"Hürriyyət əndəlibi"nin şeirləri İstanbul mətbuatında - Təranə ABDULLAYEVA

 

XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli simalarından biri, sağlığında "Hürriyyət əndəlibi" ("Azadlıq bülbülü") adalandırılan Məhəmməd Hadinin həyat və yaradıcılığının müəyyən dövrü Türkiyə ilə bağlıdır. Belə ki, o, 1910-cu ilin baharından 1913-cü ilin son rübünə qədər İctanbulda yaşamış, "Tənin" qəzetində Şərq dilləri üzrə mütərcim vəzifəsində işləməklə yanaşı, digər mətbuat orqanları ilə əməkdaşlıq etmiş, poetik və publisistik əsərlərini qəzet və jurnallarda nəşr etdirmişdir. M.Hadi Türkiyədə yaşadığı illərdə müxtəlif mətbuat orqanlarında qırxdan yuxarı əsər çap etdirmişdir ki, bunlardan on beşi şeir, qalanları isə elmi-publsistk məqalələrdir. Sənətkarın İstanbul mətbuatında çıxmış "Tövfiq Fiktət bəy" və "İstifham" şeirləri istisna olmaqla, qalanları barədə ədəbiyyatşünaslığımızda məlumat verilməmiş, eyni zamanda bu şeirlər Azərbaycan mətbuatında dərc olunmadığı kimi, müəllifin Respublikamızda nəşr olunan kitablarına da salınmamışdır.

M.Hadinin petik əsərləri "Rübab", "Məhtab" jurnallarında və "Şəhbal" qəzetində nəşr olunmuşdur. "Şəhbal"da bir, "Rübab"da üç şeiri çıxan çıxan müəllifin poetik əsərlərinə ən çox "Məhtab" jurnalının səhifələrində rast gəlirik. Belə ki, on beş nömrəlik nəşr fəaliyyəti dövründə şairin on bir şeiri "Məhtab" jurnalında işıq üzü görmüşdür.

M.Hadinin Türkiyədə çıxan ilk şeiri "Tovfiq Fikrət bəy" adlanır. "Rübab" jurnalının 26 kanuni-sani 1327-ci il tarixli (yanvar 1911-ci il) birinci nömrəsində "Əbdülsəlimzadə Məhəmməd Hadi" imzası ilə çıxan bu şeir təkrarən 1923-cü ildə Bakıda "Maarif və mədəniyyət" jurnalının ikinci nömrəsində və 1978-ci ildə çıxmış "Seçilmiş əsərlıri"nin birinci cildində "Tofiq Fikrətə" adı ilə çap olunmuş, çap tarixi səhvən "26 kanuni-sani 1330" (1913) kimi qeyd olunmuşdur.

T.Fikrət Türkiyə yazıçıları içərisində M.Hadinin ən çox sevdiyi və yaradıcılğından bəhrələndiyi şairlərdən biri olmuş, şair ona xüsusi şeirlər və "Ədəbiyyat müştaqlarına bir bəşarət" adlı çox qiymətli, irihəcmi bir məqalə həsr etməklə yanaşı, ayrı-ayrı əsərlərində dəfələrlə məhəbbət və ehtiramla onun adını şəkmiş, onu türk ədəbiyyatının parlaq ulduzu adlandırmışdır.

T.Fikrəti şeirin, ədəbin şöləsaçanı, dilsiz vətənin danışan dili, irfan göylərinin parlaq ulduzu kimi dəyərləndirən şair bu qənaətdədir ki, heç bir yersiz tənqid və iftira onun türk ədəbiyyatında və ictimai fikirində tutduğu yüksək mövqeyə xələl gətirə bilməyəcəkdir.

