Görkəmli dilçi alim, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Əbülfəz Aman oğlu Quliyevi şəxsən tanımağımın tarixi 1982-ci ilə aiddir. Həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunmuşdum. İlk semestrdə Əbülfəz müəllim bizə "Qədim türk yazılı abidələrinin dili" fənnini tədris edirdi. Və elə onun ilk mühazirəsindən sonra gözlərimiz önündə əsrarəngiz bir dünya canlanmağa başladı - ulu babalarımız türklərin yüz illərin o üzündən boy verən tarix, dil, mənəviyyat dünyası. Əbülfəz müəllim qədim türklərin Orxon-Yenisey kitabələrinin dilini dəqiqliklə, aramla və təfərrüatları ilə tələbələrə izah edir, Azərbaycan dili ilə müvafiq müqayisələr aparır, bu kontekstdə dilimizin ulu tarixini də fəxrlə vurğulayırdı...
İllər ötdükcə Əbülfəz müəllimi daha yaxından tanıdım, onun barəsində tələbəlik dövründən yaddaşımda formalaşmış qənaətlərin doğruluğunu dəfələrlə müşahidə etdim... O, elmə təsadüfi gəlməyib, hələ tələbəlik illərindən daxilində qaynayan bilik təşnəliyi, öyrənmək həvəsi, axtarış yanğısı onu elm yolunun sadiq yolçusuna çevirib. On illər boyu fasiləsiz şəkildə səbrlə, həm də inadkarlıqla və böyük iradə ilə aktual mövzularda qiymətli tədqiqatlar aparan, çoxsaylı kitablar və məqalələr nəşr etdirən Əbülfəz Quliyev elmdə məxsusi mövqeyi və xidmətləri olan ustad alim məqamını qazanıb. İlk elmi məqaləsi 1973-cü ildə dərc olunan Əbülfəz müəllim tədqiqatlarını davam etdirmiş və genişləndirmiş, dilçiliyin, ümumən filologiyanın, türkologiyanın müxtəlif sahə və problemlərinə dair fundamental əsərləri ilə şöhrətlənmişdir. Görkəmli alimin əksər araşdırmaları türk dünyası miqyasında böyük əhəmiyyət kəsb edir. Onun "Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)" mövzusunda (1979) namizədlik (fəlsəfə doktorluğu), "Qədim türk onomastikasının leksik-semantik sistemi" mövzusunda (2003) elmlər doktorluğu dissertasiyaları bu baxımdan böyük əhəmiyyətə malikdir. Həmin sahələrlə əlaqədar alimin müxtəlif vaxtlarda nəşr etdirdiyi, aşağıda adlarını çəkəcəyimiz sanballı kitablar həm elmi-nəzəri mükəmməlliyi və aktuallığı, həm də ali məktəblərdə müvafiq fənlərin tədrisi üçün qiymətli mənbə olmaları ilə səciyyələnir: "Qədim türk yazılı abidələri dilinin sintaksisi", "Qədim türk yazılı abidələrinin sözlüyü", "Əski türk yazılı abidələrinin müntəxəbatı", "Qədim türk abidələrinə aid materiallar", "Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları", "Əski türk onomastik sözlüyü", "Qədim türk onomastikasının leksik-semantik sistemi" (2 cilddə), "OrxonYenisey abidələrində toponim və etnonimlər", "Qədim türk onomastikası", "Qədim uyğur türklərinin onomastikası" və s.
