HƏYATIN DİBİNDƏKİLƏRİN ACI TALEYİ - Vaqif OSMANOV yazır

Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın" romanı haqda düşündüklərim

 

Böyük rus tənqidçisi V.Q.Belinski elə bil ki, şair – yazıçı Zahid Sarıtorpağı çoxdan tanıyıb, "Quşların intiharına ağlamayın" romanını oxuyub bu fikirləri yazıb:

"Bədii əsər birdən-birə yox, tədricən açılır: oxunduqca aydınlaşır və daha çox bədii zövq verir... Əsl bədii əsər öz həqiqəti, təbiiliyi, düzgünlüyü, doğruluğu ilə həmişə oxucunu o qədər heyrətləndirir ki, onu oxuyanda siz qeyri-şüuri, amma dərindən inanırsınız ki, onda nağıl olunan, yaxud göstərilən əhvalatların hamısı elə məhz o cür olub və başqa cür də heç ola bilməzdi.... Sadəlik bədii əsərin vacib şərtidir... Sadəlik - həqiqətin gözəlliyidir, bədii əsərlərin gücü də bu sadəlikdədir..."

Keçən əsrin 80-ci illərindən özünəməxsus poeziyasına vurulduğumuz, son illər bir neçə romanla nəsrimizə yeni ovqat gətirmiş Zahid Sarıtorpaq "Quşların intiharına ağlamayın" romanına proloq yazmayıb. Amma romanın birinci bölümündən əvvəl yazılan bir cümlə mənim fikrimcə, bütün romanların proloqundan mənalı və düşündürücüdür. Bircə cümləlik proloq yazmaq hər qələm sahibinin hünəri deyil..:

"Bilirəm, bu gün nəinki quşların, hətta "doğru"yla "oğru"nu bir-birindən ayıran "d" hərfinin də intihar etdiyini eşitsəniz, yenə gözünüzü döyəcəksiniz, tükünüz belə tərpənməyəcək..."

Zahid müəllim bu qədər bədbəxt, taleyinə Günəş doğmayan, həris, əyyaş, sadəlövh, balıq kimi soyuqqanlı, nəfsinin əsiri, iç dünyası tarmar, ehtirasına qul insan tiplərini bu romana elə yerləşdirib, məskunlaşdırıb ki, inanmaq olmur onların xislətləri bu 95 səhifəyə necə sığışıb. Bu anormal tiplər bir-biri ilə nəfəs-nəfəsə, göz-gözə, xəyanət edə-edə yaşayırlar. Aman Tanrı, belə belə mənfi məxluqlarla bir cəmiyyətdə yaşamaq da zülmdür, ölmək də...

"Ölməyə bacarmayan, xəstəliyin yatağa saldığı, sürdüyü ömür qapısı cəftəsiz bir evə, ölümüsə Novruz bayramında papaqatdı oynayan bir uşağa" bənzəyən Minəxanım "bilmirdi ki, həmin uşaq indi bu evin qapısı ağzında gizlənib "papağını" atıb içəri gözləyir: "Ay can yiyəsi, day tələs görək, bir az tez elə, sovqatımı ver, çıxım gedim..."

"Ömrü boyu ancaq indi - ölüm ayağında özünə oxşayan" Minəxanımın gözünə işıq verən iki müqəddəs şey qalırdı onun bu dünyasında. Qarabağ döyüşlərində şəhid olan nişanlısı Ələddinin nişan üzüyü və Ələddinin ona əmanət etdiyi "xatirə dəftəri". Bu iki müqəddəs şeyi Minəxanım göz bəbəyi kimi qorusa da, hətta qəbrinin yanında Ələddinə yer saxlamağı vəsiyyət etsə də, ən ümdə, ən qiymətli dəyəri - ismətini toxunulmaz saxlaya bilmədi, evli kişini ələ keçirmək üçün ismətini "çölə" atdı. Minəxanımı sevgisinə sadiq bir müsbət insan kimi görmək istəyim iflasa uğradı...

