Taleyini Mussolini ilə bağlayan Filippo Tommazo Marinetti Avropada futuralist ədəbi cərəyanının banilərindən biri oldu. Onun fransız dilində yazdığı "Futurizmin birinci manifesti" 1909-cu il fevralın 20-də "Fiqaro" qəzetində dərc edilmişdir. Marinettinin fransız dilində yazdığı "Futurist Mafarka" romanı 1910-cu ildə nəşr edilir və elə həmin il italiyan dilinə tərcümə olunur. Bu yeganə futurist roman idi ki, o dövr yazıçılarının təəccübünə rəğmən siyasət aləminin diqqətini cəlb etmiş oldu. Çünki bu romanda İtaliya futurizm cərəyanının siyasi proqramı öz əksini dəqiqliklə tapmışdı.
1912-ci ildə "Futurist şairlər" adlı antologiya çapdan çıxır. Kitab Marinettinin "Futurist ədəbiyyatın texniki manifesti" başlığı ilə yazdığı ön sözlə açılırdı. Bu yazıda o, futurizmin formal yeniliklərini nəzəri cəhətdən əsaslandırmağa çalışırdı.
Söz yaradıcılığı sahəsində futuristlər adekvat ifadə kimi manifesti ədəbi janr olaraq qəbul edirlər. Onların fikrincə manifestin proqram məzmunu hamının qəbul edə biləcəyi davranış tərzinin yaranışıyla dünyanı qlobal şəkildə dəyişmək ideyasından ("futurist həyatı") ibarət olduğu üçün əhəmiyyətli və gərəklidir.
Futurizm- janr etibarı ilə ənənəvi formaya qarşı çıxan avanqardçıların ən yüksək ideyası olaraq qəbul edildi. Futurizm manifestinin mahiyyətini əks etdirən fikirlər praktiki olaraq tövsiyə xarakterli olsa da, XX əsr ədəbi mühitinin müxtəlif sahələrinə bu və ya digər dərəcədə öz təsirini göstərmək, digər janrları öz daxilində əritmək, assimilyasiyaya uğratmaq gücündə idi.
Mən təyyarəni hərəkətə gətirən benzinin çəlləyi üstündə əyləşmişdim. Bu dəm aviatorun başı mənim qarnıma söykəndi və vücudum istilənməyə başladı. Necə oldusa, ağlıma belə bir fikir gəldi: hələ Homer dövründən üzü bəri bizim imtina etdiyimiz yazıq, köməksiz, köhnə sintaksislə nə etməli... Məndə dəli bir istək yarandı ki, içərisinə o dövrün ifadələri yığılan qəfəsin ağzını açım və köhnə latın sözlərini hara gəldi tullayım. Hər gicbəsər sözlər kimi bu ifadələrin də nə zamansa möhkəm başı, qarnı, ayaqları və iki pəncəsi olub. Vaxtı ilə o da gəzə bilib, hətta qaçıb da, amma neçə əsrdir dalana dirənərək lal kimi donub dayanıb. Özü də bilir ki, heç vaxt onun qanadları olmayacaq.
Bütün bunları mənə iki yüz metr yüksəklikdə uçanda təyyarənin pərləri vızıldayırdı. Aşağıda Milanın boruları tüstüləyir, qulağımın dibində təyyarənin pəri isə hələ də vızıldayırdı:
1. Sintaksisi məhv etmək lazımdır, isimləri isə ağlına necə gəldi, hara istəyirsən qoy.
2. Fel məsdər formada olmalıdır.
Qoy o isimə yaxşıca uyğunlaşsın və bu zaman isim yazıçı "Mən"indən, müşahidəçi və ya arzulayıcı "Mən"dən asılı olmayacaq. Müəllif yalnız felin məsdər formasında həyatın fasiləsiz olduğunu dərk etmək, onun incəliklərini duymaq imkanına malikdir.
3. Sifətdən imtina etmək lazımdır.
Bu zaman isim öz gözəlliyini bütün çılpaqlığı ilə göstərmək imkanında olacaq. Sifət isimə əlavə kölgə salır. Bu isə bizim qavrama qabiliyyətimizin dinamikasına ziddir, onu ləngidir, fikirləşməyə məcbur edir.
4. Zərf və ləhcələri ədəbiyyatdan tamamilə yığışdırmaq lazımdır.
Bu paslanmış tilov sözləri bir-birinə calayır. Bunun nəticəsində cümlə zəhlətökən monoton tərzdə səslənir.
5. Hər bir ismin oxşarı olmalıdır.
Həmin isimlər təbiət etibarı ilə bir-birinə bağlanmalıdır. Onlar heç bir köməkçi sözdən istifadə etmədən birləşməlidir. Məsələn: kişi - bomba, qadın - körfəz, kütlə - dalğa, yer - qıf, qapı - lülək.
