"Özgə qadın" - "1 şeir/2 rakurs" - LAYİHƏ

Qəşəm Nəcəfzadənin "Özgə qadın" şeiri

 

Hər kişi,

Özgə qadından yüyürür evindəki qadına,

Yüyürür, döşənir ayaqlarına.

Özgə qadından öyrənir necə

            sevmək olar qadını,

O qadından öyrənir  hətta çiçək almağı.

 

Ana olur, yar olur özgə qadın adama,

Üst-başında gəzdirir əlinin tumarını.

Soruşur çarpayını, de, hansı otaqdadı,

Pəncərə önündədir, ya qaranlıqdadı?

Qayğı kimi ələyir başına sualları:

De, neçədə yatırsan, de, neçədə durursan?

Mən verdiyim ətri harada saxlayırsan?

Köynəyinin yaxası  niyə qırış-qırışdı?

Saçında ağaran tel mənə necə tanışdı…

Təzə şeir yazmısan? Ver üzünü köçürüm?

Bu gün sənə  çayı  da qoy mən özüm içirim.

Başdan-ayağa süzür səni bir ana kimi,

İlıq baxışlarıyla çəkir sənin şəklini.

İşıq verir gözünə,

Sevgi axır qanına,

Baxışları nur kimi çiçəklənir üzündə,

Bir qız heykəli doğur sənin düymə gözündə,

İlahi baxışların altında sən süzürsən.

Uça-uça , qaça-qaça öz evinə gəlirsən,

Arvadın baxıb deyir:

            - nə gözəl görünürsən?

 

Amma  bilmir ki, səni belə gözəl eyləyən

Ömür boyu axtardığı qadındı.

Sevgi şeirlərini, köhnə məktublarını

Tonqal kimi yandırdığı qadındı.

O günü qayçı ilə sənin şəkillərindən

Qadınları

Kəsib, kəsib doğradığı qadındı.

 

Ey uzaqda dizini qucaqlayıb ağlayan, qadın,

Bir dəfə tanımadın pəncərəmı, qapımı.

Sən öyrətdin mənə sevməyi, sevilməyi,

Sən xöşbəxt elədin evimdəki qadını.

 

Özgə qadın, içində ağlayarsan sən məni,

Gör neçə illərdi səni çöldə qoymuşam.

Heç bilmirəm yasıma necə durub gələrsən?

Ağrılar uyuyanda, göz yaşı soyuyanda,

Gecə ilə gələrsən, gecə ilə gedərsən.

 

 

 

 

Azadlığın lirik dramı

Məti OSMANOĞLU

 

Mən həmişə ədəbi prosesi yaradanlarla onda iştirak edənləri, "sıra nəfərlərini" fərqləndirməyə çalışıram. Buna da qəti inanıram ki, Qəşəm Nəcəfzadə müasir ədəbi prosesin ən fəal yaradıcılarından biridir. Düzünü deyim ki, onun müxtəlif janrlardakı əksər yazılarında özünü bəzən aşkar, bəzən də mətn altında göstərən tərəkəmə təfəkkürünün əhatə dairəsi məndə genetik doğmalıq hissi yaradır.

"Özgə qadın" şeiri isə belə təəssürat yaratdı ki, bu mətn Qəşəmin yazı və düşüncə tərzi haqqında oxucuda əvvəlcədən formalaşmış ilkin təsəvvürü dəyişmək, ictimai rəyi qıcıqlandırmaq, əks-reaksiya yaratmaq naminə yazılıb, müəllif etik-əxlaqi stereotiplərdən azad, estetik baxımdan fərqli bir mətn təqdim etməyi düşünüb. Belə bir cəsarətli yanaşma ilə seçilən bir şeir yaratmaq istəyinə nail ola bilibmi? - cavab verməli olduğumuz əsas sual da elə budur...

Poeziyamızda Nüsrət Kəsəmənlinin "Etiraf" şeirində də "evdəki" və "özgə qadın" qarşılaşdırmasının "lirik dramı" var. Ramiz Rövşənin "Qara paltarlı qadın"ı ilə bağlı zəngin və çoxmənalı, çoxqatlı assosiasiyalar içindən "evdəki" və "özgə" ehtimalını irəli sürmək mümkündür. Vaxtilə Saday Budaqlı bu dramı kiçik hekayələrindəki "sükütun səsi" ilə ifadə etməyə nail olmuşdu...  

Qəşəm Nəcəfzadə isə məsələni tam fərqli üsulla həll etməyə çalışır: ailəiçi "xəyanəti" şeirin poetik strukturuna transfer etməyə cəhd göstərir. "Özgə qadın"ı doğmalaşdıran təfərrüatlar sadalanır. Aydın olur ki, bu qadın şeirin əvvəlində bəyan edildiyi kimi "hər kəsin" deyil, şeir yazan adamın "özgə qadın"ıdır, şairin təzə yazısının üzünü köçürmək arzusu ilə yaşayır...