Yaşlaşan vaxtında çirkaba bulaşan Minəxanımdan fərqli olaraq "üzünü bürümüş seyrək, yöndəmsiz tükləri, belə demək mümkünsə, ölmüş bir qadın gözəlliyinin xarabalığında bitmiş bədbəxtlik adlı kol-kosa bənzəyən", yaşı keçəndən sonra cavanlaşan Qaraqız isə bu cəmiyyətin üfunətli girdabında on üç yaşından çabalamaqdaydı, artıq onun qorunası heç nəyi qalmamışdı...

"Bu dünyanın adamı olmayan, uşaqlığı, yeniyetməliyi yad sərnişinlərlə dolu bir qatar kimi özündən keçən" Qaraqızı da Aşur babasının "urfu" bədbəxt eləmişdi. Onun da sonda saxta olduğu aşkara çıxdı...

"Miskin keçmişinə ögümək istəyən" Qaraqızı "Yalqızlar pirinə gedəndə Tufan dərəsində kömürçü Abdullanın bir qıçı şikəst oğlu Canpolad dəfələrlə tovlayıb xəlvətə çəkmiş, aldadaraq başına yüz cür iyrənc oyun açmışdı və qorxutmuşdu ki, "Aşur babanın "urfu" haqqı, anana desən anan öləcək, bacına desən bacın". Sonra da Canpoladın dostu Yolçu dostunun yolunu davam etdirdi. Yalqızlar pirində meyidinin qalıqları tapılmayan, erməni nəvəsi peyda olan Aşur babanın saxta "urfu" müqəddəsliyin, mənəviyyatın eroziyası idi. On üç yaşından cəhənnəm əzabı çəkə-çəkə, görə-görə yaşayırdı adı kimi taleyi də, özü də Qaraqız. "Heç yerdə əmin-amanlıq olmayan xaraba dünyanın sakini kimi. Əgər buna yaşamaq demək mümkünsə"...

"Qarğışını, nifrinini özünə ünvanlayan" Qaraqız nə Canpoladı, nə Yolçunu, nə Xəlili, nə də qarşısına çıxdığı digər riyakar sifətləri qınayırdı. O, özü özünü ittiham etsə də, həm də kişilərə nifrət edirdi. Qarşılaşdığı kişilərdə kişilik meyarını tapa bilməmişdi. "Aşur babanın "urfu"ndan başqa hər şey Qaraqız üçün saxta idi". O da saxtalaşdı. Bu dünyada saxta olmayan nəsə varmı? Varsa da o, Qaraqızın rastına çıxmamışdı...

İki bəxtiqaranın – iki bacının – Minəxanımla Qaraqızın zülmətə bürünmüş taleyində bir nöqtə boyda bəyazlıqdan nişanə tapmaq olmurdu. Yox, Qaraqızın qara taleyinin ənginliklərində iki ulduz parlamışdı, sonradan onlar da yoxa çıxdılar....

Qonşu Məhbubənin oğlu Coşğunun kənddə qəfil işıqlar sönən vaxtı Qaraqızı evlərinə ötürəndə qaranlıq gecədə gözünü açıb yumunca onu "qucaqlayıb dodaqlarını öpməsindən, sormasından" şirin heç nə qalmayıb xatirində Qaraqızın. "Bu təmasdan düz bir həftə beşik kimi yırğalanması" yadına düşəndə Qaraqızın dodaqlarındakı öpüş yerinin şirinliyi damağına qayıdırdı, gün görməmiş canına ilıq nəfəs, can verirdi...

Bir də taleyin onunla qarşılaşdırdığı Gilənar – Gilə, Narça idi bəyaz təsəlli. Onu da fransız qızı Faya ilə Gilənarın son illərin qeyri-adi məhəbbəti Qaraqızın əlindən alıb apardı uzaq və soyuqqanlı Avropaya – eynicincli sevgililər oylağına. Bəlkə də iquananı, armadili insanlardan çox sevən Fayanın milyonçu babasının var-dövləti sevgili etdi iki qızı – Gilənar ilə Fayanı.

"Gilənarın dünyasında "sıfır effekti"nə bərabər olan Qaraqızın dedikləri əslində Gilənar üçün xoş idi. Xoşbəxt qızcığazın nakam analı dünyasının qaranlıqlarına düşmən Qaraqızın ilahi sevgisiydi. "Gizlincə uzandığı doğmaca Qaraqız adlı tabutu" Gilənar üçün işıqlı, sehirli aləmiydi. Hər ikisi bu tabutda diriydilər. Qaraqız Gilənin Türkan Şorayıydı. Taleyinin alnına "əzab" yazılmışlar belə sevinclə uzun müddət baş-başa qala biməzdilər...

