Kitabı yeni çap olunan hər bir müəllifin daxilində "özünəməxsus" bir qorxu olur: Başlıcası, kitabım necə qarşılanacaq? Bəyəniləcəkmi? Görəsən, oxucuyla dialoqum alınarmı? Demək istədiklərimi deyə bildimmi? Zənnimcə, Kamal Abdullanın indilikdə sözügedən qorxuları yoxdu. Olsun ki, vaxtilə olub...
Amma onunku tamam ayrı bir "qorxu"dur; həcmcə kiçik olan bir mətnin kitab şəklində təqdim olunması "əfkari-ümumi"də nə kimi təəssürat oyadacaq?! Xeyli sayda irihəcmli elmi, bədii, esse tipli kitab müəllifinin "qorxusu" başadüşüləndir; fürsətcillər bu "unikal" məqamdan necə yararlanacaqlar?! Buna görə onu ittiham edərlərmi?
Bəlkə, Kamal Abdullanın binayi-qədimdən heç belə bir qorxusu da olmayıb, sadəcə, onu görmədiyimi yuxu kimi özüm uydururam...
Hər hansı mükəmməl kitabın özü də uydurulmuş bir yuxudur.
Ümumiyyətlə, "Ədəbiyyat idarəolunan yuxudur". (Borxes)
Yuxunun isə həcmcə kiçiyi, böyüyü olmur.
Əlimizdə olan kitab da Kamal Abdullanın Füzuli yuxusudur...
***
Həyatımızda olanlar, olmuşlar və olacaqlar; indi, keçmiş və gələcək - hər şey bir yuxudur... (Görürsünüzmü, əgər zaman rəqəmlərə xəyanət edib, sözlərin bətninə qanundankənar uşaqlar kimi hərf-hərf daxil ola bilirsə, hansı düzən, hansı məntiq, hansı qrammatikadan danışmaq olar?!).
Uydurulmamış nə varsa, tezcənə ölümə məhkumdur.
"Aldanma ki, şair sözü, əlbəttə, yalandır!". (Füzuli)
Yəni aldan şair sözünə! Çünki yalanın o biri üzü həqiqətdir...
Bax, bu saniyə, bu an Kamal Abdulla Mövlana Məhəmməd Füzuli, Mir Cəlal, Məmməd Cəfər Cəfərov, Cahangir Cahangirov, Şövkət Ələkbərova və dahi Səttar Bəhlulzadə ilə əl-ələ verib, məni möhtəşəm bir incəsənət yalanına - həqiqətdən də min dəfə həqiqi olan əzəmətli bir yalana inandırmaqla məşğuldu...
***
Görəsən, Azərbaycan incəsənəti tarixində sidq-ürəkdən, bütün varlığı və ruhu ilə "Mənim Füzulim" söyləməyə neçə nəfərin haqqı vardır?! Yox, bu adi bir ifadə deyildir; "Mənim Füzulim" mənim özüm, mənim Vətənim, mənim dilim, mənim ruhum, mənim tənhalığım, mənim vəhdətim, mənim sevgim deməkdir.
Xatırlayıram: Üzeyir Hacıbəyli ("Leyli və Məcnun" operasına görə), Qara Qarayev ("Leyli və Məcnun" simfonik poemasına görə), Alim Qasımov (ifa etdiyi Füzuli qəzəllərinə görə), Hacı Ələmdar Mahir ("Mənim tanıdığım Füzuli" kitabına görə), Sabir Əliyev və Teymur Kərimli (araşdırmalarına görə), Ramiz Rövşən (Füzuli ruhuyla sərbəst kontaktagirmə ritualına görə), Bəxtiyar Xanızadə (Pantomim Teatrında "Leyli və Məcnun"a verdiyi quruluşa görə), Dalğa Xatınoğlu (Füzuli dünyasında "sərsəri" gəzişmələrinə görə) və kitabın ərsəyə gəlməsində müəllifə sonsuz enerji ötürən yuxarıda adlarını çəkdiyim insanların, zənnimcə, daha çox haqqı vardır...
