Günel EYVAZLI
Ədəbiyyat insan həyatına birbaşa olaraq təsir edən amil deyil. Bəli, bunu dəfələrlə söyləmişik, bunu bilirik. Ədəbiyyatın cəmiyyətə, fərdlərə təsir etmə, tərbiyə etmə kimi missiyası da yoxdur. Bu da çox doğrudur. Amma insan istəsə də, istəməsə də ədəbiyyatın yaratdığı modelləri öz həyatına yansıda bilir. Daha doğrusu, iqtisadi dillə fikirlərimizi ifadə etsək, biz bazarın bizə təklif etdiyi istənilən əlbisəni və yaxud məhsulu maraqla qarşılayıb və onu öz əynimizdə, həyat tərzimizdə görmək istəyində bulunuruq. Onu istəyirik, alırıq, tətbiq edirik.
Kitabdan uzaqlaşan müasir cəmiyyəti bazar idarə edir. Təklif olunan hər şey maddidir, parıltılıdır, gözəldir. Mənzillərimiz belə ilin trendinə uyğun şəkildə təmir edilir. Biz bənzər həyat tərzini seçirik. Biz bənzər həyat tərzini bəyənirik. İndividium anlayışı zamanla təfəkkürümüzdən sıxışdırılır. Hətta biz, insanlar arasında saç düzümü ilə, əlbisəsi, həyat tərzi ilə seçilən şəxsi də normal qəbul edə bilmirik. Çünki o, çoxluqdan fərqlənir. Çoxluqdan fərqlənənlər isə bənzərlər arasında yabancı kimi görünür.
Bu, təkcə bizim cəmiyyətin problemi deyil. Üzü proqresə addımlayan istənilən cəmiyyətin keçdiyi yoldur. Yəni teatrların, kitabxanaların, sərgilərin, ədəbiyyatın estetik anlayışlardan biri kimi qəbul etməsi üçün əlbəttə, cəmiyyət hələ maddi estetikanın dadını çıxarmalıdır. Bizim cəmiyyətdə də zatən hər şey bu yöndə getməkdədir. Üzü mənəviyyata doğru gedən yolda xaotik bazar cazibəsi insanların başını döndürür. Biz daha çox komfortu bəyənirik. Biz istirahətimizi də hamı kimi qurmaq istəyirik. Rahatlıq anlayışı yaşam anlayışı ilə paralellik təşkil etməyə başlayır və s.
Bir əlavə də etmək istəyirəm, cazibə dedikdə cəngəlliklərin geridə qalmış tayfalarını xatırlayıram. Maraqlı bir məlumatı sizlərlə bölüşmək istəyirəm. Avropalılar zəngin qızıl yataqlarına malik ərazilərdə yerli əhali ilə qarşılaşdıqda onların istifadə etdiyi bəzək əşyalarını - qızılı, gümüşü görüncə onu asan yolla əldə etmək formasını tapmışdılar. Bu forma mübadilə idi. Avropalılar yerli əhaliyə rəngli şüşə qırıntıları təklif edərək onları sehrə salırdılar. Parıltılı şüşələri qızıl və gümüşlə dəyişirdilər.
Əslində, demək istədiyim bu deyil ki, biz də bizə təklif olunan nəyəsə görə nələrisə əlimizlə könüllü surətdə veririk. Yox, əsla. Bunu söyləmək istəmirəm. Sadəcə, təklif modeli və həmin modeli həyatımıza tətbiq etməni aydınlaşdırmağa çalışıram. Əlqərəz, müasir bazarların mövcud olmadığı zamanlarda, komfortun mövcud olmadığı zamanlarda insanlar düşüncələrini nə iləsə məşğul edirdilər. Öncə sayrışan, parıltılı ulduzlar onların diqqətini çəkdi. Elə bu maraq insanları astronomik açılışlara, həndəsəyə, rəqəmlər sisteminə gətirib çıxardı. İnsanlar bekar qaldıqları zamanlarda təbiətlə maraqlanmağa başladılar. Həyatlarına komfortu yansıtmaq üçün uzaq meşələrə giləmeyvə toplantısı üçün getmək istəmədilər. O səbəbdən də bağ-bostançılıq, ağac əkmək ənənəsi yarandı. Əkinçilik meydana çıxdı. Müasir dünyada (həm də qədim zamanların sivilizasiyaları nəzərdə tutulur) isə məhsul verən, doyuran yaşıllıq, estetik anlayışa çevrilə bildi. Yəni biz gül-çiçəkdən məhsul almasaq belə, onunla özümüzü doyurmasaq belə, zövq alma estetikasını özümüzdə formalaşdırdıq. Zövqlə kifayətləndik. Eləcə heyvandarlıq da asan yaşayış yoluna bir addım oldu. Yəni hər şeyi ətrafımızda cəm etməklə komfortlu yaşayışın ilkin nümunələrini yarada bildik. Sonra bu, daha da genişləndi. Komfort anlayışına estetika da əlavə edildi. Sənətkarlıq bir zamanlar yalnız əkinçilik alətlərinin yaradılmasına xidmət edirdisə, sonradan estetik anlayışa çevrilməyə başladı. Estetika anlayışı zamanla daha da böyüdü. Hər şey paralel olaraq inkişaf etdi. Nələrsə bir zamanlar yalnız yedirməyə hesablanırdısa, sonralar həm də zövqə çevrilməyə başladı. Hətta ilkin bütlər belə sonrakı dövrlərin bütlərindən öz estetik quruluşuna görə fərqləndi. Bu artıq incəsənətin doğuluşu idi.
