“Unudulmazlar” silsiləsindən - Vaqif Yusifli yazır

Eh... Səyavuş... Səyavuş... Səni unutmaqmı olar?

O mənim dostum idi. Amma hələ dost olmamışdan bir redaksiyada (“Azərbaycan” jurnalında) 10 il bir otaqda sakin olduğumuz çağlardan xeyli əvvəl, altmışıncı illərdən onun şeirlərini oxuyurdum. 1984-cü ildə o, jurnalımıza işə götürüldü (bundan əvvəl “Ulduz” jurnalında çalışmışdı). Moskvada – SSRİ Yazıçılar İttifaqının Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan Ali Ədəbiyyat kurslarında təhsilini başa vurmuşdu. Onun 41 yaşı vardı. Amma bu yaşa qədər Səyavuş Sərxanlı həm həyatda, həm də ədəbi aləmdə böyük bir yol keçmişdi.

O, Şəmkirin Morul kəndində, dəmirçi Əli kişinin ailəsində dünyaya gəlmişdi. Bu Morul kəndi görkəmli şərqşünas Rüstəm Əliyevin, ölməz sənətkar Leyla Bədirbəylinin, Sibirdə neft yataqlarının “Kolumbu” Fərman Salmanovun dünyaya göz açdığı kənd idi.

Ədəbiyyata sevgisi, necə deyərlər, “qara sevda”ya bənzərdi. Hələ orta məktəbdə oxuyarkən “Qırmızı Şamxor” qəzetində şeirləri ilə çıxış edirdi. Orta məktəbi qızıl medalla bitirmişdi. Amma, deyəsən, valideynlərinin təkidilə sənədlərini Tibb İnstitutuna verdi, qəbul da olundu. Cəmi bir il oxudu. Sonralar bunun səbəbini soruşanda dedi ki, bizi tez-tez xəstəxanalara, “praktikaya” aparırdılar. Orda mən ölmüş insanların skeletlərinə baxa bilmirdim və qərara aldım ki, öz xahişimlə institutu tərk edim. Ən böyük arzum bu idi ki, ADU-nun jurnalistika fakültəsinə daxil olum. Amma o zaman qayda beləydi ki, jurnalistika fakültəsinə daxil olmaq üçün gərək iki illik istehsalat stajın ola. Mən də qayıtdım rayona, Yevlax tikinti idarəsində fəhlə, Şəmkirdə, bir məktəbdə çilingər-montyor, pionerlər evində uşaq xorunun dirijoru, mədəniyyət evində dram dərnəyinin rəhbəri “vəzifələrində” çalışdım. Amma şeirdən əl çəkmədim. 1962-ci ildə arzuma çatdım, jurnalistika fakültəsinə daxil oldum.

Amma bir il əvvəl, 1961-ci ildə “Azərbaycan gəncləri” qəzetində Xalq şairi Nəbi Xəzrinin təqdimatı ilə onun “Cığır” və “Səslədi məni” şeirləri çap olundu. Deyirdi ki, rayonda ikən bir neçə şeirimi poçtla Nəbi müəllimin ünvanına yollamışdım. Ədəbiyyatda mənim ilk havadarım Nəbi müəllim oldu.

Beləliklə, Səyavuş Sərxanlı ali məktəbə həm də şair kimi daxil olur və təhsil illərində də şeirləri və publisistik yazıları ilə mətbuatda çıxış edir. Ali məktəbi bitirdikdən sonra “Ulduz” jurnalında işə götürülür, sonra da Moskva... Son iş yeri isə “Azərbaycan” jurnalı olur.

