Vissarion Belinskiyə ithaf
Uşaq dünyası - bulaq suyu qədər saflığı, açıq səma kimi aydınlığı, ölkəyə ilk dəfə gəlmiş qonaq kimi qeyri-adi heyranlığı ilə yazılmamış şeirdir. Hər uşaq fərqli bir bədii əsərdir. Dünyada nə qədər uşaq varsa, o sayda da bitib-tükənməz yazılmamış uşaq ədəbiyyatı ehtiyatı vardır.
Uşaq dünyası uşaq şeirinin beşiyidir. Uşaq dünyası - layla kimi yuxuda yaşanan şeirdir, sadəcə onu sakitcə silkələmək lazımdır ki, şeirə çevrilsin. Uşağın ilk dəfə ayaq tutub yeriməsi, dil açıb danışması, yıxılması, durması, əl qaldırıb vurması, gülməsi, ağlaması, uşaq dünyasının şeiriyyətidir. Uşaq təbəssümü - təşbeh, metofora; uşaqların danışığı - şeir; yerişi - misralar; baxışları - qafiyələrdir. Dünyada uşaq dünyası qədər sadə, aydın, obrazlı, düşündürücü və pak bədii ədəbiyyat mənbəyi göstərmək çətindir. Uşaqlar böyüdükcə, mühitə və cəmiyyətə inteqrasiya olunduqca onların həyat hekayəsi, dramı, povesti və romanı başlayır. Bu mənada uşaqların boy atması ədəbiyyatının inkişafının barometridir. Dünya ədəbiyyatında məktəbəqədər kiçik yaşlı uşaqların həyatına həsr edilmiş romanlara rast gəlmək çətindir. Uşaqların yaş mərhələləri ədəbi janrları inkişaf mərhələləridir. Xalq şairi Nəriman Həsənzadənin "Ayaqqabılar" şeirində uşağın və ədəbiyyatın boy artımın çox təbii şəkildə, əsl ədəbiyyat tarixi faktı kimi ifadə olunmuşdur.
Evimizin ağzında,
Onlar əvvəl iki idi.
Özü də mənimki idi,
Dörd oldu bir gün onlar
İkisi bərli-bəzəkli.
İkisi bəzəksiz oldu
Sonra da səkkiz oldu.
Keçir günlər, həftələr
Yaş üstünə gəlir yaş,
Kiçik ayaqqabılar
Böyüyür yavaş-yavaş.
Uşaq dünyasından uşaq ədəbiyyatı dünyasına və dünya uşaq ədəbiyyatına doğru böyük ədəbiyyatın təbii inkişaf ritmləri uşaq dünyasının dərinlikləri və incəliklərinin bədii cəhətdən dərk və kəşf edilməsindən keçir. Kiçik uşaqlar böyük ədəbiyyatın oxşama və laylaları, cavan oğlanlar - əsərləri, sonrakı nəsillər qurucularıdır. Uşaqları dərindən öyrənməyə meyl etməklə uşaq dünyasını kəşf etmək və vəsf etmək olar. Uşaq dünyasının incəliklərinə və dərinliklərinə yenməklə yazılan əsərlərlə uşaq ədəbiyyatını ucaltmaq lazımdır.
Ədəbiyyatın növləri baxımından uşaqlıq - lirika, cavanlıq - dram, yaşlı dövr - epik ədəbiyyatıdır. Böyüklər üçün ədəbiyyatda təsviri, tənqid, satira aparıcıdır. Uşaq ədəbiyyatı üçün lirika və yumor səciyyəvidir.