Kiminsə "içərisindəki xəzan vurmuş biyabanlığı, xarabalığı görəcəyindən qorxan" Qaraqızın Gilənarı – Giləsi, Narçası olduğuna şükür edirdi. Həyatın yeganə şirinliyinin sonradan acı zəhərə döndüyünü görəndə tənhaların taleyinə acımaqdan başqa çarə qalmır.

Artıq Qaraqızın ömrünə Tufan dərəsində rüzgar elə əsdi ki, "gül deyilən şey" qalmadı o qaranlıq səltənətdə...

Zahid müəllim dövrümüzün bir çarəsiz bəlasını da önə çəkir:

"Minəxanım ölsə də insanlıq ölməyən Qıraqqala məhəlləsi imkansızlar məhəlləsiydi. Ona görə də hamı bir-birinə can deyib can eşidirdi".

İdeal cəmiyyət olmadığı kimi, bu imkansızlar məhəlləsində də Aşur babaların yalançı "urfu", Canpoladlar, Yollçular, Minəxanımı yoldan şıxaran evli kişilər yaşayırlar. Hətta nişanlı ola-ola pozğun qadınla eyş-işrətdə olan Ələddinlər də...

Qaraqız bu dünyanın elə sakinlərindəndir ki, "xoşbəxliklə onun arasına qurd yağı çəkilib". "Həyatın bir cüt başmaq kimi ayaqlarına geyib o tərəf bu tərəfə sürükləyən, harada çıxarıb, harada atacağı bilinməyən" Qaraqızların taleyi adları ilə həmrəng idi.

Yatağını bölüşdüyü, çətin anlarında təmənnasız yardım etdiyi Xəlilin əclaflığı – onun varını, yoxunu – pul qabını oğurlaması Qaraqızı sarsıtsa da, Xəlilə olan "sevgi"sinə xələl gətirmədi. Çünki Xəlil onu "gözünün içiylə "uf" demədən dağıdırdı". Bu sevgiydimi, ya da adını tapa bilmədiyimiz mübhəm bir hiss? Bəlkə də tənhalığın caynaqlarından qurtarmaq anıydı? Xəlilsifətlər adama gözünün içindən gülüb, ürəyinin başından vursalar da Qaraqız kimilər həmin an tənha deyildilər, kor sevginin bulanıq suyunda uyuyurdular...

R.Koelonun fikri ilə şərikəm: "Qadın sevgisi üçün hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də".

Qaraqızın "alına-şalına aldandığı, hamını özü kimi pak sandığı, gözəl dediyi bu dünya" Baba Pünhan demiş, it günündəymiş. Onun vurulduğu bu dünya lap körpə vaxtlarından - "tayqıç kuklasıyla" oynayan qayğısız günlərindən az sonra - Tufan dərəsindən qara yellər əsəndən tarmar olmağa başlamışdı, bu qara yellər onunla əbədi kəbin kəsdirmişdi, Canpoladlara, Yolçulara, sonra da Xəlilsifət əclaflara, "zapravka" Ağalara, "repetitor" Qululara rast gələndən. Qaraqızın dünyası "cadugərlər cadugəri, əclaflar əclafıymış. Özü də lap "yaraşıqlı sifətmiş". Qaraqızlar bu dünyada "heç nəymiş, sızanaq idi uzaqbaşı": "Səni naz-qəmzəylə süzən bu saxtalar saxtası dünyanın gözünə çıxmış, kirpikləri arasından iyrənc-iyrənc boy verən bir itdirsəyidir ey, itdirsəyi..."

Qaraqız çətinə düşəndə "urfu"na şübhə etməyi belə ağlına gətirmədiyi Aşur babasını xatırlayır, ondan imdad diləyir:

- Ölüm haqdı deyir Aşur babam, amma onu qazanmaq lazımdı... Onu ancaq ömürlə qazanmaq olar - uzunluğuna, qısalığına baxmayaraq, sevgi dolu ömürlə".

