...M.F.Axundzadə Azərbaycan və dünya ədəbiyyatında elə bir nadir statuslu simadır ki, onunla bağlı ən kiçicik bir məsələnin qaranlıq qalması və ya mübahisələrə səbəb olması yolverilməzdir. Belə məsələlərdən biri böyük ədibin soyadı ilə bağlıdır.
Böyük ədibin soyadı özünün sağlığından tutmuş bu günə qədər ən müxtəlif mənbələrdə gah «Axundov», gah da «Axundzadə» kimi yazılıb və təəssüfləndirici haldır ki, bu, indiki günlərimizdə də davam etməkdədir. Hesab edirik ki, bu lüzumsuz və çox zaman problem yaradan paralelliyə birdəfəlik son qoyulmalıdır. Bəs əslində böyük ədibin soyadı necə yazılmalıdır? Rəsmi sənədlərdə onun soyadı öz əksini hansı şəkildə tapıb? M.F.Axundzadənin özü hansı soyaddan istifadə edib? Bu suallara irəlidə cavab verəcəyik. Amma bəribaşdan qeyd edək ki, həmin suallar obyektiv və subyektiv səbəblərdən müxtəlif cavablar doğurur ki, bütün ziddiyyətlər də məhz oradan qaynaqlanmaqdadır… Digər tərəfdən, böyük ədibin soyadındakı paralelliyin kökündə mənbənin, mətnin, yaxud sənədin məhz hansı dildə olması faktorunun da dayandığını vurğulamalıyıq.
Eyni mətnin dilindən asılı olaraq «Axundov» və «Axundzadə» variantları. Qeyd edək ki, A.S.Puşkinin ölümü münasibətilə böyük ədibin yazdığı məşhur qəsidədən («A.S.Puşkinin ölümünə Şərq poeması» - əsər A.Berje tərəfindən bu cür adlandırılıb və bu vaxta qədər də ənənəvi olaraq belə işlədilir - Ş.Ş.) tutmuş rus dilində çap edilən bütün əsərlərində onun soyadı olduqca cüzi istisnalarla məhz «Axundov» şəklində verilib. Məsələn, onun 1853-cü ildə Tiflisdə Qafqaz canişininin mətbəəsində beş dram əsərindən ibarət rus dilində çap edilən ilk kitabında - «Komedii Mirza Fet-Ali Axundova» - müəllif kimi soyadı «Axundov» yazılıb. Yaxud böyük ədibin Tiflisdə rus dilində nəşr olunan «Kavkaz» qəzetinin 1851, 1853 və 1856-cı il tarixli müxtəlif saylarında çap edilən dram əsərlərində müəllifin soyadı «Axundov» şəklində göstərilib. «Kavkaz»da, eləcə də Tiflisdə və Rusiyada nəşr olunan rusdilli mətbuat orqanlarında M.F.Axundzadənin digər bədii və elmi əsərləri oxuculara «Axundov» soyadı ilə təqdim edilib. Bu qəbildən olan onlarla nümunə göstərməyi lüzumsuz sayırıq və elə buradaca vurğulayırıq ki, istər «Şərq poeması» kimi məşhurlaşan qəsidənin, istərsə də komediyalarının əlyazmalarında müəllif özünün soyadını «Axundzadə» kimi göstərib. 1837-ci ildə ilk dəfə «Moskovskiy nablyudatel» məcmuəsində çap edilən qəsidənin farsca orijinalındakı ithaf sözü də bunu təsdiqləməkdədir: «Məşhur və böyük rus şairi Puşkinin vəfatının təziyəsi münasibətilə Mirzə Fətəli Axundzadənin 25 yaşında yazdığı matəm qəsidəsidir». Yeri gəlmişkən qeyd edək ki, görkəmli ədəbiyyatşünas Şıxəli Qurbanov bunu əsərin M.F.Axundzadə tərəfindən verilmiş əsl adı hesab edir. Biz isə bunun sadəcə ithaf sözləri olduğu qənaətindəyik.
Böyük ədibin soyadının hər iki şəklinin hətta yanaşı işləndiyinin də şahidiyik. Burada da ifadə dili əsas götürülüb. 1859-cu ildə Qafqaz canişininin mətbəəsində Azərbaycan dilində işıq üzü görmüş kitabının titul vərəqində azərbaycanca «Təmsilat kaputan Mirzə Fətəli Axundzadə», onun altında isə rusca «Komedii i povest Kapitana Mirzı-Fet-Ali-Axundova» yazılıb.
