Əlabbasın "Qiyamçı" romanı haqqında
Əlabbasın yenidən işlənmiş üçüncü nəşrini oxuculara 2020-ci ildə təqdim etdiyi "Qiyamçı" romanı bədii düşüncənin, ədəbi təcrübənin müxtəlif və fərqli zamanlarının içindən keçir. Burada söhbət yalnız əsərin yazıldığı və yenidən işləndiyi tarixlərdən getmir: həm insanların həyatında, həm də bədii-estetik düşüncədə gedən köklü dəyişikliklər nəzərdə tutulur. İlk variantı tariximizin qırılma nöqtəsi olan 1990-cı ildə - Sovet imperiyasının çökdüyü, Azərbaycanla imperiyanın bağlarının qopduğu zamanda yazılmış, ondan 14 il sonra tamamlanmış bədii mətnə müdaxilənin mətn-oxucu münasibətlərində paradoksal suallar yaratması da təbii qəbul edilməlidir.
Əsərin problematikası sarsıntı keçirməyə başlayan Sovet ictimai həyatından gəlir: 1960-cı illərdən başlayaraq bir yandan urbanizasiya, şəhərləşmə öz işini görür, kəndlər kütləvi şəkildə boşalırdı, bir yandan da Sovet hakimiyyətinin "perspektivsiz kəndlər" ilə bağlı siyasəti həm demoqrafik, həm iqtisadi və ekoloji, həm də mənəvi tarazlığı pozurdu. Bu, dünyanın altıda birini əhatə edən böyük bir imperiyanı ərzaq qıtlığı, aclıq təhlükəsi ilə qarşı-qarşıya gətirmişdi. İnsafən, buna Rusiyanın, digər respublikaların, həmçinin Azərbaycanın ictimai fikrində etiraz güclənməkdə idi. Sovet ədəbiyyatında "kənd nəsri" adlandırılan təmayülün başlıca mövzularından biri kəndlərin boşalması, qocaların ümidinə qalması, tədricən kimsəsizləşməsi idi. Ramiz Rövşənin o illərdə yazdığı "Ağlama, Bənövşə nənə" şeirində deyildiyi kimi, oğulları davadan qayıtmayan kəndin nəvələrini də şəhər alıb aparırdı:
Nə yaxında, nə uzaqda,
Elə bil ki, biçindəyik.
Hələ "adam" olmasaq da,
Qorxma, adam içindəyik, -
ağlama, Bənövşə nənə!..
Universitet məzunu olan, kəndə müəllim işləməyə gedən cavan Əlabbasın bir dağ kəndinin əhalisinin orada su bəndinin tikilməsi ilə bağlı köçürülməsinə yaratdığı obrazlarla qiyam qaldırması, üsyan etməsi ictimai və bədii düşüncədəki müqavimət əhval-ruhiyyəsi ilə yaxından səsləşirdi. Müəllifin də qeyd etdiyi kimi, əsər real fakt əsasında qələmə alınmışdı. "Altmışıncı illərin axırına yaxın, daha dəqiqi, on-on iki yaşım olanda bir səhər gözümü açıb uzaq dağ kəndindən gələn qohumlarımızın öz ağır köçü ilə həyətimizə düşdüyünü gördüm. Hamı - qonum-qonşu, tanış-biliş, gələn-gedən onlara təsəlli, ürək-dirək verirdi, amma bu təskinlikdən çox, başsağlığına oxşayırdı. Romanın ilk detalları uşaq yaddaşıma onda köçüb. Bezgin, yorğun və solğun sifətlər, ətrafa dağılmış müxəllafat, alabəzək xurcunlardan yalnız başı görünən toyuq-cücə, hərəsi bir tərəfdə düşüb qalmış qab-qacaq... təxminən iyirmi ildən sonra heç gözləmədiyim bir halda "Qiyamçı"nın səhifələrində təkrar üzə çıxdı. Mən, bax, o köçkün kənd obrazını yaratmaq istəmişəm".