Düzü, bu şeirin poetik quruluşu, dil və bədii ifadə sistemi mənə eyni şairin əsərlərinin fars dilindən edilmiş müxtəlif səviyyəli tərcümələrini xatırlatdı. Məsələn, Nizaminin əsərləri tərcüməçilərin istedad və üslubundan asılı olaraq bir yerdə qərar tutmayıb oynadığı kimi "Özgə qadın"ın da ritm və intonasiyası bənddən-bəndə dəyişir, arxitektonikada kəskin sapmalar və "sıçramalar" baş verir, şair bəlkə də şüurlu şəkildə "antipoetik" gedişlər etməyə cəhd göstərir. Mənə elə gəlir ki, mətndə ən ehtiyatla yanaşılması lazım olan məqamlardan biri də elə bu olmalıydı: əxlaqi-etik stereotiplər qarşısında "meydan sulamağı" poetik gözlənilməzliklər, qeyri-standart detal və obrazlar hesabına kompensasiya etmək mümkün ola bilərdi. Bədii informasiyanın zənginləşməsi, sözün poetik tutumunun genişliyi mövzu ilə bağlı stereotipi arxa plana keçirə bilərdi. Bu mətndə isə müəllif özünü ya bilərəkdən, ya da fərqinə varmadan ictimai rəyin ikiqat təzyiqi ilə üz-üzə qoymağa üstünlük verir, oxucunun zövqü və gözləntiləri ilə "mübarizə vasitələri" təsirli görünmür...

Şeirin lirik qəhrəmanına, onun təqdimatına gəldikdə isə ən münasib müqayisənin Alber Kamyunun "absurd insan"ı ilə aparıla biləcəyi qənaətindəyəm. Kamyunun müəyyənləşdirdiyi absurd insan tiplərindən biri Don Juan idi. Bütün qadınları eyni dərəcədə alovlu məhəbbətlə sevən Don Juan absurd təfəkkürün prinsipi ilə hərəkət edir: təcrübənin keyfiyyət deyil, kəmiyyət tərəfinə, sevdiyi qadınların çoxluğuna üstünlük verir. İlahi qəzəbə qarşı isə onun yalnız bir cavabı vardır, bu da insan qürurudur. Kamyunun fikrincə, Don Juandan  əxlaqsız bir insan yaratmaq səhvdir: "bu məsələdə o da "hamı kimidir"...

Lap elə Qəşəm Nəcəfzadənin şeirinin əvvəlində deyildiyi kimi: "Hər kişi özgə qadından yüyürür evindəki qadına..."

 

Sevgi dünyanı da, adamı da xilas edir…

NARGİS

 

 

Qadın mövzusu daima ədəbiyyat üçün aktual olmuşdur. Ancaq qadının bilinən qavramından ötə bir qavramı ön plana çıxarır "Özgə qadın" şeiri ilə Qəşəm Nəcəfzadə. Xüsusilə Türkiyə ədəbiyyatında son zamanlar populyar hal almış "ötəki qadın" mövzusuna Azərbaycan ədəbiyyatında bu aspektdən çox az yer verilmişdir. Bu mövzu ağır və cəmiyyət tərəfindən gülləbaran edilən temadır.

 

İlk dəfə "Özgə qadın" kəlməsinin dərinliklərində yatan, sirli mənanı "The Other Boleyn Girl" Philippa Gregorinin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2007-ci il istehsalı filmlə dərk etmişdim. Bu filmdə Şotlandiyanın Son Kralının ssenari yazarı Peter Morgan tərəfindən qələmə alınan Boleyn qızı, ehtişamlı bir intriqa, şəhvət, iqtidar oyunları, eşq və xəyanət hekayəsini mövzu alan film eyni zamanda, ailələrinin kor ehtirası üzündən yaraşıqlı və ehtiraslı kral Henrinin eşqi üçün rəqabət edən iki gözəl bacının, Ana və Mary Boleynin hekayəsi danışılır. Hər iki qadın da kral uğrunda mübarizə aparsalar da, onlardan yalnız biri, qısa və fırtınalı bir səltənət üçün taxta çıxır.

