Məzahir Hüseynzadənin şeirləri haqqında
Özünün və Sözünün əcdadı olan kişilər var.
Əcdadımız təkcə ulu babalarımız, dədələrimiz deyil ki!
Əcdadımız doğulduğumuz torpaqdır, oduna, közünə sığındığımız ocaqdır!
Mərdə tası,
Doldur ver, mərdə tası!
Mərd oğul hardan olar,
Olmasa mərd atası?!
(Olmasa mərd eli-obası, mərd yurdu-yuvası?!).
Bir sözlə, Özünün əcdadı olanın Sözünün də əcdadı olur!
Şəmkirli (qazaxlı, qarabağlı, gəncəli, təbrizli, dərbəndli, kərküklü!) şair Məzahir Hüseynzadə kimi!
Məzahir Hüseynzadə qüdrətli şairdir. Niyə? Cavab birmənalıdır. Bir şeirində yazdığı kimi, uğuruna anası çıxıb.
Məzahir niyə düz oğlu düzdür? Şəmkirin "Düz Söyünlü ocağı"na mənsub olduğu üçün!
Eldə təhrif olunmuş bir misal var: "Düz düzdə qalar".
Yalan deyirlər!
Bu misalın ilk variantı dədələrimizin dediyinə görə belə olub: "Düz düz də qalar!".
Məzahir kimi!
"Düz Söyünlü ocağı" kimi!
O təhrif olunmuş misalı əliəyrilər (ruhu əyrilər) düzlüyün nə olduğunu bilməyib o günə (o kökə) salıblar ki, öz iyrənc "boy-buxunlarına" uyğun gəlsin.
Hərdən Məzahirə də elə gəlir ki, düzlük deyilən şey yoxdur, yoxa çıxıb. Hərdən ona elə gəlir ki, unudublar onu (elə düzlüyü də!).
Halbuki, bir vaxtlar sədası çox uzaqlardan, yaradıcı gənclərin ümumittifaq müşavirələrindən gəlirdi.
Adamlar, əslində, indi çox şeyləri unudublar.
Hətta Sözü də!
***
Dış Oğuzda (Güney Azərbaycanda) Şəhriyar bir kostyumu əlacsızlıq üzündən 22 il geyinməyə məcbur olmuşdu. Amma bu nimdaş paltarın içində dünyanın ən təzə-tər şeirlərini (əsərlərini!) yazmışdı.
İç Oğuzda (Quzey Azərbaycanda) yaşayan şair Məzahir Hüseynzadə də öz nimdaş paltarıyla utanmaqdan, xəcalət çəkməkdən daha çox, qürur duymuşdu. Ona görə ki, o da heç vaxt nimdaş şeirlər yazmırdı! Ona görə ki...
Paltarım şuxluğu itirmişdi ki,
Şümal gözəllərə könül verməyim!
- demək haqqı olsun! Kökündən (kökümüzdən) uzaq düşməsin!
***
M.Hüseynzadədən soruşublar:
- Ən çox nəyə üstünlük verirsən?
- İntellektual şeirə! - deyib.
Və həqiqətən də intellektual şeirlər yazıb və yazır.
***
"Məni axtaranda tapmağa nə var, Dərdimin dalında daldalanmışam" deyən şair bəzən şairlikdən əl çəkmək istəyib. Aylı gecələrin birində qapılarındakı gülün yanına qaçıb, hönkürüb, and içib ki, bir də şeir yazmayacam!
Amma şeirlə vidalaşa bilmişdimi və vidalaşa bilərdimi? Əhməd Cavadın həmyerlisi, milli və üsyankar ruhlu bir şair? Axı o da təkcə yaradıcılığı yox, mənəviyyatı və yaşantısı da bir məktəb olan ustadlardan dərs almışdı. Hələ də "ölməyəcəm, ölsəm də, ölüm, canın sağ olsun" eşqiylə yazıb yaratmaqdadır.
Ömrünün 70-ni yenicə adlayıb.
O bu yaşında da özünü uşaq (gənc) sayır, ata şapalağına ehtiyac duyur. Prezident Heydər Əliyev 1997-ci ilin yanvarında Bəxtiyar Vahabzadəyə xəstəxanada baş çəkəndə "Xalq qəzeti"ndə Xalq şairinin çox ibrətamiz bir fikri də yer almışdı. "Cənab Prezident, indi cavan şairlərimiz yetişir. Dünən "Ata şapalağı" adlı şeir oxudum. O nə gözəl yazır. Atası rəhmətə gedib. Şair deyir ki, mənim ata şapalağına ehtiyacım var. Deyir ki, qalx, mənə bir şapalaq vur, mən bu dünyanı dərk edə bilmirəm, bəlkə şapalağın məni ayıltdı".