Heç təsadüfi deyil və qanunauyğun haldır ki, Əbülfəz müəllimin tədqiqatlarının mühüm bir qismi Azərbaycanın ulu diyarı Naxçıvanla bağlıdır. Bölgənin dialekt və şivələrini, adət-ənənələrini, folklorunu, tarixini, görkəmli yetirmələrinin fəaliyyətini müxtəlif aspektlərdə öyrənən alimin belə tədqiqatları azərbaycanşünaslığın tərkib hissəsi olan naxçıvanşünaslığa layiqli töhfələrdir. Qardaş Türkiyə Cümhuriyyətində müxtəlif vaxtlarda nəşr olunmuş kitabları bu baxımdan mühüm dəyərə malikdir: onun geniş tədqiqatçı erudisiyasından soraq verir. Bir mühüm məsələni də qeyd etmək istərdim. Əbülfəz müəllim tədqiqat mövzusu kimi seçdiyi problemləri ən incə məqamlarına, ilk baxışda nəzərə çarpmayan dərin qatlarına qədər araşdırmayınca, öyrənməyincə işini bitmiş hesab etmir. Elə bu cür məsuliyyətli yanaşmanın göstəricisidir ki, onun monoqrafiya və məqalələri dolğun elmi siqləti, konseptuallığı, sistematikliyi ilə diqqəti çəkir. Professorun tərcüməçilik fəaliyyəti də onun elmi tədqiqatları ilə bilavasitə əlaqədardır. Türkcədən çevirdiyi Mövlana Cəlaləddin Ruminin "Məsnəvi"sinin Azərbaycan dilində üç cilddə nəşrini, General Veysəl Ünüvarın "Naxçıvan: təlatüm və burulğanlar", "8 ay bolşeviklərlə üz-üzə" kitablarını, həmçinin ruscadan türkcəyə (Halil İbrahim Usta ilə birgə) çevirdiyi A.V.Borovkovun "Orta Asyada bulunmuş Kuran tefsirinin söz varlığı (XII-XIII yy.)" adlı kitabın Ankarada çapdan çıxmasını bu sırada daha önəmli işlər kimi məxsusi vurğulamaq istərdim. AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Azərbaycan elmini dünya miqyasında layiqincə təmsil edən məşhur və məhsuldar alimdir. O, Asiya və Avropanın müxtəlif ölkələrində kitablar və məqalələr dərc etdirmiş, çoxsaylı elmi konfrans və simpoziumlardakı məruzələri ilə geniş miqyasda beynəlxalq elmi ictimaiyyətin diqqətini çəkmişdir. Bu baxımdan Türkiyə, İran, İraq, Rusiya, Polşa, Macarıstan, Bolqarıstan, Xorvatiya, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və b. ölkələrin adını çəkmək olar. Bu məqamda Əbülfəz Quliyevin qardaş Türkiyədə bir müddət universitet müəllimi kimi səmərəli fəaliyyətini, alim-pedaqoq olaraq böyük nüfuz qazanmasını da xatırlatmaq yerinə düşər. Professor Əbülfəz Quliyev hələ 1970-ci illərdən öz tədqiqatları ilə görkəmli alimlərin diqqətini cəlb etmişdir. Dünya türkologiyasının A.A.Kononov, D.M.Nasilov, Ahmet Bican Ercilasun və digər məşhur simalarının müxtəlif vaxtlarda Ə.A.Quliyevin tədqiqatlarına böyük qiymət verməsi bütünlükdə elmimizin nüfuzunu yüksəldən faktlar sırasındadır. Azərbaycan filologiyasının Məmmədağa Şirəliyev, Ağamusa Axundov, Əbdüləzəl Dəmirçizadə, Afad Qurbanov, İsa Həbibbəyli, Nizami Cəfərov, Əlövsət Abdullayev, Rəhilə Məhərrəmova, Yusif Seyidov, Adil Babayev, Ramiz Əsgər, Fərman Xəlilov və b. tanınmış nümayəndələri, həmçinin bir çox digər alimlər də Əbülfəz Quliyevin fundamental tədqiqatları barədə dəyərli fikirlər söyləmiş, məqalələr dərc etdirmişlər. Bütün bunlarla yanaşı, Əbülfəz müəllim həm də bacarıqlı elm təşkilatçısıdır. 2003-cü ildən etibarən AMEA Naxçıvan bölməsi İncəsənət, dil və ədəbiyyat İnstitutunun direktoru kimi səmərəli fəaliyyəti fikrimizə sübutdur. Azərbaycan elminə yarım əsrə yaxın uğurla xidmət göstərmiş hörmətli Əbülfəz müəllimi əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, yeni nailiyyətlər arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!