Nəriman Nərimanovun Azərbaycan ədəbiyyatı tarixindəki xidmətlərini obyektiv qiymətləndirən monoqrafiya - Buludxan Xəlilov yazır

 

XX əsr ən mürəkkəb və ziddiyyətli bir əsrdir. Bu əsrdəki hadisələrdən, ictimai-siyasi məsələlərdən, tarixi şəxsiyyətlərdən, görkəmli ədiblərdən yazmaq o qədər də asan deyildir. XX əsrə aid olan nə varsa, onun heç birinə birmənalı münasibət olmamış, mövcud ciddi fikirlər ciddi mövqeləri ortalığa çıxarmışdır. Ona görə də XX əsrdəki hadisələrə düzgün qiymət vermək üçün bir sıra prinsiplərə sadiq olmaq ən başlıca amillərdən biridir. Bundan başqa, faktlara obyektiv və səmimiyyətlə yanaşmaq, vulqar-sosioloji ənənəni sındırmaq, ədalət prinsipini qorumaq, mədəniyyətə hörmətlə yanaşmaq tədqiqatçı üçün nəzərə alınmalı vacib şərtlərdir. Bu mənada filologiya elmləri doktoru, professor Teymur Əhmədov "Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi yaradıcılığı)" adlı monoqrafiyasında (Bakı "Nurlar" Nəşriyyat - Poliqrafiya Mərkəzi, 2010, 552 səh.) görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun Azərbaycan maarifçi realist ədəbiyyatın və milli teatrın yaranması və inkişafında xidmətləri, eləcə də aktyorların sənət məktəbi olan səhnə əsərlərinin Zaqafqaziyada, Krımda, Tatarıstanda və Orta Asiyada tamaşaya qoyulması ilk dəfə tarixi sənədlər, arxiv materialları əsasında araşdırılmışdır. Monoqrafiya Nəriman Nərimanov irsi ilə maraqlanan oxucular, müəllimlər, tələbələr və tədqiqatçılar üçün dəyərli mənbədir.

Professor Teymur Əhmədov Nəriman Nərimanovun həyat və yaradıcılığını dərindən öyrənmiş və tədqiq etmiş tədqiqatçıların fəaliyyətini qədirbilənliklə qiymətləndirmiş, onların hər birinin əsərlərini ədəbiyyatşünas alim kimi təhlil etmişdir. Nəticədə professor Teymur Əhmədovun ədalətli, obyektiv ədəbiyyatşünas mövqeyi, fikir və mülahizələri, eləcə də polemikaları orijinal və inandırıcı olmuşdur. Bununla da, o Nərimanovşunaslığın yaradıcısı və bu məktəbin ən görkəmli nümayəndəsi kimi öz möhürünü vurmuşdur.

Professor Teymur Əhmədov Nəriman Nərimanovun həyat və yaradıcılığını tədqiq etmiş ədəbiyyatşünas alimlərdən professor Mikayıl Rəfilinin, professor Cəfər Xəndanın, professor Əli Sultanlının, akademik Məmməd Arifin, akademik Mirzə İbrahimovun, professor Mir Cəlalın, sənətşünas professor Cəfər Cəfərovun, akademik Kamal Talıbzadənin, professor Abbas Zamanovun, pedaqoqlardan professor Əliyar Qarabağlının, professor Hüseyn Əhmədovun, filosoflardan Firidun Köçərlinin, Aslan Aslanovun və digərlərinin əsərlərini, məqalələrini diqqətdən yayındırmır, onların araşdırmalarını zəngin mənbələr sırasından hesab edərək obyektin bütün dərinliklərini üzə çıxarmağa çalışır, məqsəd və istəyinə nail olur.

Monoqrafiyada Nəriman Nərimanovun bədii yaradıcılığının tədqiqi tarixinə diqqət yetirilir, bu məsələnin elmi şərhi, araşdırılması müəllifin diqqət mərkəzində dayanır. Müəllif "Nəriman Nərimanovun bədii yaradıcılığının tədqiqi tarixi" adlı I fəsildə XIX əsrin sornlarında Azərbaycan dramaturgiyasının yeni inkişaf mərhələsinə qədəm qoymasını ölkənin siyasi-ictimai və iqtisadi həyatında baş verən dəyişikliklərlə əlaqələndirir.

