1. Hansı Azərbaycan romanının məzmun konteksti Şərqlə bağlı təsəvvürlərin parametrlərini genişləndirməyə xidmət edir?
2. XX əsrin birinci iki onilliyi maarifçiliyin, realizm və romantizm cərəyanlarının ədəbi dövriyyəyə qatılması ilə xarakterik oldu. Bəs sizcə, bu gün çağdaşlıq dediyimiz hərəkat hansı cəhdlərin təcrübəsindən yararlana bilir?
3. Ədəbiyyatımızı dünya səviyyəsinə qaldırmaq... Hansı milli əsərlər bizi ora aparır?
İlqar Fəhmi
1. Belə əsərlər çoxdur. Amma məncə, bu sırada "Əli və Nino"nun xüsusi yeri var.
2. Hazırda bizdə ilkin cəhd təfəkkür xaosundan çıxıb hansısa bir işığa doğru yol almaqdır. Xaosdan çıxarmağa yönələn istənilən cəhdləri alqışlayıram.
3. Hesab etmirəm ki, ədəbiyyatımız dünya səviyyəsindən aşağıdır. Əgər müasir dünya ədəbiyyatını diqqətlə analiz etsəz, görərsiz ki, heç də göylərə qaldırılmağa layiq səviyyədə deyil. Sadəcə, reklam və təbliğat maşının işi nəticəsində yaranan görüntüdür.
Səlim Babullaoğlu
1. "Məzmun konteksti Şərqlə bağlı təsəvvürlərin parametrlərini genişləndirmək" məsələsinə çoxlu bucaqlardan baxmaq olar, geniş bir əhatə dairəsi var sualınızın. Mənim anladığım qədər, fikimcə, bu əsərlər Yusif Vəzirin "Qan içində", Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" və "Qılınc və qələm" , Ümbülbanunun "Qafqaz günləri", İsa Hüseynovun "Məhşər" romanları ola bilər. Qəribədir, sualınıza cavab verə-verə anladım ki, sadaladığım romanların üçü bizim böyük şairlərlə bağlıdır. Nizami, Nəsimi və Vaqiflə. Görünür, bu da elə belə deyil. Şərq poeziyasentrizmdir həm də.
2. Fikrimcə, bu bölgülər həm tarixi-xronoloji baxımdan, həm də ifadə etdiyi fəlsəfə baxımından yetərincə şərti və dəyişkəndirlər. Çağdaşlıq… siz nəyi nəzərdə tutursuz? Modernizmi? O modernizmi ki, ötən əsrin 30-40-cı illərində öz yerini postmodernizmə verdi. Yəni, nəzəriyyə kitablarında bu belədir, hər halda. Və o modernizmi ki, özünü simvolizmdə, akmeizmdə, futurizmdə, ekspressionizmdə, sürrealizmdə büruzə verdi. Eyni zamanda həm xalis reallığı, həm də onun tam tərsi olan dünyanı təklif elədi oxucuya. Şüur axınını doğurdu, "itmiş nəsil" problemini qabartdı və sair və ilaxır. Doğrusu, sual mənim üçün tam aydın deyil. Amma mən Orxan Pamukla olan söhbətimizin bir məqamını xatırlayıram. O deyirdi ki, mən ədəbi əxlaq baxımından modernist, bədii fəndlər, texnika və üslub baxımından postmodernistəm. Fikrimcə, hər yeni ədəbi nəslin əvvəlkilərlə müqayisədə bir üstünlüyü var. Yenilər əskiləri tanımaq, bilmək, onlardan daha kamilini yaratmaq imkanındadırlar. Bu, həm eyni zamanda çətinlik deməkdir. Sən daha çox bilməlisən. Nəzəri də olsa, bu belədir və ümid edirəm sualınıza cavab verə bildim.
3. Bir dəfə bugünkü Bakının mədəni həyatı üçün əhəmiyyətli işlər görmüş bir nəfərlə, o peşəkar rəssam və heykəltəraşdır, mükalimə edirdik. "Peşəkar" sözü ilə bağlı. O deyirdi ki, "peşəkar qatil" ifadəsi doğrudur, mən deyirdim ki, doğru deyil. Mən iddia edirdim və bu gün də iddia edirəm ki, atıcı peşəkar ola bilər, qatil yox. Çünki peşə insanlara xidmət etmək kimi xeyirli bir amalla assosiasiya olunur, olunmalıdır. İndi bunu niyə xatırladım. Siz "milli əsər" deyirsiz. Milli əsər. Mən bu anlayışı axıradək başa düşmürəm. Peşəkar əsər, hə, bu ola bilər. Bilirsiz, ədəbiyyat dil hadisəsidir. Dil isə yalnız üst qatı ilə milli bir şeydir. Alt qatı çox bəşəri və ruhanidir dilin. İstənilən dilin. Əsərləri isə dünyaya çıxanda onlar çevrilir.