Təbii ki, sıraya saysız-hesabsız müəllim və ustadların, hətta Füzuli qəzəllərindən "dəli-divanə olan" adi, sadə insanların adlarını da əlavə etmək olar. Siyahı uzanıb əsas fikirdən aralandıqca (bu, sobanın böyründən aralanmaq kimi bir şeydi) tekstin istiliyinin azalacağını nəzərə alıb dayanıram...
Amma Kamal Abdullanın da "Mənim Füzulim" deməyə (artıq "bizsiz" deyib!) haqqının çatıb-çatmadığının (tələsməyin, mətndəyəm, məhkəmədə olmadığımı bilirəm!) oxucu üçün qaranlıq qaldığına rəğmən (guya dünya aydınlıqda üzür, bircə bu qalıb!), bir-iki cümlə də irəliləməliyəm: Müəllif buna qədər də əslində, min dəfə deyib bunu; onun irili-xırdalı mətnlərinin ümumi stixiyası deyib. Çünki "Dədə Qorqud"dan gələn (gəlib ki?!) bir insan (yox, düz olmadı, "Dədə Qorqud" artıq onun üçün bir Vətəndir, onu heç bir zaman tərk etməyəcək. O, qürbətin, qəribliyin nə olduğunu bilir!), Vətən coğrafiyasının dil və təfəkkürümüzdə tamlaşması, bütövləşməsi naminə ayrı-ayrı zaman və ya məkanlara düşüb bir-birindən aralanmış Bayandırları, Şah İsmayılları, Nəsimiləri, İsa Həbibbəyliləri, Niyaziləri, Azad Mirzəcanzadələri, Qazan xanları, Rafiq Əliyevləri, Natiq Səfərovları, Vaqif İbrahimoğluları, Aydın Bədəlovları, Füzuliləri, Həsən müəllimləri, adları bizə bəlli olan və olmayan Səyyahları, qəzəllərinin sonunda "Ey Füzuli" deyərkən öz adını transfer etdiyi o pak, məsum Uşaqları ("Platon, deyəsən, xəstələnib" hekayəsindəki Uşaq) və yüzlərlə, minlərlə başqalarını Hadisələrin Üfüqündən görünən Möhtəşəm Ahəngdə qurduğu simvolik bəmbəyaz örtüyün içərisinə ("Mənim Füzulim"də isə qoruyucu Qara dəliyə) yığaraq (Eposdakı ağ və qara çadıra planetar üsyan kimi! Xatırlatma: Müəllif 300 essedən ibarət olan kitablarından birini simvolik "300 azərbaycanlı" adlandırmışdı! Bu da ədəbiyyatın "idarəolunan yuxu" olmasına canlı bir sübut!) bizə usanmadan (Bu sözü heç bir zaman unutmayın! Füzuli də onu çox sevirdi!) məhz orqanik aləmdə, məhz harmoniyada varoluşumuzu, mövcudluğumuzu israrla xatırladır...
***
"Mənim Füzulim" xatırlamalar kitabıdır. Müəllif xatırlayır... Füzuli xatırlayır... Kamal Abdullanın xatırlamaları ilə Füzulinin xatırlamaları arasında fərq (əgər buna fərq demək olarsa) ondan ibarətdir ki, Füzuli öz xatırlamalarına xitam verib. Axı həm də belə deyil. Mətnboyu "Füzuli xatırlayır" - deyir müəllif... İndiki zamanda. Biz bunu əbədi Füzuli zamanı da adlandıra bilərik. Və müəllifin xatırlamaları avtomatik ikinci plana (Plan yoxdur, varsa bir olur!) keçir...
Adama elə gəlir ki, xatırlamalar tədricən suyun üzərindən dibinə çökür.
Bu heç də xaırlamaların sudan ağır olduğuna işarə deyildir. Sadəcə, sular nəvazişlə ən təhlükəsiz, ən etibarlı yeri xatirələrə təslim edirlər. Beləliklə, sözügedən kitab öz üzündən niqabı çəkib bizi çox dərin laylara aparır. Müəllif oralarda yolumuzu azmamaq üçün xatırlamaları aşağıdakı kimi işarətləyir: a) Daxili, semantik xatırlama b) İntertekstual-struktur xatırlama.