Teymur Əhmədov "Nəriman Nərimanovun bədii yaradıcılığının tədqiqi tarixini" araşdırarkən görkəmli ədəbiyyatşünasların bu sahədəki xidmətlərini bir-bir saf çürük edir, ümumiləşdirmələr aparır, nəticədə oxucuya zəngin məlumatlar çatdırır. Nəriman Nərimanovun ilk tədqiqatçısı kimi Firidunbəy Köçərlinin "Azərbaycan komediyaları" (1895), "Azərbaycan ədəbiyyatı" (1903) əsərlərinin səciyyəvi xüsusiyyətini xarakterizə edir. Belə bir nəticəyə gəlir ki, Firudinbəy Köçərli Azərbaycan ədəbiyyatı tarixində N.Nərimanovun mövqeyini duzgün müəyyənləşdirmiş, XIX əsrin sonlarını Azərbaycan ədəbiyyatının ən məhsuldar dövrü kimi adlandırmış, M.F.Axundovdan sonra N.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, S.S.Axundov, Ə.Adıgözəlov və digər yazıçıların yetişdiyini göstərmişdir.

Teymur Əhmədov qeyd edir ki, N.Nərimanovun ədəbi irsinin marksist ədəbiyyatşünaslığı nöqteyi-nəzərindən öyrənilməsi Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra başlanmışdır. N.Nərimanovun "Nadanlıq", "Şamdan bəy", "Nadir şah", "Bahadır və Sona" əsərləri 20-30-cu illərin ədəbi tənqidində özünə geniş yer almışdır. Mustafa Quliyev, Hənəfi Zeynallı, Həbibulla Səmədzadə, Əziz Şərif, Mir Cəlal və başqaları N.Nərimanovun ədəbi irsi barədə elmi məqalələr yazmışdır. Bu məqalələr N.Nərimanovun əsərlərinin Azərbaycanın ictimai həyatını öyrənməklə dəyərli olduğunu üzə çıxarmaqda əhəmiyyətli rol oynamışdır.

Teymur Əhmədov M.Quliyevin "...N.Nərimanov ədəbiyyatda məşhur türk (Azərbaycan - T.Ə.) dramaturqu M.F.Axundovun başçılıq etdiyi realist istiqamətə yaxınlaşan görkəmli xalq nümayəndəsi kimi çıxış etmişdir. N.Nərimanovun əsərləri Oktyabr inqilabından xeyli əvvəl yazılmış və türk kütlələri arasında 1905-ci ildə başlanmış milli azadlıq və demokratik hərəkatı əks etdirmişdir" fikrini qeyri-elmi bir nəticə hesab edir. Bundan başqa, M.Quliyevin N.Nərimanov yaradıcılığının əsas ideya məzmununu düzgün qiymətləndirə bilməməsini qeyd edir.

Teymur Əhmədov Əziz Şərifin N.Nərimanov barədə söylədiyi fikirləri daha konkret və obyektiv qiymətləndirmə hesab edir. Belə ki, Əziz Şərif N.Nərimanovu M.F.Axundov ənənələrinin davamçısı, "istedadlı və müşahidəçi realist-məişət yazıçısı" adlandırır.

Teymur Əhmədov tənqidçi Əmin Abidin, prof. B.Çobanzadənin, S.Ağamalıoğlunun, Mir Cəlalın və digərlərinin N.Nərimanovun bədii yaradıcılığı haqqında yazdıqlarının hər birini qruplaşdırır, onların fikirlərinə yaradıcı şəkildə yanaşır, razılaşmadığı məqamları cəsarətli alim mövqeyi ilə tənqid edir. Hətta xarici ölkə tədqiqatçılarının N.Nərimanovun bədii yaradıcılığı barədə yazdıqlarını diqqət mərkəzində saxlayır, onlara münasibətdə də yaradıcı və obyektiv mövqeyini ortalığa qoyur. Bu mənada N.Nərimanovun bədii əsərlərindən bəhs edən, yeri gəldikcə tənqidi mülahizələr söyləyən A.Lunaçarskinin, P.Sibirtsevin, S.Qorodetskinin, P.Pavloviçin, S.Veltmanın, İ.Borozdinin və digərlərinin elmi məqalələrini də tədqiqata cəlb olunur. Nəticədə Teymur Əhmədov belə bir qənaətə gəlir: "Xarici ölkə tədqiqatçıları N.Nərimanovun yaradıcılığına bəzən birtərəfli, qeyri-obyektiv yanaşmış, çox hallarda ötəri məlumatla kifayətlənmişlər. Lakin hər halda bu faktın özü sübut edir ki, yazıçının həyatı və ədəbi fəaliyyəti ümumdünya miqyasında da ədəbiyyatşünaslığın nəzərini cəlb etmişdir".