Şairin Türkiyə mətbuatında çıxan ikinci şeiri "Əsatiri-əvvəlinə" də T.Fikrətə ithaf olunmuşdur. "Tövfiq Fikrət bəyə ithaf" epiqrafı ilə "Məhtab" jurnalının 10 temmuz 1327-ci il (iyul 1911) tarixli birinci nömrəsində çıxan bu bu əsərində M.Hadi ictimii-siyasi mühiti ittiham edir, T.Fikrətə müxalif olan zəmanəni, ona qarşı aparılan haqsız təbliğatlarda iştirak edən qələm sahiblərini "həqiqəti yeyən, ziyaları içən, ziyalıları qətl edib dühaları boğan, doğru danışan dilləri susduran, ayaq basdıqlrı zəmiləri yandırıb məzara döndərənlər" kimi dəyərləndirir.

Həqiqət, ey bəşərin sərmədi ilahəsi, çıx,

Görün bu zulmətə batmış mühitə çöhrən açıq!..".

- beyti ilə başlanan məsnəvi rormasında olan "İstifham" ("Soruşub anlama" - T.A.) şeiri ("Rübab" jurnalı, 16 may 1329 (1913)) məzmun və ideyaca M.Hadinin Türkiyəyə getməmişdən əvvəl yazdığı və Bakıda nəşr olunan qəzetlərdə dərc etdirdiyi romantik-maarifçi şeirləri ilə yaxından səsləşir. Həqiqəti nəzərində bir obraz kimi canlandıran, "Çıx iştə nurun ilə şəbliqa diyarımıza, Ziyalar eylə nisar kainati-tarımıza" sözləri ilə ona müraciət edən şair bildirir ki, "libası həp gecələrdən, xurafədən hörülən" mühütümüz insanın əlindən ixtiyarını almış, onun qəflət yuxusunda uyumuasına səbəb olmuşdur. Şair sual edir:

Neçin ayılmadı millət? Nədir bu xabi-məzar!..

...Nədən? Nədən? Əcəba aşiqiz bu xüsrana?

...Tərəqqiyat işığı söndü, söndürüldü nədən,

Yumuldumu gözümüz yol açan o şəşəədən?

M.Hadinin "Şərq qadınları" şeiri ("Məhtab" jurnalı, 17 temmuz 1327 (1911), N 2) qadın azadlığı mövzusundadır. Türk yazıçı və jurnalistı, İzmirə dənizdən çıxan yunan əsgərinə ilk güllə ataraq türk müqavimət hərəkatını başlatmış, işğalçılara qarşı döyüşdə həlak olmuş Həsən Təhsinə (1888-1919) ithaf olunan bu şeirdə Şərq qadının taleyinin hələ də zülmət içində olmasını və bunun da birinci şahidinin onların niqabı, çadrası olduğunu bildirən müəllif Qərbin həyatının oxumuş, təhsil görmüş qadınları sayəsində parlamasını qeyd edir və belə bir qənaətə gəlir ki, qadını əsarətdə, "gecəyə bürünən gündüzlər" halında saxlayan cəmiyyət bəxtiyar ola bilməz.

Əsərlərində Şərq ilə Qərbin müqayisəsi mühüm yer tutan M.Hadinin "Qərb mədəniyyəti - Şərqi-hazır" şeiri də bu mövzuya həsr olunmuşdur ("Məhtab" jurnalı, 1 avqust 1327 (1911), N 4). Şərqi, Şərq dünyasını sevən, Şərqin qəflət yuxusundan oyanması üçün yollar axtaran şair "Sızlar içim halına, ey kişvəri-xarab" deyərək Şərq dünyasını ətalətdən çıxmağa səsləyərək yazır: 

Ey Şərq! "Unutma, bariqələr əsri-feyzidir",

Nəqş etməli bu sözləri əlvahi-fikrətə!

Mütəfəkkir sənətkarın "Məhtab" jurnalında "Əzhari-əfkar" ("Düşüncə çiçəkləri" - T.A.) adlı iki şeiri çap olunmuşdur. Birinci "Əzhari-əfkar"( "Məhtab" jurnalı, 1 avqust 1327 (1911), N 4) əslində müstəqil, bütöv bir şeir deyil, kiçiyi bir, ən böyüyü altı misradan ibarət olan on hikmətli şeir parçasıdır.