Həmin şeir belə qurtarırdı:
Ehtiyacım yoxdu usta sözlərə,
Ata şilləsinə ehtiyacım var.
Bu misraları oxuduqca yadıma aşıqların danışdığı bir əhvalat düşdü.
Aşıq Şenliyin cavan vaxtlarıymış. Deyiblər ki, böyük aşıq olmaq istəyirsənmi?
"Niyə istəmirəm!" - deyib.
- Onda məşhur türk aşığı İzani var, onun yanına get, ondan ustad dərsi al.
Gedib.
İzani 40 gün bunu çilə (imtahan) edib.
Hansı havanı çal deyibsə, çalıb, hansı dastanı danış deyibsə, danışıb. Aşıqlıqla bağlı hansı sınaq varsa, sınayıb. 40 gündən sonra bunun ağzının üstünə bir tərs şillə - ustad şapalağı çəkib.
Şenlik dinməyəndə ustad izah edib:
- Bu şapalağı ona görə vurdum ki, sən ki aşıqlığa aid nə tələb olunursa, bilirsənmiş, bə mənim yanıma nəyə gəlirmişsən?
Şenlik gülümsəyib cavab verir:
- Bax, bu ustad şapalağını dadmaq üçün!
Allah, ustada bax!
Allah, şəyirdə bax!
Ustad şapalağı, sən demə, adamı adam edirmiş, müdrikləşdirirmiş.
Ustad şapalağı adama bir universitetin, akademiyanın vermədiyi dərsi verirmiş!
Elə ata şapalağı da!
Əslində, bu misalların hər ikisi şapalaqdan çox, Azərbaycan kişisinin qüruru, kişiliyi, kişilik sənədi - vizit kartı haqqındadır.
Məzahirin şeirləri də həmin vizit kartını xatırladır. Sərtdir! Amma çox kürəkləri yerə vurur, milli mənliyimizin kürəyini yerə dəyməyə qoymur!
Aşağıdakı sözləri də demək üçün gərək Məzahir Hüseynzadə olasan. Təkcə şair ömrü deyil, həm də gərək kişi ömrü yaşaya biləsən!
"Həyatda böyük qazancım şeirlərim deyil, şəmkirliliyim və bu adı yaşada bilməyim olub".
Bu yerdə Cek Londonun bir fikri yada düşür: "Hər bir amerikalı qələm sahibi sənətkar olmazdan əvvəl amerikalı olduğunu unutmamalıdır".
Məzahir üçün də Şəmkirdə doğulması yox, şəmkirliliyi əsasdır!
Onun birinci düşməni kosmopolitlərdir, yaltaqlardır, qorxaqlardır, bir sözlə, kimliyi və mənliyi məlum olmayanlardır. Yer üzündə qorxu və qorxaqlar olmasın deyə, o, ölməyə də hazırdır. "Bir gün ölləm, əgər bilsəm, qorxaqlıq mənimlə ölər" qənaətinin qətiliyi bununla bağlıdır.
İgid olmaq, mərd olmaq üçün, torpaq, Vətən uğrunda fədakar mübariz olmaq üçün qarışqalardan ibrət götürək, deyir şair:
Tapınıb torpağa, dönüb orduya,
Torpağı vermədi qarışqalarım.
... Bir dəfə bir atlı qarışqanı öz yuvasının ağzından götürüb özümlə bir az aralı yerə gətirdim. Sonra buraxdım ki, görüm hatərəfə gedəcək. Öz yuvasına doğru yol aldı, inanırsınızmı?!
Bu, doğma yurdu atanlara, unudanlara bir ibrət dərsi olsun gərək!
Şairin bu misraları da çoxumuza ibrət olmalıdır:
Tap çayırlar örtən yolu,
Yığşırılır Vətən yolu!
...Yüklən qardaş, mərd yükünü,
Qılıncın qeyrət yükünü!
Bu misraları "Azadlığı istəmirəm qram, qram!" - deyə hayqıran Lefortovo məhbusu X.R.Ulutürkə müraciətlə "mən qarqara azadlığı istəmirəm!" şeirini yazan, "Şeytan qız" kitabının qonorarını Milli Müdafiə Fonduna köçürmüş bir fədai şair yaza bilərdi.
"Venası doğranmış qollar kimidir,
Sahibsiz yəhərin üzəngiləri!"
...Tanrını tanımır Tanrıtanımaz,
Qıratın nalları düşmən yoğurur.
Şairin "Uvertüra" şeirindən misal gətirdiyim bu parçaları oxuduqca gözümüz önündə mərd, mübariz bir şair - sənətkar obrazı canlanır.
Bu obraz bütövdür, ona görə də Vətənin də, torpağın da bütöv olmasını istəyir.