Monoqrafiyanın II fəsli "Nəriman Nərimanovun həyatı, mühiti, ictimai-siyasi fəaliyyəti (1870-1918)" adlanır. Burada N.Nərimanovun 1870-ci il aprel ayının 14-də Tiflis şəhərində yoxsul ailədə doğulması, 1879-cu ildə Tiflisdəki Qafqaz şeyxülislamın nəzarəti altında olan altısinifli ruhani məktəbə daxil olması, 1885-ci ildə bu məktəbi bitirməsi, 1885-ci ildə Qori müəllimlər seminariyasının ibtidai hazırlıq kursuna, 1886-cı il may ayının 21-də isə tatar şöbəsinin yuxarı hazırlıq kursuna dəyişdirilməsi barədə ətraflı məlumat verilir.

1890-cı il sentyabr ayının 1-dən Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kənd ibtidai məktəbində müəllimlik fəaliyyətinə başlayan N.Nərimanov avam kəndli kütlələrinin gözünün açılmasında əlindən gələni əsirgəməmişdir.

Monoqrafiyanın II fəslində N.Nərimanovun Bakıda yeni açılmış gimnaziyada 1891-ci il oktyabr ayının 1-dən dərs deməsi, 1896-cı ildə Bakı realnı məktəbində sinif mürəbbilərinin ştatlı köməkçisi vəzifəsinə təyin olunması, 1896-cı ildə Bakı kişi gimnaziyasında eyni vəzifəyə dəyişdirilməsi, 1899-cu il iyun ayının 13-dən avqust ayının 20-dək imperator III Aleksandr adına Bakı kişi gimnaziyası yanında müfəttişlik vəzifəsini yerinə yetirməsi və 1900-1901-ci illərdə gimnaziyanın bütün işlərinin onun öhdəsinə düşməsi məsələləri faktlar və qaynaqlar əsasında öz təsdiqini tapır.

Teymur Əhmədov N.Nərimanovun pedaqoji fəaliyyətindən əlavə, 1891-1900-cu illərdə "Nadanlıq", "Dilin bəlası", "Bahadır və Sona", "Nadir şah" əsərlərini yazdığını, N.V.Qoqolun "Müfəttiş"ini tərcümə etdiyini, dərsliklər hazırladığını ("Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi"), ruslara Azərbaycan dilini öyrətmək üçün "Samouçitel tatarskoqo yazıka dlya russkix" kitabını çap etdirdiyini milli mədəniyyətə sadiq, açıq fikirli, vətənpərvər bir insanın fəaliyyəti kimi qiymətləndirir.

Monoqrafiyanın "Maarifçi realist ədəbiyyat tarixində yeni mərhələ" adlı III fəsli N.Nərimanovun dramaturgiyasının və nəsr əsərlərinin araşdırılmasına həsr olunub.

Teymur Əhmədov N.Nərimanovun məfkurəsinə, dünyagörüşünə olduğu kimi yanaşır, ona heç bir bəzək vermir, don geyindirmir. Bu zaman müəllif ictimai-siyasi vəziyyəti, hadisələri o dövrün gözü ilə görməyə çalışır. Bu mənada N.Nərimanovun mövqeyinə kölgə salmadan, müasir dövrün düşüncəsi ilə yazıçıya hücum etmədən həqiqəti olduğu kimi yazır: "XIX əsrin 90-cı illərində cəmiyyətin bədəməl, riyakar Şamdan bəylərindən topsuz, tüfəngsiz, ittifaq və ittihad yolu ilə xilas olmağı düzgün hesab edən N.Nərimanov sonralar bütün məzlum xalqları faciələr törədən kapital aləminin zülmündən xilas etmək üçün inqilabi mübarizəni düzgün yol sayırdı". Bunun səbəbi bir tərəfdən yazıçının məfkurəvi inkişafı, dünyagörüşü ilə əlaqədardırsa, o biri tərəfdən də Azərbaycan xalqının ümumi siyasi-ictimai vəziyyəti, mədəni tərəqqisi, hadisələrə münasibəti ilə sıx bağlı idi".

