Bilinənlərin bilinməyən üzü - Cavanşir YUSİFLİ yazır

Küçənin kirli topu

hirsli qonşu barısın tələsik aşıb keçər,

bütün ümidlər kimi.

Baxar balaca gözlər dayanıb yazıq-yazıq...

Rauf Ra

Deyəcəksiniz ki, bu nədi, bu elə bizim çoxdan tanıdığımız, nəfəsini bildiyimiz şeirlərin davamıdır, bəli, elədir, zənnimcə, nəyinsə davamı olmaq gözəl bir şeydir, dünyada adına ultra-modern şeir deyilən nəsnələr məhz belə bir keyfiyyətin daşıyıcısı olurlar (nəyisə inkar edərək onun davamına çevrilirlər...), köhnə qəlibdə, az qala insanın nəfəsinin, ürəyinin şəklini daşıyan parçalarsa əsrlər keçdikcə heç cürə təzələnmir, o çərçivədən, o hisslərin qovuşağından bir qarış da olsa aralanmır, bu nədir? Ənənəvi şeir (əgər belə bir anlayışa inanırıqsa-!) ümumiliklə təsdiqlənmiş (guya-!) qəlibin içindədir, yəni qafiyənin hansı məqamda yerinə oturması, sözlərin yığışıb musiqi yaratması belə məqamınca aydındır, burda qaçacaq yer, məkan yoxdur. Modern təfəkkürlü şeir isə məhz yuxarıdakı qəlibi inşa etdikdə "yadımızdan çıxan", amma həmişə bir yerdən ürəyimizi döyəcləyən hisslərin davamı, onların nəfəsinin atmosferə, poetik təfəkkür məkanına çıxmasından başqa bir şey deyildir. Ənənəvi şeir, poeziya heç zaman köhnəlmir, çünki yarandığı an dünyanın bütün saatlarına "dayan" əmri verilmiş, zaman və məkan bir nöqtədə donaraq əbədiyyətə çevrilmişdir. Modern şeir bu donmuş, əbədiyyətə çevrilmiş ana baxıb düşünmək, o qalanı fəth etmək və buna görə də ağlına gələn oyunları dövrəyə qoşmaq anlamına gəlir... Amma bu, oyun deyildir, çox qəliz və mürəkkəb məsələdir...

"...Mən həmişə təşəxxüs və nüfuzunu qurban verməyə, onları lap elə bir ev kimi yandırıb külə döndərməyə hazır olan əlkimyagər səbriylə tam fərqli bir şey aramış, axtarmışam, böyük əməl ocağındakı odu körükləmək üçün...". Vaxtilə Stefan Malarme belə deyib. Şair daha sonra deyir ki, poeziyanın mahiyyəti özünün ilkin ritmini bilan dilin köməyi ilə çoxüzlü, qatmaqarışıq varlığın gizli sirrini ifadə etməkdədir: bununla o, bizim fani həyatımıza həqiqət duyğusunu aşılayır və buna görə də istənilən mənəvi fəaliyyətin idealı elə bununla şərtlənir. Yəni hansısa əşyanı, nəsnəni, hadisəni... ovcunun içinə alıb göstərir, nümayiş etdirirsən, var səsinlə ondan danışır, bir-bir özəlliklərini sayırsan, belədə həmin nəsnə içindəki sirrin yarıdan çoxunu itirir, yaxud daha dərinlərdə gizlədir, ancaq onun yanından keçirmiş kimi işarə etsən aşağıdan, nəhrin girdabından gələn təkanın qarşısıalınmaz gücə çevrilməyinin önünü kəsə bilməzsən...

Raufun bu şeirinə də diqqət edin:

Hər köçən buluda titrəyər sular,

Qəfil Ay işığı qırar su üzün,

Yüksələr Ay şəhərin uca yerindən.

Küçə lampasından gecə

boylanar,

Bağlı pəncərələr heçə boylanar.

Quruyar ağaclar qucaq

yerindən...

Müəllif bu şeirləri yazanda haçan, hansı təsadüfdə qəlbinə dolan yaşantılardan çınqı götürüb, hər halda həmin yaşantılar yanıb külə dönüb ki, belə bir parça alınıb. İndi bu şeirlər haqqında yazanda, mən bilmirəm, səhərdən rastıma çıxan, baxdığım şeylərdən, ən çox sevdiyin adamın gecənin bir aləmində yuxsuna girən mahnı sözlərindən yan keçə bilməyəcəyimi də anlayıram, amma bu yazı yazılanda həmin nəsnələr də yanıb külə dönəcək, artıq içimdən köçmüş kimi hiss elədiyim hisslər hansısa keçiddə ağlıma girəcək, yadıma düşəcək, başqa bir formada, sözsüz ki... Bu nədir? İnsan niyə unudub xatırlamalıdır, yaxud bir şeyi hər gün xatırlayanda, ondan qopa bilməyəndə bir gün, nağılların "biri vardı, biri yoxdu" döngəsində ondan biryolluq xilas olacağını bildiyində artıq canı ağrımayacaq və içindən qırılıb parça-parça olduğunu da bilməyəcəkdi. Bunları düşünəndə adamın içi titrəşir, yaddaşın, hisslərinin, ömür deyilən çadırın daldanacaq yerinə (bu yerin olmadığını bilə-bilə...) keçmək istəyirsən, qüssədən ölməyin gəlir.