Bütün bəndləri çarpaz qafiyələr şəklində qurulmuş (1-3 ; 2-4) on bəndlik ikinci "Əzhari-əfkar" şerinin ("Məhtab" jurnalı, 22 avqust 1327 (1911), N 7) əsas mövzusu qadın azadlığı məsələsi olsa da, burada təbiət təsvirlərinə də, ictimai məsələlərə də yer ayrılmışdır.

Pərdəyə bürünmüş, üzü niqabla örtülmüş qadınları uzaqlarda parlayan ulduz, əl çatmaz ümidlər, qəmli, matəmli bayramlar kimi xarakterizə edən şair qadınlara xitabən belə yazır:

Səni gördükcə mən təsəttürdə

Münkəsif bir zühaya bənzədirəm;

Şəmsi muzlim görüncə didəmdə,

Məşriqi sönmüş Aya bənzədirəm.

Dörd bəndlik "Təyyarə" şeirində ("Məhtab" jurnalı, 8 avqust 1327 (1911), N 5) ağlının gücü ilə qara torpaqlara hökm edən insanın - torpaq övladının ərzə sığmayıb indi də səmalara, göylərə hökm etməkdə olduğundan, fikrinin məhsulu olan təyyarə icad etməsindən, "əflakı qucağında daşımasından", "bəhri-səmavatda üzüb ümmanları aşmasından", insanın zəkası və səyi qarşısında hər şeyin aciz qalmasından heyranlıqla danışan  şair "İşçi" şeirində ("Məhtab" jurnalı, 15 avqust 1327 (1911), N 6) zəhmətkeş insanı əsərinin poetik qəhrəmanı kimi seçən, onun alın tərini parlaq incilərə bənzədən şair ondakı çalışmaq, halal zəhməti ilə yaşamaq eşqini yüksək dəyərləndirir və bütün insanlara, xüsusilə zəhmətsiz gəlirlə, gözü onun-bunun əlində olub həya və şərəfini bir qarın çörəyə satanlara xitabən yazır:

Hüzuri-əhli qinadə tökülməsin də həya,

Hüzuri-səydə tök, tök şu parlaq inciləri!

Sıcaq günəşlərin altında işlə, heç durma,

Sığınma başqaların sayəyi-bürudətinə,

Zəhər lisanlıların girmə bari-minnətinə,

Sokak-sokak həlakəti-dənaəti vurma!

"İthaf" şeirində ("Məhtab" jurnalı, 15 avqust 1327 (1911), N 6) türk şairi və jurnalisti, bir müddət Bakıda müəllimlik edən və mətbuat orqanlarında çalışan Əhməd Kamalı "sönük vicdanları tənvir edən, uyuşmuş canlara yeni ruh səpən" sənətkar kimi dəyərləndirən şair onun Azərbaycandan ayrlmasına təəssüflənir və bu ayrılığın könüllü yox, siyasi səbəblər ucbatından olduğunu aşağıdakı kimi təqdim edir:

Tökərkən ərzi-Qafqazyaya əlhani-füruzanı,

Füyuzatınla oxşarkən dili-şübbani-irfanı,

Şimalın qartalı qorxdu səmavi şahbalından,

Nasıl ki, qorxuyor əmvaci-cuşan "Hilal"ından.

Məhəmməd Hadi lirikasına məxsus inqilabi və üsyankar ruh onun "Alihəyi-əşarıma"("Məhtab" jurnalı, 29 avqust 1327 (1911), N 8) və "Rübabi-inqilab" şeirlərində ("Məhtab" jurnalı, 5 eylül 1327 (1911), N 9) özünü daha qabarıq şəkildə göstərir. Bu şeirlərinə qədər Türkyə mətbuatında fikirlərini daha ehtiyatla, üstüörtülü veməyə çaışan şair bu əsərlərində idealını açıq şəkildə ortaya qoyur.

Şair ilhamına müraciətlə başlanan "Alihəyi-əşarıma" ("Şeir Allahıma") şeirində "Sən eylədiyin dəm mənə üsyanları ilham, Bir asi dənizdir sanıram məndəki əfkar" deyən şair Şərqə, "bu ərzi-mütiyə" üsyan edərək zülmətləri yıxmaq üçün asilərə - inqilabçlara qoşulmaq və olanların önündə gedərək baryaraqdar olmaq istəyuni bəyan edir.