Hava uçuşlarının sürəti sayəsində analogiya üzrə bizim qavrama vərdişlərimiz adi hal alacaqdır. Sürət bizim üçün həyat haqqında yeni biliklər açmışdır. Odur ki, köhnə, paslanmış vərdişlərdən yaxa qurtarmaq zamanıdır. Bundan əlavə, əşya və şüurda yaranan ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə qovuşaraq bir sözlə vahid obraz yaradır.
6. Durğu işarələri daha lazım deyil.
Sifət, zərf və köməkçi sözlərdən imtina edildikdən sonra, axıcı üslub öz-özünə yaranacaq, lazımsız pauzalara, nöqtə və vergüllərə ehtiyac qalmayacaq. İstiqaməti göstərmək və ya nəyisə ayırmaq üçün riyaziyyat simvollarından (-_ + = < > / * : % &) və not işarələrindən istifadə etmək olar.
7. Yazıçılar bilavasitə təsəvvürdən istifadə etməyi xoşlayırlar. Onlar heyvanı insanla və ya digər canlılarla müqayisə edirlər, bu, demək olar ki, fotoqrafiyadır. Məsələn, bəziləri ov itini kiçikboylu at cinsi ilə, digəri bir qədər cəsarət göstərib arasıkəsilmədən zingildəyən küçüyü morz əlifbasını döyəcləyən aparatla müqayisə edir. Mən isə həmin ov itini burulğan çayla müqayisə edirəm. Bütün bunlar təsəvvür səviyyəsinin müxtəlif əhatə genişliyinə dəlalət edir. Təsəvvürün səviyyəsi nə qədər geniş olarsa, bənzərlik özünü bir o qədər çox göstərər. Axı, bənzərlik tamamilə müxtəlif, bir birindən uzaq, hətta bir-birinə zidd olan birgə güclü cazibənin yaranmasından ibarətdir. Yeni ifadə üsulu ən geniş təsəvvürlərin əsasında yaranacaqdır. O, həyatın bütün rənglərini özündə əks etdirir. Bu üsul çoxsəsli, rəngarəng, dəyişkən, lakin olduqca ahəngdar səslənəcəkdir.
Mənim "Tripoli ətrafında döyüş" əsərimdə belə səhnə var; orada süngülərin göründüyü səngəri orkestrin yerləşdiyi çuxura, topu isə bədbəxtlik gətirən qadına bənzədirəm. Beləliklə, intuisiyalı təsəvvürün sayəsi ilə Afrika vuruşunun kiçik səhnəsində həyatın bütü sahələrini əhatə etməyə çalışmışam.
Volter yazır ki, obrazlar - gül buketidir. O gülləri olduqca ehtiyatla dərmək gərəkdir, özü də bir-birinin ardınca dərmək olmaz. Bu qətiyyən düzgün deyil. Obrazlar poeziyanın bədəni və qanıdır. Bütün poeziya yeni obrazların nəhayətsiz çələngindən ibarətdir. Onlarsız poeziya solğun və cansızdır. Miqyaslı obrazlar təsəvvürləri uzun müddət heyran edir. Deyirlər ki, yazıçının oxucu emosiyasına yazığı gəlməlidir. Ah-ah! Bəlkə, biz başqa məsələyə qayğı ilə yanaşmalıyıq? Axı, ən parlaq obrazlar belə zaman-zaman yaddaşlardan silinir. Hələ bu harasıdır. Vaxt keçdikcə onlar təsəvvürlərə getdikcə az təsir göstərir. Məgər Bethoven və Vaqner bizim uzun sürən heyranlığımızdan darıxmadılarmı? Odur ki, biz dilimizi, eləcə də ədəbiyyatımızı nimdaş obrazlardan, əzgin metaforalardan xilas etməliyik. Yeniləşməliyik. Bu hər şey deməkdir.
8. Müxtəlif kateqoriyalı obrazlar olmur, onların hamısı eynidir. Təsəvvürü yüksək və alçaq, zərif və kobud və ya qondarma və təbii hissələrə bölmək olmaz. Biz obrazı intuisiyamızla qəbul edirik. Bizdə əvvəlcədən hazırlanmış fikir olmur. Yalnız yüksək obrazlı dil həyatın rəngarəngliyini və onun gərgin ritmini əhatə edə bilər.
