Unutduqlarını yenidən yaza bilmək... - Qəşəm Nəcəfzadə

Tanınmış şair Faiq Balabəylinin şeirləri haqqında

 

Mənə elə gəlir ki, bütün yaxşı şeirlər yazılıb. İnsan tərəfindən yox, hardasa, nə vaxtsa bir sirr tərəfindən yaradılıb və üstü yaddaşsızlıq, görməməzliklə örtülüb. Bu gün də yaradılmaqda və gizlədilməkdə davam edir. Bəlkə də, insan yazıb, sonra da zaman tərəfindən unutdurulub. İndi əsas məsələ onu yada salmaqdır. Gərək elə düz yada salasan ki, onun hecasını, qafiyəsini, bütün əzalarını çox doğru-düzgün xatırlaya biləsən.

Məsələn, evdə, ümumiyyətlə, hər yerdə bir şeyi itirəndə, hara qoyduğunu xatırlamağa çalışırsan. On gün, bir ay, bir il... Axır ki, tapırsan. Şeiri yazmaq da belə xatırlamaq, yadına salmaq və axtarmaqdır.

Dünyada icad olunmamış nə qədər kəşflər var. Bizdən kənarda dayanıb. Biz onun yerini, dilini, üslubunu hələ ki bilmirik, axtarırıq. Düz ünvana gedib tapanda kəşf olur, yanlışlıq olanda uğursuzluq. Alimlər kəşflər axtarırlar, şairlər də gözəl şeirlər.

Mənə elə gəlir, tanınmış şair Faiq Balabəyli də indiyə kimi çox yaxşı şeirlər xatırlaya bilib. Axtarıb, düşünüb, axır ki, yaxşı şeirin yerini müəyyən edib, ordan da köçürüb ağ vərəqlərə.

Dənizçinin yuxusuna

Torpaq ətri girər hər gün.

Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi,

dənizçiyə ad qoyarlar -

su dəlisi.

Niyə bu şeir mənim xoşuma gəlir? Çünki Faiq bu şeiri olduğu, yarandığı kimi düz tapıb, ünvana düz gedib, düz xatırlayıb, burda yanlışlıq yoxdur. Müşahidə çox dəqiqdi. Ona görə ki, o, dənizçidir.

Faiqin hərdən müəyyən məsələlərdə pərt olması, elə yerindəcə də qəfil donub qalması var. Bu, Faiqin şair vəziyyətidir. Bir dəfə şeir məclisində Əjdər Ol onun oxuduğu şeiri yüngül tənqid elədi, Faiq yerindəcə donub qaldı. Başqası olsaydı, yeri-göyü dağıdardı, bu şeirin harası pisdi, bunu filan akademik bəyənib, mənim kitabıma filan akademik ön söz yazıb və sair.

O, bir dəfə haqsız olaraq həbs olunmuşdu, dəqiq bilirəm ki, onda da dəmir barmaqlıqların arasında beləcə donub qalıb.

Faiq ürəyindən əməliyyat olunanda xəstəxanaya yanına getmişdim. Üzünə baxan kimi o saat düşündüyüm bu oldu ki, yəqin, həkim əməliyyat söhbətini qəti şəkildə ortaya qoyanda Faiq elə beləcə yerində donub. Faiqin belə halları həmişə məni kövrəldir.

Göz yaşları

həm də ürəyində

Gəzdirdiyin daşlardı,

Ata bilməyəndə

əriyib su olurmuş.

Göz yaşının əriyib su olması məni xeyli düşündürdü. Doğrudan da, həmişə hiss eləmişəm ki, ya daş suyu yaradıb, ya da su daşı. Hər halda daşla su arasında bir ana-balalıq var. Bax, görürsünüz, Faiqin bu şeiri mənə nəyisə xatırlada bildi. Xatırlada bilən əşya və detallar gözəldi.

Ayağının altından qum dənəsini,

Özüylə götürüb gedən ləpələr.