Uşaq ədəbiyyatı bədii düşüncənin ali məqsədi olan insana xidmət etmək baxımından böyük imkanlara malikdir. Çünki uşaq ədəbiyyatı uşaqların həyata və dünyaya açılan ilk pəncərəsidir. Ata və analarından sonra uşaqları həyatla, ətraf aləmlə, dünya ilə tanış etmək baxımından uşaq ədəbiyyatı ilə müqayisə edilə biləcək digər vasitələr göstərmək çətindir. Ən yaxşı uşaq şeirləri uşaqların ən sevimli oyuncaqlarıdır. Oyuncaqlar uşaqları əyləndirdiyi halda, uşaq ədəbiyyatı nümunələri uşaqları əyləndirməklə bərabər həm də düşündürür və onların mənəvi dünyasını zənginləşdirir.
Uşaq ədəbiyyatı - uşaq dünyasının kompasıdır. Uşaqlar onları daha çox cəlb edən şeirlərin və hekayələrin qanadlarında böyüyüb boy atır, irəliyə baxırlar.
Uşaq ədəbiyyatı - uşaqların böyük olmaq üçün keçdiyi ədəbiyyat məşqidir. Bu məşq prosesini, yəni uşaq yaşlarında ədəbiyyatla mənəvi cəhətdən zənginləşmək dərslərini normal keçmədən uşaqlıqdan gəncliyə doğru gedən yolda baş verə biləcək büdrəmələr onları bütün ömrü boyu narahat edə bilər.
Uşaqların böyük həyata hazırlanmasını uşaq ədəbiyyatı olmadan təsəvvür etmək mümkün deyildir. Bu məqamda uşaq ədəbiyyatı övladlarını yaşdan-yaşa, addım-addım irəli aparmaq, düşündürmək, tərbiyə etmək vəzifələrini yerinə yetirən valideynlərin də işini həyata keçirir. Uşaq ədəbiyyatı uşaqlığın bütün mərhələlərinin bələdçisi və sükançısıdır. Bir sözlə, uşaq ədəbiyyatı əsl məktəb, uşaq yazıçısı isə ən yaxşı müəllimdir. Ən kamil uşaq əsərləri ən çox yadda qalan dərslərdir.
Uşaq ədəbiyyatı ideologiyaya ən az məruz qalan ədəbiyyatdır. Bu mənada uşaq ədəbiyyatı nəinki uşaqları böyük həyata, həm də cəmiyyət hadisələrinin mahiyyətini başa düşməyə hazırlamışdır. Uşaqlar üçün yazılmış ədəbiyyatda böyüklər üçün də cəlbedici və düşündürücü olan mətləblər öz əksini tapmışdır.
Ana dilini qoruyub saxlamaq və uşaqlara sevdirmək Azərbaycan uşaq ədəbiyyatının ən böyük tarixi nailiyyətidir. Əsl uşaq ədəbiyyatı - ən yaxşı ana dili dərsliyidir. Vətənpərvərlik - uşaq ədəbiyyatının canı və ruhudur. Uşaq ədəbiyyatı Azərbaycan ədəbiyyatının əbədi Vətəniyyəsidir. Sadə və aydın ana dilində yazılmış və vətənpərvərlik üstündə köklənmiş Azərbaycan uşaq ədəbiyyatı xalqımızın müstəqil dövlətçilik uğrunda mübarizəyə hazırlanmasına şərəflə xidmət etmişdir.