Kamal Abdulla füzulişünaslıqda bizə məlum olan ənənəvi, standart tezislərə qarşı böyük sevgi və ehtiramla özünün "anti-tezislər"ini qoyur:
1. Füzuli Petrarka kimi sevməyib. Onun sevdiyi sevgi olub, harmoniyaya canatımı simvolizə edir bu sevgi. İtaliya İntibahının məşhur siması Françesko Petrarka (1304-1374) Roma imperiyasının çöküşündən sonra dil, fəlsəfə və ədəbiyyata avropalıların baxışını əks etdirən Avrosentrik bir ifadə gətirdi: Qaranlıq dövr. Mahiyyət baxımından bu dövr yox idi. Avropalıların qarabasması idi. Xatırlayırsınızsa, akademik Fuad Qasımzadə də Füzuli haqqında sanballı tədqiqatını "Qəm karvanı", yaxud zülmətdə nur" adlandırmışdı.
2. Füzulidə təkrarlar nəyə xidmət edir? Əslində, sualı bu cür də qoymaq olar: Bəs Kamal Abdullada təkrarlar nə üçündü? Cavab birdir: Harmoniyaya.
3. Rəssamlardan tutmuş şair və tədqiqatçılara qədər hamıda bir Füzuli obrazı vardır: qoca, xəstəhal, fikirli, pirani bir Füzuli.
Biz Füzulini niyə yalnız yaratdıqlarında axtarmalıyıq? Bəs Füzuli insan kimi necə olub? "Dörd əsrdən çoxdur ki, Füzulidən qorxuruq, biz şairi axtarırıq, insanı yox". (Kamal Abdulla)
Düşünməyə dəyər...
Amma Kamal Abdulla üstüörtülü olsa da, öz variantını təklif edir: Füzuli minlərlə zərrəyə çevrilib, dünyanın əsrarəngizliyini planetar masştabda qəbul edən və onu yaşam tərzinə çevirən hər bir azərbaycanlının dünyasına dağılıb. Yetər ki, xalqın milli-mənəvi dəyərlər sisteminə baş vurub Füzulini onlardan yığasan və onu bir İnsan kimi bütünləşdirəsən.
İsa Həbibbəyli də o azərbaycanlılardan biridir. Füzuli haqda basma-qəliblikdən uzaq çox uzaq fərqli bir kitabın məhz ona ithaf olunması bizə belə deməyə haqq qazandırır.
Bu haqda bir az sonra.
4. Kamal Abdullanın qənaətinə görə, Füzuli taledən başqa heş nəyə boyun əyməyib. Burada "boyun əymək" İlahi düzənə təzim etmək anlamını verir: "Bir təsəllidir sənə ol söz ki, derlər var sübh". Özünüz fikirləşin: Bu cür düşünən, düşünən niyə, özünü düşüncədə, düşüncəni özündə əridən bir insan kimə baş əyə bilər?! Biz Kamal Abdulla ilə razılaşmaya bilmirik...
5. Kamal Abdullanın gəldiyi ən maraqlı və gözlənilən qənaətlərindən biri də Füzulini məhz sözdə gəzişən Səyyaha bənzətməsidir. Niyə "gözlənilən?". Çünki mistik, magik, simvolik Səyyah obrazı onun bütün əsərlərinin içərisindən keçir. Əgər Füzuli sözdə, misrada gəzirsə, XXI əsrin Səyyahı artıq mətndə gəzir. Onlar cümlə daxilində tez-tez bir-birinə rast gəlirlər. Kamal Abdulla elə oradaca mətndaxili çevrəboyu addımlayan bu insana sakitcə pıçıldayır: Mənim Füzulim...
6. Füzuli deyir: "...çıxalım bu aləmdən...". Mənim zənnimcə, Füzuli ümumiyyətlə, bu aləmdə olmayıb. Bunu o adam deyə bilər ki, bu aləmdən bezib, usanıb, yorulub. Belə baxanda Kamal Abdulla da Füzuli kimi aləmlərin fövqündədir... Diqqət etmisinizsə, onun qəhrəmanlarının əksəriyyəti uçur. Müəllifin uşaqlıq xatirələrinin içərisindən bir "balkon uçar" ifadəsi də zərli kəpənək kimi uçub gedib...
