Bura, bu səhifələr ədəbiyyat oylağıdır. Mən də istər-istəməz burda Mir Sədinin ədəbi kişiliyindən, ədəbi tutqusundan, sevdasından danışmalıyam.
O şeirlərinin birində "Biz göylərdən gəlirik, yerlər nədir?-bilmərəm" - deyə yazır. Olsun ki, bu yanaşma yeni yanaşma deyil. Amma yaradılışa və həqiqət bidiklərimizə bu istiqamətdə yanaşma, hər adamın nəfəsində min rəng açır, min cür pardaqlanma təzahür etdirir. Yetər ki, yönünü düzgün təyin edə biləsən. Məncə, bugünkü ədəbiyyatımızın çəkdiyi zillət, əziyyət, sıxıntı poetik düşüncə və sənə əmanət verilmiş ruhu bilərəkdən, ya bilməyərəkdən azdırmağından irəli gəlir. Bu toplum göylərdən gəldiyini bildiyi sürəcə, onun varlıq əndişəsi olmayacaq. Bu ümmət gəldiyi yerin göy, yerlərin göylər olduğuna iman gətirdikcə, dilinin cümlə quruluşundan, şerinin misralarından bu əxlaq leysan kimi tökdükcə, həmişə böyük xeyirin yanında olacağına inanıram.
* * *
Onun şeirləri təsəvvürümdə həmişə əlimi qızdırmaq bəhanəsiylə uzatdığım bir ocaq şəklində canlanır. Bu canlanma istənilən şerini oxuyarkən, istənilən misrasıyla, sətrləriylə, bəndiylə və deyək ki mətnləriylə ilk təmasda qeyri-ixtiyari baş tutur. Bu, zərif və dumduru alov dilləriylə havanın müəyyən qatına qədər yüksələn və ən əsası mənim əllərimin uzalı şəkildəki istilik uman tamahının sonu bəlli olmayan nağılıdır desəm, folklora o qədər də aludə olmayın. Bəlkə də mənim əllərimin "yazıyla təmas nağılı" onun şeirlərində gizlənib.
İllərdir Mir Sədi şeirlərində tənhalıq yaşayan, təklikdən özünə qəsr qurmuş halın canlı bir soyuq külçəsi kimi də varlığımı oyalayır. Hətta bayaq dediyim o yuxarıdakı şeirlərinin təəssüratından oluşan o ocağın nədən istisindən daha çox soyuğu, sərinliyi məni özünə çəkir, valeh edir. Bu o oddur, ocaqdır, alovdur ki, Allah Qurani-Kərimdə "Biz, "Ey atəş! İbrahimə qarşı sərin və qoruyucu ol!" - dedik" istəyilə bəlkə ilahi qaynaqda poetik təəssürat olaraq ONA yönəliş instinktidir.
Hətta, inanın, mən o soyuğun, süd bəyazı rəngini də gözlərimin qənşərindən silə, uzaqlaşdıra, çəkindirə bilmirəm. Beləcə bir dost şerindəki poetik ovqata köklənən bir hal hansı oyunlarla sözlərin, misraların çevrəsində, başında, gözəlliyində fəsillər yaradır. Mən bu fəsillərdə Mir Sədinin şeirlərinin gerçək poetik fəlsəfəsini, bu fəlsəfənin necə zamana dönüşdüyünün fərqinə varmaqdan çəkinmirəm. Niyə desəniz, cavabım bu ki, mənim də bu poetik ovqatdakı zaman anlayışına ehtiyacım hədsiz olaraq duyulmaqdadır. Həm də o zamandan danışıram ki, biz, taleyin yazısı olaraq qəbullandığım bir dönəmin yer həyatımızdakı üz-üzə gəlmə təzahürləriyik.
O şairlik iddiasında olmayan birisidir. Sadəcə olaraq, varlığının altını üstünə gətirən sevgi səltənətində bu sözlərin, misraların yoxdan necə var olduğuna izah vermək, səbəb aramaq, elə bir məntiq tələb etmir.
* * *
Mir Sədi Mirlər Zəngəzurun ən sevimli kişilərindən biridir. Onun babası Mir Sədi Ağa da sovet dönəmində öz inancı və əqidəsi uğrunda mücadilə vermiş, illərlə Sibir çöllərində sürgün görmüş mənəvi böyüyümüzdür. Bu böyüklük bu gün də davam edir.
Mir Sədinin mənsub olduğu şəcərəsi, keçmişi, dünəni, əsli-zatı tarix boyunca müxtəlif ölkələrdə, ərazilərdə şərə qarşı mübarizə aparmış, mücadilə vermiş bir şəcərədir. Bu şəcərə boyunca silsilə təşkil edən ruhlar, mənəvi böyüklər öz xeyirxah nurunu, Məhəmmədin nurunu yerləşdikləri bölgələrdə bir dəm də əskik etməmiş, yeri gələndə açıq, yeri gələndə gizli müdaxilələrini Şeytana, Şərə, İblisə qarşı sürdürməkdə davam etdirmişdirlər. XIX əsr Azərbaycan təsəvvüf ədəbiyyatının, Osmanlı ədəbiyyatının nəhəng təriqət şairi, nəqşibəndi təriqətinin şeyxi Mir Həmzə Seyid Nigarinin sahib olduğu poetik ruhaniyyət istiqanlılğını bu günün poetik dilində və ab-havasında davam etdirən Mirsədi Mirlərə sayğı duyanların, yaradıcılığına və şəxsiyyətinə sevgi bəsləyənlərin saysız-hesabsız olduqlarını yaxşı bilirəm.
* * *
Bu şeirlər Mir Sədinin bəlkə də bu dünyanın gedişatında özünü sakitləşdirmək cəhdlərinin bir qırıntısı, bir qığılcımıdır. Mənə "Sərin və qoruyucu od" təəssüratı bağışlayan bu şeirlərlə həssas oxucu münasibətinin əlaqələri, əlbəttə, (poetik nümunələrin yandırmaq üçün deyil, qorumaq kimi estetik missiyasının), Mir Sədinin soylu kimliyindən qaynaqlanır. Çünki dəyərli tədqiqatçı, ədəbiyyatşünas alim Aybəniz Kəngərlinin də yazdığı kimi "o, şairlik istedadını da övliya babalarından irs almışdır...". Aybəniz Kəngərli sonra da qeyd edir ki, Mir Sədi ağanın həm xalq şeri üslubunda, həm də klassik üslubda yazdığı şeirləri bu gün təsəvvüf ədəbiyyatımızın dəyərli nümunələri kimi ətraflı tədqiqini gözləyir...".
Bütün bu poetik ovqatlar əslində mayasını bir qaynaqdan alıb gəlir. Təəssüf ki, Mir Sədinin həm əvvəllər yazdığı, həm də yeni qələmə aldığı təsəvvüf ruhlu şeirləri əlimə keçmədi. Sağlıq olsun, zamanı gəldiyində, o şeirlərlə də tanışlıq imkanlarımız olacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!