9. Hərəkəti təsəvvürlərin zəncirvari bütövlüyü ilə ötürmək gərəkdir. Hər bir təsəvvür dəqiq və qısa formada bir sözlə ifadə edilməlidir. Zəncirvari təsəvvürlə bağlı çox da cəsarətli olmayan və köhnə sintaksislə buxovlanmış bir misal. "Xanım top! Siz füsunkar və təkrarsızsız! Amma siz qəzəbli olanda daha da cazibədar görünürsüz. Sizi naməlum qüvvələr əhatə edir, səbirsizlikdən boğulursuz və öz gözəlliyinizlə qorxudursuz. Sonra ölümün qucağına atılırsız, sakitləşdirici zərbə, yaxud qələbə! Sizə mənim söylədiyim mədhiyyələr, komplementlər xoş gəlir? Onda, seçin, mən sizin xidmətinizdəyəm, xanım! Siz alovlu natiqə bənzəyirsiz. Sizin coşqun və ehtiraslı nitqiniz ürəkləri fəth edir. Siz poladı diyirlədib dəmiri kəsirsiz, lakin bu hələ kifayət deyil. Hətta, sizin yandırıcı nəvazişiniz altında general ulduzları əriyir və siz rəhmsizcəsinə onları dəmir qırıntılarına çevirirsiz". ("Tripoli ətrafında döyüş").
Lazım gələndə, bir neçə obrazı güclü pulemyot güllələri kimi bir-birinin ardınca oxucunun düşüncəsinə boşaltmaq lazımdır. Ən fırlanan və ələkeçməz obrazları sıx toxunmuş torla tutmaq mümkündür. Obrazlar qalın tora ilişərək həyatın dumanlı girdabına atılır. "Futuristin tələsi" əsərimdən misal gətirirəm. Bu köhnə sintaksislə bərkidilmiş həqiqi obrazların ilişib qaldığı qalın tordur. "Onun kövrək, gənc səsi səslərdən hörülmüş qalın divarı cingiltiylə deşərək, məsum uşaq səslərinə qarışdı. Məktəbin həyətindən qopan bu cingiltili əks-səda yuxarıdan dənizin ənginliklərinə baxan ağsaçlı müəllimi həyəcanlandırdı...".
10. Obrazları nizamsız və dağınıq surətdə hörmək lazımdır. Hər hansı sistem hiyləgər nəzəriyyəçilərin uydurmasıdır.
11. Ədəbiyyat müəllif "mən"indən tamamilə və qətiyyətlə azad edilməlidir. Yəni oxucu psixologiyasından silinməlidir.
Lazımsız kitabxanaların, tay bağlanmış muzeylərin korladığı insanlar artıq heç bir maraq kəsb etmir. Onlar darıxdırıcı "xeyirxahların" və çirkli bədii məntiqin əsiridirlər. Buna görə də onları ədəbiyyatdan kənarlaşdırmaq lazımdır. Onun yerinə cansız materiya qəbul edilməlidir. Fizika və kimya heç vaxt onun qəlbini açıb anlaya bilməz, lakin yazıçı özünün bütün intuisiyası ilə bunu bacarmalıdır. Yazıçı müstəqil əşyanın xarici görkəmini öyrənməklə insan xarakterinə oxşarlığı tapmalı və onu təsvir etməlidir. Artıq insan psixologiyası dibinə qədər sorulub. İndi onu cansız materiyanın lirik vəziyyəti əvəzləməlidir. Lakin, diqqət! Onu insan hisslərinin ayağına yazmayın. Sizin vəzifəniz zaman sürətinin gücünü hiss etmək, onu göstərmək və proseslərin genişliyini əks etdirməkdir. Siz elektron qasırğasının və molekulların güclü təkanının yaradacağı inqilabi dəyişiklikləri göstərməlisiniz. Futurist yazıçı üçün mexaniki pianinonun dillərindən qopan səsdən maraqlı mövzu ola bilməz. O nəhayətsiz gücə malikdir. Perspektivi olmayan yalançı və zəhlətökən sevgi macəralarından qətiyyətlə uzaqlaşın. Biz birgə səyimizlə düşüncələri tikanlı məftillərlə əhatələnən, mühitin peyin üfunətindən boğulan təfəkkür sahiblərini xilas edəcəyik. Mənim futurist yazıçılar üçün yazdığım ilk manifest kimi, indi yazdığım texniki manifest də yeni ədəbiyyatın lokomotivinə çevriləcəyinə əminəm. Mən sizi insan ağlına deyil, yazıçı intuisiyasına inanmağa çağırıram. İnsanın beyni dəmir motorların yanında rəzil və köməksiz görünən müvəqqəti varlıqdır. Yer üzündə bütün canlılar materiyadan asılıdır. Yer üzündə insanın hakimiyyəti sona çatdı. Texnika əsri başlayır. Fırıldaqçı nəzəriyyəçilərin fiziki düsturları və kimyəvi reaksiyaları quraşdırmaqdan savayı özgə nə yarada bilərdilər? Biz isə əvvəlcə materiyanın quruluşu və texnikanın xarakteri ilə tanış olmalıyıq, sonra onunla dostluq etməliyik. Mexaniki insanın zühur etməsinə hazırlaşmalıyıq. Biz insanı ağıllı məntiqin son məqsədinə çatmasına, ölüm haqqında cəfəng düşüncələrdən azad olmasına çalışmalıyıq.
Tərcümə etdi:
Zakir ABBAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!