Şahin Fazilin poeziyasında Qarabağ fəryadı - Eynulla MƏDƏTLİ

 

Tarix elmləri doktoru, professor Şahin Fazil (Fərzəliyev) bu günlərdə tamam olacaq 80 yaşının 60 ilindən çoxunu poeziyaya, ondan bir qədər azını isə tarix elminə həsr etmişdir. O, tarixçiliyə də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin məzunu olaraq klassik Azərbaycan şeirinin təsiri altında, türk (Azərbaycan) və fars dillərində olan ədəbi-tarixi abidələrimizin, əsərlərimizin onda yaratdığı maraqla gəlmiş və bu gəlişindən peşman da olmamışdır. Elminə və poeziyasına yaxından bələd olan bir həmkarı kimi qeyd edə bilərəm ki, Şahin Fazil poetik yaradıcılığında tarixlə, tarixçiliyində də poeziya ilə elə qarşılıqlı vəhdətdə məşğul olmuşdur ki, ona birmənalı olaraq "şair tarixçi", ya da "tarixçi şair" deyilə bilər.

Şahin Fazil XVI-XVII əsrlərin böyük Azərbaycan tarixçiləri Həsən bəy Rumlunun "Əhsənüt - təvarix" ("Tarixlərin ən yaxşısı") və İsgəndər bəy Münşi Türkmanın "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi)" əsərlərini fars dilindən ana dilimizə yüksək ustalıqla tərcümə edəndə də, Azərbaycan tarixinin çox mühüm dövrlərini əhatə edən təqribən dörd min səhifəlik bu ilkin tarixi qaynaqlara izahlar və şərhlər yazanda da şairlik istedadını ortaya qoymuşdur. Belə ki, həmin kitablardakı yüzlərlə şeir nümunələrini də nəzmlə, məharətlə dilimizə elə çevirmişdir ki, sanki onlar elə türkcə (azərbaycanca) yazılmış kimi dilimizə və qəlbimizə yatır. Şahin Fazilin beş min səhifəni aşan beş "Divan"ı, professor Qəzənfər Kazımovun təbirincə "Divanlar Xəmsəsi" də onun klassik Azərbaycan şeirinin bugünkü davamçısı olaraq ədəbi mühitdə tanınmasına və qəbul edilməsinə səbəb olmuşdur. Onun klassik və müasir şeirin demək olar ki, bütün formalarında, əruz və heca vəznlərində, sərbəst ölçüdə yazdığı poetik əsərlərıni, hətta yaponsayağı haykularını (bir az bizim bayatıya bənzər) ədəbi tənqid və təhlil edib dəyərləndirmək əlbəttə ki, ədəbiyyatşünasların görəcəyi işdir və bu sahədə də müəyyən işlər görülmüşdür.

Qısa da olsa qeyd etmək istərdik ki, Şahin Fazilin poeziyasında qəzəl janrının üstünlük təşkil etməsi diqqəti cəlb edir, lakin bu, adət etdiyimiz klassik fars-ərəb tərkibləri ilə dolu qəzəl deyildir. Bu, tamamilə fərqli dil üslubu ilə, Süleyman Rüstəmin, Məhəmmədhüseyn Şəhriyarın, Əliağa Vahidin, Mirmehdi Seyidzadənin, Əli Ələminin, Yasin Xəlilin və başqalarının qəzəlləri kimi əruz vəznində Azərbaycan dilinin necə böyük imkanlarla dərin mənalı fikirləri ən gözəl şəkildə ifadə etməyin bariz nümunəsidir. Bir sözlə, Şahin Fazilin qəzəlləri ana dilinin bütün incəlik və gözəlliyini özündə cəmləşdirən qəzəllərdir. Bunların əksəriyyəti əruzun hansı bəhrlərində olur-olsun axıcı, diləyatan, yaddaqalan, özü də eşq-məhəbbətdən, dini-irfani məzmundan daha çox, ictimai-mənəvi məzmunlu qəzəllərdir. Haqlı olaraq akademik Bəkir Nəbiyev Şahin Fazili "qəzəlin dinclik bilməyən cəfakeş fəhləsi" adlandırırdı. Həqiqətən də, istər elmi fəaliyyətdə, istər ədəbi yaradıcılıqda onun boş vaxtı yoxdur, çünki istənilən "boş" vaxt onun düşündüyü, yeni-yeni mövzulara keçid aldığı sakit hazırlıq dönəmidir. Özünün dediyi kimi:

Şahinəm, vaxtımı mən boş yerə öldürməmişəm,

Vaxtı öldürməyə bir zərrə də vaxtım yoxdur.