"Yığvalsız" Qaraqız bu "fəlsəfi" fikirləri Pirqasımlıda quşların intiharının səbəbi haqqında baş sındıranda gizlin-gizlin pıçıldayır. Zahid müəllimin bu ikitirəli - müsbət və mənfi lirik qəhrəmanı sadəlövhlüyünə, müxtəlif "Qaloş"sifətlərə inanıb çirkin "sevgi oyunlarında" könüllü iştirakına baxmayaraq bütövdür, xeyirxahdır, başqalarına ürəyi yuxa olsa da, özünə qəddardır, özü özünü bağışlamır, etdiklərinə, özünə edilənlərə görə ancaq özünə ölüm arzulayır. Yazıçı belə ziqzaqlı, təzadlı obraz yaratmaqla əslində həyəcan siqnalı çalır: "Ay insanlar, ayılın qəflət yuxusundan, inam ölür, insan ölür, insanlıq ölür!". Bu əsərdə "saf insanların həyatını didik-didik edib çirkaba sürükləməyə qoymayın!" harayını eşidirəm. Düzdür, Zahid müəllim Qaraqızın ifritə sifətli cəmiyyətin eybəcər istəkləri və işləkləri qarşısında yazıqlığına, yalqızlığına, köləliyinə haqq qazandırmır. Ona ürəyinin dərinliyində yazığı gəlsə də... Yazıçı insanları mübarizəyə, haqqına sahib olmağa, cəsarətə səsləyir. O, bu sadəlövh, zərif, həyatda tez-tez rast gəldiyimiz Vətən qadınının zəif və mütəhərrik xarakterini, sevmək, sevilmək üçün özünü fəda edən insanın baxışlarını, "olan oldu, torba doldu" "fəlsəfə"sini qabartmaqla insanları mənəvi dəyərlərə - saf sevgiyə, sədaqətə, ərliyə, qadınlığa həssas yanaşmağa çağırır, pula, sərvətə hərisliyin, quduz ehtirasın quluna çevrilməyin həyatın faciəsi olduğunu anladır. Qaraqız "Xəlilsifət"lərə fiziki və mənəvi aləmini həvəslə və səxavətlə ərmağan edəndə belə Zahid müəllim müdrik məsləhətçi kimi Qaraqızı açıqca qınamır, onu sətiraltı sözlərlə dilləndirir, əməllərinin mühakiməsini bizə həvalə edir...

"Çoxmərtəbəli bina olan, ancaq birinci mərtəbəsi görünən" Hidayət müəllimin saxta ədalət qoruyucusu olduğu üzə çıxanda "dünyadan xəbərsiz, dünyanın zavallısı" Qaraqızlar əlbəttə, təəccüblənməlidirlər. "Başını qaldıranı ildırım vuran, aşağı çökəni sel aparan" zəmanədə "Hidayət müəllim kimi quyruq bulayanlar - yuxarıdakıların adam yerinə saymadığı, alçaqdakıların it yerinə qoymadığı ədalət tərəzisini əyənlər, ortada sülənənlərdir", qarşısındakı yalı qorxa-qorxa yalayanda Allahına şükür edirlər, haqlının haqqına tamah salanda Allah yada düşmür, ona görə də onlar sağ qalırlar, əslində isə "ölü canlar"dır, "canlı meyid"lərdir. Onları ölüm ildırımsız, selsiz də haqlayıb aparır, onlar bir qab yalın yarıtox zəlilləridir. Buna ürək necə dözsün? Necə ki, dözmədi...

"Ziyafətlərdə yad kişilərlə baxışıb gözlərini oyur-oyur oynadan Şövqiyyə"lər gecə - gündüz allaha yalvarıb zibilin içindən çıxmaq üçün imdad diləyən, sonda "dindar"a çevrilib ibadət edən, evindəki "hökmdar" xanımının işləklərindən xəbərsiz Hidayətlər, var-dövlətə aşiq olub Şövqiyyələrlə sevişən Rzalar, Qaraqızın etibarından, korgöz sevgisindən bəhrələnib tamahını islah edə bilməyən, arvadı da başqalarından "sevgi" uman Xəlillər bu cəmiyyətin sağalmaz, irinli və üfunətli yaralarıdır...