Azərbaycan dilində olan mənbələrdə «Axundzadə» və «Axundov» variantları. XX əsrin əvvəllərindən həmin yüzilliyin 20-30-cu illərinə qədər kitablarında və müxtəlif mətbuat orqanlarında böyük ədiblə bağlı materiallarda onun soyadı (cüzi istisnalarla) «Axundzadə» kimi göstərilib. Sovet hakimiyyətinin ilk illərində böyük ədibin bir-birinin dalınca çap edilən əsərləri bunu təsdiqləyir. 1924-cü ildə S.Ağamalıoğlunun təşəbbüsü və ön sözü ilə Yeni Türk Əlifbası Komitəsi tərəfindən ayrıca həm ərəb, həm də latın qrafikaları ilə ilk dəfə çap edilən «Kəmalüddövlə məktubları» fəlsəfi traktatında, eləcə də 1926-cı ildə «Bakı işçisi» nəşriyyatında latın qrafikalı əlifba ilə ardıcıl olaraq yenə ayrıca kitabçalar şəklində işıq üzü görən «Aldanmış kəvakib» povesti və beş dram əsərində müəllifin soyadı «Axundzadə» kimi göstərilib. Maraqlıdır ki, 1925-ci ildə «Müsyö Jordan və Məstəli şah» adı ilə çap edilən 28 səhifəlik kitabçada müəllif «Axundov» kimi təqdim olunub.
XX əsrin 30-cu illərindən sonra M.F.Axundzadənin kitablarında müəllif kimi, habelə onun barəsində yazılan müxtəlif səpkili materiallarda soyadının əsasən «Axundov» şəklində verildiyini görürük. Sonrakı illərdə partiya və hökumətin müvafiq qərarları ilə «Axundov»çuluq tendensiyası tamamilə öz yerini bərkidib və bütün dissertasiya, monoqrafiya, dərslik və məqalələrdə «Axundov» soyadı işlədilib. Proses Azərbaycanın müstəqillik əldə etməsinə qədər davam edib. Müstəqilliyin bərpasından sonra biz yenidən soyadın hər iki şəklinin paralel işlədildiyinin şahidi oluruq. Bir müddət sonra orta məktəb dərslikləri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) müvafiq ədəbiyyatlarında «Axundzadə» dövriyyəyə gətirilibsə, istər böyük ədibin külliyyatının çapında, istərsə də onun həyatı və yaradıcılığı ilə bağlı irili-xırdalı materiallarda soyadın hər iki şəklinin paralel şəkildə işlədildiyini görürük və nə qədər ağrılı olsa da, proses davam etməkdədir. Hətta elə nüfuzlu nəşrlər vardır ki, orada sovet dövründən qalmış ənənəyə uyğun olaraq «Axundov» variantı saxlanılıb, yaxud nəşrdə gah «Axundov», gah da «Axundzadə» işlədilib ki, bu paralellik də nəşrin elmi səviyyəsi ilə qətiyyən uzlaşmır.
Böyük ədibin soyadı ilə bağlı ikivariantlılıq əslində təsadüfi deyildir. Bütün türk xalqları kimi, azərbaycanlıların da soyadı ta qədimlərdən mənsub olduqları qövmün, əsil-nəslin adına bağlı olub. Çox-çox sonrakı ictimai-siyasi-tarixi hadisələr isə Azərbaycan antroponimiyasına ciddi təsir göstərib, fars və rus dillərinin təsiri altında «-zadə»lik və «-ov»çuluq tendensiyası yaranıb, illər keçdikcə bu tendensiya xeyli dərəcə ayaq açıb, çar Rusiyası və ardınca sovet hakimiyyəti illərində «-ov»çuluq nəinki qüvvətlənib, hətta qalib gələrək qanuniləşdirilib. Milli antroponimiya sistemi isə rəsmiləşdirilmədən kənarda qaldığı üçün yalnız məişət səviyyəsində işlək olub və bir növ üçüncü plana sıxışdırılıb. Professor Mədət Çobanov «Familiya, təxəllüs» əsərində bu məsələdən bəhs edərkən haqlı olaraq yazır: «Burada rus dilinin təsiri daha güclüdür… Çünki Şimali Azərbaycan 1828-ci ildə rəsmi şəkildə Rusiyanın tərkibinə keçir və həmin dövrdən bütün dövlət idarələrində dəftərxana işləri rus dilində tərtib olunduğu kimi, şəxs adları da rus antroponimiya modelinə uyğun, yəni rus familiyası şəklində yazılmağa başlanmışdır».