Bəli, öncə dedim ki, on il bir otaqda (o, tərcümə ədəbiyyatına baxırdı – təsadüfi deyildi, o, həm də tərcüməçiydi) çalışmışıq. İnsan kimi çox saf idi, tez-tez birlikdə Ədəbiyyatı Təbliğ Bürosunun xəttilə rayonlara çıxardıq. Hər hansı rayonda onu tanıyır, sevir və qonaq çağırırdılar. Yadımdadır ki, mənim 50 yaşıma görə, Masallıya da getdik, sabiq icra başçısı Teymur Yəhyayev ondan dönə-dönə xahiş edirdi ki, şeirlərini oxusun.

Səyavuş Sərxanlı XX əsr Azərbaycan poeziyasının “altmışıncılar” nəslinə mənsub idi. Onu bir şair kimi səciyyələndirməli olsam, deyərəm ki, S.Sərxanlı şeirimizdə heç kimə bənzəmirdi, sadə, amma dərin mənalı, obrazlı, hamının başa düşdüyü bir tərzdə yazırdı. Elə şeirləri var ki, o mövzuda S.Sərxanlı elə bil, son nöqtəni qoyur. 1962-ci ildə, 17 yaşında qələmə aldığı “Duz-çörək” şeirini onun şah əsərlərindən biri hesab edirəm:

Babalar illərlə odlu ürəklə

Bu nemət yolunda candan keçiblər.

İnsan tanınıbdı duzla-çörəklə,

Ən böyük andı da ona içiblər.

 

Sınayar, tanıdar yüz dostu, yarı,

O, daim ömürlə-günlə qoşadır.

Duz-çörək insanın ürək meyarı,

Duz-çörək insanın məhək daşıdır.

 

Telli sünbüllərin əzizliyini

Şehini bal kimi içəndə gördüm.

Dünyanın ən böyük təmizliyini

Zəmi qırağından keçəndə gördüm.

 

Onun qulluğunda durmaq çətindi,

Ona soyuq ürək daş olmalı, daş.

Yer Günəş başına dolanmır indi,

Duz-çörək başına dolanır qardaş.

 

Bir ulu gözəllik gətirin yada –

Özgə hansı adla gül açar ürək:

İnsan üç dünyadan bezmir dünyada –

Vətən... Ata-ana... Bir də duz-çörək!

 

Yersiz boşalandan, yersiz dolandan

Yerində kövrəklik, sərtlik gözləmə.

Çörəyi dizinin üstə olandan

Kişilik gözləmə,

Mərdlik gözləmə!

Bu yazıda mən onun neçə şeirinin adını çəkərəm ki, o şeirlər indinin özündə də poeziyamızın inciləri sırasındadır. “Ana” şeiri:

Şairlər şeirini qınasın bir az,

Borcludu önündə o saf niyyətin:

Dahilər yerini tanısın bir az –

Anadır dahisi ədəbiyyatın.

“Kənddir” şeiri:

Yağdım çox arzuya, əhdə calandım,

Yollarda-izlərdə oda qalandım.

Çox böyük şəhərlər gəzdim, dolandım,

Gördüm həyatımın mənası kənddir.

Kəndin balaca tut ağacı da,

Mənə dünyamızdan böyük görünür.

Səyavuş deyirdi ki, özümü doğulduğum kənddə rahat hiss edirəm. Yayın ildırımlı yağışına, arının güllərdən bal yalvarışına, gülün iniltisinə, sünbül işığına öyrəşmişəm. Və ildə neçə yol üz tuturam kəndə-kəsəyə. Qarabağ hadisələri başlayanda ən çox həyəcanlanan şairlərdən biri də Səyavuş idi. Hələ altmışıncı illərdə “Mənim Qarabağım” şeirini yazmışdı:

Mənim Qarabağım dözümdü, tabdı,

İnam günəşidi min səhərimin.

Mənim Qarabağım bir daş kitabdı –

Düşübdü başına düşmənlərimin.