Uşaq dünyası ailə mühiti, ətraf aləm və bağça tərbiyəsi ilə formalaşır. Ailə mühiti uşaq aləminin başlanğıcı və təməlidir. Hətta bir dəfə böyük rus pedaqoqu Makerenkodan soruşanda ki, uşağın tərbiyəsi ilə nə vaxtdan məşğul olmaq lazımdır, o, bu suala "hələ dünyaya gəlmişdən qabaq, ana bətnində olarkən" cavabını vermişdir. Ailə mühitində baş verən nə varsa, mənəvi rahatlıq, yaxud əksinə, gərginlik, zəhmət, tənbəllik, şeirə, musiqiyə, nağıla münasibət, qonaqpərvərlik və sair uşağın mənəvi dünyasına öz izlərini salır. Böyük yaşlarında olan adamların atalarından eşitdikləri sərt sözlər, analarından dinlədikləri laylalar, xüsusən, nənələrinin nağıl dünyası haqqındakı unudulmaz təəssüratları ailə mühitinin uşaq dünyasının inkişafındakı rolunu çox real şəkildə ifadə edir. Əhməd Cəmilin "Can nənə bir nağıl de" şeirində uşaq aləmində nənə-nəvə münasibətlərinin nə qədər dərin təsirə malik olduğunu əyani surətdə göstərir. Ailə mühiti ilə əlaqəli olan ətraf mühitlə əlaqə əslində uşaqların böyük mühitə çıxışının ilk addımlarıdır. Uşaqların ətraf aləm haqqındakı ilkin təəssüratları ailə mühitində formalaşmaqda olan tərbiyəvi keyfiyyətlərin üstünə gəlir və onu daha da zənginləşdirir. Bağça dövrü - məktəbəqədər tərbiyə isə uşaqların ailədə və ətraf aləm vasitəsilə əxz etdikləri məlumatları, ilkin bilgiləri, öyüdləri cəmləşdirməklə bərabər həm də onlara bədii əsərlər, mahnı və musiqi ilə əlaqədar əlavə biliklər verərək onları məktəbə hazırlayır. Bağçalar uşaqların ilk şeir, hekayə və mahnı məktəbləri funksiyalarını həyata keçirir. Ona görə də bağça tərbiyəsi uşaq aləminin formalaşdırılmasında mühüm mərhələdir.
Deməli, məktəbəqədər tərbiyə müəssisələrini yenidən qurmaq uşaq dünyasını və uşaqlar üçün ədəbiyyatı inkişaf etdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Etiraf etmək lazımdır ki, sovet hakimiyyəti illərində bağça sistemi məktəbəqədər tərbiyə müəssisələrindən - tarla düşərgəsinə qədər inkişaf etmişdi. Lakin bizim nəsillərə yaxşı məlum olduğu kimi o dövrün bağçalarında öyrədilən şeirlərin və mahnıların əsas motivi üstündə köklənmişdi. Dövlət müstəqilliyimizin başlanğıc illərində isə məktəbəqədər tərbiyə müəssisələrimiz demək olar ki, ciddi dağıntıya məruz qalmış, onların bir çoxunun yerində restoranlar, ictimai iaşə ocaqları yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə son illərdə ölkə miqyasında mövcud bağçaların yenidənqurulması və məktəbəqədər tərbiyə müəssisələri üçün ən müasir, təzə binaların tikilib istifadəyə verilməsi istiqamətində geniş iş aparılır. Cənab Prezidentin xüsusi tapşırığı əsasında Bakı şəhərində və respublikamızın böyük şəhərlərində inşa edilən yeni çoxmərtəbəli binaların birinci mərtəbəsində bağçalar üçün münasib infrastrukturlar yaradılır. Azərbaycan Respublikasının Milli Məclisində 2017-ci ildə qəbul edilmiş "Məktəbəqədər təhsil haqqında" Qanun ölkəmizdə bağça təhsilinin müxtəlif forma və metodlarının həyata keçirilməsinə tam hüquqi təminat verməklə bərabər, həm