Yubiley qeydləri
Yazıçı Mənzər Niyarlı mübarək yubiley yaşına gəlib çatmış. Mübarək! - deyək. Ədəbiyyatla, ədəbiyyatda keçmiş daha bir ömrün hesabat dəmi və sevinc səhifələri ilə üz-üzəyik...
Mənzər Niyarlı həm də Mənzər Eynullayevadır; ədəbiyyata ilk qədəmlərini bu imza ilə atmış və ilk olaraq onu bu imza ilə tanımışıq. 1969-cu ildən mətbuatda ilk hekayələri, ilk kitabı ("Həmin axşam", 1980) bu adla çıxmış, oxucularının qəlbinə yol tapmışdır.
Mənzər Niyarlı həm də Mənzər Hüseynovadır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Mənzər Hüseynova. Rəsmi hesabatlarda biz onu bu ad-soyadla tanıyır, onlarla elmi məqaləsinin altında həm də bu imzanı görürük. Şöbəyə rəhbərliyimdən, Mənzər Hüseynovanın tədqiqat mövzularına seçimli münasibəti mənimçün həmişə maraqlı olmuş, diqqətimi çəkmişdir: müasir Azərbaycan nəsrində repressiya mövzusu, memuar ədəbiyyatı, Vidadi Babanlı, Sabir Rüstəmxanlı, Mustafa Çəmənli, Sara Oğuz, Bahar Bərdəli... Ayrıca geniş bir tədqiqatı "Qadın yazıçıların yaradıcılığında müasirlik problemi" adlanır. Marağımın hədəfi odur ki, elmi araşdırmalarında Mənzər Niyarlının yazıçı dünyasının, yazıçını düşündürən ictimai-mənəvi problemlərin əks-sədasını və davamını görürük. Şöbəmizdə biz Mənzər xanımı elə bu avtoritetdə -yazıçı və tədqiqatçı olaraq önəmsəyir, təqdir edirik.
Mənzər Niyarlının Mənzər Eynullayevadan gələn, gəldikcə artan, zənginləşən, yüksələn yazıçı dünyası barəsində düşünərkən, ilk növbədə yaradıcılığının sabit ritmi, sabit mövzu və problemləri, mənəvi dəyərlər sırası diqqətə gəlir. Düşünürsən, dəyişən zamana, ictimai abhavaya, cəmiyyət mənzərələrinə həssas olduğu qədər də, bu dəyişməzliyin sirri nədədir? Bəlkə ondan ki, Mənzər Niyarlı mövzularını, qəhrəmanlarını uzaqda axtarmır, eləcə içərisində olduğu həyatı, cəmiyyəti, insanları qələmə almağı üstün və vacib bilir. Həm də özünə ən yaxın məsafədən, bir zamanlar deyildiyi kimi: ailə-məişət tematikasında.
Beş il öncə Mənzər Niyarlı yaradıcılığını ehtiva edən povest və hekayələrdən ibarət "Seçilmiş əsərləri"ni (Bakı, 2014) çap etdirdi. Nəşrə yazdığı son dərəcə dürüst qeydlərində tənqidçi-ədəbiyyatşünas Nazif Ələkbərli (Qəhrəmanlı) deyir: "Azərbaycan hekayəçiliyində ailə-məişət tematikasının daha geniş vüsət aldığı dövr keçən əsrin 20-30-cu illəri olmuşdur. Sonralar istehsalat, müharibə, kənddən şəhərə axın mövzusu ailə və məişət tematikasını nisbətən arxaya sıxışdırmışdı. Mənzər xanımın hekayələrində, məncə, bu tematika özünə ikinci həyat qazanıb. Ailənin cəmiyyət həyatında oynadığı rolu təqdir etmək hamıya bəllidir. Bu mövzuya həsr olunan nəsr də öz növbəsində əxlaqi dəyərlərə, mənəvi prioritetlərə söykənir".
Buradaca onu əlavə etmək gərəkir ki, Mənzər Niyarlının povest və hekayələri yalnız ailə-məişət tematikasında janr ənənələrini dirçəltməklə nəzərə gəlmir, bu gün diqqəti çəkən daha vacib bir rakurs vardır. Ötən əsrin 20-30-cu illərindən məhz kütləvi repressiyaların qırdığı, qarşısını aldığı milli insanın taleyinə baxış və yenidən qayıdış. Belə ki, digər tematikada sosrealizmin özgələşdirməyə meylli olduğu milli insan - özlüyü, əsli, gerçək durumu ilə məhz ailə-məişət mövzusunda gizlənə, daldalana bilir, bununla belə ictimai sıxıntı və ideoloji basqıları da üzərində görükdürmüş olurdu. Mənzər Niyarlının bu sıradan ənənələri davam etdirməsi, mövzuya ardıcıl marağı bir nasir olaraq uğurlarını şərtləndirdiyi kimi, ədəbiyyatda özümlü yerini də müəyyənləşdirir. Yazıçının yaradıcılığında sovet dönəminin bütün keşməkeşlərini keçmiş, yaşamış milli insanın taleyini görə, izləyə bilirik.
