Müasir mərhələdə Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür və intellekt siferasına məxsus sənət adamlarından biri də, şair, publisist, jurnalist Yusif Nəğməkardır...
Yusif Nəğməkarın yaradıcılığını uzun müddətdir ki, həmişə izləmişəm, haqqında yazmışam, indi də, bir neçə kitabı qarşımdadır... İlk olaraq onun illər öncə çıxan "Bəsirət gözəli" kitabını vərəqləyirəm. Bu kitab müəllifin şəkilaltı verdiyi bu misralarla açılır, özü də şairin öz xəttində, altında da öz imzasıyla (bunun da mənası var):
Ömür azdır, lap yüz de;
Tanrı yarı bölməsin!..
Diriykən elə söz de,
Ölümünlə ölməsin.
Sonra onun digər kitablarını da vərəqlədim, oxudum, onun söz dünyasna, şeir aləminə, duyğular dənizinə daldım... Və gördüm ki, bu bənddə, bu misralarda deyiıən mətləb onun poetik amalı, bədii-estetik kredosudur...
Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu) - şair-publisistdir. Aran uşağıdır, yovşan ətrli çöllərdə, tərəkəmə ellərində - Beyləqan bölgəmizin I Aşıqlı kəndində, dinə-imana tapınan bir aiədə 1955-ci il, martın 22-də anadan olmuşdur.
Beyləqanım - bal sözüm,
Doğmaca, halal sözüm.
Babaların gur səsi,
Kökümün göyərməsi.
...Baş qaldırdı yer altdan,
Qürurum - Örənqalam.
Bu şeirini 18 mart 1989-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarə ilə Jdanov rayonunun yamama adının ləğv olunaraq taixi adının - Beyləqan adının bərpası xəbərindən vəcdə gələrək yazıbdır Yusif Nəğməkar!
Görkəmli şair, Yusiflə az qala "ata-oğul" münasibətində olan Bəxtiyar Vahabzadə onun adını "Nəğməkar Yusif" kimi təqdim edibdir, qələm dostu, istedadlı ziyalı Asif Mərzili isə ona "Nəğməkar şair - Yusif Nəğməkar" deyibdir! Olsun, məncə hər ikisi caizdir və mənə elə gəlir ki, bu onun şair təbiətinin imkanlarının əzəliliyi ilə əbədiliyinin funksiyonal vəhtətindən irəli gəlir...
İlk şeirlər kitabı "Sazın işığında" (1984) adlanır. Sonralar çox sayda şeirlər və poemalardan ibarət kitabları çap olunmuşdur.
Maraqlı publisist yazıları ilə də diqqətdədir... Onun Baykal-Amur magistral tikintisində çalışan azərbaycanlılara həsr etdiyi "Ulkana uçan Zümrüd quşu" (1984) publisist silsiləsi, Sibir çöllərinə sürgün olunan repressiya qurbanları həmyerlilərimiz barəsində "Bizim ellər yerindəmi?" silsilə tele-verilişləri rəğbətlə qarşılanmışdır.
Onun poeziyası, bədii-publisist yazıları Yazıçılar Birliyinin orqanlarında müntəzəm çap olunmuş və olunmaqdadır. Yusif Nəğməkarın sözlərinə bəstəkarlarımız tərəfindən onlarca nəğmələr bəstələnib və onların əksəriyyəti dillər əzbərinə çevrilmişdir. Respublikanın xalq artitsti Niyaməddin Musayevin bəstələyib ifa etdiyi Ümummilli lider Heydər Əliyevə həsr olunmuş "El atası","Qurtuluş nəğməsi, Azərbaycan prezidenti cənab İlham Əliyevə həsr olunmuş "Azərbaycan prezidenti"kimi xalq arasında məşhurlaşmış və Azərbaycan radiosunun daimi-"Qızıl fond"una daxil edilmiş nəğmələrin söz yazarı da Yusif Nəğməkardır. Onun dünya ədəbiyyatından tərcümələri olduğu kimi əsərləri də dünya xalqlarının dillərinə tərcümə edilmişdir. O, 2015-ci ildə Çanakqala zəfərinin 100 illiyi münasibətilə Türkiyənin Bakıdakı Böyükelçiliyi ilə AYB-nin birlikdə keçirdikləri ədəbi müsabiqənin qalibi ("Çanakqala-Türkə qala" poemasina görə) olmuşdur.
