Türkiyədən Nəriman Nərimanova baxış - Orxan Aras yazır

Son vaxtlar Azərbaycanda Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov haqqında yazılar və mübahisələr çoxalınca sosial mediada Türkiyədə bəzi kəsimlər, xüsusilə ürəyi Azərbaycanla döyünən Azərbaycan kökənlilər və bəzi qələm sahibləri Nəriman Nərimanov haqqında müsbət, mənfi görüşlərini yazaraq fikirlərini oxucularla paylaşdılar. Bu sıralar İstanbulda yaşayan mənim də çox sevdiyim əziz dostum Azərbaycanın ən önəmli elm adamlarından professor Səlahəddin Xəlilov da bu mübahisələrə qoşularaq qısa da olsa Nərimanov haqqında görüşünü özünəməxsus şəkildə dilə gətirdi:

"Zirvənin əsl simasnı ancaq zirvədə olanlar görə bilər. Xalq şairi Bəxtiyar Vahabzadə: "Nərimanov böyük insan idi. Böyük hərflərlə yazılan İnsan!" N.Nərimanovu ittiham edənlər gərək əvvəlcə vicdanları qarşısında cavab versinlər ki, onlar Nərimanın xalqı üçün etdiyinin mində birini ediblərmi?!"

Doğrusu, Türkiyədəykən Nəriman Nərimanova bizim baxışımız o qədər də müsbət deyildi. Əlbəttə ki, bunun Nərimanov şəxsiyyətiylə əlaqəsi yox idi. Zatən onun həyatından, fəaliyyətindən, görüşlərindən Türkiyədə demək olar ki, hamı bixəbər idi. Onun adı kommunist ideologiyası ilə bütünləşmişdi. Milliyətçi Hərəkat Partiyasının bir zamanlar təsis etdiyi və o zamanlar ən çox oxunan "Hər gün" qəzetində İğdırlı yazıçı Müslüm Oğuzun "Qan yolları bağladı" adlı romanı seriya şəklində yayınlandı. Romanda bolşeviklərin Azərbaycanı işğalından bəhs olunurdu. O zamanlar liseydə tələbə ikən bizlər romanı parça-parça oxumuş və romanın təsiriylə Mustafa Sübhi, Nərimanov kimi kommunistlərdən nifrət etmişdik.

Rusların Polşaya qədər Avropanın yarısını kommunizm adı ilə əsarət altında tutmaları, Əfqanıstanı işğal etməsi Türkiyədə böyük qorxu və nifrət ortamı yaratmışdı. Heç kim, xüsusilə gənclər marksist ideologiyası və fəlsəfəsinin nə olduğu barədə maraqlanmamış və bilməzdik. Müəllim məktəbinə ilk getdiyimiz vaxtlarda "solçuluq", "sosializm" haqqında məlumatımız belə idi: "Kommunistlər dinsizdirlər, namus bilməzlər və rusdurlar".

Təəssüf ki, Nərimanova baxışımız necə idisə, Nazim Hikmətə də eyni idi. Bir sözlə kommunistdirsə, xaindir deməkdir. O zamanın psixologiyasını izah etmə açısından bir xatirəmi bölüşmək istərdim.

Ərzurum Müəllim məktəbində oxuyarkən prof. Abdülbaki Gölpınarlının "Məlamilər" adlı kitabı əlimə keçmişdi. "Abi"lərimizdən biri əlimdəki kitabı gördü və eynilə belə dedi: "Bu adam Nazim Hikmətin həbsdən çıxması üçün imza vermişdi, bunun kitablarını oxuma!"

Təbii ki, o an kitabı bir kənara fırladıb atmışdım. Bu düşüncə tərzi türk ədəbiyyatını, türk elmini ikiyə böləcək, istər sağ olsun, istərsə sol, bütün tələbələrin bir gözünün kor olmasına yol açacaqdı.

Halbuki prof. Gölpınarlı hələ də Türkiyədə yeri doldurulmayan ən böyük şərqşünaslarımızdan biridir. "Məlamilər" kitabı hələ də sahəsində tək və orijinal bir əsərdir.

Nəriman Nərimanovla bağlı ilk tərəfsiz məlumatım Zəki Vəlidi Toqanın xatirələrini və ünlü şair Atilla İlhanın Sultan Qaliyevlə bağlı yazdığı kitabı oxuduqdan sonra təkmilləşdi və dəyişməyə başladı. Zəki Vəlidi Toqan xatirələrində hər kəsin Leninin "Millətlərə hürriyyət" şüarını mənimsədiyini və Rusiya müsəlmanlarının müstəqil ola bilməsi üçün rus bolşevikləriylə iş birliyi yolu axtarıldığını yazırdı.

O kitablardan sonra dr. Rza Nurun "Həyat və xatirələrim" adlı kitabını oxumuşdum. O kitabın 744cü səhifəsində Nəriman Nərimanovla Bakıdakı görüşündən yazmışdı:

"Komissarların başında Nəriman Nərimanov var. Bu zat ağlı başında bir adam. Məlumatlıdır. Yazıçıdır. "Şah İsmayıl"("Nadir Şah"olmalıdır) adlı bir romanı və teatr ssenariləri var. Yaxından üzbəüz görüşdüm. Baxdım ki, yaxşı adamdır. Mənə güvəndi. Açıldı və dedi ki: "Bolşeviklik də nə deməkdir?! Bu rəzalət bizə gəlməz. Bir türkük, milliyətçiliklə yaşayarıq". Dedikləri çox xoşuma gəldi. Çox sevdim onu. Amma haqlı olaraq ruslardan yaman qorxur, bu işin zarafatı yoxdur. Dərhal insanı öldürürlər. Necə ki, bu zavallını da bir müddət sonra öldürdülər. Mənə Moskva haqqında yaxşı məlumat verdi. Gün gəlincə Nərimanov türkcə üçün latın hərflərini qəbul və tətbiq edəcəyini söyləmişdi. Buna tərəfdar idi".