Heca vəznində yazdığı sadə xalq dilindəki şeirlərində olduğu kimi, Şahin Fazil vəzn, qafiyə, ritm xatirinə əcnəbi sözlərə müraciət etmir, zəngin və ifadəli ana dilimizin imkanlarından məharətlə istifadə edir. Əbəs yerə deyildir ki, tanınmış filoloqlarımız, professorlar Qəzənfər Kazımov, Sabir Əliyev, Tərlan Quliyev və başqaları öz məqalələrində Şahin Fazilin divanlarını, onların dilini və qayəsini yüksək qiymətləndirmişlər. Doğrudan da, onun heç vaxt yazmaqdan dayanmadığı qəzəlləri, eləcə də 20 ildən artıq rəhbərlik etdiyi və hər həftə məclislərinin keçirildiyi "Məcməüş-şüara" ədəbi məclisindəki müasir qəzəlxanlarla yaradıcılıq işi poeziyamızın bu şah damarını daim canlı tutmaqdadır. Şahin Fazilin, əlbəttə, çox incə, lirik şeirləri yüzlərlədir. Lakin indiki şəraitdə klassik şeirin ənənələrini yaşatmaq və divan ədəbiyyatını "diriltmək", eyni zamanda onu zənginləşdirmək gerçəkdən də xüsusi istedad və peşəkarlıq tələb edir. O, ədəbiyyatımızın bu ənənəvi sahəsindəki yaradıcılıq missiyasını daha sərrast ifadə etmişdir:

Şahına, gül qoparır çoxları gülşənlərdən,

Gülşənə gül gətirən tazə qəzəlxanəm mən.

Onun qəzəlləri "Doğruya doğru" adlandırdığı kitabında özünün qeyd etdiyi kimi, müasir dövrümüzün ədəbi dilindədir, mürəkkəb fars və ərəb tərkiblərindən azad, canlı, ifadəli və ahəngdar Azərbaycan dilindədir:

Qəzəldə millilik mütləq! Təmiz yaz saf əsər gəlsin!

Bu yolda şairə Rəbbim dəyanət ver, təpər gəlsin!

Qarabağ mövzusu Şahin Fazilin bütün vətənpərvərlik şeirlərinin tam mərkəzindən keçən qırmızı xəttdir. Müstəqilliyin ilk illərində yazdığı bir şeirində bir peşəkar tarixçi olaraq zəmanənin gərdişindən dərs almayan xalqımızı da şair arabir yana-yana məzəmmət edir, bir zamanlar tarixdə ad qoyan, iz salan, dövlətlər qurmuş hökmdarlarımızı, qəhrəmanlarımızı köməyə çağırır, köməksizliyə, əlacsızlığa üsyan edir:

Niyə torpaqlarımı zəbt eləyib namərdlər,

Yanıram, ey Qarabağ, Azəribaycan yanıram.

***

...Niyə Şah İsmayılın xəncəri qalmış qında?

Düşmənimdən niyə axmır görəsən, qan? Yanıram.

Bu günlərdə Şahin Fazilə XIII əsr Azərbaycan ədəbiyyatının dəyərli türk (Azərbaycan) dilli şeir nümunələrindən Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin tarixçi professor Mehman Süleymanovun "Şeyx Səfiəddin" kitabından götürdüyüm bir neçə beytini oxudum:

Göyərçin yolladım, yazdım sənə səndən şikayətlər,

Qolunda ol qanadlardır başıbağlı kitabətlər...