Azərbycan Yazıçılar Birliyinin (1995), Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1989), "Qılınc və qələm", Rəsul Rza adına Beynəlxalq ali ədəbi mükafatlar laueratıdır(2004). Şeirlərinə musiqi bəstələnmiş, əsərləri xarici dillərə tərcümə edilmişdir...
Bu əsərləri, kitabları, şeirləri, nəğmələri ilə oxucuya ürəyini açan, yurddaşlarına, dərddaşlarına köynək-köynək, göynək-göynək yaxın olan, doğma olan şairdir Yusif Nəğməkar!
...Onun poeziyasının başlıca bir meyarı var: Bütöv Azərbaycan - Müstəqil Azərbaycan - Azərbaycan dövlətçiliyi... Bundan kənar nə varsa bu aləmdə ona dəxli yoxdu! Bu amala zərrə qədər, iynənin ulduzu qədər zərər gətirən hər şey ona bir dağ, həm də sinədağ görsənir, səsi, sözü, şeiri "Azərbaycan harayı"na çevrilir
Azərbaycan bir qaladır - daşı bölünməz,
Bölünəsı halal ruzi-bərəkətidir.
Vüqarının, qürurunun yaşı bilinməz,
Azərbaycan - namusumun məmləkətidir.
O, canında Azərbaycançılıq yanğısı daşıyır. Nə qədər səbirli, təmkinli olsa da, yeri gələndə bir çınqıya bənddir ki, o yanğının alovunu görəsən. İstər şeirlərində, istər söhbətlərində, istərsə də sinəsinə basdığı sazın "Yanıq Kərəmi"sində!! Bu baxımdan, Yusif Nəğməkar, yeni təbircə - Vətənkeş şairdir!!
Xoşa gələn cəhətlərdən biri budur ki, onun hər hansı şeirində düşüncənin təzyiqinə məruz qalması hiss olunmur. Onun şeirləri rəvan və oxunaqlıdır. Aşıxsayağı sadəlikdədir. Bu şeirlərdəki bəndlər asanlıqla, cəmi bir-iki dəfə oxunmaqla yaddaşa köçə bilir. Məsələn, "Yanıq Kərəmi"yə oynama, qardaş" şeirində olduğu kimi. Bu şeirdə böyük bir epoxanın dərdi-kədəri müasir dövrün dərdinə-kədərinə qovuşaraq mənəvi-əxlaqi, hətta sosial dərsliyə çevrilir:
...Uzandı sözüm də sənin boyunda,
Bu el şənliyində, bu el toyunda,
Oyundankənarsan sən bu oyunda,
"Yanıq Kərəmi"yə oynama, qardaş.
Yusif Nəğməkarın şeir, poeziya aləmində min illərdən bəri tərənnüm olunan sevginin, məhəbbətin özünün də özünəməxsus, özünün olan çalarları mövcuddur. Onun şair fəhmilə dediyi "Sevgim mələklər yuxusu" obrazı, ifadəsi fikrimə əsas verir. Məsələn, Yusif "Sənin gözəlliyin nəyimə gərək" şeirində olduğu kimi sevgili obyektinə tamamilə başqa bir bucaqdan baxmağı bacarır. Yusif Nəğməkarın yeni "Sevgi məbədi" kitabında toplanmış şeirlərində, ümumilikdə, saf, bütöv, kamil insan sevgisindən bəhs olunur:
Hər an işıldayıb aylanan gözəl,
Sənin gözəlliyin nəyimə gərək?!
Dəmadəm yüz yerə paylanan gözəl,
Sənin gözəlliyin nəyimə gərək?!
Bu şeir insanın mənəviyyat aləminə təzə bir baxışdır. Şair gözəlliyi gözdən salanlara qarşı çıxır, mənəviyyat pozğunları hər cür gözəllikdən məqsədləri üçün istifadə edəndə insanın, insanlığın özünə zərbə dəyir, "gözəl görsənən" gözəlliyə çevrilmir, gərəksiz bir şeyə dönür:
...Ey ulu gözəllik, sənin balanam,
Sanma gözəlliyi gözdən salanam.