1930-cu illərin repressiya hadisələri Mənzər Niyarlının bir sıra əsərlərində əksini tapmışdır. "Yola dikilən gözlər" (1991) povestində atası repressiyaya uğradılmış gənc qızın, Tutunun ömür-gün taleyi fonunda bir insanın əzablı, maddi-mənəvi çətinliklərlə, acılı-şirinli xatirələrlə dolu həyatından söz açılır. Burada yazıçı mövzuya hələ dolayısı, epik nəticələrindən nəzər salır; özü atasızlıq çəkmiş qəhrəman ömrünü atasız böyütdüyü üç övladına sərf edir, sonda qocalar evinə məhkum olur. Müəllif rejimin törətdiyi bəlaları - "talesizlər" və "atılmışlar" motivlərini bir araya gətirərək, düşünür və oxucunu da düşünməyə dəvət edir.
Bilavasitə repressiya mövzusunda qələmə alınan "Qürbətə aparan qatar" povestində yazıçı artıq bir azərbaycanlı ailəsinin timsalında gəncliyi, gələcəyi, bütünlükdə həyatı məhv olan bütöv bir ictimai nəslin taleyini ümumiləşdirir. Əsər gerçək, sənədli materiallar əsasında yazılmış, müəllif hadisələri daha yaxından izləməyə imkan verən təhkiyə nöqtəsi tapmışdır. Hekayət yazıçının görüşünə tələsdiyi, "başı müsibətlər çəkmiş" qəhrəmanın - əri 37-ci ildə qətlə yetirilmiş, uşaqlarından ayrılaraq Qazaxıstanda on il sürgün həyatı yaşamış ahıl Əfruzun xatirələrindən keçərək nəql olunur. Povestin fabulası 1930-cu illərin qan-qadağalı günləri, anaların harayı, bala fəryadı, doğmaların göz yaşı, düşərgə ağrıları, ayrılıq-hicran yaşamları ilə birgə, itən ömrün sağalmaz yaralarını, altı yaşında qoyub gəlin köçürmək vaxtında qovuşduğu övlad nisgili, nəvə toyu nəsib olmuş qəhrəmanın son günlərinəcən sürəkli bir "sovet zamanları"nı ehtiva edir; bununla belə xatirə tonallığı epik uzaqlığı rəf edir, oxucuya yaxınlaşdırır. Povestdə repressiya qurbanları Əli Əlibəyovun qadını Əfruzla yanaşı, Hənəfi Zeynallının, Əhməd Cavadın, Seyid Hüseynin həyat yoldaşları Səriyyə, Şükriyyə, Ümmügülsümün və s. "məhbus qadın" obrazlarının yer alması əsərin tarixi koloritini də artırır.
Mənzər Niyarlının 2018-ci ildə qələmə aldığı "Vətəndən Vətənə" romanında niyyət daha əhatəlidir. 1930-cu illərin repressiyaları yalnız milli insanın, milli cəmiyyətin soyqırımı aktı ilə məhdudlaşmır, bütövlükdə millətin varlığına qarşı hərtərəfli təqib və təzyiqlərlə müşaiyət olunur. Digər motivlər də qalmaqla roman zamana daha bir mövzu açısından yanaşır. Olduqca vacib, "Cənub" mövzusunu qabartmaqla, əsər oxucunu 1930-cu illərin repressiya mühitinə aparır, ədəbiyyatımızda az qala heç işlənməmiş Cənubluların Şimaldan deportasiyası motivindən təkanlanıb, doğurduğu ağrı-acıları günümüzəcən daşıyıb-gətirir və üzərində dərindən düşündürür. Yalnız ayrı-ayrı fərdlər, şəxsiyyətlər, ictimai zümrələr deyil, dəmir sərhədlərin hər iki üzündə qalan o taylı, bu taylı Azərbaycan da repressiya qurbanıdır. Əli Əmirlinin yazdığı kimi: "Vətəndən Vətənə" taleyin Araz vasitəsilə ikiyə böldüyü iki vətən haqqındadır, şərti desək, iki Azərbaycan arasında qalmış böyük bir ailənin mürəkkəb peripetiyalarla zəngin iztirablı taleyi haqqındadır".
Roman avtobioqrafik çalarlıdır. Bu dəfə təhkiyə bucağı da qəhrəmanla tam birikmiş, fərdi və ictimai rakurs arasına özgə hər hansı münasibətin girə bilməyəcəyi vəhdətə nail olunmuşdur. Əslən Cənubdan olan azərbaycanlı bir ailənin Şimalda və Cənubda başına gələnlər tarixin ədalətsizliyinə ürcah olmuş millətin həqiqətlərini ehtiva edir. Müstəqillik illərində sərhədlərin sərbəstləşməsi ilə Cənubda yaşayan doğmalarının axtarışına tələsən qəhrəmanın yolu çox uzun, tarixin dolanbaclarına enib-qayıtmaqla başa gəlir. Xatirə tonuna yüklənmiş təhkiyə çoxlu və dürüst təfərrüat, sərrast detallar, etnoqrafizm və digər təsvir incəlikləri ilə birgə, başlıcası insan içindən keçən, yaşanan, izlər qoyan dövr-zaman mənzərələri, obrazlar vasitəsilə oxucunun düşüncəsinə yeriyir, yaddaşına yazılır. "Vətəndən Vətənə" həcmcə balaca roman olsa da, Azərbaycan tematikasının vacib, toxunulmamış qatlarına baş vurur.