də geniş üfüqlər açır. Respublika üzrə beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq siniflərinin təşkili "Məktəbəqədər təhsil haqqında" Qanunundan sonra əldə edilən ən mühüm nəticələrdən biridir. Dünyada məktəbəqədər təhsilin ən çox inkişaf etdiyi ölkə olan Finlandiyada uzun illərdən sonra uşaqların məktəbə hazırlıq siniflərinə cəlb edilməsi 92 faizə çatdırılmışdır. Azərbaycan təhsil sistemində isə bu mühüm iş cəmi üç il ərzində 80 faizə yaxın bir göstəricini əhatə edir. Həm uşaq bağçalarının, həm də məktəbə hazırlıq siniflərinin çoxcəhətli funksiyaları sırasında uşaqlarda mahnı və şeir öyrənmək vərdişlərini genişləndirmək əsas yerlərdən birini tutur. İndiki halda uşaq bağçaları və məktəbəhazırlıq sinifləri kiçik yaşlı uşaqlar üçün şeirlərin və mahnıların əsas sifarişçisidir. Şairlər, yazıçılarımız və bəstəkarlarımız bütün yaş qrupları, xüsusən də daha həssas olan beş yaşadək olan uşaqlar üçün bədii nümunələrin və musiqi əsərlərinin yazılmasına daha çox diqqət yetirməlidirlər. Bu, yaş qruppu uşaqların ilkin formalaşma mərhələsi olduğu üçün kiçik yaşlı uşaqlara ünvanlanmış şeirlər və mahnıların mətni çox sadə, axıcı, melodiyası rahat qavranılan, mənası ilə həmin uşaqların qavrayışı səviyyəsində cəlbedici və dərk olunan olmalıdır. Bədii yaradıcılıqla məşğul olanlar bu vəzifələrin şərəfli olmaqla bərabər, həm də nə qədər çətin olduğunu başa düşürlər. Buna görədir ki, məktəbyaşlı uşaqlar üçün şeirlər, hekayələr və mahnılar nisbətən çox olduğu halda (hərçənd ki, bu nümunələrin də özünəməxsus problemləri vardır - İ.H.), sırf bağça uşaqlarına yazılmış bədii və musiqi əsərləri qat-qat azdır. Uşaq dünyasını isə şeir və musiqi olmadan lazım olan səviyyədə formalaşdırmaq mümkün deyildir. Əgər kiçik yaşlı uşaqlar özlərindən böyük olan uşaqlar üçün yazılmış şeirləri və mahnıları oxusalar, həmin mətnlərin mənasını başa düşməkdə çətinlik çəkəcəklər. Beləliklə, kiçik yaşlı uşaqlar sadəcə mənasını arzu olunan səviyyədə dərk edə bilmədikləri şeirlərin əzbərçilərinə çevriləcəklər. Ona görə məktəbəqədər yaşlı uşaqlar və məktəbəhazırlıq siniflərinin şagirdləri üçün onların yaş və qavrama səviyyəsinə uyğun olan bədii nümunələrin və musiqi əsərlərinin yaradılmasına diqqətin artırılması uşaq ədəbiyyatı sahəsində qarşıda duran əsas vəzifələrdən biridir.
Ümumiyyətlə, uşaq ədəbiyyatından söz düşən kimi adətən ilk sual belə olur: uşaqlar üçün olan ədəbiyyat neçə yazılmalıdır? Və müxtəlif fikirlər meydana çıxır. Əslində bu ciddi sualdır və alimlər, yazıçılar, bəstəkarlar, müəllimlər, oxucular bu suala cavab verməli, ortaq nəticələrə gəlinməlidir. Göründüyü kimi, sualın bu şəkildə qoyuluşu uşaq yazıçılarına aiddir və onların qarşısına "Nə etməli" sualını qoyur. Əslində isə həmin sualdan da ciddi vəzifə "Uşaqlar nə oxumalıdırlar", yaxud "Uşaqlar nə oxumaq istəyərdilər" suallarına cavab tapmaqdan ibarətdir. Çünki neçə, hansı bədii formada, dil və üslubda yazılmağından asılı olmayaraq, həmin bədii ədəbiyyat və