Qürbətin dəyişən halları - Kənan Hacı

Türk yazıçısı Bürhan Sönməzin "Məsumlar" romanı üzərinə qeydlər

Dərdlə sevincin arasında bir uçurum və taleyin sınıq körpüsündə rastlaşan sevgililər... Üstündə gəzdirdiyi "Sirr kitabı"yla fal açıb taleyinə işıq salmaq istəyən qadın və öz-özünə çöl nəğmələri pıçıldayan kişi... "Məsumlar" köhnə zamanların ümidini özündə əks etdirən bir romandır və bu romanı müasir türk ədəbiyyatının tanınan isimlərindən olan Bürhan Sönməz qələmə alıb.

Bürhan Sönməz 1965-ci ildə Harvanada doğulub. Orta təhsilini Poladlıda başa vurub. İstanbul Universitetinin hüquq fakültəsini bitirdikdən sonra bir müddət vəkil və redaktor kimi fəaliyyət göstərib. Müxtəlif qəzet və jurnallarda mədəniyyət, siyasət və din haqqında məqalələr yazıb. Uzun müddət Böyük Britaniyada yaşayıb. Hazırda İstanbul və Kembricdə yaşayır. İlk romanı "Quzey" 2009-cu ildə nəşr olunub. Haqqında bəhs edəcəyimiz "Məsumlar" yazıçının ikinci romanıdır.

Bürhan Sönməz nəql etdiyi əhvalatların üzərindən nağıl, rəvayət kimi narın bir pərdə asır, bu pərdənin arxasından sürgün (səmti-məchul) yolları görünür və bu yollarda qarşılaşan insanların taleyi qatı duman kimi bizi əhatə edir. Yazıçı qəhrəmanların yaşantılarını daxili monoloqlarla təqdim edir və sehrbazlıq etməkdən çəkinmir. Bu, nə Borxessayağı sehrbazlıq, nə də Markesin magik realizmi deyil. Amma onun obrazlarının hər biri bir sirr daşıyıcısıdır.

"Mənim vətənim uşaqlığım idi və mən böyüdükcə ondan uzaqlaşdım, uzaqlaşdıqca o, içimdə böyüdü". Roman bu cümlə ilə başlayır və sehrkar cümlə lokomotiv kimi oxucunu öz arxasınca aparır. Unudulan şeylər ağlımızın unutduqlarıdır, amma qəlbimiz heç nəyi unutmur. "Məsumlar" qəlbin unutmadıqları haqqındadır. Bəzən məsumlar günahkarların yükünü daşıyır... İtkin taleyin dalınca qaçan insanlar - Pəncəüzlü qadın, tatar fotoqraf, Hatib dayı, qaranlıqda səhvən qardaşlarını güllələyən və bu faciədən sonra biryolluq kənddən didərgin düşüb dağlara çəkilən Fərman... - hər addımda ölümlə üz-üzə gəlirlər. Ölüm onların həyatına ayna tutur. Ölüm bu kənddə həyata sızır, ona qarışır. Yazıçı "ölüm həyatın ziddi deyil, aynasıdır" yazır. Ölümün aynasında qədərlə savaşan bu sadə adamlar yenilməz gücə malikdirlər. Onların hekayətini əsərin baş qəhrəmanı Brani Tavo anladır. Onun uşaqlığı bu talesiz adamların əhatəsində keçib. Bu hekayətlərə Hatib dayısının vaxtilə danışdığı xatirələr də əlavə olunur. Fərman Asya adlı bir qızı sevirmiş, qızın qardaşları onu ölümlə hədələyirlər və ondan qızı biryolluq unutmağı tələb edirlər. Fərman kinli qardaşların onu öldürəcəyini zənn edib onları qabaqlamaq istəyir və gecənin qaranlığında evlərinə yaxınlaşan iki qaraltını tüfənglə gülləyə tutur. Sən demə, gələn qızın yox, Fərmanın dərsdən qayıdan qardaşları imiş. Bu hekayətlərdə gerçəklə xəyal iç-içədir. İllüziya gerçəkliyin cövhəri, mayasıdır və yazıçı insan talelərini illüziyalar meşəsində azdırır və bu taleləri birləşdirib onları ümumi olaraq belə səciyyələndirir - onlar məsumlardır. Sözlərə, çiçəklərə, əşyalara başqa mənalar yükləyənlər qədər məsumdurlar. "Bəzən məsumlar günahkarların yükünü daşıyır". Belə deyir Bürhan Sönmez. Onun yaratdığı xarakterlər bütün məsumiyyəti və günahları ilə birlikdə canlıdırlar, döyüşkəndirlər, ölümü belə öz içlərindən keçirməyi bacarırlar.

