Aqatanın qorxduğu tapançalı adam - Azər Qismət

Miller soyadlı kişi valideynlərini yoluxmaq üçün İngiltərəyə səfər etdi. Deyəsən, həm ziyarət, həm ticarət oldu. Çünki o, gənc qıza vuruldu. Onlar evləndilər, La-Manşın sahilindəki kurort şəhəri olan Torkidən ev aldılar, iki uşaqları dünyaya gəldi. Tezliklə ailədə üçünçü uşaq da doğuldu. Onun adını Aqata qoydular. Tam adı belədir: Aqata Mariya Klarissa Miller.

Aqata qapalı uşaq olub. Qardaşı Monti və bacısı Marqaretlə  müqayisədə uşaqlığını uşaq kimi keçirməyib. Yox, ona kifayət qədər valideyn sevgisi göstərilib. Sadəcə, uşaq bir kənara çəkilib durar, nə tapşırarmışlar onu da yerinə yetirərmiş. Heç təhsildə də işləri yaxşı gətirməyib. Müəllimlər valideynlərə şikayət edərmişlər: "Sizin qızınız ancaq durub baxır. Yaddaşı da zəifdir". Bir məsələni nəzərə alaq ki, Aqatanın keçdiyi uşaqlıq illərində təhsilə abstrakt münasibət sərgilənib. O illərdə hesab edilib ki, uşaqların dərsə getməsinə heç bir ehtiyac yoxdur, elə müəllimləri evə çağırıb öyrətmək olar. Həmin illərdə valideynlər qızlarını elə uşaqlıqdan ərə verməyə hazırlayırdılar. Hesab edilirdi ki, ölkənin möhkəmlənməsi sağlam ailədən başlanır. Ailənin təməli sağlam olanda ölkə sarsılmaz olur. Əgər bir valideyn cəmiyyətə sağlam və yetkin övladlar bəxş edirsə, bundan ancaq ölkə qazanır. Aqatanı da uşaqlıqdan ailə həyatına hazırlayırdılar. Ona toxuculuq, müsiqi və rəqs öyrədilirdi. Əgər kimsə onu sevib məktub yazsaydı, bu yerdə işlər korlanacaqdı. Çünki onun ilan-qurbağa xətti çoxunu güldürərmiş. Və ömrünün sonuna qədər də belə yazıb. Hətta yazılarında xeyli sayda qrammatik səhvlərə də yol verib.

Aqatanın uşaq oyunları da özünün qəribəliyi ilə seçilib. O, bütün oyuncaqlarını kənara tullayıb. Həmişə bağda gəzərmiş. Bir dəfə dayə Nenni qəribə hadisənin şahidi olub. Getdikcə bu qızcığazla bağlı müşahidələrini artırıb. Görüb ki, Aqata bağda ağaclarla danışır. Onlardan soruşur ki, gecə başlarına hər hansı hadisə gəlməyib ki? Kimsə onların üstünə hücum çəkməyib ki? Elə pişiklə danışması da dayəni çox təəccübləndirib, valideynlərinə deyib ki, "bu qızda nəsə var".

Aqata həmişə valideynlərinin qohumlarının tez-tez qonaq gəlməsini arzulayıb. Uzaq diyarlardan gələn qonaqlar maraqlı hadisələr nəql edərmişlər. O da saatlarla həmin söhbətlərə qulaq asar, bütün dünyanı gözlərilə görmək arzusu ilə yuxuya gedərmiş. Ancaq evdə onu sadiq həyat yoldaşı formasında gələcəyə hazırlayırdılar: ərə qulluq və illər uzunu sədaqət fəlsəfəsi.

Aqatanın anası hesab edirdi ki, uşaq 8 yaşa çatana qədər kitab oxumamalıdır. Yalnız bu yaşdan sonra insan tam forma alır, gələcəkdə necə olacağı müəyyənləşir. 8 yaşa qədərki kitab oxunuşu şəxsiyyətin müəyyənləşməsinə maneə törədə bilər. Hər halda maraqlı məsələdir. Elə indi də bu fikirdə olanlar var. Ananın səhv, ya doğru düşündüyü hələ də müzakirə predmeti olaraq qalır. Ancaq Aqatanın anasının bir məsələdən xəbəri yox idi. Bunu eşidəndə dəhşətə gəldi. Yaxın müəllimlərdən biri anasına dedi: "Mem, miss Aqata artıq oxumağı bacarır". Onda Aqatanın 4 yaşı vardı. Belə dirçəlişi gözləməyən valideynlər üçüncü uşağa xeyli kitab aldılar. Onun stolüstü kitabı Lyuis Kerrolun  "Alisa möcüzələr ölkəsində" əsəri oldu. İlk eşitdiyi detektiv isə Artur Konan Doylun əsəri idi. Bacısı Marqaret ona bu əsəri oxuyarmış.