Qan Turalı
1. "Fələk qırmancı" romanımı yazanda bu sual məni çox düşündürürdü. Amma mən bu sualı fərqli qoyurdum. Bizim milli bir mədəniyyətimiz var. Bu mədəniyyətin kökləri var. Düşünürdüm ki, müasir bir romanda bu kökləri necə aktuallaşdırmaq, onu müasir mədəniyyət kontekstinə necə salmaq olar? Mən ümumiyyətlə, "Şərq" sözünün əleyhinəyəm. Bəli, Şərq deyilən fəlsəfi-kulturoloji bir anlayış var. Lakin biz də onun içindəyik. Biz sanki Şərq dedikdə özümüzü ondan ayırırıq. Şərqşünaslıq elmi Avropa və Qərb elmidir. Biz Şərqi yox, özümüzü öyrənməliyik. Yəni şərqşünaslıq mənə Qərb elmi kimi gəlir. O ki, qaldı keçmiş ideyalara… Əlbəttə, dövr dəyişib, ideyalar dəyişib. Lakin tarixi dövr prizmasından yanaşdıqda hər bir ideya özündən əvvəlki az qala bütün ideyaların qəlpələrini özündə daşıyır. Hegel də bu haqda yazmışdı və məncə, bu fəlsəfi yox, elmi bir faktdır. Bunu asanlıqla sübut etmək mümkündür. Bizim fəlsəfə tariximiz var, mədəniyyət, ədəbiyyat tariximiz var. Sovet təhsil sistemi onlarla əlaqəmizi tamamilə kəsib atdı. Biz indi onun problemini yaşayırıq. "Fələk qırmancı" romanımda bir çox oxucunu romanın içinə yerləşdirdiyim sufilik haqda məlumatlar maraqlandırırdı. Mən araşdırma yazmamışdım, lakin hekayəmi anlatmaq üçün bu təfərrüatlarımı yazmaq zəruri idi. Və böyük heyrətlə oxucuların sufilikdən çox məlumatsız olduğunu gördüm. Bu mənada yazıçı kimi heç kimin qarşısına tələb qoymadan düşünürəm ki, biz bu gün roman yazarkən öz qədim ideyalar tariximizə də baş vurmalıyıq. Hansı ki, bu ideyalar bu gün Qərb fəlsəfəsinə də təsir edib, bizim bugünkü mədəniyyətin içində də rüşeym halında mövcuddur. Biz onları zamanın ruhuna uyğun olaraq aktuallaşdırmalıyıq.
2. XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatında bu cür polemikalar çox olurdu. Lakin o dövr dünyasında belə bu polemikalar əslində aşılmışdı. Yəni XIX əsrin sonlarında bu məsələlər təbii şəkildə həll olunmuşdu. Burda pis bir şey də görmürəm. Məncə ideya tarixi deyilən bir şey mövcuddur və sənət də onu keçməlidir. Durduğumuz yerdə modernizm yarada bilmərik ki. Gərək bunun əvvəli də ola. Məncə bu gün ədəbiyyatda hakim cərəyan postmodernizmdir. Mən belə görürəm. Lakin fəlsəfə təhsilli olsam belə, bu cərəyanların geniş şəkildə müzakirə edilməsinin də tərəfdarı deyiləm. Çünki bir çox yazıçımız mahiyyətini bilmədən cərəyanlara baş vurur və öz yaradıcılıq yolundan uzaqlaşır. Postmodernizm haqqında hər şeyi deyirlər, bircə onun mahiyyətindən başqa. Mahiyyəti başa düşənlər o qədər azdır ki... Sadə bir məsələni deyəcəm: Romantik başqa şeydir, romantizm başqa. Realist olmaq başqa şeydir, realizm başqa. Təəssüf ki, əksər yazıçılarımız bunu anlamaq belə istəmir. Bəlkə heç anlamağa borclu da deyillər. Amma bu yalnız o zaman mümkündür ki, onlar cərəyanlar haqqında sussunlar. Di gəl ki, danışırlar. Hamısı Belinski olub. Hərçənd, Belinskinin də öz dövründə ciddi ədəbi-fəlsəfi sapmalara yol verdiyi məlumdur.
3. Mən buna tərəfdar deyiləm. Biz dünyaya çıxmaq haqqında danışmamalıyıq. Bu bizim hansısa kənd komandasının Dünya çempionatında oynaması kimi bir şey olar. Əvvəlcə öz ədəbiyyatımızı gücləndirməli, oxucuların sayını artırmalı, yaxşı nəşriyyat və satış şəbəkəsi yaratmalı və ölkəmizdə kimin yaxşı yazıçı olduğunu müəyyən etməliyik. Bunu etməsək bizdən dünya səviyyəli yazıçı filan çıxmayacaq. Bəzən deyirlər ki, bizdə filankəs dünya səviyyəli yazıçıdır. Potensial ola bilər, amma potensiala nə verirlər ki... Bəzən mənə elə gəlir ki, biz Nobel haqqında bu qədər çox danışmağımızı milli ədəbiyyatımızın, kitab bazarımızın inkişafına yönəltsəydik, çoxdan Nobel almışdıq. Öz ölkəmizdə 10 min kitab sata bilməyən yazıçının Nobeldən danışması mənə gülünc gəlir. Bu komediyanı boşlamaq lazımdır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!