Rəsmi sənədlər. Elə həmin siyasi-tarixi prosesin nəticəsidir ki, M.F.Axundzadəyə aid rəsmi sənədlərdə onun soyadı məhz «Axundov» kimi yazılıb. Fikrimizi əsaslandırmaq üçün həmin sənədlərdən bəzilərinə nəzər salaq. Rusiya İmperator Coğrafiya Cəmiyyəti tərəfindən o zaman poruçik rütbəsində olan M.F.Axundzadəyə verilən 16 aprel 1852-ci il tarixli, sədr müavini M.Muravyov və qurumun katibi vəzifəsinin icraçısı V.Milyutin tərəfindən təsdiq edilən şəhadətnamədə (№1550) onun soyadı «Axundov» şəklindədir. Böyük ədib Türkiyəyə səfərə gedərkən ona 26 may 1863-cü ildə verilən pasportda, eləcə də ölümündən sonra - 8 mart 1878-ci ildə tərtib edilmiş «Tam xidməti siyahı»da soyadı rus antroponimiyası qaydasındadır. Böyük ədibə məxsus digər rəsmi sənədlərdə də belədir.
Beləliklə, M.F.Axundzadənin istər müasirləri, istərsə də sonrakı dövrlərin nümayəndələri onun soyadını Şərq ölkələri və Rusiya (yaxud türk, fars və rus dilləri) prizmasından yanaşaraq müvafiq olaraq «Axundzadə» və «Axundov» kimi yazıb, bəzən isə tarixi səciyyə daşıyan yerli ifadə forması saxlanılıb. Avropa məkanında da uzun müddət «Axundzadə» variantı işlək olub, sonralar rus variantının aşkar dominantlığı səbəbindən «Axundov» önə çıxıb.
Azərbaycan, Şərq ölkələri və Avropa mənbələri. Nümunə üçün bəzilərinə müraciət edirik. M.F.Axundzadənin arxivində mühafizə olunan və hicri 1252-ci il cəmayüdil-əvvəlin 25-ci günündə (miladi 1836 - Ş.Ş.) Şəkinin böyük nüfuza malik ruhanilərinin möhürlərilə təsdiq olunmuş bir sənəddə böyük ədib «Molla Fətəli» («Molla» burada «oxumuş», «bilikli adam» mənalarında işlədilib - Ş.Ş.) kimi təqdim olunub ki, bu da soyadın tarixi səciyyə daşıyan yerli ifadə forması kimi dəyərləndirilməlidir.
M.F.Axundzadənin azərbaycanlı müasirləri onun soyadını məhz «Axundzadə» şəklində yazıblar. Məsələn, böyük ədibin dram əsərlərinin üzünü köçürən Tiflis imperator gimnaziyasının müəllimi Molla Abdulla Molla Baba oğlunun qeydlərində bunun şahidiyik: «Hicri 1269-cu ildə həqiqətlərin görkəmli bilicisi, maarifçi, bədii sözün ustası cənab Mirzə Fətəli Axundzadə məni yanına çağırdı və bu «təmsilat»ın üzünü köçürməyi təklif etdi…» Digər azərbaycanlı müasirləri də ona yazılı müraciətlərində «Axundzadə» soyadını işlətdikləri kimi, sonrakı dövrlərdə nüfuzlu mənbələrdə həmin formanı görürük. 1874-cü ildə böyük ədibin özü tərəfindən fars dilində qələmə alınan və 1887-ci ildə «Kəşkül» qəzetində çap olunan tərcümeyi-halında soyadı «Axundzadə» şəklində verilib. Məlum səbəblərdən vətənində artıq «Axundov» kimi təqdim və təbliğ edilən böyük ədib həmin dövrlərdə İran və Türkiyədə məhz «Axundzadə» kimi anılıb. Təfərrüata varmadan yalnız iki nümunə ilə kifayətlənirik. M.Tərbiyət 1935-ci ildə Tehranda çap etdirdiyi «Danişməndani-Azərbaycan», M.Ə.Rəsulzadə isə 1949-cu ildə Ankarada nəşr etdirdiyi «Azerbaycan Kültür Gelenekleri» əsərində onun barəsində «Axundzadə» - deyə bəhs etmişlər…
M.F.Axundzadənin özü soyadı ilə bağlı hansı varianta üstünlük verib? Bu sualın cavabı əslində bizim axtardığımız və əsaslanmalı olduğumuz cavabdır. M.F.Axundzadənin zəngin bədii, elmi və epistolyar irsində həmin suala cavab tapmaq mümkündür. Bunun üçün böyük ədibin M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan arxivinə baxmaq kifayətdir. Mətləbi uzatmadan qeyd edək ki, böyük ədibin özü Azərbaycan və Şərq dillərində olan bütün növ əlyazmalarının, həmin dillərdə azərbaycanlı və şərqli müasirlərinə yazdığı bütün məktubların altında «Axundzadə» imzası qoyub. Beləliklə, milli dramaturgiya, realist bədii nəsr və professional ədəbi tənqidin banisinin soyadının «Axundzadə» şəklində yazılmasını düzgün hesab edirik və mövcud paralellikləri isə arzuolunmaz sayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!