucularda və ədəbi ictimaiyyətdə hiss-həyəcan-kədər doğurur. Fikrət Qocanın Səməd Vurğuna həsr etdiyi şeirdə belə bir misra var: "Şair ölümünə inanmıram mən". Təbii ki, bu ölüm fiziki mənada baş verir, çünki əsl şairlər ölümlərindən sonra bir də doğulurlar. Mənim yaxşı tanıdığım Eldar Nəsibli də belə şairlərdən biri idi. O, 1952-ci ildə Sibirin Baxçat rayonunun Sernişovka kəndində anadan olmuşdu. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün olunmuşdu. Bəraətdən sonra bu ailə öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtdı. Çox illər keçdi, Eldar orta məktəbi bitirdi, BDU-nun jurnalistika fakültəsinə daxil oldu, şeirləri ilə mətbuatda çıxış etdi, şeir kitabları işıq üzü gördü və Sibirdə dünyaya göz açdığı üçün Sibirel təxəllüsünü götürdü.

Sibirel, sənə yaxınam,

Gözündən qaçan yuxunam,

Sürgündə qalan ruhunam,

Qarlı Sibirdən gəlmişəm.

Amma o, bütün varlığı ilə Qazax torpağına bağlı idi. Çünki:

Burdan qalxıb zirvəyə Vaqifin arzuları,

Vidadinin yanğısı dağda əridib qarı.

Osman Sarıvəllinin bənövşə misraları

Günəşdən nur içibdir burda yaz vaxtı, oğlum,

Bura Qazaxdır, oğlum!..

Onun mənsub olduğu kənddən Osman Sarıvəlli kimi fəxr etdiyi, qürur duyduğu bir ustad şair dünyaya gəlmişdi. Eldar Nəsibli Osman Sarıvəllinin həyatı, şəxsiyyəti barədə "Yaşamaq da igidlikdir" adlı bir sənədli povest də qələmə alıb və o povesti oxuduqca Osman müəllimin Eldara qayğısını, onun bir şair kimi yetişməsində rolu da hiss olunur. Osman Sarıvəlli ilə Eldarın münasibətini heç cür eyni kənddə dünyaya gəldikləri ilə eyniləşdirmək olmaz. Eldar yazır ki: "O, məndə itirdiyi dostlarının cizgisini axtarırdı. Tapanda da sevinirdi... Eldar Nəsibli Osman Sarıvəllinin bir çox kitablarının tərtibçisi və redaktoru olmuşdu, amma Osman müəllimin heç bir kitabında öz adını göstərməmişdi. Hətta ustad şair bunu təkid etsə belə. Ölümündən sonra Osman Sarıvəlliyə bir şeir həsr etdi:

Düzlük, xeyirxahlıq bir peşən oldu,

Güllərin nə soldu, nə həşəm oldu,

Yenə söz mülkündə "Bənövşə"n oldu,

Sözün təzə-təri, ay Osman qağa!..

Eldar Nəsibli gözə görünən, sevilən bir şair idi. "Elm və həyat" jurnalında uzun müddət məsul katib işləsə də, on üç il "Azərbaycan" qəzetində bölgə müxbiri vəzifəsində çalışsa da, heç vaxt şeirdən ayrılmamışdı. Onun məndə üç şeir kitabı durur: "Səni səsləyən var" (1982). Bu kitab haqqında o zaman mən "Ədəbiyyat və incəsənət" qəzetində bir resenziya ilə çıxış etmişdim. "Bu da bir ömürdü ağlı, qaralı" (1998). Öz əliylə mənə bağışlamışdı. Bir də bu yaxınlarda oğlu Əli Nəsiblinin mənə bağışladığı "Seçilmiş əsərlər" (2017). Elə bircə son kitabı kifayət edir ki, Eldar Nəsiblinin bir şair kimi özünəməxsusluğu, həyata, gerçəkliyə fərqli şair münasibəti, şeir dilinin poetikliyi, obrazlılığı və mövzularının rəngarəngliyi ilə onu mükəmməl şair kimi təqdim edəsən. Eldarın qoşmaları, hecanın müxtəlif şəkillərində yazdığı şeirlər onun xalq ədəbiyyatına, Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif poeziyasına necə bağlı olduğunu sübut edir. Şeirlərinə fəlsəfi ruh da hakim idi:

Bu zamandır dalğalanan qəminin

Dəryasından keçilmir ki, keçilmir.

Dil-dodağın çatlasa da, əlac yox,

Suyu şordur, içilmir ki, içilmir...

 

Eh... kiminə oyun gəlir namus, ar,

Kimini də yoldan edir sərvət, var.

Torpaq üstdə fərqlənsə də adamlar,

Torpaq altda seçilmir ki, seçilmir.

Eldar Nəsibli hər şeydən yazırdı desəm, səhv edərəm. Onu daha çox Vətən, torpaq, təbiət və sevgi mövzuları düşündürürdü və çalışırdı ki, bu mövzularda təzə söz desin və deyə də bilirdi. Xüsusilə 90-cı illərin əvvəllərində məlum hadisələrlə bağlı yazdığı şeirlərə diqqət yetirsək, bunu hiss edərik. Həyatdakı neqativ hallara qarşı da şeirlərində bir üsyankarlıq nəzərə çarpırdı.

Eldarı son dəfə 2007-ci ildə Qazaxda gördüm. Vidadi Babanlının 80 illik yubileyinə getmişdik. Halı yaxşı idi. Sevinirdi ki, doğulduğu torpağa qayıdıb. Amma üç ildən sonra - 2010-cu ildə Eldar Nəsibli bir maşın qəzasında həlak oldu.

İki Eldar haqqında ürəyimdən keçənləri söylədim. Faciəli ölümləri məni də sarsıtdı. Ruhları şad olsun, - deyirəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!