Xeyli sayda məhəbbət şeirləri vardı, sevmişdi, sevilmişdi və şeirlərində də yaşanılmış hisslərini qələmə alırdı. Həm də şikayətlənirdi ki, məhəbbət havası get-gedə tükənir:

Məhəbbət havası dəyişib bir az,

Qadası-qovğası dəyişib bir az;

Bir az odu azlıq adamı açmır,

Bir az modabazlıq adamı açmır,

Bir az da kərəmlik yerində deyil,

Bir az da sənəmlik yerində deyil.

Leylilik... adamın gülməyi gəlir,

Məcnunluq... adamın ölməyi gəlir.

Daha göz yaşları çiçəkləmir ki:

Görüşlər modalar sərgisi olub.

S.Sərxanlı Azərbaycan publisistikasında öz izini qoydu. Təfərrüata varmadan onun şair dostu Məmməd Aslandan (ona da rəhmət!) bir sitat gətirim: “Sənin şairliyini bir yana atsaq, alovlu bir publisist kimi sənin buna haqqın var!.. Bunu heç vaxt unutmayaq ki, iyirmi il əvvəl bizim aramızda insanı alıb aparan gözəl publisist yazıları yazan sən idin”.

Səyavuş Sərxanlının qayğıları başından aşsa da, onu xoşbəxt şair, publisist hesab etmişəm. Haqqında çox yazılar yazılıb (Məmməd Rahim, Nəbi Xəzri, Anar, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Məmməd Araz və b.) və hamısı onun poeziyada bənzərsizliyini etiraf edib.

2005-ci ilin yanvar-fevral aylarında amansız bir xəstəlik onu çulğadı. İyulun əvvəllərində isə dünyasını dəyişdi. 15 il keçir bu itkidən. O ki nikbin idi və yazırdı ki:

Elə hey doğulmaq istəyirəm mən

Bir ömrü ömürtək yaşamaq üçün.

Yaşadı da...

Ömür bu qədər qısaydı?

O, Şəkidə doğulmuşdu. Bakıda Neft və Kimya İnstitutunu bitirdi, amma öz ixtisası üzrə işləmədi, çünki ədəbiyyat onun qanına, canına yerimişdi. Əmək fəaliyyətinə jurnalist kimi başladı, Sumqayıt Radio Verilişləri redaksiyasında işlədi. Respublikanın ədəbi aləmində tanındı, 1970-ci ildə “Bu torpaqda doğulanlar” ilk şeirlər kitabı işıq üzü gördü. 1983-cü ildə Bakıdan Sumqayıta gedən mikroavtobusda qəza baş verdi, o qəzada heç kəs ölmədi, bircə ondan başqa. Həmin il oktyabrın 29-da yaşadığı Sumqayıtda dəfn edildi.