Təhkiyəçinin uşaqlığı illüziyalar meşəsində baş verən bu cür kədərli hadisələrlə zəngindir. Bu obrazlardan birinin hekayəti həm də o birinin hekayətidir. Bu hadisələr həm həyatı, həm də ölümü barındırır. Həyatmı ölümün, ölümmü həyatın davamıdır? Bu suallara cavab axtarmağa başlayırsan və qəhrəmanların izinə düşüb onları təqib edirsən. Əvvəllər güzgünün qabağında saçlarını hörən, gözəl simasına baxmaqdan doymayan Səadətin üzünü Boz ayı pəncəsiylə parçalayır və gözəl sima eybəcər hala düşür. O gündən Səadət bir də güzgü önündə oturmadı. O gündən Səadət dönüb oldu Pəncəüzlü qadın. Asya uzaq dağ kəndində bir ömür boyu sevgilisinin - Fərmanın yolunu gözləyir və yarımçıq qalmış xoşbəxtliyinə sahib çıxmağa çalışır. Anlayırsan ki, həyatla ölüm bir-birinin davamıdır. Bu kitab insanların ruhuna xitab edir. İnsanlardakı duyğusuzluğu unutdurur, hər cümləsi ilə içimizdə duyğular oyadır. Zamanın rəngindən, yaddaşın qoxusundan, qürbətin küləyindən və bu küləyin ayrılıqla birgə həm də birləşdirici yönlərindən söz açır.

Roman iki hissəyə bölünür: kənd təhkiyəsi bir dildə, şəhər təhkiyəsi isə tamamilə fərqli bir leksikon üzərində qurulur. Keçmişlə bu gün arasındakı uçurum təhkiyə boyunca aradan qaldırılır, bir bütün halına gəlir. Dil təhkiyənin ayrılmaz parçasına çevrilir. Türkiyədən gəlmiş Brani Tavo və İrandan gəlmiş Fəruzəh İngiltərədə, əntiq əşyalar mağazasında qarşılaşırlar və onların arasında bir eşq macərası başlanır. Qürbət küləkləri onları keçmişə aid məkanda - əntiq əşyalar mağazasında üz-üzə gətirir. Yazıçının onları məhz bu məkanda görüşdürməsi təsadüfi deyil. Keçmişlə indinin zaman-məkan sintezi romanda ustalıqla bədii həllini tapır. Burda keçmişlə bu gün görüşür və gələcəyin yolları qovuşur. Bu iki Şərq insanı yabançı ölkədə öz xoşbəxtliklərini axtarırlar. Brani Tavonun Kembricdə uşaqlıq xatirələrinin əsirinə çevrilməsi əslində bu xatirələrdən yaxa qurtarmaq cəhdindən doğur. Kənddəki rəvayət dadında olan əhvalatlarla Kembricdəki cansıxıcı həyat arasındakı uyğunsuzluqlar fərqli mədəniyyətlərin bir-birini həzm edə bilməməsinin nəticəsi kimi meydana çıxır.

Brani Tavonu kilsənin həyətindəki məzarlığa gətirib çıxaran da qəzavü-qədərdir. O, burada analitik fəlsəfənin banilərindən olan Vitgenşteynin məzarı ilə qarşılaşır. Böyük filosof nə deyirdi? "Həyat iki hissədən ibarətdir: biri yaşanılmış, digəri isə yaşanılmamış. Əhəmiyyətli olan yaşanılmamış hissədir". Romanın "Vitgenşteyn" fəsli məncə, sirlərin açılması üçün ipucları verir. Əsərdə tələbə hərəkatının lideri, inqilabçı Dəniz Gəzmiş xatırlanır, uşaq radiodakı xəbərlərdən eşidir ki, Dənizi və dostlarını edam ediblər. O, heç kimin görmədiyi güzgülərdə Dənizi gizlədir və yaşadır, ölməyə qoymur. Markes son romanını nəşriyyata təhvil vermədən əsər piratların əlinə keçir. Bu olay gerçəkmi, qurğumu, məlum deyil. Amma oxucuda xoş təəssürat oyadır.

