Söyüdlü arxın düşüncələri - Qəşəm NƏCƏFZADƏ yazır

Tanınmış şair Sərvaz Hüseynoğlunun 60 illik yubileyinə

 

2000-ci illərin əvvəllərində - may günlərinin bir axşamı Sərvaz mənə zəng eləyib deyəndə ki, Anar müəllim, Sabir Rüstəmxanlı, sən və mən bu axşam birlikdə şam edəcəyik, o saat yadıma 70-ci illərin sonlarında İmişli rayonunun Əliqulular kəndində isti yay günlərində söyüd ağacının altında ayaqlarımızı arxa sallayıb şirin söhbət etdiyimiz vaxtlar düşdü. Söhbət də, əsasən, Anarın "Otel otağı" və Sabir Rüstəmxanlının "Qan yaddaşı" kitabları haqqında idi.

Görüşdən üç saat əvvəl "Sahil" metrosunun qarşısında Sərvazla görüşdük, xoş bir hissin təsiri ilə yenə o arxı, o arxın üstündəki söhbəti xatırladıq və şam yeməyində o arxın qırağında danışdıqlarımızı Anar müəllimlə Sabir Rüstəmxanlıya da söylədik.

Bu o zaman idi ki, Sərvaz Anar ("Pəncərədən daş gəlir") və Sabir Rüstəmxanlı ("Ruhla zaman arasında") haqqında maraqlı iki kitab yazmışdı. Arxın kənarında düşündüklərini həmin kitaba əlavə edib hər iki sənətkarın yaradıcılığına öz baxış bucağından güzgü tuturdu.

Həmin iki kitabda da, İmamverdi Əbilov ("İmamverdi Əbilov tənhalığı") və klassik irsimizdən yazdığı səkkiz ("Keçəçi oğlu Məhəmməd", "Segah İslam", "Şəkili Ələsgər", "Ülvi Rəcəb", "Möhsün Sənani", "Sidqi Ruhulla" və s.) topluda da, Xalq yazıçısı Elçinlə bağlı ədəbi-tənqidi, publisistik yazılarında da, şeirlərində də Sərvaz heç vaxt o söyüdlü arxı unutmurdu, nədən yazırsa-yazsın, harda olur-olsun həmin o söyüdlü arxın düşüncələri onun yaradıcılığına hopurdu. Özü də maraqlı və oxunaqlı bir şəkildə.

Sərvazla eyni kənddənik, evlərimiz qonşu, atalarımız dost, analarımız bacılıq olublar. Sərvaz məndən bir il sonra məktəbə gedib, bir il məndən sonra instituta daxil olub, bir il məndən sonra evlənib, bir il məndən sonra ilk kitabı çıxıb, bir il məndən sonra İmişliyə, bir il sonra da Bakıya köçüb və göründüyü kimi, bir il məndən sonra 60 illik yubileyidir. Yəqin ki, nə vaxtsa (Allah uzun ömür versin) bir il məndən sonra mobil telefonuna zəng çatmayacaq.

Aramızda elə sirlər var ki, bir mən bilirəm, bir Sərvaz, bir də ki heç vaxt unutmadığımız o Söyüdlü arx. Bu yaxınlarda aramızda yüngül bir inciklik olmuşdu, Sərvaza heç nə demədim, sadəcə, 70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində ayaqlarımızı söyüdlü arxa sallayıb gələcək arzularımızdan danışdıqlarımızı xatırlatdım. Və dəqiq bilirdim ki, bunu xatırlatmaq Sərvaz üçün çox ağır idi.

80-ci illərdə Gəncədə Qərib Mehdi, Saleh Qurbanov, İmişlidə Səyyad Aran yeni ədəbiyyatla nəfəs almağımıza, mütaliəmizə, əsərlərimizin çapına kömək eləyirdi. İmişli ədəbi mühitinin yetirmələri Murad Qoçuoğlu, Səxavət Talıblı, Dayandur Sevgin, Valeh Bahaduroğlu ilə ədəbi mübahisələrimiz, görüşlərimiz şeirdə bədii imkanlarımızı daha da artırırdı (bəzən adam öz həqiqətini başqasına deyə biləndə özünə daha çox inanır).

