Rəfail Tağızadənin şeirlərində qeyri-səlis məntiq
Son vaxtlar mənə elə gəlir ki, poeziya dəqiq elmdir. Riyaziyyat, ya da fizikanın bir bölməsidir. Məsələn, fizikada rəqslər və dalğalar bölməsi şeirdə harmoniyaya çevrilir. Qəzəldə "dəvə yerişi" fizikada rəqs edən rəqqas deyilmi?
Nizami Gəncəvi "Sirlər xəzinəsi"ni yazanda Pifaqorun teoreminə söykənibsə, Füzuli bunu "Leyli və Məcnun"da edib. Nəsimi Nəiminin ölümündən sonra çevrə üzrə dəyişən sürətli hərəkətə başlayıb, necə deyərlər, buna görə də rindü-şeydadır. Poeziyanın dəqiq elm olmasını əsaslandırmaq üçün indiki dövrdə yazılan şeirləri də misal çəkmək olar. Məsələn, Aqşin Yeniseyin bugünkü şair durumu atomun parçalanmasına oxşayır. "Məbədin sükutu"na qədər hələ atom parçalanmamışdı. "Tarix və Tale"də artıq bizə praton, elektron və neytron bəllidir. Salam Sarvanın filosofsayaqlığını nəzərə almasaq şeirləri dəqiq şəkildə dəqiq elmlərin bir bölməsidir. Hər şey 0 və 1 arasında baş verir. Bəzi şairlərdə 0 və 1 intervalından çıxma cəhdi görünsə də, hələ bunu bacaran olmayıb. Yəni mümkün deyil.
Bu yanaşmama görə Ramiz Rövşən Azərbaycan poeziyasında yeganə şairdir ki, onun poetik qrafiki 0 və 1 arasında həm parabola, həm də düz xətt ola bilir. Burada çox diqqətli olmaq tələb olunur. Ramiz Rövşənin poetik qrafiki 0 və 1 arasında düz xətt ola bilsə də, riyazi poetikada düzxətli və bərabərsürətli şair Fikrət Qocadır. Həmçinin, onun şeirlərinin poetik fiquru kvadratdır. Bunu da nəzərə almalıyıq ki, poeziya nə qədər dəqiq elm olsa da bəzi üstü açılmamış sirlərini qoruyub saxlayır. Misal üçün, Fikrət Qocanın poetik fiquru kvadratdır, amma diaqonalları bərabər deyil. Bu da ona oxşayır ki, biz nə vaxtsa atomu ən kiçik zərrəcik hesab etmişik.
Bura qədər poeziyanın dəqiq elmlərlə yaxından ulğaşığ olmasına misallar çəkdik, müəyyən təsəvvürümüz yarandı. İndi isə gələk əsas məsələyə - Rəfail Tağızadənin şeirlərinin riyazi təhlilinə. Görək Rəfail Tağızadənin poetik qrafiki necə çəkilir, poetik həndəsi fiquru hansıdır və onun şeirləri 0-la 1 arasında hansı rəngləri əks elətdirə bilir?
Sanki Rəfail Tağızadə öz şeirlərini qeyri-səlis məntiq nəzəriyyəsinin içində yazır. Daha dəqiq desək, sanki bu sahənin mütəxəssisidir.
Rəfail Tağızadənin şeirləri müxtəlif rəngə boyana bilir, yəni rəngarəngdir. Şair daha çox sarı rəngdə yazır:
Bu solan bağların, solan bağların,
Ağaclar saçını yolan bağların.
Qızaran, saralan, dolan bağların,
Payızı xoşuna gəlmədi sənin.
Burada payız, xəzan sarıdır deyə, şeirə sarı demirik. Bəndin özünün poetik rəngi sarıdır. Nəzərə alsaq ki, R.Tağızadənin şeirləri rəngarəngdir, yəni çevrənin içi rənglənib, o zaman çevrə dairəyə çevrilir və ya böyük nöqtəyə dönür.
Poetik qrafik və poetik fiquru bir şeirlə izah etmək çətindir. Ən azı bir neçə şeiri təhlil etmək lazımdır ki, qrafik və ya fiqur görünsün.
Deməli, müəyyən etdik ki, Rəfail Tağızadənin poetik rəngi daha çox sarı, poetik qrafiki düz xətt (artan qrafiklə), poetik fiquru çevrə və ya nöqtədir. Bunları bir yerə yığanda isə sarı rəngli bir kürə və ona yönəlmiş düz xətt təsəvvür edirik. Artıq hamımıza məlum oldu ki, sarı kürə Günəş, düz xətt isə ona gedən yoldur. Demək ki, Rəfail Tağızadənin poeziyası bizi Günəşə aparır.
Dünya poeziyasında sevilərək xatırlanan, unudulması mümkün görünməyən nümunələr var ki, onların hamısında poetik qrafik səmaya doğru yönəlikdir və ya səma tərəfindən cəzb olunandır. Yəni şeir qanadlanıb göylərə uçur. Sanki göylər poeziyanın beşiyidir. Şeir doğularkən şair xəyalı da səmalarda olur. Yerdə yazılmış şeirlər göyə qalxa bilməz, səma onlara yaddır. Şeir öz vətəninə, yəni öz səmasına, doğulduğu yerə qayıtmalıdır. Bu mənada Rəfail Tağızadənin poetik lövhəsində Günəşə doğru yönəlmiş düz xətt görürük. Günəş səmaların mərkəzi, poeziya isə Günəşin pərvanəsidir. Deməli, R.Tağızadənin şeirləri oxucunu göylərin mərkəzinə, eşqin suzişinə çağırır. Elə şairin özü də etiraf edir ki, Yerlə işi yoxdur, Göy adamıdır, şeirlərinin vətəni səmaların mərkəzidir:
Daş atmadım özgəsinə,
Kor şeytanla ilişkim yox,
Yaradan qoruyar məni,
Bu yer ilə bir işim yox.