Bu mənzərə, bu "poetik landşaft" heç şübhəsiz ki, Raufun minimalist və digər şeirlərindəki vizuallıq effektindən doğur. Ədəbiyyatda, bədii mətnlərdə vizuallıq, belə deyək, oxunu yavaşıdır və bütöv bir şeirə hansısa fraqmentin (kino lentinin) yavaşıdılması effektini aşılayır, böyük, ucsuz-bucaqsız zaman həmin fraqmentin içinə dolub yaşayır. Məlumdur ki, vizuallıq təkcə oxucunun görmə assosiasiyasına köklənən əsas bədii obrazlılıq vasitəsi deyil, o, eyni zamanda bütövlükdə bədii əsərin daxili dünyasının "əşya-görüntü" səviyyəsini şərtləndirir, həm də mənanın üzə çıxma, görünmə, vizuallaşma, yaranma mexanizmini bəlləyir. Başqa sözlə, vizuallıq təsvirin həm predmeti, həm də üsuludur. Görməni, seyri şərtləndirən vizuallıqda əsas olan həm də şeirin, bədii mətnin gizlinlərindən çıxan "başqa bir gözdür", yazarın seyr etdiklərinin (mətni qurana, yazana qədər rastına çıxan əşya, nəsnə, hadisələrin ötürdüyü təsirin damcı-damcı yığılıb dağılması...) onun özündən fərqli bir gözlə verilməsi münasibətin, nizamsız şəkildə qövr edən hisslərin mətnə çevrilməsində mühüm rol oynayır və nəticədə insanın dünyadakı yeri, hisslərin, duyğu və düşüncələrin gerçəklikdə və mətndə kəsişdiyi yerdən açılan mənzərənin oxucunun dünyasına hopması, qərib və qəribə assosiasiyalar doğurması bir anda canlanır. Filmə çevrilir, yavaşıyan kadrlar bir müstəvi üzərində "montaj edilir".

Şeirdə suların hər keçən buluddan titrəməsi (dünyanın harasındasa kiminsə birdən üşüməsi...), Ay işığının suyun üzündəki qırışları yuyub aparması, çevrələri yaradıb da yox etməsi, sonra Ayın şəhərin ən uca yerinə qalxıb indi təsvir edilən mənzərəni "balacalaşdırması" (google.map sayağı), hər şeyin sovrulub, toza dönüb küçə dirəyindən asılan lampaya yığılması, bütün bu nəsnələrin məhz o eynəklərin arxasından gecəyə boylanması, pəncərələrin kip örtülüb qulaq karlığına tutulması və nəhayət, ağacların qucaq yerinin üşüməsi... vizuallığın bənd olduğu yeri daxili, ancaq susqun səsə kökləyir, təsvirin səsə və əksinə keçməsi mənanın trayektoriyasının, mənanı yaradan xətlərin mətnin mərkəzində "doğmasını" şərtləndirir.

İnsan, konkret halda bu şeirin qəhrəmanı çox-çox əşyaların yanından keçir (elə müəllif də, oxucu da-!), sadəcə yanından keçir, amma birdən, həyatının hansı məqamındasa onlardan biriylə üz-üzə, göz-gözə gəlir və birdən... zaman dayanır, insan düşünür ki (yaxud düşünə bilər ki), ölüncə bunu bir daha görməyəcək, həyatda bu mütləqa hər birimizin başına gəlir, sonra unuduruq gedir, ancaq yəqin ki, bizim unutduğumuz şeylə zehnimizdə, təxəyyül və alt şüurumuzda daha dərin şırımlar açılır. Haçansa yanından keçdiyin ağacın qucaq yerindən quruyub qocalması ağlına hardan gələ bilər? Onun yan-yörəsindən azından yüz dəfə keçibsən, yaşıl çağında, payızda lüt-üryan vaxtında, qışda qarla örtülü anında... Sən o yüz dəfənin birində olub ki, onunla göz-gözə dayanıbsan, bu ani məqamın içində taleyin dəyişib, sən ağacdan taleyini aldığını heç hiss etməmisən. İndi o ağacın qucaq yerindən üşüyüb qocalması aləmi qatır bir-birinə, daxili tutqun səsin küyə çevrildiyi an hər şey yaddaşını itirir. Təsvirin "göründüyü", vizuallaşdığı nöqtə ilə səsin daxilə çəkilməsi, başqa sözlə, daxili susqun səsin "batdığı" nöqtə arasında məna savaşı gedir. Əsas olan da budur.