Qəşəm Nəcəfzadə də "Özgə qadın" şeirində insan təbiətində hökm sürən belə fırtınalı məqamlardan birinə toxunmuşdur. Görünür, şeirdə yer alan iki qadın obrazı da şair üçün dəyərlidir. Ancaq biri daha çox mənəvi, digəri daha çox fizikidir. Bu cümləni oxuyan hər bir mənəvi qadın üçün fiziki qadın obrazı lazımsız, shift delete olunacaq xarakterdir. Ancaq gəlin ki, bu heç də elə deyil. İnsanın fiziki qabığı da ruhu qədər əhəmiyyətlidir. Bir-biri ilə sıx təmas və uyum içərisindədir. Şeirdə ötəkiləşən, özgələşdirilən qadın da əslində bu bütünün ən həyəcanlı hissəsidir. Sanki o, illərcə yoğrulub, qurulmuş pazzlın oksigen kimi əhəmiyyət kəsb edən və çoxdandır axtarılan parçasıdır.

Şeirdə həm də eşq və vicdan qarşılaşdırılıb:

 

Özgə qadından yüyürür evindəki qadına

Yüyürür, döşənir ayaqlarına.

 

Şeirdə mənəvi cəhətdən bağlı olduğu və bu səbəbdən tərk edə bilmədiyi qadına qarşı duyulan dərin vicdan əzabı hiss edilir. Sanki adam özgə qadınla yaşadığı hər tutqulu dəqiqənin əvəzini çıxmaq istəyir özündən, vicdanını susdurmağa cəhd edir... Məntiqlə ürək, reallıqla arzu duelə çıxır:

 

Özgə qadından öyrənir necə

            sevmək olar qadını,

O qadından öyrənir hətta çiçək almağı.

 

Şeirdə adamın həm də bir əlində iki qarpız tutub, hər ikisindən də əl çəkə bilmədiyi aşkaranə ön planda verilir. "Nə yardan doyur, nə əldən qoyur," məsəli...

Vicdanına səcdə də əslində bu məqamda ortaya çıxır. Şair özgə qadına duyduğu dərinliyi özünə bağışlaya bilmir. Burada həm də cəmiyyət psixiologiyası təhlil edilib. Evdəki qadın və çöldəki qadın tərəzinin iki gözünə qoyulub. Birinciyə qarşı klassik səcdə, ikincidən sərt tələblər tərəzinin ölçü qabiliyyətini itirməsinə səbəb olur.Burada adam özgə qadına duyduğu fərqli sevgini içində tənqid edib özünə bağışlaya bilmir. Dərin eşqə görə özünü birinci qadına məcbur etməklə cəzalandırır.

Özgə qadına olan dərin və fərqli hisslər tuğay edir. Şair özgə qadınla insanlaşan, kişiləşən və böyüyən obraz yaradır. Özgə qadın adamı olğunlaşdırır. Həm də ona cəmiyyətin reallıqlarını anlıq da olsa, unutdurur. Bu məqamda adam onu bəlkə də pəncərə qarşısında həsrətlə gözləyən evdəki qadını da unudur:

 

Ana olur, yar olur özgə qadın adama,

Üst - başında gəzdirir əlinin tumarını.

 

Başı bir çox qayğıya qarışan evdəki qadın, cəmiyyətin ondan tələb etdiyi qadın olmaqla itirir adamı. Adamdan başqa qayğısı olmayan özgə qadın isə burada qalibə çevrilir.

 

De neçədə yatırsan, de, neçədə durursan?

Mən verdiyim ətiri harada saxlayırsan?

Köynəyinin yaxası  niyə qırış-qırışdı?

Saçında ağaran tük mənə necə tanışdı.…

Təzə şeir yazmısan? Ver üzünü köçürüm?

 

Aha elə burada kulminasiyaya dırmaşır gerçəklik. İnsan hər yaşda, hər statusda özünün ciddiyə alınmasını arzulayır. Hətta bunu dilinə gətirməsə də. Özgə qadın adamın yalnızca fiziki və mənəvi dünyası ilə maraqlanmır, onun üçün həm də adamın digər dünyası - beyninin içərisində yaşadığı müəmmalı dünya önəmlidir.

Beləliklə adamın qəlbi özgə qadına bir çox səlahiyyətlər verir qeyri-iradi olaraq… Bu vaxt özgə qadın adamdan başqa adam yaradır və onu özgələşdirir.

 

Bu gün sənə çayı da qoy mən özüm içirim.

Başdan - ayağa süzür səni bir ana kimi,

İlıq baxışlarıyla çəkir sənin şəklini .

İşıq verir gözünə,

Sevgi axır qanına.

Baxışları nur kimi çiçəklənir üzündə,

Bir qız heykəli doğur sənin düymə gözündə

İlahi baxışların altında sən süzürsən,

Uça - uça , qaça - qaça öz evinə gəlirsən,

Arvadın baxıb deyir: - Nə gözəl görünürsən?

 

Və nəhayətində sevgi dünyanı da, adamı da xilas edir…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!