Sərvaz yeganə şair dostumdur ki, onun adı on beşə qədər şeirimin içindən qırmızı xətt kimi keçir. Yəni hesabla götürəndə Sərvaza 15 şeir həsr eləmişəm. Bu, həm Sərvaza bağlılığımdan irəli gəlirdi, həm də Sərvaz bütün işlərimin içində - yaxşısında da, pisində də var olub və bu gün də var.

Çünki bütün düşüncələrimi Sərvaz aydınladırdı və zarafatla onu tələbə vaxtı başıma gələn "sevgi hadisələrini" və başqa məsələləri dəqiq təhlil etmək üçün "ekspert şurası"nın sədri təyin eləmişdim. Burda bir həqiqət də vardı. Ədəbiyyat və başqa məsələlərdə Sərvaz mənim sağ cinahımda oynayan və daim "pas" ötürdüyüm və həm də həmin "pas"ı vaxtında mənə qaytaran və həm də çox dəyərləndirdiyim bir oyunçum idi və indi də elədir. İstər şeir olsun, istər digər məsələlər, Sərvazla fikir mübadiləsindən keçəndən sonra həmin şey həqiqətə çevrilirdi.

Bugünkü ədəbi prosesdə hər hansı bir əsəri və ya bütövlükdə bir şairi dərindən təhlil etməkdə yeganə tərəfdaşım Sərvazdı. Çünki biz uşaqlıqdan o qədər qaynayıb-qarışmışıq ki, mən "k" deyəndə Sərvaz bilir ki, mən nəyi deyirəm. Sərvaz ən çox inandığım və sevdiyim böyük şair və təhlilçidir. Hər hansı qaranlıq bir məsələdə, deyək ki, ədəbi-tənqid, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, şeir, roman və povestlə bağlı təhlildə Sərvazın fikri məni yönləndirir və görünür ki, mən də həmişə onun üçün belə olmuşam və bu gün də eləyəm. Bütün təhlillərimizdə, şeir və poemalarımızda kənddə qoyub gəldiyimiz o Söyüdlü arxın aurası həmişə bizə doğru olanı göstərir və etibarlı kompas kimi daim yaddaşımızdadır.

Sərvazın adı mənim şeirlərimdən özüm istəmədən keçirdi, çünki Sərvaz həmin şeirin yaranmasının bilavasitə iştirakçısı idi. Şair dostum Vaqif Bəhmənli "Ömür kitabıma düzəliş" kitabımın təqdimatında qeyd edirdi ki, sən şeirlərində elə dopdolu, elə şirin bir xitabla "Sərvaz" deyirsən ki... Bax, həmin o intonasiyanın özü şeirə xüsusi bir gözəllik gətirir. "Tələbəlik illərində" şeirimdə əsas obraz Sərvazdır. Mən yalan danışa bilməzdim, şeirdə, doğrudan da, təbii şəkildə Sərvaz vardı və bu süjetli şeirdə əvvəldən-axıra kimi o iştirak edir. Özü də lirik qəhrəmana, bir növ, rəqib kimi görsənir.

İstədim deyəm, evimiz ikimərtəbəlidir,

Ancaq kəndçim Sərvaz xəbərçidir.

Sərvaz əvvəldən-axıra kimi şeirdə mənimlə yanaşıdır, "öz postu"nda aşiqi-sadiq kimi dayanıb. Və mən ona zülm eləyirəm. Sevdiyimin rəfiqələrindən birini sevməyə qoymuram. Universitetin ən məşhuru mənəm. Amma sonra mən də uduzuram, sevgilim məni atır. Şeirin ən ağlamalı və həm də ən gülməli yeri yenə Sərvazdır:

Mən rəngli şəklini

ağlaya-ağlaya aparıb qaytardım,

Elə bilirdim, almayacaq, barışacaq.

Məndən də qəşəng, kök, bığlı,

Norka papaqlı, zırpı bir oğlan

gözləyirdi onu.

Mənim incə,

nərmənazik ağ kəpənəyimi...

Ağladım,

Məndən də çox ağladı Sərvaz.

Bax, bu şeirdə Sərvazın ağlamağı hələ indi də məni yandırır. Bu o deməkdir ki, o, dostuna sadiqdir, dostu ağlayanda ona qoşulur, güləndə onunla gülür. Əslində, o, sevinməliydi.

Və yaxud:

Dərman içdim,

Sərvaz udqundu.