7. Kamal Abdulla yazır: "Leyli və Məcnun" poemasında qəribə bir roman ab-havası, nəsr ahəngi var". Füzulişünaslıqda ilk dəfə səslənən fikirlərdir. Bunu təkcə klassik nəzm ənənələri ilə bağlamaq yanlışlıq olardı. Məlum olduğu kimi, klassik şeirimizdə nəzm və nəsr elementləri daha çox çulğalaşmış şəkildə olur. Poemada isə "hissələrin nəzm ruhuna xas olmayan qəfil birləşməsindən tutmuş mətn içərisində mətn təcəllasına qədər" bütün struktur "bunu israrla deyir".
8. "Kitabi-Dədə Qorqud"la "Leyli və Məcnun" arasında maraqlı analogiyalar aparılır. Kamal Abdullanın gec-tez "Dədə Qorqud"a - öz Ruh Vətəninə qayıdacağını (Odissey kimi...) mətnin əvvəlində söyləmişdik.
***
Hadisələrin "Allahın dünyanı unutduğu gün" baş verdiyi son romanı - "Sirlərin sərgüzəşti"ndə Kamal Abdulla göstərir ki, altsheymer xəstəliyindən əziyyət çəkən Həsən müəllim "Dədə Qorqud" eposundan dolayı yeni sirr ilə üz-üzə dayananda yaddaşı, sanki "oyanır".
Bu təkcə fiziksəl yaddaşın deyil, həm də milli-genetik, sosial-ədəbi yaddaşın oyanışı deməkdir. Romanın da başlıca qayəsi budur: Unutma! Həsən müəllim kimi yaddaşsızlıq xəstəliyinə tutulsan da yenə unutma! Əgər unutsan, günlərin bir günü həyatındakı cəhənnəmləri silib-süpürmək üçün Tanrıdan altsheymer xəstəliyini yalvarıb istəsən də verməyəcək...
Və... əgər unutsan, günlərin bir günü o unutduqlarının tən ortasında özünü görüb diksinəcəksən:
İlahi, "Hamı məni sevənlər burdadı...".
***
Bilmirəm, hiss eləmisiniz, ya yox, Kamal Abdulla ta əvvəldən öz yazılarında, istər böyük olsun, istərsə də kiçik, fərqi yoxdur, cidd-cəhdlə unutmamağa çalışır. Heç nəyi unutmamaq qorxusu onu qarabaqara izləyir...
Görəsən, bu dramatik izlənmələrin sonu necə olacaq?
Müəllifin o amansız xəfiyyə ilə sazişi baş tutarmı?
Çox istərdim ki, məhz o gün ("məşum" gün deməzdim!) o sehrli qüvvənin bizə ilk hökmü bu olaydı:
Unutduqlarını xatırla, xatırla!
Nədənsə, çox inanıram, bizdən fərqli olaraq, Kamal Abdullanın unutduqları lap az olacaq. Çünki hələ ikinci romanında o, unutmaq istədiklərinin hamısını unudub qurtarmışdı, ona görə də "Unutmağa kimsə yox...", - deyirdi.
***
Kamal Abdulla "nadir hallar"da kiməsə mətn ithaf edir. Amma bunu edəndə Səttar Bəhlulzadə səxavəti ilə edir. Adlarını çəkirəm, baxın: Azad Mirzəcanzadə, Turan Cavid, Oljas Süleymenov, Natiq Səfərov, Niyazi, Musa Adilov, Aydın Məmmədov, Rüstəm Kamal, Ramiz Rövşən, Vaqif İbrahimoğlu, Rəhman Bədəlov, heç bir zaman 17-ci mərtəbədən düşməyən Mövlud və sair və ilaxır...