musiqi örnəklərini ilk növbədə uşaqlar seçməli, sevməli, oxumalı və bəyənməli və mənimsəməlidirlər. Əks halda, biz uşaqlara nəyi isə diqtə etmiş olarıq. Bu isə heç də bizim uşaqlarımızı ədəbiyyat və incəsənət əsərləri ilə tərbiyə etməyimizə xidmət etmiş olmaz. Bu, cəhətdən yanaşdıqda uşaq şairi və yazıçısının, habelə uşaqlar üçün mahnı yazmaq sahəsində ixtisaslaşmış bəstəkarların ilk növbədə həm də yaxşı müəllim - psixoloq olmaları vacib şərtlərdən biridir. Təcrübə göstərir ki, uşaq bağçaları ilə, məktəblərlə, pedaqoji fəaliyyət sahələri ilə məşğul olan, əlaqəli olan yaradıcı qüvvələr bu sahədə daha çox müvəffəq olur, nailiyyətlər əldə edə bilirlər. Uşaqların yaş qruplarını və bilik səviyyəsini, psixologiyasını, qavrama qabiliyyətlərini və maraq dairələrini nəzərə almaqla yazılan ədəbiyyat və incəsənət əsərləri uşaqlar tərəfindən qəbul olunan, mənimsənilərək yaddaşlarda iz salan və onları addım-addım irəli aparmağa xidmət edən bədii örnəklərə çevrilir. Məhz bu qəbildən olan əsərlər uşaq dünyasını formalaşdırır. Məhz həmin əsərlər uşaqlar hansı kitabları oxumalıdırlar sualının cavabıdır. Vaxtilə böyük rus tənqidçisi Vissarion Belinski "Uşaqlar nəyi oxumalıdırlar" sualına uşaqlarının yaşının, bədii zövqünün, dünyabaxışının, qavrama qabiliyyətlərinin, ən başlıcası isə maraq dairəsinin nəzərə alınması şərti ilə yaradılan ədəbiyyatı örnək kimi göstərmişdir. Təkcə rus ədəbiyyatının deyil, ümumiyyətlə ədəbiyyatın mahiyyəti, vəzifələri və əhəmiyyəti haqqında sistemli elmi nəzəriyyə yaratmış Vissarion Belinskinin uşaq ədəbiyyatına aid fikirləri və mülahizələri də ədəbiyyatın bu istiqamətinin simasının və missiyasının nəzəri təlimindən ibarətdir. Uşaq ədəbiyyatı sahəsində bu günkü vəzifələrimiz baxımından da xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq, mövzumuzla əlaqədar olduğu üçün Vissarion Belinskinin müxtəlif əsərlərimdən seçdiyim aşağıdakı fikirləri ədəbi ictimaiyyətin və oxucuların diqqətinə çatdırmağı faydalı hesab edirəm:
"...Kitabların başlıca nöqsanı ondan ibarətdir ki, bunlar uşaqların anlayışından ya yüksək, ya da aşağıdır. Birinci halda kitablar uşaqları vaxtından əvvəl yetişmiş əllaməyə, quru cümləpərdazlığa öyrədir, ikinci halda isə yaşlarına uyğun olmayan sadəliyə öyrətməklə onların əqli zəifliyinə səbəb olur.
...İlk yaşda olan uşaqlar üçün ən yaxşı kitablar elə kitablar ola bilər ki, bunlar uşaqları dünya ilə, təbiət və qismən cəmiyyətlə şən bir surətdə tanış etsin. Belə kitablar mütləq şəkilli olmalıdır, çünki "əyanilik" uşağın inkişafının əsasını təşkil etməlidir. Burada əxlaqilik başlıca məsələ olmalı, bu barədə əsla danışmamalı, əsla heç bir nəsihət və qüdrətli sözlər işlədilməməlidir. Əxlaqilik sözlərdə deyil, işdə olmalı və uşaqlara məfhum halında deyil, hiss halında verilməlidir.
...Gənclərin roman oxumağa başlama vaxtı onların uşaqlıqdan gəncliyə keçmə vaxtıdır. O zaman onlar çox şey oxuya bilərlər. Amma bu, böyüklərin icazəsi və seçib göstərmələri yolu ilə olmalıdır.