"Məsumlar" Bürhan Sönməzin öz həyatıyla da səsləşir. Haymana ovalığı, Kembric yazıçının həyatında dərin iz buraxmış yerlərdir. Brani Tavonun nənəsi Keve Sönmezin anasına nağıllar danışan bir kənd qadınıdır. Yazıçı bu nağılları uşaqlığında öz anasından eşidib. Həm də uzun müddət Kembricdə tərcüməçiliklə məşğul olub və çox güman ki, öz Fəruzəhiylə elə orada rastlaşıb. Sonunda bu yaşantılar mükəmməl bir romana çevrilib. 

Romanın bir yerində "balaca kəndimiz ölüləriylə birlikdə qələbəlik kənd idi" cümləsi keçir. Böyük türk şairi Yəhya Kamal Bayatlı bir zamanlar "İstanbulun əhalisini sayarkən ölülərini də saymaq lazımdır" demişdi. Müəllif oxucuya nəyi çatdırmaq istəyir? Keçmiş həm də bu günün ayrılmaz bir hissəsidir. Yazıçının məqsədi keçmişdəkiləri bu gün yaşanan həyatın ruhuna, sevincinə, kədərinə ortaq etməkdir.

Fəruzəh və onun "Sirr kitabı" bu cansıxıcı həyatın üzərindən duman pərdəsini qaldırır, onların münasibətlərinə də şirin, həzin bir sirlilik qatır. Səmti-məchul burada səmti-məluma çevrilir. Qürbətin beləcə, dəyişən halları ilə qarşılaşırıq. Təhkiyə ənənəvi qürbət sızıltılarının sərhədlərini aşır, yeni mahiyyət qazanır. Müəllif qürbətə tamamilə başqa rakursdan baxmağı bacarır və bunu qəhrəmanlarına da aşılaya bilir. Haymana ovalığının əbədi çöl nəğməsi küləklər üstə köklənib:

Sus, dinlə, külək sənə söyləsin
                       hansı yuxu tez yox olur,
Hansı yuxuya qayıdır insan, sus,
                       dinlə, külək sənə desin.
...son nəfəsdə insan nəyə həsrət qalır, sus, dinlə,
külək sənə söyləsin...

Kənddə dolaşan tatar fotoqraf insanların şəklini çəksə də, onların taleyinin bəstəsini, çöl nəğməsini lentə köçürə bilməyir. Çöl nəğməsi sirrini sözlərə açır. Külək bu sözləri dünyanın yaddaşına səpələyir.

Yazıçı romanda üç növ qürbəti bir araya gətirir. Birinci - uşaqlıq vətən, böyümək isə qürbətdir. Yaşa dolduqca uşaqlığımız üçün darıxırıq, yenidən o məsumluğa, o vətənə qayıtmaq istəyirik. Amma bu, mümkünsüzdür. İkinci - müəyyən səbəblərdən yaşadığın şəhəri tərk edib başqa diyarlara köç etməkdir. Üçüncü - "həyat vətəndir, ölümsə, qürbət" anlamındakı qürbətdir. "Məsumlar"da bu üç qürbət sanki bir-birinə güzgü tutur.

Brani Tavo kənddəki insanların aqibətindən qaçmağa çalışır. O, keçmişi xatırlamaqla içindəki yalnızlıqdan xilas olmağa çalışır. Keçmişlə bu günün ruhunu qovuşdurmaq istəyir. Bu məqamda Bürhan Sönməz bir az ustad Tanpınarı xatırladır. Tanpınarın "Hüzur" romanının qəhrəmanları Mümtazla Nuran arasındakı sevgi münasibətləri bu dəfə sanki Brani Tavo ilə Fəruzəhin timsalında modern çağa transfer olunur. Amma iki fərqli müstəvidə eyni aqibəti yaşayan, nəticədə isə başqa sonuclara gedib çıxan xarakterlər yaranır. Ümid və ümidsizlik kökünü eyni qaynaqdan alır, amma fərqli məcraya axıb gedirlər. Sonda isə yenə də bir çayın iki qolu kimi bir-birinə qovuşurlar. Bürhan Sönməzin qəhrəmanları kimi.   


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!