Bu iki misra qədər Sərvazın həssaslığını heç nə ifadə edə bilməz. Hətta dostunu canında o qədər yaxından hiss edir ki, dərmanı udmaq üçün onu yamsılamaqla kömək eləyir. Yenə şeirlərimin birində deyirəm: "Sərvaz, əlimdə təzə şeirlərin əli, girdim isti iyul ayına" və yaxud "Sentyabr ayı doludur sənlə".

Sərvazın uşaq şeirlərindən tutmuş, poemaları, hekayələri, ədəbi-tənqidi, ictimai- siyası, publisistik yazılarına qədər, hamısının mərkəzində cilalanmış istedad, gərgin zəhmət, orijinal üslub, gözəl əxlaq və bir də kənddə qoyub gəldiyimiz Söyüdlü arxın çeşidli xatirələri dayanır.

Səndən soraq verib, xəbər gətirən

Min məna gəzirəm hər sarı simdə.

Biləydim, biləydim kimdə itirib,

Kimdə arayırsan sən məni, kimdə?

Sərvaz şeirlərində yaxşılığın, mənəvi sərvətin, ən başlıcası, insanın (insanlığın) nəsildən-nəsilə, ruhdan-ruha ötürülməsi və inkişaf etməsi fəlsəfəsinə söykənərək özünü axtarır. Şair inanmır ki, otuzuncu illərdə başlayan və xeyli illər davam edən Mikayıl Rəfili duyğuları, Əli bəy Hüseynzadə idrakı doğulduğu, yaşadığı illərdə qala bilər, o da bu gün hardasa doğulur, yaşayır və gələcəkdə də doğulacaq. Ədəbi genetika, mətnlərarası əlaqədə üzə çıxır, inkişaf edir, sonradan kimdəsə doğulur, kimdəsə itir, kimdəsə başlayır. Ona görə şair deyir ki, biləydim, sən məni kimdə itirib, kimdə tapacaqsan. Bütün yaradılmışların gələcəkdə özünü axtarmaq instikti var. Şair hesab edir ki, 30-cu illərdə də doğulan 3000-ci illərdə bir də doğulacaq. Amma öz dövrünün vəzni ilə, yeni bir biçimdə. Yarandığı dövrü əhatə edən mətndə kimsə kiminsə başlanğıcı, kiminsə davamı, kiminsə sonudur. Əslində, ədəbi mətndə son yoxdur, doğuluş və başlanğıc var. Sərvazın mətni də kiminsə davamı və kiminsə başlanğıcıdır.

Bilim ki, ürəyin mənlə döyünür,

Bilim zülmün altda, amandayam mən.

Nə yerim yerdədi, nə göyüm göydə,

Yenə də sən adlı zamandayam mən.

Şair fikri, şair mətni yerlə, ya da göylə ölçülmür. Bu enerji təbəqəsi, daha doğrusu, enerji axını planetlər, ya da daha böyük mənada qalaktikalar arası bir sistemin ifadəsidir. Əslində, burada zaman və məkan yoxdur. Vaxt dayanıb. Günəş də sönüb. Şüur da yoxdur. Eqo yoxa çıxıb. Düşüncə də olmur burada. Burda yalnız həqiqət var. Bəzəksiz-düzəksiz. Sən varsan. Mən sənin zərrənəm. Səndəyəm, sən olmuşam. Vəssalam. Daha bunun ayrı bir adı yoxdur.

Sərvaz detallar üzərində fikrini ustalıqla sərgiləyir. Daha burda əndazəni aşan epitetlər, metaforalar, yersiz mənalandırmalar yoxdur. Sərvazın düşüncəsi bu ərazini çoxdan keçib. Çünki bədii təsvir vasitələri ilə şeir düzəltmək erasını ədəbiyyat çoxdan arxada qoyub.

Üstə gül qoxulu ayə yazılan

Ağappaq, bəmbəyaz vərəq kimiyik.

Yəqin ki, Sərvazın gözəl səsi, avazı olduğundan az adamın xəbəri var. Onun muğam səhrası kimi açılan səsinin üzərinə "Məmməd Araz dastanı" və tanınmış yazar Azər Turana həsr etdiyi irihəcimli "Ruhumla öpürəm duyğularını" və başqa samballı heca şeirləri yazıla bilər. Çünki bütün şairlər ən yaxşı şeirlərini səslərinin üstünə yazırlar. Sərvazın bəmbəyaz vərəqi - səsi muğamın qanadlandığı səhradır.