Əsil gözəllərdən ilham alanam!..
Sənin gözəlliyin nəyimə gərək?!
Yusif Nəğməkar lirik şairdir, nəğməkar şairdir və nəğməkarkıq onun lirizmindən süzülür... Amma bu gözəl lirik şairin satira və yumor, eyhamla cilvələnən şeir nümunələri də tutarlıdır.. Lap, bu günlərdə qələmə aldığı digər bir nümunəyə, "Ələkçinin qılverəni" satirik-yumoristik şeirinə diqqət yetirək:
Bir dilək var, bir diləkçi,
Bir bələk var, bir bələkçi...
Bir ələk var, bir ələkçi,
Bir də ələ əl verəni -
Ələkçinin qılverəni.
"Ələkçinin qılverəni" metaforunda yaramaz, yaltaq, araqızışdıran adamların obrazı göz önündə canlanır və Yusif bu obraza məxsus tipik xasiyyətələri çalarları ilə yumoristik-satirik bir tərzdə bu şeirində verə bilibdi...
Yusif Nəğməkar sözə ehya verməyi bacarır, onun yeni məna çalarlarını, yeni ifadə tərzini tapır, lakonik təşbih və ibarələrdən istifadə edir, qeyri-adi poetik ümumiləşdirmələr aparır, yeni məna yozumları əldə edir... Elə bu sənətkarlıq meyarlarına görə də, Yusif Nəğməkarın lirikasının əksər nümunələri "ovqat", əhval-ruhiyyə lirikasına çevrilir, təsirsiz ötmür.
Yusif Nəğməkarın"Çingiz çini", "Vəslin edamı", "Zal ağacı", "Ah-Naz - Şahnaz", "Şər Şənbə" poemaları onun epik təfəkkürünün imkanlarının ürəyəyatan sədalarından xəbər verir və bu istiqamətdə onun yaradıcılıq imkanlarının gələcəkli olmasının əks sədalarıdır...
Onun "Zal ağacı" poemasının qəhrəmanı real həyatda yaşayan zəhmət adamıdır, təbiəti müdriklikdən yoğrulmuş çoban Zal kişidir.
Poema bu kövrək, amma olduqca düşündürücü, mənalı misralarla başlayır:
Bəllidir taleyim, bəxtim dünyaya,
Neyçün şimşək olub çaxa bilmirəm?!
A kəndim, gözündən baxdım dünyaya,
Dünyayadan gözünə baxa bilmirəm.
Poemaya ön söz əvəzi yazan akademik Teymur Bünyadov bu məqaləsini haqlı olaraq "Kişilik qalalar" adlandırıbdır. Doğrudan da, Yusif Nəğməkar çoban Zalın şəxsində qalaya dönən, mentallığın daşıyıcısına çevrilən azərbaycanlı kişisinin obrazını yarada bilmişdir.
Yusif Nəğməkarın şeirlərinin nüvəsində meditativlik həmişə üstünlük təşkil edir və fikrin profanasiyası ilə ruh məbədgahının ətrafında dolaşmağı bacarır. Bu keyfiyyətlər onun yaradıcılığına şəxsiyyətindən süzülüb gəlir. Belə olmasaydı Bəxtiyar Vahabzadə bu qədər məhəbbətlə gerçəyi yazmazdı:
"Mən bu tanıdığım müddət ərzində Yusifdə şairliklə yanaşı, ilk növbədə nəciblik görmüşəm, insanpərvərlik görmüşəm, sədaqət görmüşəm, insana xas olan ən gözəl keyfiyyətləri mən Yusifdə görmüşəm. Ona görə mən bu cavan şairi çox istəyirəm!" Mənə də elə gəlir ki, təkcə Yusif Nəğməkarı tanıyanlar deyil, onun poeziyasının sehrinə düşənlərin hamısı bu kəlmələrin altından ürəklə, inamla imzasını qoyarlar!..
65 yaşının dolaylarında gərdiş edən Yusif Nəğməkarın "Qələmin səsi" daima gələcək, oxucularını sevindirəcək, poeziyamızı zənginləşdirəcək, "qələminin səsi" həmişə gur olacaqdır...
11.06.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!