O, 70-80-ci illərin populyar şairlərindən idi. Bu populyarlığı həm istedadı, həm də fəallığı, işgüzarlığı ilə qazanmışdı. İstedadlı şair olduğunu ondan yaşlı şairlər də etiraf edirdilər. Bəxtiyar Vahabzadə, Cabir Novruz, Əli Kərim onun şeirləri haqqında ürək sözlərini söyləmiş, onu orijinal şair kimi təqdir etmişdilər. Bəs işgüzarlığı, fəallığı nədə idi? Çalışırdı ki, təkcə Azərbaycan oxucuları deyil, Rusiyada və digər ölkələrdə də onu tanısınlar və bizim poeziyanı layiqincə təmsil etsin. Moskvada bir şeir kitabı çap olunmuşdu. “Oqonyok”da, “Literaturnaya qazeta”da, “Komsomolskaya pravda”da şeirləri dərc edilmişdi. Rusca çıxan şeirlər kitabına görə Ümumittifaq Qorki mükafatına layiq görülmüşdü. Elə yetmişinci illərdə Azərbaycan komsomolu mükafatı laureatı olmuşdu. O, Moskvada və Sofiyada rus və bolqar dillərində çıxan “Drujba” jurnalının redaksiya heyətinin üzvü idi. Yaşadığı Sumqayıtda Əli Kərim adına gənclik poeziya klubu yaratmışdı. 1980-1983-cü illərdə isə Azərbaycan LKGİ MK nəzdində gənc yazarların respublika ədəbi birliyinə rəhbərlik etmişdi. İndi yaşları altmışı keçən şairlərin, ədiblərin cavanlığı onun poeziya klubunda keçmişdi, onlar burada şeirin sirlərini öyrənir, o vaxta qədər üzlərini görmədikləri ustad sənətkarlarla (R.Rza, S.Rüstəm, M.Dilbazi, B.Vahabzadə, N.Xəzri, N.Həsənzadə, M.Araz, H.Arif, Ə.Cəfərzadə, H.Abbaszadə və b.) görüşür, onlara heyranlıqla qulaq asırdılar. Vaqif Bəhmənli, Akif Səməd (Allah rəhmət eləsin!), Aqil Abbas, Ağacəfər Həsənli, Mahirə Abdulla, Kəmalə Abıyeva, Paşa Qəlbinur, Akif Əhmədgil, Allahverdi Məmmədli (Allah rəhmət eləsin!), Ədalət Salman, İslam Sadıq, Məhərrəm Qasımlı, Maşallah Məftun, Məlahət Yusifqızı, Fəxri Müslüm, Tofiq Nurəli, Sədaqət Kərimova, Firudin Qurbansoy, Qiyas Həmid (min rəhmət!) sonralar etiraf edirdilər ki, bu poeziya klubu olmasaydı, biz şair kimi yetişməzdik. Onlardan biri – indi həm göz cərrahı, həm də bir şair kimi şöhrətlənən Paşa Qəlbinur yazır: “Biz səksənincilər onun “şinelindən” çıxmışıq. O bizi bənzərsiz olmağa səsləyirdi, şeirin əlifbasından ta ən incə sirlərinə qədər aşkarlamağa, öyrətməyə çalışırdı. Ancaq onun özü davranışlarıyla, şəxsiyyətiylə, ləyaqətiylə bir məktəb idi. Baxışı, oturuşu, duruşu, abrı, həyası, təmənnasız böyük zəhmətlər bahasına başa gələn fəaliyyəti bir nümunə idi”. Mən də o illərdə bu poeziya klubunun bir məşğələsində qonaq kimi iştirak etmişəm. Bu poeziya klubu iştirakçılarının şeirlərini müntəzəm olaraq qəzetlərdə, jurnallarda izləyirdim. Bir gün ona dedim ki, sən cavan şairlərin müəllimi yox, həm də ədəbi hamisisən. O məşğələlərdə kimin şeiri bəyənilirdisə, məhz onun köməyilə mətbuatda çap edilirdi.

Vaqif İbrahim (1945-1983). Cəmi 38 il yaşadı. Elə Vaqifin ustad hesab etdiyi Əli Kərim də bu qədər yaşadı (1931-1969). Əli Kərim altmışıncı illərin ortalarında onun şeirlərinə “uğurlu yol” yazmışdı. Onun Əli Kərimə bağlılığı ustad-şagird bağlılığı idi. Sonralar Xalq şairi Sabir Rüstəmxanlı yazacaqdı: “Mən onu müəyyən mənada çox istedadlı şairimiz Əli Kərimlə müqayisə etmək istərdim. Şeirlərinin sakit, amma tutumlu ifadə tərzində Əli Kərimin üslubu var idi”. Baxın:

Tale –

Divar saatı...

Hər gün,

Hər an qızılmış.

Ürəyim –

Bu saatın

daşı kimi asılmış.

Nə vaxtsa bir nöqtədə

Donub,

Qalacaq bu daş,

Donacaq heyrətindən:

Ömür bu qədər qısa,

Bu qədər azdır nədən?!