Bu əsər qələmə alınan zamanlarda Azərbaycanın başqa bir yerində əks-sədası sonrakı proseslərə yayılan və SSRİ kimi nəhəng bir dövlətin dağılmasına qədər gedib çıxan ciddi bir hadisə də baş vermişdi. Romandakı hadisələrin böyük bir qisminin içindən keçdiyi 1985-ci il Azərbaycanın tarixinə ucqar dağ kəndinin qiyamı ilə düşüb: Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Kəmərli kənd sakinləri torpaq sahələrinin Ermənistana verilməsi ilə bağlı qiyama qalxmış, bu məsələni "yat-küt" eləmək üçün Bakıdan kəndə göndərilmiş yüksək vəzifəli rəsmiləri mal tövləsinə salıb dustaq eləmişdilər... Bu, Sovet tarixi üçün görünməmiş hadisə olmaqla yanaşı, mövcud sərhədlərin dəyişdirilməsi ilə bağlı məkrli siyasi eksperiment idi. Cəmi üç il sonra azərbaycanlıların Ermənistan ərazisindəki dədə-baba yurdlarından didərgin salınması həmin eksperimentin çanağı bizim başımızda çatlayan davamı olacaqdı...
Romanın süjet xətti də elə bu hadisənin üzərində qurulub: əsərin baş qəhrəmanı Təbriz Ermənistan ərazisindəki dədə-baba yurdundan qovulmuş didərginləri vilayət mərkəzindən Əyriqara - köçürülməsi haqqında hökumətin qərar verdiyi, lakin Təbrizin qiyam edərək xəritədən silinməyə qoymadığı kəndə aparır.
Romanı qaçqınların təmsilçisi Zülfüqar müəllimin yol boyu söylədiyi siyasi mülahizələr müşayiət eləyir. Beləliklə, Zülfüqar müəllimin - öz yurdundan qovulandan sonra Təbrizlə Əyriqara üz qoyan kənd ziyalısının düşüncələri romandakı ictimai-siyasi fonu müəyyənləşdirir və bir çox məqamlarda müəllifin qənaətləri ilə üst-üstə düşür...
Mətn boyu diqqətdən yayınmayan ən mühüm cəhətlərdən biri əsərdəki zamanın çoxqatlılığıdır. Təbriz Zülfüqar müəllimlə yol boyu söhbət eləyə-eləyə xatirələrə dalır, diskursun, müəllif-oxucu dialoqunun istiqamət və hüdudları tez-tez dəyişir, zaman aramsız şəkildə irəli-geri qaçır. Əlabbas özü bunu "oxucunu bezdirə biləcəyini hiss edəndə növbəlilik prinsipinin işə düşməsi" ilə izah edir.
Onu da qeyd etməyi zəruri sayıram ki, müəllifin əsərdə baş verən hadisələrin zamanını - 1980-ci illəri sonrakı dövrdə qazandığı ədəbi-estetik, ictimai-siyasi səriştə ilə, eləcə də həyat təcrübəsi ilə "yükləməsi" ilk növbədə janra sirayət eləyib, 1990-cı ildə povest kimi tamamlanmış mətn 2004-cü ildə roman vəsiqəsi alıb.
Əlabbasın "Qiyamçı"dan əvvəl yazdığı "Köhnə kişi" povestinin ən mühüm keyfiyyəti, məncə, müəllifin mükəmməl təhkiyə ustalığındadır. Həmin əsərdə müəllif mətn-oxucu ünsiyyətini böyük virtuozluqla idarə edir. Hiss olunur ki, Əlabbas "Qiyamçı"nın ilk variantında da ağırlığı təhkiyənin üzərinə qoymaqla onu dərindən sarsıdan ictimai problemin kədərli nağılını yaratmağa üstünlük verib, təqdim etdiyi mətnlə öz içindəki qiyamı, səssiz üsyanı əyaniləşdirməyə çalışıb. Lakin əsəri yenidən işləyəndə müəllif nağıl yanaşmasından imtina edib: "Bu günün ayıq oxucusunu lap bal kimi şirin nağıl dili ilə də aldada bilməzsən". Beləliklə, müəllif "bal kimi şirin nağıl dilinə" deyil, mürəkkəb "roman dili"nə bilərəkdən üstünlük verib. Təbii ki, bu, müəllifin şəriksiz haqqıdır.