Dilin özü belə məhz estetik anlayış sayıla bilər. Yalnız hərbi qayda-qanunları tətbiq etmək üçün istifadə olunan dil, sonradan estetik biçimdə danışıq dilinə çevrildi. İlkin ədəbiyyat isə onu bir az da cilalayaraq fərqli üslubda, fərqli tərzdə nümayiş etdirməyi bacardı. Ədəbiyyatın uydurduğu kəlmələr estetik biçim kimi danışıq dilinə daxil oldu. Özünü savadlı göstərmək istəyən şəxs kitab əhli olduğunu bildirmək üçün ədəbi dilin potensialından istifadə etməyə başladı. Ədəbi dil estetikası danışıq dilini öz tilsiminə saldı.
Ədəbiyyat əslində insan şüurunun fantaziya, xəyal qoludur. Yəni yaradıcı beyin düşüncələrində yaratdıqlarını rahatlıqla sözə çevirir. Mətn adlı esetetik söz qalası yapa bilir. Həm də cəmiyyətə yetəri sayda modellər çoxluğu təklif edir. Ana modeli, qəhrəman modeli, ayrılıq, xəyanət modeli, eşq, sevgi, duyğu modeli və s.
İnsan bütün canlılar kimi bioloji varlıqdır. Qidalanır, hərəkət edir, nəfəs alır, nəsil artırır və s. Nəsil artırmaq anlayışı həm də kobud səslənir. Daha çox bəşəriyyətin ilkin mərhələsindəki kobud alətlərin quruluşu kimi kələ-kötür, dəqiq biçimi olmayan daş parçası kimi görünür. Elə bu səbəbdən də müasir dünyada zorakılıq, heyvani davranış estetik quruluşa uyğun gəlmədiyi üçün vəhşilik və qeyri-insanilik hesab olunur. Çünki insanlığın əsrlərdir formalaşdırdığı estetik, etik davranışlar çərçivəsindən baxdıqda şəxsin kobudluğu, barbarlığı, zorakılığa meyilliliyi müasir insanlıq konstekstindən çıxmış olur. O səbəbdən də cəmiyyətdə özlərini uyğun apara bilməyən şəxslər cəmiyyətin nadanlar üçün nəzərdə tutulmuş həbsxana divarları ilə cəzalanırlar. Və yaxud normal cəmiyyətləri qanunlar idarə edir də deyə bilərik. Və yaxud din yazılmamış mənəvi qanunlar sistemi kimi insan hisslərini çərçivədə saxlamağa dəvət edir. Çünki meşə insanından fərqli olaraq müasir dünyanın adamına çevrilmiş bəşəriyyət daha həmin insana qayıtmaq istəmir. (Doğrudur, biz son vaxtlar cəmiyyətdə və filmlərdə, hətta cizgi-filmlərində bunun əksini görürük. Hələ ki insanlıq içindəki meşə adamını obraz şəklində təqdim etsə də, bacardığı qədər müasir insan biçimindən uzaqlaşmaq istəmir. Bəlkə də fantaziya məhdudluğu və film industriyasında yenilik istəyi ssenari müəlliflərini meşə xurcunundan vəhşi obrazları sənətə gətirməyə sövq edir). O səbəbdən də estetik anlayışlar insanları bütün həyatı boyu izləyir. Şəxs cəmiyyət arasında barbar görünməmək üçün özü üzərində işləməli olur.