Yazıçı sonralar xatirələrində yazmışdı: "Bacım mənə həmin əsəri oxuyanda beynimin künçündə işıqlanan bir fikir mənə hakim kəsildi: "Nə vaxtsa mən də detektiv roman yazacağam". Artur Konan Doylun gənc xanıma təsiri ölçüyəgəlməz dərəcədə hiss edildi. Məhz ilk detektiv hekayələrini onun üslubunda yazdı. Kənardan baxanda düşünmək olardı ki, əsəri Doyl yazıb. Onun bütün üslubunu özünə sirayət edən xanım yazıçı sonralar detektiv janrında öz möhürünü qoymağı bacardı.

Aqata Kristinin uşaqlıq illərindən maraqlı an yuxusu ilə bağlıdır. O, uşaqlıq illərindən qocalığına qədər yuxusunda "tapançalı adam", yaxud "tapançalı qatil" görüb. Həyatda belə bir insana rast gəlməyib. Ancaq o insan yuxularını qarışdırıb. Tapançalı qatil fikrindən əl çəkib. O, elə tapançalı adamdır. Çünki heç kimi öldürməyib. İşin qəribəliyi nədə imiş: Aqataya elə gəlirmiş ki, həmin tapançalı adam ailə üzvlərindən biridir, sadəcə, başqa sifət altında gizlənirlər. Xatirələrində yazdığına görə ailə üzvləri xüsusilə şam yeməyinə toplaşarkən, anasının üzünə baxar və bu hissi keçirər, dəhşətə gələrmiş. Aqata səhərlər ayılanda həmin yuxunun təsiri altında özünə gəlməz, ağlayarmış. Dayə Nenni ailə üzvlərinə deyərmiş: "Nəzərinizə çatdırım ki, miss Aqata yenə "tapançalı adam"ı görüb.

Yazıçı xatirələrində onu da qeyd edib ki, uşaqlığı tam mehriban ailə şəraitində keçib. Valideynləri, baba-nənəsi bir-birini seviblər, uşaqlara yardım göstəriblər, heç bir arzularını ürəklərində qoymayıblar, əzab-əziyyətə düçar olmayıblar, digər ailələr kimi fiziki təzyiqlərlə üzləşməyiblər. Yalnız "tapançalı adam"dan savayı. Ömrünün son illərinə qədər həmin obraz, yaxud həmin şəxs yuxusuna girib və onu qorxudub. Əlbəttə, böyüyəndən sonra belə adamın varlığına daha inanmayıb. Lakin istənilən halda "tapançalı adam" ondan əl çəkməyib.

Xoşbəxt və mehriban ailə böyük yazıçılıq karyerasına təkan verib. Anası paltar toxuyar, atası kluba gedərmiş. Qardaş və bacısı da get-gedə ona isti münasibət bəsləyiblər. Bir dəfə Aqataya it hədiyyə edəndə balacanın az qalıb sevincdən başı fırlansın. Ona uşaqlıqdan öyrədiblər ki, əsl ingilis qadını öz çılğın hisslərini yad gözlərdən qorumalıdır. Aqataya elə gəlirmiş ki, yad gözün olmadığı yer ayaqyoludur. Məhz itini götürüb ayaqyoluna aparar, sevincini orada izhar edərmiş: "İndi mənim itim var. Bir bilsən necə sevinc içindəyəm".

Beş yaşına çatanda Aqata artıq özünə hesabat verərmiş. Gün ərzində hansı işləri gördüyünü, nələri edə bilmədiyinə dair hesabat bütün ömrü boyu onu müşayiət edib. Uşaqlığı sevgi içində keçsə də, Aqata ilə məşğul olmağa kimsə tapılmırdı. Atası uzun səfərlərə çıxar, anası hansısa işlə məşğul olarmış. O, gününü dayə Nenni ilə keçirərmiş. Bütün İngiltərədəki kimi dayələr mehriban olduqları qədər də ciddilik və tələbkarlıqları ilə seçiliblər. Aqata onunla bağda gəzər, hərdən dayəyə ünvanladığı suallara cavab gözləyərmiş. Bir dəfə Nenni ilə gəzəndə qonşu kişi ilə aralarında mübahisə yaranıb. Kişi onlara qışqırıb: "Mən sizi diri-diri yeyərəm. Buxar qazanında bişirərəm". Aqata elə qorxub ki, öz otağına çəkilərək üç gün dinib-danışmayıb. Nenni izah etməyə çalışıb ki, "o kişi sadəcə hirslənmişdi, onun bizi yemək fikri yoxdur". Aqata sonralar həmin obrazı əsərlərinin birində çanlandırıb. Çopur sifətli, ağzını geniş açan kişi.

