Kamal Abdulla və Şərqin sirləri - Orxan Aras yazır

2019-cu ildə dünyanın ən böyük kitab sərgisi olan Frankfurt Kitab Sərgisinin fəxri qonağı Gürcüstan idi. Bir həftə ərzində 500 min ziyarətçinin gəldiyi sərgidə Almaniyada yaşayan gənc gürcü əsilli yazıçı Nino Haratişviliyə almanların ən məşhur mükafatı veriləcəkdi. Sərgidə Gürcüstan bölməsi xüsusi hazırlanmışdı. Aləmin qapısı olaraq görülən 33 qapılı hissədə Gürcüstandan dəvət edilmiş 70 yazıçı iştirak edirdi. Badaqoni və Marani şərablarının su kimi axdığı və gənc, gözəl gürcü qızlarının ifasında bol-bol gürcü xalq rəqslərindən olan kartumi, horomi təqdim edilən sərgidə alman nəşriyyatçısı ilə bərabərdik. O isə davamlı Orxan Pamukdan bəhs edirdi. Orxan Pamukun əsərlərində ən çox marağını çəkən nələr olduğunu soruşdum. Heç düşünmədən: - "Onun romanlarından Şərqin sirli tarixini və düşüncəsini öyrəndim", - dedi.

O gündən bəri bu sözləri unutmadım. Nə qədər informasiya bolluğu şəraitində yaşasaq da, bir qərbli üçün Şərq hələ də çox sirli bir yerdir, məncə, Şərqin fəlsəfəsi, mistizmi, düşüncə və duyğu dünyası kifayət qədər Qərbə açılmamış və bəhs edilməmişdir. Kərəmin ağzından atəş püskürüb yanması, Əslinin saçlarıyla onun küllərini toplayarkən tutuşub yanması, bəsit bir xalq hekayəsi olan və Şekspirin qələmiylə ölümsüzləşdirilən "Romeo və Cülyetta"dan daha təsirli və dramatikdir. Təəssüf ki, Şərq öz dünyasındakı bu zənginlikləri bir Tolstoy, bir Huqo kimi böyük yazıçılar yetişdirməmiş və ya daha yeni-yeni dünyaya təqdim etməyə başlamışdır.

Uzun müddətdən bəri yaradıcılığını xüsusilə izlədiyim Kamal Abdullanın bu mövzuda həqiqətən böyük rolu var. Onun "Yarımçıq əlyazma" ilə başlayan tarixi (və ya mistik, əfsanəvi) romanları "Sehrbazlar dərəsi" ilə uzun yol qət etmişdir. Bir neçə həftə əvvəl Almaniyada türkoloq dostum Herman Kielin gözəl tərcüməsiylə almanca oxucular qarşısına çıxan roman Şərq dünyasının ən qarışıq dövründən biri haqda bəhs edir. Abbasi xəlifəsi Məmun zamanında başlayan digər dinlərə qarşı xoş görüşlü, qədim yunan fəlsəfə kitablarının tərcümələri, elmi tədqiqatlar İslam dünyasında sürətli bir dəyişimə və keçidə yol açmışdır. Xüsusilə Əndəlüsdən gələn alimlərin gətirdikləri yeni fikirlər uzun mübahisələrə, hətta kəşflərə yol açmışdır. İslam dünyasında fəlsəfə, tibb, fizika sahələrində ən çox kitablar IX və X yüzildə yazılmışdır. Ardından Həllac Mənsur kimi dədələri Məcusi və Zərdüşt olan mistiklər ərəblərin irqçi görüşlərinə qarşı bütövcül, birləşdirici bir fikirlə ortaya çıxmışdılar. Onlara görə aləm və tanrı Təkdir. Hər ikisi insan varlığında təcəlli etmişlər.

Kamal Abdulla haqlı olaraq, bəlkə də bilərək islam dünyasının ən maraqlı dövrünü mövzuya almış, romanında yüzlərcə il insanları təsir altında tutan bir fəlsəfənin yolçuluğunu axıcı üslubla qələmə almışdır. Aləm, insan, Tanrı və onların qarşısındakı şeytan tragik bir səhnə yaratmaqdadır.

Varlıq, heçlik, Tanrı insan var olduğu müddətdə həmişə onun düşüncəsində yer etmişdir. Şərqin mistik düşüncəsində, əslində, varlıqla heçlik eynidir, ikisi ilə birlikdə Tanrı da var olmaqdadır. "Sehrbazlar dərəsi"ndən bu qarışıq fəlsəfi qavram çox sadə və yüksək bir deyim gücü ilə oxucunun gözləri önünə gətirilməkdədir:

"Səndən böyük kimdir?"

"Şah!"

"Şahdan böyük kimdir?"

"Allah!"

"Allahdan böyük kimdir?"

"Heç kim!"

Dərviş bunu eşidincə ayağa qalxır.

"O heç olan mənəm, bax!"

Eyni hikmətin və fəlsəfənin davamçısı olan Mövlana da Tanrı ilə varlığın arasındakı münasibəti heçlikdə görür və belə deyir: "Bu dünyada hər kəs bir şey olmağa çalışarkən sən bir heç ol! Mənzilin yoxluq olsun! İnsanı ayaqda tutan mənlik deyil, heçlikdir".

2012-ci ildə 39 min metr yüksəklikdən atlayan avstriyalı paraşütçü yerə enər-enməz müxbirlərə belə demişdi: "Yuxarıdan dünyaya baxarkən bir heç olduğunuzu anlayırsınız!".

Kamal Abdulla özünün də mirasçısı olduğu bu zəngin fəlsəfi dünyanın labirintlərində oxucularının əlindən tutaraq gəzdirərkən, Şərq filosofları Şıhabəddin Sührəvərdi və İbn Arabi kimi aləmin bütün var olmasına da şahidlik etməkdədir. Onun romanının bütün cümlələrinə sızan düşüncə Qərbin bizim beynimizə dürtüşdürdüyü ayrıseçkiliyin rəddidir. O da Şərqi tanıyan Höte kimi "Qərb də, Şərq də Onundur və birdir" düşüncəsini romanın hər sətrində bəlli etməkdədir. Təbiətdəki ən balaca tərpəniş başqa bir tərpənişə yol açmaqdadır; "Göy üzünün rəngi yerdə axan qanların rəngi ilə eynidir".

Məncə, alman nəşriyyatçının dediyi kimi, "Şərqin sirləri" Kamal Abdullanın zəngin dili və özünəxas fəlsəfi izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir.

Hər səhifəsində, hər sətrində bizim keçmişimizdən və ruhumuzda gizli qalan düşüncələrdən səs, ahəng və fikir olan belə bir romanın almanca nəşri ədəbiyyatımıza yeni bir zənginlik qatacaqdır.

Başda "Amazon" və digər kitab satış saytlarında "Das Tal Der Magier" adı ilə yer alan roman "PEM" və "Epubli" nəşriyyatlarında yayınlanmışdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!