...Uşaqların da yalnız böyüklərin oxuduqları kitabları oxumaları fikri əsassız və haqlı olmaqdan uzaq fikirdir. Lakin bizə elə gəlir ki, bu barədə, demək olar ki, heç bir istisna və məhdudluğa yol verməyən bir qayda qoymaq olar: uşaqlar üçün kitab yazmaq olar və lazımdır; lakin uşaqlar üçün yazılan o əsərlər yaxşıdır ki, onlar böyükləri də yalnız uşaqlar üçün yazılmış bir əsər kimi deyil, hamı üçün yazılmış ədəbi bir əsər kimi maraqlandıra bilsin.
Yeri gəlmişkən Vissarion Belinskinin uşaq yazıçılarının qarşısında qoyduğu tələbləri də yada salmaq istəyirəm. Təxminən iki əsr bundan qabaq yazılmış aşağıdakı fikirlər bu günün yazıçıları üçün də aktualdır.
"...Uşaq yazıçıları bütün bunları öz balaca oxucularına çeynənmiş nəsihət və soyuq əxlaqi təlimat şəklində deyil, quru hekayələr halında deyil, həyat və hərəkətlə dolu, canlı, hissi hərarətə malik hekayə və lövhələr halında, zərif, azad, oynaq, sadə və rəngli bir dil ilə çatdırılmalıdırlar. Bu zaman uşaq kitabları tərbiyə üçün ən möhkəm bir əsas və ən təsirli bir vasitə ola bilərlər.
...Biz dedik ki, uşaq yazıçısı olmaq üçün, digər zəruri şərtlər içərisində canlı şairanə xəyala malik olmaq da zəruri şərtdir: Uşaqlara xəyal vasitəsilə təsir etmək lazımdır. Uşaqlıq yaşlarında xəyal ruhun üstün qabiliyyət və qüdrəti, onun başlıca mühərriki və uşağın ruhu ilə kənar aləm arasında birinci vasitədir...
...Uşağa surətlər, rənglər, səslər lazımdır. Uşaq mücərrəd ideyaları sevmir, ona tarixçələr, rəvayətlər, hekayələr, nağıllar lazımdır"...
Azərbaycanda uşaq ədəbiyyatının qədim tarixi və böyük ənənələri vardır. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, xalq uşaq şeiri və nağıllarımız uşaqlar üçün zəngin mənəvi xəzinədir. Şifahi xalq şeirinin mühüm bir qolu olan laylalar və oxşamalar uşaq dünyasının misilsiz ədəbiyyatıdır. Şifahi xalq ədəbiyyatında uşaqların və gənclərin tərbiyəsi və inkişafına aidiyyəti almayan hər hansı bir nümunə göstərmək çətindir. Azərbaycan şifahi xalq ədəbiyyatını bütövlükdə uşaq ədəbiyyatı antologiyası kimi çap etmək olar. Mübaliğəsiz demək olar ki, hər tarixi dövrdə yeni nəsillərin tərbiyə olunmasında fəal iştirak edən Azərbaycan şifahi xalq ədəbiyyatı müstəqillik mərhələsinə qədərki bütün ictimai-iqtisadi formasiyaların ideologiyasına qalib gəlmiş əbədiyaşar ədəbiyyatdır.
Klassik Azərbaycan ədəbiyyatımızda da uşaq ədəbiyyatı nümunəsi kimi səciyyələndirə biləcəyimiz bədii nümunələr çoxdur. Qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatındakı mənzum hekayətlər Azərbaycan yazılı ədəbiyyatının mənzum nağıllarıdır. Azərbaycan klassik ədəbiyyatının poetik hikmət xəzinəsi böyüklər üçün olduğundan daha artıq dərəcədə uşaqlardan ötrü faydalı və əhəmiyyətlidir.