Səhv etmirəmsə, Sərvaz aşağıdakı şeiri qızı Səmaləyə yazıb. Bu, ilkin görünüşüdür. Ata istəyinin obrazlı ifadəsidir. Amma dərindən götürəndə və həm də Sərvazın şeirləri xeyli yozum imkanı verdiyindən, mən deyərdim ki, bu həm də Vətəndir.

Hardan soyuq sazaq əssə üstünə,

O səmtdən divarına hör məni.

Vətəni bu cür də qorumaq olurmuş. Qarabağda vətən sərhədinin düşən bir kərpicinin yerində (ya da şəhid olmuş əsgərinin) şair özü dayanmaq istəyir. Əslində, məntiqin, mətnin tələb etdiyi budur. Harda Vətən sərhədlərində bir kərpic yeri laxlayıbsa, bütün vətənsevərlər orada daş kimi dayanmaq istərlər ki, təki Vətənə soyuq dəyməsin. Bu da daxili - alt qat. Əsas məsələ də elə bu...

Olmayıb sevgidə vəfasızlığım,

Allahım, sən mənə dözüm yazarsan.

Mənim könlümcədi mənim yazdığım,

Məndən yaxşısını Özün yazarsan.

Bu da Sərvazın çox dəqiq bir hesabatı. Nəsillərarası debata orijinal cavabı. Mən bura qədər olanı yazdım. Bundan sonrasını (bacarsan ən yaxşısını) Sən yaz. Sərvazın ədəbi mətni Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Məmməd Aslan, Musa Yaqub və bu silsilədən olan şairlərin kökləndiyi zamandan boy atıb istedad, zəhmət, mütaliə və peşakarlıq nəticəsində özünə ədəbiyyat ünvanı yarada bilib.

Vaqonlar elə bil relslərin üstə,

Təsbeh dənəsitək sıralanıbdı.

Və yaxud

Səndən bir nişanə aparan qızın

Şəklini gözümdə bir az əylədim.

Sərvaz 80-ci ildən bu günə kimi böyük bir ədəbi mərhələni heç kəsə güvənmədən keçib. Nə olubsa, harda təntiyibsə, folklora, Söyüdlü arxın düşüncələrinə söykənib. Şəkli gözündə əyləmək olduqca gözəl ifadədir. "Əyləmək" folklordur. Şair bu sözlə orijinal bir lövhə yaradıb; yoxsa sənin şəklini əyləməsəydim, tez qocalacaqdın. Tanınmış şair Çingiz Əlioğlu gənclik illərində yazdığı bir şeirdə deyirdi: "Qatarlar vağzalın boyununda şərf kimi açılıb gedir". Gözəldir. Sərvaz da deyir ki, vaqonlar elə bil relslərin üstə tesbeh dənələritək səpələnibdir. Bu da gözəldir. Bu cür orijinal obrazlarda 80-ci illərin ədəbi xasiyyəti idi. Amma Sərvaz o illərin ağır xasiyyətini sonrakı şeirlərində dünyəviləşdirməyi bacardı. Aşağıdakı mətnə baxaq.

Ağıl dəryasında batan dünyamı

Xilas eləməyə dəli gərəkdi...

Bax bu "dəli" müasir dünya şeiridir. O zaman ki, şeir ağıla tabe olur, o, artıq şeir olmur, Bəxtiyar Vahabzadə demişkən: "meyirdi". "Dəli" sözü, əslində, təxəyyülü, xəyalı ifadə eləyir. Sərvazın da son anda gəldiyi nəticə odur ki, poeziyanın əbədi, əzəli vətəni duyğular və hisslərdir. Hisslər heç zaman adamı aldatmır.

Bu il 60 yaşı tamam olan qədim dostum Sərvaz təkcə klassikadan yox, həm də yaşıdlarından - müasirlərindən bəhrələnir. Gəncədə ustad Qərib Mehdinin rəhbərlik etdiyi "İlham" və Bakıda Məmməd İsmayılın Respublika Ədəbi Birliyində aparılan müzakirələrdə həmişə fəal iştirak edib. Ədəbi mübahisələr Sərvazı orijinal ədəbiyyat yoluna istiqamətləndirib. İndi "Söyüdlü arx"dan başlayan düşüncələr onun yeni şeirlərində bu gün Avropa ölkələrinə yol açır. Uğur olsun!

"Azərbaycan" jurnalı, № 5-6

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!