***

Səni Tanrı, necə səndən şikayət etməyim axır,

Hanı ol nazlı baxmaqlar, hanı gizlin işarətlər...

Ertəsi gün şair bu aşiqanə qəzəlin təsiri və üslubu ilə yazdığı 11 beytlik qəzəl-təzmini mənə oxudu. Bir gecədə doğulan bu qəzəldə də Şahin Fazil Qarabağ dərdini, köçkünlü, qaçqınlı, yaralı vətənimizin uzun sürən qaysaqlanmamış yarasını yaddan çıxarmamışdı:

Səfiəddin yazan beyti bəyəndim söylədim "əhsən"

Məni məşğul edir, amma digər mövzu və söhbətlər...

***

Qarabağ torpağı bizdən haçandır gözləyir imdad,

Zülümlər qeybə çıxsınlar, iraq olsun əziyyətlər...

***

Ümidim çoxdur, ey Şahin, səadətlər olar bol-bol,

Yerə yarəb, nəsib olsun nəhayətsiz səadətlər.

Şahin Fazil, hətta aşiqanə, konkret ünvanlı ilham pərisinə belə həsr etdiyi şeirlərində də Qarabağı unutmur. Onun poeziyasında Vətənlə sevgili yan-yana durur. Bu keyfiyyət onun 20 yaşındakı şeirlərində də var, 80 yaşında yazdıqlarında da.

Şahin Fazil peşəkar fars dili mütərcimi kimi gənc yaşlarında Əfqanıstanda uzun müddət işləmiş, müstəqillik illərində dəfələrlə İranda, Türkiyədə, Yaponiyada, İraqda və başqa ölkələrdə səfərlərdə olmuşdur. Həmin ölkələrdə bir sıra müqəddəs məkanları ziyarət edən Şahin Fazilin arzusu biz Qarabağı düşməndən azad edəndən sonra Qarabağ torpağını öpərək ondan sonra müqəddəs Məkkə ziyarətinə getməkdir:

Azad olsa Qarabağ üz tutuban Allahə

Gedərəm şövq ilə beytullaha Allah qoysa.

***

Ulu öndərləri hər yerdə ziyarət vacib!

Gedərəm çoxlu ziyarətgaha Allah qoysa. 

2016-cı ilin Aprel döyüşləri bütün Azərbaycan xalqının milli ruhunu, döyüş əzmini hərəkətə gətirdiyi kimi, Şahin Fazilin də qarabağnamələrindən yan keçmədi. Bu qəzəldəki özünəməxsus qəhrəmanlıq və qisas hayqırtısı artıq təcavüzkara sərt bir xəbərdarlıq, qəti qələbimizə isə inamdan qaynaqlanır:

Qarəbağdan qan iyi çoxdan çəkilmir, biz gərək,

Qan töküb, qan istəyək, yox başqa imkan, qan gəlir.

***

Dördcə günlük davadan sən yaz gələndə qorxmadın?

Sərt qışın gəlməkdədir, ey Ermənistan, qan gəlir.

***

Mərd igidlər, ər şəhidlər "intiqam al" qışqırır,

Torpaq altda hər şəhiddən, qan ki, hər an qan gəlir. 

Göründüyü kimi, bu qəzəl özü qarı düşmənə bir müharibə elanıdır, xalqımızın və ordumuzun intiqam əzmində olduğunun poetik ifadəsidir. Burada şair inamında qətiyyətli və hökmlüdür. Şair zəfər istəyinin bir an öncə yerinə yetməsinə can atır. Təsəvvür edə bilərik ki, biz Qarabağı, işğal altındakı bütün torpaqlarımızı azad edəndən sonra qocaman şairimiz nələr yazacaqdır. Əminik ki, biz də həmin zəfər nəğmələrinin şahidi olacağıq. Sonluğu da Şahin Fazilin bayatısı ilə bitirməyi uyğun bildik:

Qan qalmaz, qada qalmaz,

Ürək fəryada qalmaz.

Alarıq Qarabağı,

Qarabağ yada qalmaz.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!