Məsələn,

Buludu küskün göylərin

huşsuz olar yağışı.

Hüzünlü bir carçıya oxşayar

qarışqalar,

yadırğayıb qəflətən çörək

qırıntıların.

Yapışar yaxasından

qarğaların qarğışı,

qəfil tutar küləyi.

Yelləyər əllərini bir əkində üşüyən

cır-cındırlı müqəvva buludların

dalınca.

Üstəgəlli sevgilər

ağacların gövdəsin

edərlər cızıq-cızıq.

Küçənin kirli topu hirsli qonşu

barısın

tələsik aşıb keçər, bütün ümidlər

kimi.

Baxar balaca gözlər

dayanıb yazıq-yazıq.

Oğurluğun paklığı cib dolusu bir

sevinc

bəxş edər yanaqlara,

sığışıb qalar amma bir budaqda

ayağın...

Gözünü birdən qırparsan,

düşünməyərsən daha

səadətin uzağın...

Barışarsan ömürlə,

eyləyərsən heç-heçə.

Yığışarsan büsbütün

bu kəm ömrə gizlicə...

R.İnqardenin yazılarında audiovizual ölçü ifadəsi işlədilir. Bu ifadə əşyaların, onların səs və vizual görünüşünün qavranılması, xəyalda "oynama" / görükmə səviyyəsi kimi təqdim edilir. Bədii ədəbiyyatda bədii zaman və məkanın səs və vizual maddiliyi oxucunu həmin əsəri mənalar cərgəsi, yaxud bu cərgənin dünyaya gətirdiyi məna silsiləsi kimi qavramağa sövq edir. Məsələ təkcə hansısa gedişlərin sonucunda bu və ya digər əşyanın vizual görüntüsünün alınması deyil, həm də həmin əşyaların səsinin eşidilməsidir. Bir məqamda bu görüntüylə o səs tutaşır, gerçəklik şah damarından kəsilir, mahiyyət - mənaların meydana çıxıb bir-birlərini inkar və təsdiq etməsi oyunu baş alıb gedir. Hər şey aydınlığa qovuşduğu an yoxa çıxır, konkret şəkildə cızılan mənzərə, sanki kətanın üzərinə boya dağılıbmış kimi pozulur, qeyri-müəyyənlik qazanır: buludu küskün göylərin huşsuz olar yağışı... Hər şey yaddaşa yığılıb ordaca nəfəsini tapşırır, ölür, qarışqaların hüznlü carçıya bənzəməsi, çörək qırıntılarını unutması, bütün olmayan şeylərin olacaqlar kimi verilməsi məkan görüntüsündə "bulanıqlıq effekti" yaradır, mənanın mətnə çevrilməsi məkanın sınırlarını daraldıb-genişləndirməklə şeirin nüvəsində oynaşan xəyalın getdikcə daha çox affekt bəlirtilərə yol açdığını görürsən. O hüznlü / huşsuz yağışın bir əkində buluda çevrilib üşüyən müqəvvanın dalınca əl yelləməsi, qarğaların qarğışının bu yağışın, bu küləyin... yaxasından yapışması da realla irreal arasındakı sərhəddən adlayır və yox olub gedir. Burada, yəni bədii dünyanın vizual təşkilində qəribə olan nədir? Mətn oxuda fraqmentlərə bölünür (həm də sanki özü-özünü fraqmentlərə bölür), ancaq hər bir fraqment bütöv mətnin mənasını sonadək ifadə edir, növbəti fraqment gəldikdə eyni hadisə təkrarlansa da, bədii mətnin özünü açma, özünü genişləndirmə imkanı üzə çıxır. Bu şeirdə hər bir fraqmentdə vizuallıq effekti yaradılır (...Yelləyər əllərini bir əkində üşüyən cır-cındırlı müqəvva buludların dalınca), ancaq görüntü konkretləşmək yerinə yayğınlaşır, fokusdan uzaqlaşdırılır, yəni bütün əşyalara bir-bir ayrıca və birdən, tam şəkildə işarə edilməsi bədii zaman və məkanın içinə kömülən bütün həqiqətləri gizlədir, yəni bu mətn parçası kotanın əkin yerində ilişdiyi yerə çevrilir... Bu yer bütün sirlərin qapısı, bütün bilinən şeylərin bilinməyən üzüdür...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!