Teymur Əhmədov fəsildə ilk dəfə olaraq "Bahadır və Sona" faciəsi avtoqrafının ilk və son nüsxəsi arasındakı fərqləri də üzə çıxarır. O yazır ki, Respublika Əlyazmalar Fondunda "Bahadır və Sona" faciəsinin saxlanan avtoqrafının sonunda "21 sentyabr 1915-ci il" sözləri yazılmışdır. Deməli, həmin avtoqraf faciənin ilk nüsxəsidir. Odur ki, yazıçı həmin əlyazma üzərində ciddi yaradıcılıq "əməliyyatı" aparması, müəyyən dəyişikliklərin olunması, əsəri yenidən əsaslı surətdə işləməsi inandırıcı görünür. Teymur Əhmədov belə hesab edir ki, N.Nərimanov "Bahadır və Sona" faciəsinə təxminən 20 il sonra yenidən qayıdır və bununla da öz yaradıcılığına tələbkarlıqla yanaşır. Bu baxımdan Teymur Əhmədov "Bahadır və Sona" faciəsinin hər iki avtoqrafının nüsxə fərqlərini gözdən keçirir. Apardığı müqayisələr, topladığı faktlar əsasında bir çox suallara cavab tapır. O yazır: "Bahadır və Sona" faciəsi ilk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulmuşdur. Maraqlı burasıdır ki, necə olmuş ki, çar senzurası qabaqcıl ideyalarla zəngin olan bu əsərin tamaşasına mane olmamışdır? Bu dövrdə hökumət orqanları inqilabçı kimi tanıdığı N.Nərimanovu ciddi nəzarət altında saxlayırdı. "Bahadır və Sona" pyesi əlyazmasının son variantının titul səhifəsində olan qeydlər bunun səbəbini tam aydınlaşdırmağa imkan verir. Müəllif burada yazmışdı: "Bahadır və Sona" - kiçik roman (səhnə üçün). Müəllif doktor Nəriman Nərimanov".

Teymur Əhmədov belə hesab edir ki, "kiçik roman" sözü təsadüfən yazılmamış, hələ 1896-cı ildə "Bahadır və Sona" romanının nəşrinə icazə verən senzorun bütün bəhanələrini kəsmək üçün bunu etmişdir. O davam edərək yazır: "Ona görə də Qafqaz senzura komitəsi 1915-ci il dekabr ayının 18-də "Bahadır və Sona" pyesinin Azərbaycan dilində tamaşaya qoyulmasına mane olmadığını bildirir. Qafqaz canişininin mətbuat işlərinə baxan baş idarəsi bu göstərişə əsasən 1915-ci il dekabr ayının 26-da "Bahadır və Sona" faciəsinin Zaqafqaziyada tamaşaya qoyulmasına icazə verir".

Teymur Əhmədov əlyazmalar arasında dəyişikliyi epizodların dilində də üzə çıxarır, son nüsxədə Bahadırın fikirlərinin daha təsirli verilməsini, onun monoloqunda və bəzi replikalarda düzəlişlərinin aparlımasını, son nüsxədə Bahadırla Sonanın dialoqunda, remarkada müəyyən dəyişikliklərin aparılmasını və s. məsələləri bədii faktlar əsasında araşdırır.

Monoqrafiyanın III fəslində ilk tarixi faciə olan "Nadir şah" əsərinə də xüsusi diqqət yetirilir. Bu faciənin ilk nəşrləri arasındakı nüsxə fərqləri araşdırılır. Belə ki, "Nadir şah" əsəri birinci dəfə 1899-cu ildə Bakıda, ikinci nəşri isə təxminən on beş il sonra dərc edilmişdir. Odur ki, Teymur Əhmədov bir-birindən ciddi surətdə fərqli olan həmin nəşrləri müqayisəyə cəlb etmiş, bu da N.Nərimanovun dramaturgiya sahəsindəki fəaliyyətini hərtərəfli öyrənmək üçün böyük elmi əhəmiyyətə malikdir.