Bütün bunları oxuduqdan sonra Nəriman Nərimanovla bağlı baxış müstəvim dəyişmişdi və onun həyatı, Türkiyəyə verdiyi dəstək mövzusunda tədqiqatlar aparmış, Türkiyədə, Azərbaycanda "525ci qəzet"də yazılar yazmışdım. ("Azərbaycan Türkiyəyə az köməklik etməyib" məqaləsi)

Amma Türkiyədə təəssüf ki, bu mövzuda düşüncə o qədər də dəyişməmişdi. Hətta N. Nərimanova qarşı Azərbaycanı könüldən sevən və "Azərbaycan ürəyimdə bir şahdamardır" kimi kitablar yazan Yavuz Bülənt Bakilər kimi ziyalılar belə ona nifrətlə baxırdılar. Onun Azərbaycanı ruslara "satdığını" düşünürdülər.

2009-cu ilin oktyabrında Anar bir şeir şöləni üçün Almaniyaya gəlmişdi. O şeir şöləninə Yavuz Bülənt Bakilər və türkmən alimi professor Sübhi Çiftçi kimi ziyalılar da gəlmişdi. Almaniyanın sənaye şəhərlərindən olan Disburqdakı bir su qülləsinin təpəsində yerləşən bir türk restoranında səhər yeməyinə getmişdik. Yemək əsnasında Anarla prof. Sübhi Çiftçi qarşılıqlı xoyrat oxuduqlarında hamımız maraqla dinləmişdik. Ardından Yavuz Bülənt Bakilərlə Anar həm Nazim Hikmət, həm də Nəriman Nərimanov haqqında mübahisə etməyə başladılar. O günkü mübahisəni axşam gündəliyimə belə yazmışdım:

"Yavuz Bülənt Bakilər hirslə N.Nərimanovun kommunistlərə aldanaraq Azərbaycanı ruslara təslim etdiyini söylədi. Anar təmkinli idi. Onun ittihamlarına sakit bir tövrlə cavab verdi. Bir müddət sonra o da səsini yüksəltməyə başladı. Hər kəs diqqətlə onları dinləyirdi. Anar Nərimanovun Azərbaycan üçün Leninə çəkdiyi teleqraflardan, Qarabağ məsələsindəki diqqətindən, Atatürklə olan səmimiyyətindən və Türkiyəyə verdiyi yardımdan söz açdı. Sonra da o, olmasaydı Azərbaycanda erməni mənşəli bolşeviklərinin iqtidarı ələ keçirəcəklərini və Azərbaycanın parçalanacağını da vurğuladı".

Bu mübahisələrin üzərindən bir neçə il keçdi. 2014-cü ildə Yavuz Bülənt Bakilərlə İstanbul Böyükadada təkrar qarşılaşdıq. Xanımıyla orada istirahət edirdi. Biz də ailəliklə oradaydıq. Bəzi günlər dəniz kənarında bir kafedə oturub söhbət edirdik. Bir söhbət əsnasında mən yenə onun Anarla olan mübahisəsini xatırlatdım. Yavuz Bülənt Bakilər yenidən hirsləndi. Bu dəfə ona Abdülbaki Gölpınarlı məsələsindən bəhs etdim. O zamanlar biz gənclərin necə bir düşüncə ilə "yarım oxumuş" hala gətirildiyimizi örnəklə açıqladım. Avropada heç bir yazıçının, ziyalının şəxsi vəziyyətinə, fəlsəfəsinə, düşüncəsinə baxılmadığını, onun səviyyəsinin dilə, mədəniyyətə göstərdiyi xidmətlə ölçüldüyünü izah etdim. Nazim Hikmətin Sovet İttifaqında türkcəni necə həyəcanla müdafiə etdiyini, öz xalqıyla həmişə qürur duyduğunu misallarla saydım. 

İnandıra bildimmi onu, əmin deyiləm, amma Türkiyədəki düşüncə tərzini izah etməsi baxımından mənim üçün bir örnək olaraq yaddaşımda yer etdi.

Sadəcə insanın ideologiyasına, bir mövzu haqqındakı düşüncəsinə baxaraq onun bütün özəlliklərini yox saymaq, hətta xain elan etmək nə qədər doğru və adildir deyə fikirləşmək lazımdır. Dünyanın heç bir yerində ziyalılarına, oxumuşlarına bizim cəmiyyət qədər qəddar baxan və özü kimi düşünməyəni yox sayan heç bir cəmiyyət yoxdur. Buna görə də həm fəlsəfə, həm ədəbiyyat, həm də digər elmlər mövzusunda Qərbdən geri qalmağa davam etməkdəyik. Tarixə, tarixə bədəl şəxsiyyətlərə, mədəniyyət adamlarımıza bütöv baxmadığımız və "mənim düşüncəm ən doğru düşüncədir", deyə dayatdığımız müddətdə bir yerə varmağımız əsla mümkün olmayacaqdır.

Məmməd Əmin Rəsulzadə kimi dəyərlərimizi daha da böyütmək üçün Azərbaycan ədəbiyyatında və siyasi tarixində silinməz bir yer tutan Nəriman Nərimanov kimi bir şəxsiyyəti yox saymanın nə ağılla, nə də vicdanla bir əlaqəsi olmaz.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!