"Sərhəd boyu"ndan boylanıb hirsindən, acığından dişini dişinə sıxıb təəssüf edir ki, hələ də:
O taya uzanan cığırlar ilə
Çayırlar yeriyir adam yerinə!
Bu da əsl şair sözüdür.
Əsl şair kimdir?
Öz idimi olan şair!
Dünyanın (eləcə də sözün, sənətin, şeiriyyətin!) idimini itməyə qoymur.
Məhz belələrinin sayəsində Nizami demişkən, Yer hələ "dəli" olmur, öz oxundan çıxmır və çıxmayacaq da!
Qələm də hələ öz işindədir.
O da öz idimini tamam itirməyib və itirməyəcək də!
Çünki Məzahirin də sağ əlindədir!
Və Məzahirin haqqı var ki, desin:
Sağ əlim dünyadır,
tutduğum qələm
Əyilməz oxudur Yer kürəsinin!
Bu şair hər şeyin şəklini şairdən çox rəssam kimi çəkir:
Qızıl medalyondur payız yarpağı,
İçində baharın şəklini gördüm.
... Bu gün ədəbi aləmə diqqətlə, insafla nəzər salsaq baxıb görərik ki, "Üç-dörd şair Vətən deyib çağlayır".
Bu üç-dörd şairdən biri Məzahir Hüseynzadədir.
Hər vaxt olduğu kimi bu gün də şairlik qəhrəmanlığa bərabərdir. Döyüşə, cəngə girməkdir!
Şair qardaşım doğru deyir:
Üzbəsurət cəngə girmək
Gədə-güdə işi deyil!
Hərdən Məzahir Hüseynzadəyə elə gəlir ki, şair olmaqla çox şey qazanmaqdansa, bəlkə də çox şey itirib.
Əbəs yerə belə fikirləşir.
Bir gün məşhur yazıçılardan biri bu cür düşüncələr içində bərk-bərk sıxılırdı, bu yandan da bir mərdimazar, çox şeyi varda-dövlətdə görən, axmağın biri qırsaqqız olub yapışmışdı yaxasından:
- Sənə demədimmi belə olma! Kişilik, insanlıq, mərdlik, onun-bunun dərdi-azarı sənəmi qalmışdı? Bu qədər yaxşılıqlar etdin, əvəzində nə qaldı sənə? Özünü ona-buna paylamaqdan bezmədin ki bezmədin. Özünə nə qaldı, hə?
Həmin yazıçı ötkəmcəsinə öz fikrini belə açıqladı:
- Özümə deyirsən ki, heç nə qalmadı? Qaldı, niyə ki? Mənə mən qaldım!
Şair Məzahir Hüseynzadə də bu gün həmin hissləri yaşayır...
Gözəl şair kimi!
Gözəl ziyalı kimi!
İçi şəmkirliliklə dolu bir insan kimi!
Gözəl tarix müəllimi kimi!
Gözəl övladlar yetirmiş ailə başçısı kimi!
Hər adam, hər kişi, hər şair "mənə mən qaldım!" deyə bilməz.
Məzahirin atası yaxşı saz çalarmış. O da nəyi varsa paylayarmış, insanlara, dağlara, daşlara, otlara, quşlara... Vətənə, torpağa, elə-obaya!
Ancaq bir şərtlə: Sonda özünə özünü də (öz mənini də!) saxlamaq şərtiylə!
Bunu M.Hüseynzadə atasına üz tutaraq daha poetik şəkildə əbədiləşdirib:
Neçə ömrə paylamısan,
Sən bir sazını... sazını.
İndi Məzahirin özü özünə deməyin vaxtıdır: "Neçə ömrə paylamısan, Sən bir sözünü... sözünü!" Yaxud sən bir özünü... özünü!
Və öz surətini, öz obrazını da (öz heykəlini - söz heykəlini də) özün yaratmısan.
Özünə qalan Özünlə!
Sənə qalan Sənlə!
Kimsə qılıncıyla silər tərini,
Kiminsə qılınctək sıyrılar səsi!
"Kiminsə" niyə deyirsən, ayə, a kişi?
Həmin kimsə sən özün deyilsənmi?!
Güzgü tapmasan, sözünə bax, güzgülən!
P.S. "Bir kimsənin sadəcə türk doğulması kafi deyildir. Türk kimi düşünməsi, türk kimi yaşaması da lazımdır". Bunu Yəhya Kamal deyib.
Məzahir Hüseynzadə təkcə Şəmkirdə doğulmuş şair deyildir. Şəmkirli düşüncəsini (şəmkirli türkün yaşam tərzini) özündə yaşadan bir şairdir. Bunu da mən deyirəm: Barat Vüsal.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!