Amma Vaqif İbrahim Əli Kərim yolunu davam etdirsə də, təqlidçi deyildi. Onun özünəməxsus yolu, poetik ampluası vardı. O, Azərbaycan şeirinin yaşarı ənənələrinə bağlı idi. “Köhnə havalar”da təzə notlar səsləndirməyi bacarırdı. Onun istənilən mövzuda yazdığı şeirlərdə bir təzəlik duyulurdu. Bu təzəlik ənənəvi ştamplardan qaçmaqla, orijinal təşbih və metaforalarla, obrazlı deyim tərzi ilə diqqəti cəlb edirdi. Vaqif deyəndə ki: “Ürəyim yol gedən qatara bənzər  Çəkir qəm yükünü, hicran yükünü” – buradakı təşbih bəlkə o qədər də təzə deyil. Amma deyəndə ki: “Buludlar bir sac kimi, Qış qovurur damlaları, qovurur topa-topa. Qar yağır yerə - qovrulmuş qarğıdalı dəni kimi lopa-lopa” – bu mənzərə bədii təxəyyüldən doğulur. Və yaxud: “Çaylar sevgi dolu bir baxış kimi Çöllərin qəlbinə süzülüb axır”... Vaqif dərk edirdi ki, şeirdə təzə fikir təzə, orijinal bədii təsvir vasitələri ilə cilalanmalıdır. Cabir Novruz yazırdı: “Vaqif az sözlə çox şey demək iqtidarına malikdir. Şairlik, ilk növbədə, söz ilə işləməkdir. Yəni böyük Füzulinin dili ilə desək, “yoxdan var” yaratmaqdır. Şairin ən böyük silahı da, necə deyərlər, “tikinti materialı” da, döyüş meydanı da, arxalandığı da, ümidi də, inamı da, istedadı da sözdədir”. Mən bu mənada Vaqifin vətənpərvərlik və sevgi mövzularında yazdığı iki şeirinə müraciət etmək istəyirəm. Bütün şairlərin müraciət etdiyi vətənpərvərlik mövzusunda Vaqif hələ o dövrdə, Vətəndən gözəl şeirlər yazıldığı bir vaxtda görün, nə deyirdi:

Ağır illər idi...

Şər döyüş yeri,

Sanki başdan-başa yanası idi.

Çətin döyüşlərdə cəbhə xətləri

Vətənin kəsilmiş venası idi.

Biz də bu Vətənə köməyə yetdik.

Biz onun ehtiyat saf qanı idik,

Doğulduq –

Vurulduq damarlarına.

Anamız dünyanın bütün varıyla

onu bəsləyirdik, geyindirirdik.

Axırıq biz onun damarlarıyla,

Axırıq –

Qəlbini döyündürürük.

Və bir də bu iki misra: “Pasportda vətəndaş olmağa nə var, Əsl vətəndaşın olmaq çətindir”. İnsan anadan, atadan yetim qalar, amma sevgidən də yetimlik varmış:

Mən elə bilirdim həyatda, gülüm,

Atadan, anadan yetim qalırlar.

Sevib ayrılmamış mən hardan bilim

Bəzən sevənlər də yetim qalırlar.

 

Bircə həsrətiymiş məni atmayan

Sənsiz bu dünyada ölüm-itimdir.

Nəfəsin dəyməyən, əlim çatmayan

Nəyim var bu evdə, hər şey yetimdir.

Vaqif İbrahimi elə son dəfə 1983-cü ildə, sentyabrda gördüm. Anası vəfat etmişdi, yaman kədərliydi. Başsağlığı verdim, kövrəldi. Amma anasının qırxı çıxmamış özü də qəzaya düşdü. Nə yaxşı ki, unudulmadı. “Qəlbim torpaqda da döyünəcəkdir” (2009)  və “Mən varam” (2015) şeir kitabları çap olundu. O qəfil qəza hadisəsi olmasaydı, Vaqif İbrahimin 75 yaşı tamam olacaqdı. Şöhrətinin lap zirvəsində ucalacaqdı. Heyif...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!