Dayə Nenni onlardan gedəndən sonra Aqata çox darıxıb. Mehrini qulluqçulara salıb. Aşbaz Ceynlə dostluğuna şad olub. Ceynin qəşəng pudinq hazırlamasını sevərmiş. Həm də bu aşbaz Nenniyə zahiri görkəmçə çox bənzəyərmiş. Elə xasiyyəti də. Nennini isə heç vaxt unutmayıb. Balaca qızın müşahidə qabiliyyəti dərinliyi ilə seçilib: "Əgər Nenni getdisə, deməli bu həyatda heç nə sabit deyil. Hər şey dəyişir. Nə pis ki, yaxşılığa doğru dəyişmir". O, sirr saxlamağı da bacarıb. Aşbazlardan biri şorbanı masaya qoymazdan əvvəl bir qaşıq dadına baxmasını heç kimə deməyib. Sonra onun üstünə düşüblər ki, "bunu bizə niyə demədin?". 5 yaşlı mələk deyib: "Mən sadəcə bu xəbəri sizinlə bölüşmək istəmədim, vəssalam".

Əlbəttə, Nenni bu evi tərk edib getsə də, əvəzində sevimli nənə qalmışdı. O, İvlinqə - nənəsi Marqaretgilə gedərdi. Nənəsinin iri malikanəsi vardı. Mebellər, dolablar,və müxtəlif parçalar. Bir dəfə jurnalistlər Aqata Kristidən soruşublar ki, onun qəhrəmanlarının prototipi əsasən kimdir? O demişdi: "Bir dəfə malikanədə nənəmin teatr çantasını tapdım. Oradan suxariləri, 2 penni və ipək krujevanı çıxardım. Bu da sizə qəhrəmanım miss Marpl". Onun İvlinqdəki macəraları sonralar əsərlərində ayrı-ayrı epizodlar üzrə canlandı. Bazar lançları özünün gözəlliyi və şuxluğu ilə seçildi. Nənəsi ilə çarpayıda uzanıb danışıb-gülər,tamaşa qurarmışlar. Tutuquşu müdrik vəzirə çevrilər, gombul pişik yaraşıqlı şahzadəyə dönərmiş. Tətil zamanı bacısı ora gələndə belə tamaşa səhnələri daha da artarmış. O, gələn kimi qışqırarmış: "Mən sənin böyük bacın Məcəm. Bura səni xilas etməyə gəlmişəm". Qardaşı Monti isə bu malikanəyə ildə bir dəfə gələrmiş.

Aqata həmişə öz istedadını tamaşaçılra göstəməyə çalışıb. 10 yaşı olanda sinfin ən yaxşı fortepiano ifaçısı kimi şagirdlərin qarşısına çıxıb. Həmin gecə temperaturu qalxıb, qız neçə gün özünə gəlməyib. Ona elə gəlib ki, ona göz dəyib. Və anlayıb ki, tamaşaçılar qarşısına çıxmaq onluq deyil.

Onun uşaqlığı 11 yaşında başa çatdı. Atasının qəfil ölümü balaca qızcığazı daha da böyütdü. İndi həyatla üzbəüz qalmışdı. Varlı kişiyə ərə gedəcəyi fikri kifayət deyildi. Özü də nəsə bir iş görməli idi. Atasının ölümü ona həyatı anladıb. Anasının halı pisləşib. Hər dəfə anasının yataq otağına qulaq asarmış ki, nəfəs alıb-almadığını bilsin. Nəfəs alanda özünə gələr, rahat uyuyarmış.

Anası onu peşəkar pianoçu görmək istəyirdi. Tezliklə aydın oldu ki, Aqata publika qarşısına çıxmaqdan qorxur. Qərara alındı ki, peşəkar müğənni kimi fəaliyyət göstərsin. Onu Parisə göndərdilər, bu plan da baş tutmadı. Çünki səsi yaxşı deyildi. Üstündən illər keçəndən sonra, 60 yaşında yazıçı etiraf etdi ki, həmişə opera müğənnisi olmağı arzulayıb.

Beləliklə, həkim məsləhət görüb ki, bu evdən çıxmalıdırlar. Yoxsa Klarissa Millerin halı pisləşər, bu da uşaqlara mənfi təsir göstərər. Onlar Misirə köçüblər. Gənclik illərini burada keçirən Aqataya vurulanlar çox oldu. Heç kim belə ağıllı, sərbəst həyat mühakiməsi irəli sürən qızdan vaz keçə bilmirdi. Onların arasında müəllimlər, zabitlər, arxeoloqlar üstünlük təşkil edirmiş. Bal axşamlarının birində o gülərüz kavalerlə tanış oldu. Həmin oğlan anasına demişdi: "Bu da sizin qızınız. O, çox gözəl rəqs etməyi bacarır. Danışmağı da bacarsaydı". Həmin gecə Aqata utandığından heç nə danışmamışdı. O, kiməsə olan sevgisini ifadə etməyə çətinlik çəkib. Belə düşünürdülər ki, Aqata taxta kimi cansızdır. Qardaşının dostu Filipi dörd il sevsə də, evlərinə qonaq gələn zaman üzünə də baxmayıb. Anası anlayıb ki, bu qız böyüyəndə həyatı heç də rahat keçməyəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!