Başqa bir şeirdə isə şair bütün fəsilləri 0-la 1 arasında canlandırıb və öz poetik rəngi ilə sanki bir rəsm əsəri çəkib. Şeiri oxuyanda 0-dan 1-ə qədər hər şeyi yaşayırsan. Poetik fırça adamın əllərinə toxunur, sanki oxucu özü rəngləyir tablonu:
İzi yox olmuş yollarım
Tük basmış üzüm kimidir.
Giləsin quşlar aparan
Qurumuş üzüm kimidir.
Durub səni gözlədiyim
Yolayrıcı yoxdu, itib.
Mənim izim qalan yerdə
Görən hansı otdu, bitib?
...Təklikdən darıxan yolu,
Durnalar aparıb gedib,
Saxlayıb biz gələn yaza,
Payızdan qoparıb gedib.
Bu şeirin poetik tablosunda nələr əks olunur? Əgər şeirdə ot basmış cığırdan danışılırsa, deməli, ot basmamış cığır olub və o cığırı durnalar gətirmək üçün aparıb. Təbii ki, durnalar çevrə üzrə bərabərsürətli hərəkət edir. Yoxsa təzədən yaz olmaz.
Ümumiyyətlə, Rəfail Tağızadənin şeirləri qeyri-səlis məntiq nəzəriyyəsini kodlaşdırır. Poetik dildə nəzəriyyəyə izah verir. Nəzəriyyə isə, öz növbəsində, onun şeirlərini açır, riyazi dildə ifadə edir.
Başqa bir şeirə nəzər yetirək:
Kölgələr oynayır sakit dənizdə,
Ləpə yırğalayır, yatıra bilmir.
Dalğayla sevişən xatirələrin
Səsini qağayı batıra bilmir.
Nə özüm dünənə qayıda billəm,
Nə tutub əlimdən aparanım var.
O coşan dalğayla qaçsa xatirəm,
Keçmişim içimdə alışıb-yanar.
Gəlirəm dənizin sahilinə mən,
Kim deyir fikrimi dağıtmaq üçün,
Hər dalğa xatirə gətirir mənə,
Ömrümün anına qayıtmaq üçün.
İlk baxışdan poetik mənzərə və ruh açıq-aydın göstərir ki, şeirin poetik fiquru çevrədir. Çünki xatirə nə vaxtsa yaşanmış hadisədir. Yəni başlanğıc nöqtəyə qayıdış. Mənzərənin yaratdığı poetik rəng sarı-qırmızıdır. Çünki şeirdə həm də haray var. Haray, çağırış, səsləmə poeziyada mənzərəni qırmızı rəngə boyayır. Şeirin poetik qrafiki isə 0-dan - buludların sakit dəniz üzərində yaratdığı kölgələrlə başlayır, xatirələr artan qrafiklə davam edir, ömrün hansısa anına qayıdışda - Günəşə çatanda, yəni şeirin sonunda elə bir nöqtədə dayanır ki, o nöqtədən absis oxuna perpendikulyar xətt endirdikdə gəlib 1-in üzərinə düşür. Yəni poetik qrafik 0-la 1 arasında artandır, absis və ordinat oxları ilə 45 dərəcəli bucaq əmələ gətirir.
Digər bir şeirə baxaq:
Bir Ay doğar
yorulan buludlar arasından,
bir Ay doğar
işıqlanar gecələr.
Əllərimi, qollarımı görərəm,
sənə gedən yollarımı görərəm.
Qəribsəyən gecədə
yolların yanağından
tək ağlayan qəribin
göz yaşını silərəm.
Daş qolları qaldırıb oynayaram
içimdəki qəm havanın pəsinə,
diksinərəm lal sükutun səsinə.
Nə deyəsən
gecənin bir küncündə
için-için oynayan
bu Allah bəndəsinə...
Bu şeirdə ümid var. Deməli, poetik rəngi sarıdır. Poetik fiquru isə çevrədir. Çünki şeirdə kədər və sevinc çevrə boyunca bir-birini əvəz edir. Qrafik isə düz xətt olub artır və səmalarda görünməz olur.
Rəfail Tağızadənin bütün şeirləri qeyri-səlis məntiq pəncərəsindən aydın-açıq görünür. Həm də güzgü rolunu oynayır. Çünki özü görünməklə bərabər, həm də oxucunu əks elətdirir. Oxucu R.Tağızadənin şeirlərində özünü olduğu kimi görə bilir və güzgü ekranında müxtəlif arzular yaşayır. Hər bir oxucunun arzusu özünün gedə bilmədiyi yerlərə getmək, ülvi hisslər yaşamaq, ruhi paklıq və pərvanə kimi eşqə yanmaqdır. R.Tağızadənin şeirlərində bütün oxucular öz arzusuna çatır. Çünki güzgü ekranında R.Tağızadə oxucularının əlindən tutub eşqə aparır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!