"Qiyamçı"nın sonradan işlənməsi (əsər son nəşrdə "Yeni Azərbaycan romanı" kimi təqdim edilib) lirizmlə müşayiət olunan təhkiyənin yüklənməsi ilə nəticələnib: burada mətn içində mətndən daha çox, süjetin şaxələndirilməsi, təsvirlərin paralelləşdirilməsi təhkiyənin ritmini, mətn-oxucu ünsiyyətini də xeyli mürəkkəbləşdirir. Qələmə alınan hadisələrin baş verdiyi tarixin özü mürəkkəb və qarışıq olduğu kimi, təhkiyə də yumaqdan çözələnən ip kimi qarışıq düşür və biz obrazları, onların başına gələnləri bu qarışıqlığın içində görürük. Obrazların xarakterləri, düşüncələri, hiss və duyğuları qrafik rəsm əsərində olduğu kimi, dolaşıq salınmış cizgilərin labirinti içində verilir. Bu labirint, müəllifin də qeyd etdiyi kimi, zamanın yaddaş üzərində saldığı xətlərdən yaranır: "Məndən ötrü uşaqlıq yaddaşı ilə qələm arasında gözəgörünməz, üzvi bir bağlılıq var və o məsafə ağacla yox, yazı ömrü kimi zamanla ölçülə bilən bir məsafədir. Bu yazı da o yazıdandır, ya yox - bilmirəm, intəhası nəstəliq xətti, nəbati naxışları ilə alnımdakılara da hədsiz oxşarı var. Fərq bircə bundadır ki, onu Allah yazıb... amma heç bunu da mən yazmamışam, yazan yazdırıb - xəttatı mənəm"...
Kəndin fiziki köçürülməsindən əvvəl müəllifi düşündürən ciddi sosial problem kəndin, bəlkə kənddən də daha çox kəndi o hala salan ictimai-siyasi sistemin mənəvi iflasıdır. Əsərdə maraqlı bir replika-xatirə var: pambıqçılıq ölkəsi kimi ad çıxarmış Azərbaycan kəndində ölünü kəfənləmək üçün bez tapılmır. Ölünün yerdən götürülməsi məzhəkəyə - komediyaya çevrilir. Ümumiyyətlə, əsərin əhatə etdiyi ictimai mühitdə komediya ilə tragediyanın, qiyamla məzhəkənin keçidi üçün əlverişli zəmin var. Bunun fərqində olan müəllif insanlar arasındakı münasibətləri və ictimai mənzərəni məzhəkəyə çevirməyə deyil, dramatikləşdirməyə, faciələşdirməyə və həmin faciənin içində özünün ideallarını daşıyan qəhrəman yaratmağa üstünlük verir. "Məzhəkə! Qiyam!.. Qiyamı... Təbriz kimi eləyərlər! Dədə-baba yurdunu hökumətin yeriylə köçürtdüyü bu üsyankarın etirazı dövlət adamlarından tutmuş öz həmkəndlilərinə, doğma və yaxınlarına, qadınına və iki azyaşlı ciyərparasınacan hamıyadır. Əsas da cəmiyyətə".
Kəndin köçürülməsinə etiraz edən Təbriz özü də dərk etmədən Don Kixot vəziyyətinə düşmüşdü. Əslində, kəndin köçürülməsi, sadəcə, hansısa hökumət qurumunun, yerli məmurun iradəsindən asılı məsələ deyildi. Bu hökmü zaman vermişdi və Təbrizin qiyamı da zamanın hökmünə, yazısına qarşı idi. Don Kixot yel dəyirmanı ilə döyüşə atıldığı kimi, Təbriz də geri döndərilməsi mümkün olmayan zamanla cəngə çıxmışdı. Lakin bu hadisənin təqdimində Servantesdən fərqli olaraq Əlabbas parodiyadan, qəhrəmanını gülüş hədəfinə çevirməkdən imtina edir. O öz qəhrəmanına Dostoyevskinin Don Kixota yanaşdığı kimi yanaşır: "Don Kixot öz mənfəətlərini də bilir və hesab aparmağı bacarır: o bilir ki, əvvəlki kimi cəngavər qalacaqsa, öz ləyaqəti ilə qalib gələcək; üstəlik də əmindir ki, bu yolda xeyirə və həqiqətə can atarkən səmimiliyini itirməyəcək və bu cür düşüncə onu gələcəkdə gücləndirəcək".