Monoqrafiyanın IV fəsli "Nəriman Nərimanov və teatr mədəniyyəti" adlanır. Müəllif burada N.Nərimanovun milli teatrın inkişafında göstərdiyi xidmətləri təhlil və tədqiq süzgəcindən keçirir. N.Nərimanovun klassik Azərbaycan və rus yazıçılarının səhnə əsərlərinin formalaşmasında rejissor və aktyor kimi fəaliyyət göstərməsini, digər tərəfdən kütlələrin mədəni tərəqqisi naminə fəaliyyətini yüksək qiymətləndirir. Hətta 1916-cı il mayın 22-də "Müsəlman dram cəmiyyəti"nin təşkilindən N.Nərimanovun xəbərsiz olmadığını da qeyd edir. Bundan başqa, "Azərbaycan Aktyorlar İttifaqı"nın qabaqcıl dramaturqların pyesini tamaşaya qoyması, o cümlədən N.Nərimanovun "Nadir şah" tarixi faciəsinin, "Şamdan bəy" komediyasının İttifaqın repertuarında əsas yer tutmasını demokratik qüvvələrin qələbəsi kimi sayır. "Azərbaycan Aktyorlar İttifaqı"nın fəaliyyətinə "Hümmət" qəzetinin böyük maraq və tələbkarlıqla yanaşması təqdir edilir, düzgün istiqamət kimi qiymətləndirilir. N.Nərimanovun "Tənqid və təbliğ" teatrının kollektivilə sıx əlaqə saxlaması, kütlələlrin mənəviyyatının, dünyagörüşünün formalaşmasına müsbət təsir bağışlayan teatr repertuarının seçilməsi işinə yaxından köməklik göstərməsi mənbələr və faktlar əsasında dəyərli məlumatlar kimi oxucuya çatdırılır.

Teymur Əhmədov qeyd edir ki, N.Nərimanovun pyesləri, ilk dram əsərləri XIX əsrin axırlarından səhnəyə çıxmış, teatrın repertuarında uzun müddət möhkəm yer tutumuş, təkcə Zaqafqaziyada deyil, Krımda, Volqaboyunda, Orta Asiya ölkələrində, İranda Azərbaycan aktyorları tərəfindən dəfələrlə tamaşaya qoyulmuşdur. O yazır: "N.Nərimanovun "Nadanlıq", "Şamdan bəy", "Nadir şah", "Bahadır və Sona" pyesləri, eyni zamanda onun teatr sənətinə dair fikirləri Azərbaycan milli teatrının realist istiqamətdə inkişafına müəyyən təsir göstərmişdir. Onun dramaturgiyası bir sıra görkəmli Azərbaycan, rus və tatar aktyorları üçün, əsl təcrübə məktəbi olmuşdur". Təsadüfi deyil ki, 1925-ci ildə N.Nərimanovun ədəbi, maarif və ictimai-siyasi fəaliyyətinin 30 illiyi yubileyinə təbrik məktubunda Həştərxanın azərbaycanlı-tatar ziyalıları qeyd edirdilər ki, siz (yəni N.Nərimanov) bir xalq tərbiyəçisi, pedaqoq və ictimai xadim kimi geridə qalan türk-tatar fəhlə və kəndlisinin maariflənməsi üçün böyük, xeyirxah işlər görmüsünüz.

Monoqrafiyanın V fəsli "Nəriman Nərimanovun ədəbi-nəzəri görüşləri" adlanır. Teymur Əhmədov bu fəsildə N.Nərimanovun ədəbiyyat, sənət və mətbuat barədə, daha doğrusu, onların ictimai-tərbiyəvi əhəmiyyəti barədə gördüyü xidməti əsas götürərək belə bir nəticəyə gəlir ki, N.Nərimanov bədii yaradıcılığında olduğu kimi, estetik, nəzəri görüşlərində də realizm və xəlqilik prinsipinə əsaslanmışdır.

Monoqrafiyanın "Nəriman Nərimanovun publisistikası: maarifçilikdən inqilabi-demokratizmə doğru" adlanan VI fəslində Nəriman Nərimanovun XIX əsrin 90-cı illərindən bədii yaradıcılıq, realist ədəbiyyatın nəzəri problemləri, estetika, ədəbi tənqidlə yanaşı, publisistika ilə də məşğul olduğu araşdırılır. Teymur Əhmədova görə, N.Nərimanovun publisistik yazıları əsasən 1905-ci ildən sonrakı dövrə aiddir. Tədqiqatçının fikrincə, Nəriman Nərimanovun publisist və satirik felyetonları sinfi mübarizələr dövrü Azərbaycanın mürəkkəb, ziddiyyətli ictimai həyatının aynası idi. N.Nərimanov publisist yazılarını "Bührani-tərəqqi", "Tərcüman", "Həyat", "İrşad" qəzetlərində çap etdirmişdir. Onun publisistikasında 1913-1916-cı illərdə yeni bir mərhələ başlamış, elmi-kütləvi məqalələri ilə yanaşı, ədəbi-tənqidi və ictimai-siyasi publisist əsərlərini "İqbal", "Bəsirət", "Açıq söz", "Yeni iqbal" qəzetlərində dərc etdirmişdir.

Monoqrafiyada çox dərin və ədalətli ümumiləşmiş nəticələr vardır.