Aha, bu şeirdə nəyinsə ünvanı tapılıb. Qum dənəsinin qapısı düz döyülüb. Mənim üçün qum dənəsinin beyinciyi daha maraqlı olardı. Kaş şair bir az da irəli getsəydi... Amma bura qədər də maraqlıdır. Mənalandırmaq və yozmaq olar ki, ləpələr qum dənəsini kənarda qoymaq istəməyib, bəlkə bu qum dənəsi ləpə qızın sevgilisidir, daha doğrusu, toxumcuğudur. Bəlkə də, ləpəni aydınladan, duruldan, hərəkətə gətirən qum dənəsinin beyninə milyon illərdi yerləşdirilimş enerjidir.

Mən indi Faiqin şeirləri ilə danışıram. Sual verib cavab alıram. Yazımı onun şeirləri üzərində inkişaf etdirirəm. Daha başqa bəzi tənqidçilər kimi özümü savadlı, elm dəryası kimi göstərmək üçün dünya ədəbiyyatında onun şeirləri ilə uyğunlaşa bilən detalları müqayisə edib şairi göylərə qaldırmıram. Ya da Faiqin bir şeirinin müasir İspaniyada "Ürəyi əzən şairlər" qrupunda paylaşılan bir şeirlə səsləşdiyini deyib haray-həşir qoparmıram. Bunu etmək olar. Amma bu, təhlilin zahiri tərəfidir. İç tərəfi isə şeirlərin dünyada, kainatda ünvanladığı yerin doğru-düzgün tapılmasıdır.

Dərd, sevincin üstünə

İmza atır, qol çəkir.

Mən şairin yerinə olsaydım, "dərd"in yerinə "qəm" yazardım. Çünki dərd bir insanın fərdi şəkildə başına gələn bədbəxt hadisədir və ya heç vaxt həllini tapmayan bir həyat problemidir. Amma qəm dünya qəmidir, o, dünyəvi olduğu üçün şirindir. 

Faiq Balabəyli daim yeni axtarışlar edir, şeirlərində alleterasiyalar, mübaliğə, litotadan və digər təsvir vasitələrindən bəhrələnir. Aşağıdakı misralarda "sel olub selləndi" ifadəsinin səslənişi uyarlıdır. Necə ki, M.Füzulinin "canı canan diləmiş...", xalq mahnısında "piyalələr irəfdədi, hər biri bir tərəfdədi" ifadələri şeirin təsir gücünü artırır, həm də bu, o deməkdir ki, Faiq klassika və folklora çox bağlıdır.

Sel olub selləndi Xəzərim o gün;

Ləpələr sevindi, sular gülüşdü.

Şeirdə "sular gülüşdü" birləşməsi tablo kimi çox dəqiq tapılıb və şairin şeirlərində təbiət lövhələri də orijinallıqla sərgilənir.

Məncə, şair misralarından başlayır. 80-ci illərdə məşhur tənqidçi Mürşüd Məmmədovun "Azərbaycan" jurnalında çap etdirdiyi "Misra və onun fikir yükü" məqaləsi ədəbi mühitdə böyük rezonans doğurdu. Bundan əvvəl Aydın Məmmədovun "Zamanla səsləşən şeirlər sorağında" məqaləsi "Ulduz" jurnalında işıq üzü gördü və hər iki müəllif qaragüruh, boz ədəbiyyatla üz-üzə qaldı və nə qədər əziyyət çəksələr də, onların haqlı iradəsi müasir ədəbi prosesə yeni töhfələr verdi. Faiq Balabəylinin yaradıcılığına da həmin məqalələrin müsbət təsiri olub. Onun misraları dolu sünbül kimidir. Boş-boşuna küləyin diktəsi ilə yellənmir.

Faiqin şeirlərində peşəkarlıq öz yerindədir. Amma bəzən şair yazdığının üstündə çox dayanmır, bir an kimi misra gəlib keçir. Məsələn:

Üzümü görməzsən, niqab kimidir -

Arxamca bağlanan qapılar mənə.

Mən bu şeiri yazsaydım, "arxamca" sözünün yerinə "üzümə" yazardım. Çünki qapının bağlanması da, niqab da, ən çox üzə aiddir.