Qaraqızın ürəyi partlayırdı Gilənar üçün. O da Fayalı, iquanalı, armadilli dünyasındaydı. Qaraqızınsa Giləsini, Narçasını qısqanmağa haqqı varıydı. Çünki ömrünün ən işıqlı anları onunla keçmişdi. "Saflıq, halallıq deyilən şeylər yerin, göyün ürəyində qan tıxacına dönən, viran qalmış, böyrəkləri daş bağlayan dünyanın" nə qədər yarımçıq və güdül doğulan məxluqları varmış? "Xəyalında yaratmış dəryalarda, əlləşib-vuruşub ancaq avar düzəldən, qayıq düzəltməyə vaxtı, imkanı, bacarığı olmayan" Qaraqızlar kanalizasiya qoxulu burulğanlarda necə boğulmasınlar?

Gözəl şairəmiz və dostumuz Aida Adıgözəl Zahid müəllimin bu romanını oxuyandan sonra bu nəticəyə gəlir:

"Məsum qalan nəsə axtardım ki, bəlkə bununla quşlar təsəlli tapıb intihar etməsin".

Aida xanım da tapa bilmədi axtardığını, sonra da bu qənaətə gəldi ki, itən müqəddəs və məsum dəyərlərin bitməsi quşların belə ürəyini partlatdı...

Sərhədlərini və miqyasını təyin edə bilmədiyimiz rəzilliklərin - tamahın, hərisliyin, vəhşi şəhvətin içində boğulan cəmiyyətdə təmiz qalmaq müşkül məsələymiş. Stalinin dediyi kimi, təmiz insan yoxdur, hələ çirklənməmiş insan var. Bu gün təmiz insanları qorumaq bəşəriyyətə ən yaxşı xidmət olardı...

Şövqiyyələri yox, onun üstündə oturduğu sərvəti sevməyə məcbur olan Rzaların, başqasının həyatı bahasına qamarladığı sərvəti yağmalayan Sarı İbişlərin, sürüşkən sevgili Dürdanələrin, Fidanların, bir-birini dəlicəsinə "sevən" Gilənar və Fayaların, evli kişiyə aldanıb şəhid Ələddinin ruhuna tüpürən, Ələddinin sevgisinin üzərinə qara lent bağlayan Minəxanımların, "urfu" da etibarsız, gorgahı da xaraba Aşur babaların, istifadə müddəti bitən qocalmış Qaraqızların məhv olmuş dünyasının üzərində yeni səltənət, yeni düzən qurmaq mümkünmü, görəsən?...

Sevgi ruhun gözəlliyidir, deyiblər. Amma romanda bu gözəlliyi qoruyan insan övladına rast gəlmədim. Bu yazıçının günahı deyil, cəmiyyətimizin gerçəklikləridir. Zahid müəllim dahi Sabir kimi, düzü düz, əyrini əyri yazır, süni bəzək-düzəksiz...

Yazıq quşların - boz sığırçınların intihardan özgə çarəsi vardımı? İnsanların onların şirin ətinə yerikləməsi, sonda hətta Qaraqızın onların ətini bəh-bəhlə, iştahla dişinə çəkməsi onları yaşada bilərdimi? Bu ana təbiətin qisası, quşların üsyanı deyildimi?

Mən quşların intiharını alqışladım və doğru sandım. Onlara haqq qazandırdım, Zahid müəllim. Şüurlu insanların bu qədər mənəvi çirk içində yaşadığı zamanımızda quşlar həyatdan imtina edirsə, biz niyə laqeydcəsinə bunu müşahidə edirik, hətta sevinirik ki, dadlı qida tapırıq. Ürək yaman şeymiş...

Mən quşların intiharına ürəkdən ağladım, Zahid Sarıtorpaq, buna məni Siz vadar etdiniz. Yaxşı da etdiniz. Ağladım, içimin hisi, pası yuyuldu, bir az da olsa təmizləndim. Özümə gəldim, anladım ki, bəşəriyyətin şüurlu övladlarının çoxundan quşların qəlbi daha safmış, etibarlıymış, ən azı onlar mal-dövlət, şəhvət hərisi deyillərmiş... Quşların intiharına ağlamamaq olmur. Bunu Sizin fikrinizə - romanın adına asilik kimi yox, həmrəylik kimi anlayacağınıza tam əminəm, Zahid Sarıtorpaq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!