"Rübabi-inqilab" əsərində şair bir az da irəli gedərək israrla bildirir ki, inqilab yağışının yağmadığı yerdə hürriyyət çiçəkləri bitməz və inqilab sayəsində zülmün üzündəki pərdə yırtılmayınca həqiqətin, azadlığın gülçöhrəsi görünməz.

Keçmiş, köhnə fikirlərlə yaşayanları, Şərq ölkələrini, xüsuilə Türkiyə, İran və vətəni Azərbaycanı irticaçı, bərabərsizlik qanunları ilə idarə edib hürriyyəti, istiqlalı hər vəchlə boğmaqda israrlı olanları "mazi köpəkləri - keçmişin itləri" adlandırmağa məcbur olan şair Rusiyanın irticaçı baş naziri Pyotr Arkadyeviç Stolıpinin (1862 -1911) suyi-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar "Stolıpinin qətli münasibəti ilə" adlı məqalə yazıb çap etdirməklə kifayətlənmir ("Məhtab" jurnalı, 11 eylül 1327-ci il (1911), N 10), bir neşə gün sonra çap etdirdiyi  "Naqusi-matəm" ("Matəm zəngi" - T.A.) adlı şeirini ("Məhtab" jurnalı, 27 eylül 1327 (1911), N 12) Stolıpini ölümcül yaralayan şəxsə - Boqrafı ithaf edərək bu əməlinə görə onu alqışlayır.

M.Hadinin "Dastani-şan" adlı ("Şəhbal", 15 kanuni-əvvəl 1328 (1912), N 67) hər bəndi altı misradan ibarət olan şeiri qəhrəman türk əsgərlərinə ithaf olunmuş, bir növ hərbi marş təsiri bağışlayır. Əsas leytmotivini "ildırımsaçan qılıncınla türk millətinin əmin-amanlığını pozan işğalçı ordulara onların yerini göstər" ideyası təşkil edən bu şeirin həmin ildə yazılıb çap edilməsi təsadüfi hadisə deyildi. Tarixdən məlum olduğu kimi, həmin vaxtlarda Türkiyəyə qarşı Avropa ölkələrinin güclü basqısı var idi və Osmanlı imperiyası çox ağır duruma düşmüşdü. Balkanlarda, Trablisqərbdə, Yunanıstanla sərhəd olan bir sıra məntəqələrdə uduzmuş vəziyyətdə olan Türkiyənin "olum, yaxud qalım" məsələsi qaçılmaz, düyün düşmüş bir problemə çevrilmişdi. Məhz belə bir zamanda bu cür cəsarətli və ümidverici bir şeirin yazılb çap edilməsi hər cür alqışa layiq idi.

M.Hadinin "Rübab" jurnalında nəşr olunan "Şərqə" şeirində ("Rübab" jurnalı, 19 temmuz 1328 (1912), N 28) sərlövhədən sonra belə bir qeyd verilmişdir: "Böyük feylesofumza ithaf". Bu şəxsin kimliyi göstərilməsə də, hesab edirik ki, əsər Rza Tövfiqə ithaf olunmuşdur. Bizi bu fikirə gətirən odur ki, təxminən bu şeirlə səsləşən başqa bir əsərini şair Rza Tovfiqə həsr edərək onu bu adla adlandırmışdır: "Türklərin yeganə filosofu Rza Tovfiq həzrətlərinə"("Sədayi-həqq" qəzeti, 25 avqust 1914-cü il, N 194).

M.Hadinin Türkiyə mətbuatında dərc olunan poetik əsərləri barədə qənaətlərimizi ümumiləşdirərkən belə bir nəticəyə gəlirik ki, Türkiyədə yaşadığı illərdə də o öz ənənəvi mövzularından və estetik idealından uzaqlaşmamış, şeirləri ilə maarifçi-romantik olaraq hürriyyət və azadlıq aşiqi kimi bütün insanlğa, daha çox canından artıq sevdiyi türk-müsəlman dünyasına xidmət etmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!