Yaşlı şair dostum bu yaxınlarda mənə bir sirr açdı, dedi ki, mən protez dişlərimi çıxaranda şeir yaza bilmirəm. Çünki sözlər ürəyimdə düz oxunmur, hər misra mənə kələ-kötür gəlir. Şair haqlıdır.

İndi dostum Faiqin şeirləri nə yaxşı ki, dişli şeirlərdi. Həm sosial, ictimai məna, həm təbiət və cəmiyyət məsələləri, sevgi, iztirabları, həm də iztirabın həzzi Faiqin şeirlərində arı pətəyi kimidir, həm nizamlı, həm də hisslər, duyğular qaynayır.

Qaranlıq dərə bilib ovcumda əl gəzirəm

Qoşa əlin ovucu, qaranlıq kaha mənə...

Bu misraların materialı əruz olsa da, fikir əridilib heca qəliblərinə ustalıqla tökülüb. Əvvəla, onu deyim ki, mən Faiqin əksər şeirlərini, nəsr əsərlərini və əsərləri haqqında yazılan məqalələri də oxumuşam. Yazdıqlarının düz yerini də, əyri yerini də görmüşəm. Naşılıqları da çıxıb qabağıma. Düşünmüşəm ki, bir adam kiməsə zəng edəndə nömrəsinin bir rəqəmini səhv yığanda başqasına düşdüyü kimi, bəzi şeirlərdə də Faiq nə vaxtsa İnsanın (özünün) yazdığı şeirləri dərindən xatırlaya bilməyib. Nömrə səhv yığıldığı üçün ünvana zəng (şeir) düz çatmayıb. Amma Faiq həmişə şair ömrü yaşayır.

Yuxarıdakı iki misra məni çox düşündürdü. Faiq milyon il bundan qabaq yazdığı şeiri olduqca dəqiq xatırlayıb. Artıq bu, mənim tanıdığım Faiq deyil. Faiq öz düşüncəsini, fikrini inkişaf etdirib, duyğularını yetişdirib, ərsəyə çatdırıb. Faiq bu iki misraya (beyt də demək olar) ictimai, sosial məzmun, əzab, əsəbi həyat, ömür və bu özünün çəkdiyi iztirabları yerləşdirib. Bu, o zaman baş verib ki, Faiq şeirin əl-ayağa dolaşan, taqqıldayan, heca şeirinin qabar tutmuş qafyəsindən azad olub. Şairə, Faiqə ən çox mane olan heca şeirinin qafiyə sindromudur. Belə də demək olar, qafiyə Faiqə mane olur. Onun əksər şeirlərində qafiyə sarıdan əzab çəkdiyini bilirəm. Nə yaxşı qafiyə tapa bilir, nə də köhnə qafiyələrdən əl çəkir. Demək, çıxış yolu qafiyə axtarmaq da deyil, təzə fikir, təzə mətn tap, "zəng elə ünvana düz düş", yenilik öz qafiyəsini özü gətirəcək. Şair qafiyə gəzməməlidir, mətnin ünvanına düz gedib onun qapısını döyməlidir.

Yuxarıdakı iki misra Faiqin bütün şeirlərinin baş cümləsi və epiqrafı kimi məni sevindirdi. Şair ovucu qaranlıq dərəyə bənzədib və onun içində əl gəzməsiylə yeni bir orijinal manifest sərgiləyir.

Ürəklə deyirəm və sevinirəm ki, dostum Faiq milyon il əvvəl unutduğu bu şeiri olduğu kimi xatırlaya bilib. İndi aşağıdakı şeirinə baxaq:

Sən şeir yazdığın ulduzlu səma,

Damından su daman daxmadı mənə.

İki tərəf var bu şeirdə; biri ulduzlu səmaya şeir yazıb tərifləyən, biri də, o ulduzlu səmanın onun evinin daman tavanı olduğunu deyən. Mətn də yerindədir, qafiyə də. 

Məncə, Faiq gözəl xatırlayır və gələcəkdə ən gözəllərini xatırlaya biləcək. Uğur olsun!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!