Bütün bunlara baxmayaraq, Azərbaycanda professional uşaq ədəbiyyatı XIX əsrin əvvəllərində özünün ən yüksək zirvəsini fəth etmişdir. Heç tərəddüd etmədən demək olar ki, XX əsrin əvvəlləri Azərbaycan uşaq şeiri ümumiyyətlə Azərbaycan uşaq ədəbiyyatının qızıl fondunu təşkil edir. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov, Rəşid bəy Əfəndiyevin uşaq əsərləri sayəsində Azərbaycan uşaq ədəbiyyatı özünün intibahı səviyyəsinə çatmışdır. Zəngin uşaq folkloru və uşaq maarifçi ədəbiyyatı bütün nəsillərin formalaşması və inkişafına istənilən ən yaxşı məktəbdən çox təsir göstərmişdir. Hər hansı bir azərbaycanlını bu böyük və əbədiyaşar xəzinədən kənarda təsəvvür etmək qeyri mümkündür. Şifahi və yazılı uşaq ədəbiyyatı uşaqlarımızın mənəvi atasıdır.
Nə qədər çətin olsa da, sovet dövründə də uşaq ədəbiyyatımız ciddi bir inkişaf yolu keçmişdir. Sovet ideologiyasının təsiri ilə yaranan uşaq ədəbiyyatı nümunələri ilə bir sırada, bu dövrdə Azərbaycan uşaq ədəbiyyatının xəzinəsinə əbədi olaraq daxil olmuş şeir və hekayələr yazılıb nəşr edilmişdir. Hətta senzura ideoloji cəhətdən az şübhə ilə yanaşdığı üçün bir çox hallarda şair və yazıçılar böyüklər üçün yazdıqları əsərlərdə deyə bilmədikləri ciddi ictimai-siyasi fikirləri uşaq ədəbiyyatı örnəklərində ifadə etmişlər. Mikayıl Rzaquluzadə, Hikmət Ziya, Xanımana Əlibəyli, Xalidə Hasilova və başqaları sovet dövründə yetişib formalaşmış uşaq ədəbiyyatı klassikləridir. Sovet dövrü Azərbaycan milli uşaq ədəbiyyatının ən yaxşı örnəkləri geniş mənada Azərbaycan ədəbiyyatının üzvü tərkib hissəsi, nəsillərdən-nəsillərə qədər yaşamaq haqqı qazanmış ölməz nümunələridir.
Hazırda Azərbaycan uşaq ədəbiyyatımız özünəməxsus inkişaf yolu keçməkdədir. Uşaq ədəbiyyatı dünyası öz mövzuları və süjetləri, fərqli qəhrəmanları, dili və üslubu olan bir ədəbiyyat kimi inkişaf edir. Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının bir neçə yaradıcı nəsli böyük ədəbiyyat meydanında öz sözünü deməkdədir.
Görkəmli uşaq şairi Zahid Xəlil uşaq ədəbiyyatı sahəsində çoxillik xidmətləri olan böyük sənətkardır. Müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatı özünün yeni simalarını da yetişdirib formalaşdırmışdır. Rafiq Yusifoğlu, Qəşəm Nəcəfzadə, Qəşəm İsabəyli, İbrahim Yusifoğlu, Vüqar Haqverdiyev, Sevinc Nuruqızı, Bayram İsgəndərov, Reyhan Yusifqızı, Kamil Araz, Gülzar İbrahimova, Ayğün Bünyadzadə, Arzu Soltan, Əfsanə Laçın, Elvira Məmmədova, Mirmehdi Ağaoğlu və başqalarının uşaqlar üçün müxtəlif janrlarda yazdıqları ən yaxşı əsərlər artıq ədəbiyyatımızda vətəndaşlıq hüququ qazanmışdır. Müstəqillik dövrü Azərbaycan uşaq şeiri özünün ədəbiyyatındakı yerini bərpa etmiş, hədəflərini müəyyənləşdirmiş, yeni inkişaf yoluna çıxmışdır. Yeni tarixi epoxanın uşaq nəsri sahəsində də mövcud boşluq əsasən aradan qalxmışdır. Lakin uşaq dramaturgiyası sahəsində böyük geriləmə aşkar hiss olunmaqdadır. Uşaq dramaturgiyasında olan gerilik istər-istəməz uşaq teatrına da özünün təsirini göstərməkdədir. Ədəbiyyatda müstəqillik dövrünün dramaturgiyasının yeni nəfəs qazanmasına baxmayaraq, uşaqlar üçün dram əsərlərinə ciddi ehtiyac vardır.