Nəsli artım kimi anlayış, yəni insanı daha çox digər canlılardan fərqli etməyən anlayışa ədəbiyyat məhəbbət və sevgi adı verməklə estetik libas biçir. Həm də hissləri önə çəkərək onu fiziki istəkdən uzaqlaşdırmağı bacarır. Üzü miflərdən, Homerdən, nağıllardan bu yana biz müxtəlif biçimli sevgi modelləri görmüş oluruq. Ədəbiyyat yaradıcıları öz fantaziyalarını işə salaraq insan hisslərinə yeni biçimli paltar tikir. Həmin biçim estetik cazibəsi ilə insanları ovsunladığı üçün insanlar ədəbiyyatın təklifini məmnuniyyətlə qəbul edərək onu həyatlarına yansıtmağa çalışır. Əsli və Kərəm, Paris və Yelena, Romeo və Cülyetta, Odissey və Penelopa, "Dədə Qorqud" dastanında rastlaşdığımız onlarla cütlük model olaraq, bəlkə də ədiblərin özü də bilmədən estetik, zövqlü anlayışa çevrilə bilir. İnsanlar real həyatlarında atdıqları addımları belə o modellərdən istifadə edərək gerçəkləşdirirlər. İztirab, göz yaşı, romantika, yuxular, məktublaşmalar ədəbiyyatın gətirdiyi vasitələr idi. Və həmin ədəbi yazışmalar öz romantikasını gerçək həyatda da tapa bildi. Sevgiyə görə Bisütun qayasını yarmaq, sevgiyə görə qəhrəmanlıq nümayiş etdirmək ədəbiyyatdan real həyata keçid etdi. Əslində mükün ola bilən konkretlik, uzun-uzadı məhəbbət pillələrinə çevrilərək öz estetikasını yaşamağa başladı. Və hər kəs öz real həyatında romana bərabər ömür yaşamaq istəyində olduğundan ssenariyə alınmış mətn kimi öz həyatını proqramlaşdırmağa başladı. Qəribəsi odur ki, bu estetika hələ də XXI əsrdə qalmaqdadır.
Ədəbiyyat öz ideal yaradıcılığı ilə sanki ilahi sirlərin üzərindən örtük açır. Amma bu örtüyü açana qədər ona o qədər bədiilik və rənglilik verir ki, sanki sirr daha cazibəli göründüyü üçün heç açılmasına ehtiyac duymursan. Sanki Platonun özü də bilmədən yaratdığı yeni, ruhi platonik sevgi açıqlamaları, sevgi fəlsəfəsi ədəbiyyatın sonrakı mərhələlərində inkişaf edərək real həyatı da öz ahənginə ala bilir. Və sevgi dedikdə hamı inandığı ədəbiyyat üslubunun işartılarını öz praktik həyatında görmək istəyir. Sanki bu düstur yalnız ədəbiyyatdadır və həmin düstura uyğun olan işartılar sevgi sayıla bilər kimi anlaşılır.
İstənilən halda, təklif olunan ədəbiyyat modeli və ya üslubu olduqca maraqlı, bəyənilən və estetikdir. Belə deyək, sivil insan biçiminə daha uyğundur. Və insan hisslərinin heyvana çevrilməməsi üçün kitabların çiyinlərinə aldığı missiya sonradan musiqiyə, film janrına ötürülərək cəmiyyəti idarə edən din adlı mənəvi kodeksə bənzər şəkildə görünməz haşiyə ilə insanlığı çevrələyir. Estetika hələ də insanlığın xislətində yaşayan meşə adamını üzə çıxarmamaq üçün təbliğatını davam etdirir. Müasir dünyanı cənginə alan iki ünsür isə hələ də kəsişməz şəkildə paralel olaraq inkişaf edir. Əslində, dünyanı, insanlığı qoruyan həmin paralelin kəsişməməsidir. Çünki kəsişməsi ilə müəyyən anlayışlar öz yerini səhv sala bilər. Hələ ki, sülh və müharibə, vəhşilik və insanilik, xeyir və şər, olum və ölüm, intihar və günah anlayışı, zorakılıq və mərhəmət, laqeydlik və diqqət eyni müstəvidə öz yolunu davam etdirir. Ədəbiyyatın yaratdığı doğruluq, həqiqilik estetikası hələ də tərəzinin yaxşılıq qolu üzərinə ağırlığını salır. O səbəbdən də sənət insanlığı təbliğ edən, həm də insanlığı qoruyan anlayış kimi elə bizimlə birgə real dünyada addımlayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!