Təbrizin də içində güclü bir qalib gəlmək ümidi var. Lakin zamanla döyüşdə onun aldığı yara yüngül olmur. Təbrizin tarixin gedişatına qarşı qiyamı onun ailəsini əlindən alır. Çox sevdiyi və yolunda böyük fədakarlıq göstərdiyi həyat yoldaşı Şəhrizdən ayrılmalı olur, ata nəzarətindən kənarda böyüyən övladları isə Şəhriz ərə gedəndən sonra taleyin ümidinə qalır.
İtirdiyi əzizləri - bir dəfə övladı, bir dəfə də keçmiş həyat yoldaşı qarşısına bazar piştaxtası arxasında çıxır. Məncə, bu, Allahın daha sərt yazısı idi və Əlabbas bu yazının xəttatlığının öhdəsindən bacarıqla gəlib. Kənddən, torpaqdan, yurddan qopan insan şəhərdə öz yerini piştaxta arxasında axtarmalı olur. Tapıb-tapmayacağı isə başqa sualın mövzusudur.
Şəhriz də cəzalandırılır: Təbrizdən ayrılandan sonra yanına və mənəviyyatına yaraşmayan yöndəmsiz dəvə oğrusuna ürcah olur.
Lakin mətn boyunca nəzərdən qaçmayan müəllifin sona qədər Təbrizin tərəfində olması, qiyamın qələbə ilə bitməsini istəməsidir. Qiyam edən Təbriz - Əyriqarın yalqız bəbiri müəllif tərəfindən mükafatsız qalmır. Təbriz Əyriqardakı kalafa yerindən bir küp qızıl tapır, sonradan adının Müqəddəs olduğunu bildiyi şəhərli geoloq qadın öz ayağı ilə gəlib onun Əyriqardakı evinə çıxır. Bunların nə dərəcədə mistika, yaxud gerçəklik olması barədə düşünmək oxucunun öhdəsinə düşür.
Gözlənilmədən gəlib Əyriqara çıxan qadın gedəndən sonra Təbriz uzun müddət onun xəyalı ilə yaşayır və həyatında hər şey bitdi deyəndə vilayət mərkəzində yenidən həmin qadınla - Müqəddəslə qarşılaşır. Elə buradaca bir fikri vurğulamağı zəruri hesab edirəm ki, "Ədəbiyyat qəzeti"nin "Öz əsərini danışdır" layihəsində Əlabbasla "Qiyamçı"nı yüksək peşəkarlıqla danışdıran Hədiyyə Şəfaqətin fikri ilə tam razıyam: Müqəddəs Əyriqara getməməliydi.
Müəllif Müqəddəsdən sonra Zülfüqar müəllimi də Təbrizlə birlikdə Əyriqara gətirir. Artıq Əyriqarın yeni sakinləri ilə Təbrizi yeni bir hekayə gözləyir. Bununla da qiyam öz məntiqi sonluğuna çatır. Elə bu yerdə başqa sual yaranır: bu, xoşbəxt sonluqdurmu?
***
...İki il öncə Naxçıvandan maşın tutub Qarsa gedirdim. Türkiyə ərazisində sərhədboyu hər cür müasir şəraiti olan, içində heç kəsin yaşamadığı bir qəsəbə diqqətimi çəkdi. Taksi sürücüsü məlumatlı adam idi. Bu qəsəbəni Türkiyə hökumətinin 1990-cı illərdə keçmiş SSRİ ərazisindən Türkiyəyə köçmüş Mesxeti türkləri üçün saldığını bildirdi: "Onlar burada az yaşadılar. Yerlərini rahatlayandan sonra Türkiyənin şəhərlərinə köçdülər"...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!