Azərbaycan Uşaq ədəbiyyatının tədqiqi sahəsində ciddi problemlər müşahidə olunmaqdadır. Sovet dövründə uşaq ədəbiyyatının tədqiq olunub öyrənilməsi sahəsində müəyyən nəticələr əldə olunsa da, müstəqillik mərhələsində bu istiqamətdə uzun illərdən bəri ciddi bir durğunluq nəzərə çarpmaqda idi. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin 2015-ci ildə "Uşaq ədəbiyyatının vəziyyəti və vəzifələri" mövzusunda keçirdiyi yaradıcılıq müşavirəsi ədəbiyyatşünaslıq elminin diqqətinin bu zəruri sahəyə yönəltmək baxımından müəyyən bir dönüşə səbəb olmuşdur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hər il davamlı olaraq keçirilən "Ədəbi proses" müşavirələrində uşaq ədəbiyyatının ayrı-ayrı janrlarına həsr olunmuş elmi məruzələrin müzakirəyə çıxarılması ədəbi-elmi mühitdə əks-səda verərək ədəbiyyatın bu qoluna marağı qüvvətləndirmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2018-ci ildə "Uşaq ədəbiyyatı" elmi-tədqiqat şöbəsinin yaradılması ilə ədəbiyyatşünaslıq elmində uşaq ədəbiyyatı tədqiqatları yeni nəfəs qazanmışdır. İstedadlı ədəbiyyatşünas, filologiya elmləri doktoru Elnarə Akimovanın rəhbərlik etdiyi "Uşaq ədəbiyyatı" şöbəsi qısa müddət ərzində ölkə üzrə uşaq ədəbiyyatı tədqiqatlarının əsas elmi mərkəzi kimi tanınmışdır. Ədəbiyyat İnstitutunda və "Uşaq ədəbiyyatı" şöbəsinin ətrafında, obrazlı şəkildə desək uşaq ədəbiyyatşünasların yeni nəsli formalaşmaqdadır. Elnarə Akimova, Aygün Bağırlı, Mətanət Vahid, Günay Qarayeva, İlhamə Ağazadə, Səadət Bayramova, Gülnar Qəmbərova demək olar ki, hər həftə ölkə mətbuatında uşaq ədəbiyyatına həsr olunmuş məqalələrlə çıxış edirlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda da uşaq ədəbiyyatı üzrə tədqiqatların aparılması ənənəsinin dirçəldilməsi də müşahidə olunmaqdadır. Bütün bunlar uşaq ədəbiyyatı problemlərinin yenidən ədəbiyyatşünaslıq elmində özünün layiq olduğu yeri tutacağına böyük ümid və ilham yaradır.
Uşaq ədəbiyyatının inkişafına qayğı və diqqət ədəbi-elmi ictimaiyyətimizin diqqət mərkəzindədir. Azərbaycan Yazıçılar Birliyi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu artıq uşaq ədəbiyyatının müasir problemlərinə həsr ediləcək ikinci respublika yaradıcılıq müşavirəsinə hazırlaşır.
Uşaq ədəbiyyatının oxucusu da, uşaq kitablarının alıcıları da çoxalmışdır. Uşaq ədəbiyyatını ədəbiyyatın böyük magistral yoluna çıxarmaq təkcə elmi və bədii yaradıcılıq işi deyildir, həm də cəmiyyət və nəvələrimiz qarşısında vətəndaşlıq borcumuzdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!