1. Nəriman Nərimanov XIX əsrin axırları XX əsrin əvvəllərində yaradıb-yaratmış, Azərbaycan ictimai fikir tarixində görkəmli yer tutan sənətkardır.

2. N.Nərimanov yeni realist-demokratik ədəbiyyatın inkişafında və onun qabaqcıl ideyalarla zənginləşməsində misilsiz xidmətlər göstərmişdir.

3. N.Nərimanov bir yazıçı kimi XIX əsr Azərbaycan ictimai, fəlsəfi, bədii fikir tarixində bağlanan maarifçilik hərəkatının başçısı, mütəfəkkir yazıçı M.F.Axundovun yaratdığı ədəbi məktəbə mənsub olmuşdur.

4. N.Nərimanovun yaradıcılığından dönə-dönə bəhs edilsə də, Teymur Əhmədov uzun illərdən bəri topladığı zəngin arxiv sənədləri, dövri mətbuat materialları əsasında özündən əvvəlki qiymətli fikir və mülahizələri daha da inkişaf etdirmişdir. Eyni zamanda N.Nərimanovun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyini obyektiv qiymətləndirməyə çalışmışdır.

5. Müasir dövrdə, müstəqillik illərində N.Nərimanovun həyatı, ictimai-siyasi fəaliyyəti, ədəbi-bədii və publisistik yaradıcılığı haqqında monoqrafiya yazılması müasirliyin tələbi kimi aktualdır.

6. N.Nərimanovun fəaliyyətinin miqyasını dolğun təsəvvür etmək üçün onun maarif, ədəbiyyat, teatr, mətbuat, elm, səhiyyə və s. sahəsində gördüyü işlər monoqrafiyada ədalətli şəkildə özünə yer almışdır.

7. Monoqrafiyada N.Nərimanovun məfkurəvi təkamül yolunun dinamikası izlənilmişdir. Onun ədəbi, ictimai-siyasi və inqilabi mübarizəsinin ayrı-ayrı mərhələlərinin (XIX əsrin 90-cı illərindən 1905-ci il inqilabı ərəfəsinədək; 1905-1917-ci illər; fevral burjua demokratik inqilabından sonrakı dövr) səciyyəvi xüsusiyyətləri müəyyən edilmişdir.

8. N.Nərimanov müasirlərindən fərqli olaraq öz pyesləri ilə milli dramaturgiyanı yeni, orijinal keyfiyyətlərlə zənginləşdirmişdir. Məsələn, "Şamdan bəy" pyesində ailə-məişət fonunda mülkədar-burjua aləminin eybəcərliklərini ifşa edir, "Nadir şah" tarixi faciəsi ilə Şərq xalqlarının siyasi-ictimai və mədəni inkişafında monarxiya hakimiyyətinin buxova çevrildiyini cəsarətlə açıb göstərir.

9. "Nadir Şah" əsəri ilə N.Nərimanov Azərbaycan ədəbiyyatına tarixi faciə janrının banisi kimi, dramaturq və teatr xadimi kimi xidmətlərinə görə milli dramaturgiyanın ilk yaradıcılığından biri kimi daxil olur. Bundan başqa, N.Nərimanov "Bahadır və Sona", "Pir", "Bir kəndin sərgüzəşti" əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixinə maarifçi realist nəsrin yaradıcılarından biri kimi daxil olması monoqrafiyada əsaslı şəkildə təsbit olunur.

10. N.Nərimanov çap etdirdiyi felyeton və məqalələrində günün ən vacib məsələlərinə - maarif, mədəniyyət, mətbuat və xeyriyyə cəmiyyətləri məsələlərinə toxunur, geriliyə, fanatizmə toxunur, geriliyə, fanatizmə və avamlığa qarşı kəskin mübarizə aparır.

11. N.Nərimanovun ədəbi-tənqidi, elmi-kütləvi və publisist əsərləri onun ictimai-siyasi və inqilabi fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Odur ki, onun zəngin irsi Azərbaycanda siyasi publisistikanın təşəkkülü və inkişafı tarixində N.Nərimanovun mövqeyini müəyyən etməyə imkan verir.

Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun "Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı)" adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni bir töhfədir. Teymur Əhmədovun zəngin təcrübəsi, geniş dünyagörüşü, N.Nərimanovla bağlı dərin biliyi əsas verir onu deyək ki, o, çox dəyərli, əvəzsiz və qiymətli bir monoqrafiyanı ərsəyə gətirmiş, çap etdirmişdir.

15.05.2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!