Yuxarıda qeyd etdiyim kimi, "Mənim Füzulim" İsa Həbibbəyliyə ithaf olunub. Diqqət etdinizsə, İsa müəllimin adını "sidq-ürəkdən" "Mənim Füzulim" deyə bilənlərin sırasına yazmadım. Bu mənim subyektiv baxışımdır. Amma, görünür, məsələ bildiyim qədərincə sadə deyildir, bu təkcə Füzuli yaradıcılığını tədqiq edib-etməməklə əlaqəli deyilmiş...
Haradasa dahi Füzulinin mərhəmət, eşq, yaxşılıq etmək, "şair sözünün yalan"ından qaçıb daima həqiqətin yanında durmaq uğrunda mücadiləsi, "salamı rüşvət olmadığı üçün almayan"lara qarşı apardığı amansız mübarizə və bu mübaizədən usanmazlığı həm də insanları bir sevgi çətiri altında birləşdirirmiş...
İsa müəllim də Füzuli usanmazlığına "mübtəla olanlar"dandır. O, sevgi, zəhmət, sədaqət, elm və təmizlikdən usanmır. Cümlə daxilində "elm" və "təmizlik" sözlərinin yanaşı gəlməsi sırf təsadüf oldu. Amma yox, sözlər cümlə daxilində özləri öz yerlərini müəyyən edə bilirlər. Təbii ki, insani müdaxilə olmasa.
İsa müəllim elmdə təmizliyin, təmizlikdə elmin mücəssəməsidir; məslək və əqidəsi dəyişməz həmvətənləri ilə bir yerdə (Mirzə Cəlil başda olmaqla!) Füzulinin insan layını simvolizə edir. Başqa cür desək, insan kimi tədqiq olunmayan Füzuli haradasa bir az (bəlkə daha çox?) İsalara bənzəyir...
***
Unudulmaz Mir Cəlal və unudulmaz Məmməd Cəfərin araşdırmaları zaman-zaman Kamal Abdulladan "xəbərsiz onun içində yaşayırlarmış...". Onun alovlanması üçün xırda bir çınqı gərək imiş. Və bu missiyanı "Füzuli" kantatası həyata keçirir...
Mir Cəlalın "Füzuli sənətkarlığı" heyrətdən doğulan klassik bir araşdırmadır: "Heyrət, ey büt!". Mir Cəlal Paşayev özü də bunu etiraf edir: "Bu böyük şeir dühasının əsərləri ilə tanış olanda heyrət bizi götürür". O, Füzulinin kosmik heyrətini - "Heyrət, ey büt!"ünü ona layiq bir şəkildə ona qaytarır...
Məmməd Cəfər Cəfərov Füzuliyə yanaşmanın yeni modelini və ya sirli üçbucağını təklif edir: "Füzuli sevir", "Füzuli düşünür", "Füzuli yaşayır". Nəzərə alın ki, biz üçbucağı hansı adi təyin və epitetlərlə bəzəsək də, o, gerçəklik üzərində müstəvidə bərqərar olar.
Hər üç əsər bir bütövün içərisindədir...
Kamal Abdulla da öz üçbucağını (epitetsiz üçbucağını!) təklif edir: "Füzuli xatırlayır", "Füzuli səsləyir", "Füzuli inanır". Qeyri-səlis məntiqlə yanaşsaq, sözügedən üçbucağın reallıqda mövcud olmadığının şahidi olarıq. Və Kamal Abdulla da Füzuliyə məhz bu cür yanaşır. Onun "Füzuli paradoksu" ifadəsi heçdən yaranmayıb...
***
Ümumiləşdirək; Kamal Abdulla "Mənim Füzulim"lə bizə məhz öz Füzulisini təqdim edir və bununla da öz Füzulisini ümumilikdən, cəmdən-"biz"dən, qeyri-müəyyənlikdən xilas edir. Həm də bizə çox sadə bir ismarış yollayır: Nə qədər azərbaycanlı varsa, bir o qədər də Füzuli vardır. Yetər ki, hər kəs "təkcənəlik vaxtı"na çəkilib, içində yaşayan Füzuli ilə həmsöhbət olsun...
Qısası, "öz"ümüzə, "tək"imizə, "mən"imizə çevirə bilmədiyimiz dəyərlər "biz"ə dönüşə bilməz...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!