Mənzər Niyarlı daim cəmiyyətin ağrıları ilə yaşayan yazıçıdır. 1970-ci illərdən, dərc olunmağa başladığı zamanlardan əsərlərində cəmiyyətdə və ədəbiyyatda aktuallaşan problemlərin əks-sədasını görürük. "Bir qom qamış" hekayəsində müharibənin ağrıtdığı, eyni zamanda doğmalaşdırdığı kənd insanlarının həssas psixoloji rakursdan təsviri 60-cılardan gələn "müharibə nəsri" ənənələrini uğurla davam etdirir. Cəmiyyətdə mənəvi deqradasiya və kataklizmlərin ziyalı taleyində izləri yazıçının "Elə bil çay da susmuşdu", "Sərnişin bileti və baqaj çeki", "Ölümlə üz-üzə" və s. hekayələrində əksini tapmışdır. Və əgər sovet dönəmində ziyalı mövqeyi hələ mühitə sığmayan pozitiv, idealist müəllim obrazında ifadə olunursa ("Bir ömürlük sevinc"), sonrakı dövr hekayələrində yazıçı klassik ziyalı tipinin ölümü ilə müstəqilliyə keçid cəmiyyətinin sərt reallıqlarına ayna tutur ("Sərnişin bileti və baqaj çeki", "Ölümlə üz-üzə").
Mənzər Niyarlının yaradıcılığında qadın tematikası ümdə yer tutur və qətiyyətlə demək olar: müasir nəsrimizdə Azərbaycan qadınının həqiqətlərini söyləyən, yazıya alan Afaq Məsud, Sara Oğuz kimi yazarların sırasında təkrarsız yeri var. Qadın diskursu, əslində, Mənzər Niyarlının bütünlükdə yazıçı stixiyasının əsasında durur və qələmini təsbit edir. Mənzər Niyarlının bütün povestlərinin qəhrəmanları və təhkiyəçi-qəhrəmanları qadındır. Hekayələrində, mövzusundan asılı olmayaraq, qadın başlanğıcı, qadın nöqteyi-nəzəri, qadın həqiqəti aparıcı diskursiyanı təmsil edir. Həm də ən müxtəlif - sosial, ritual, mənəvi-əxlaqi, fərdi-psixoloji missiyalarda: ailədə, məişətdə, cəmiyyətdə, ailə xanımı, həyat yoldaşı, tənha qadın, ana, nənə, övlad (qız), bacı, qohum-əqraba, qonum-qonşu, doğma-yad(laşma) mövqelərində Azərbaycan qadını. Nazif Qəhrəmanlının yazdığı kimi: "Mənzər xanım öz mühitini - qız və qadın mühitini daha yaxşı tanıyır. Ayrı-ayrı yaş hüdudlarını öz maraqlı, bədii-psixoloji xarakteristikaları ilə mənalandırmağı, onlara məxsusi bədii-estetik yük verməyi bacarır". Mənzər Niyarlının qələmində qadın sanki lakmus kağızı tək cəmiyyətin ağrılarını canına çəkir, bu və digər yöndən təcəssüm etdirir. Qeyd etdiyim kimi, həm də bu ağrıların aydın görünən zaman xəritəsi var - 1930-cu illərdən günümüzəcən: repressiya, müharibə, sosial "atılmışlıq" ("Yola dikilən gözlər", "Qürbətə aparan qatar", "Bir qom qamış"), tənhalıq ("Yarımçıq məzuniyyət"), kimsəsizlik-himayəsizlik ("Səhv atılan addımlar", "Toy gününün səhəri", "Dar gün", "Ağbəniz qarıyla qarabəniz qarının əhvalatı") sindromlarını yaşayan qadın. Mənimcə, Azərbaycan varlığının son yüz ildə uğradığı təbəddülatın acısını bizə ən çox qadın diskursu xəbər verir. Mənzər Niyarlının yaradıcılığının qiymət və dəyəri bu prizmadan da danılmazdır, aşkardır.
Mənzər Niyarlı ən çox hekayə yazır. "Vətəndən vətənə" romanını çıxmaqla, altı kitabının cəmisi hekayə toplularıdır. Yazıçının povestlərini - "uzun hekayələri"ni də mən bu sıraya aid edirəm. Əslində, mənimcə, Mənzər Niyarlının yazıçı istedadı yığcam hekayədənsə, "hekayət"ə - "povest" dediyimiz janra daha çox meyllidir. Diqqət etsək, hekayələri situasiya, lətifə tipli olmayıb, əksərən hadisə, əhvalat, məhz qəhrəmanın hekayəti üzərində köklənir və süjetin həcmini də (hekayə, yoxsa povest?) "qəhrəmanın hünəri" təyin edir. Elə hekayələri var ki, qəhrəmanın tarixçəsini bütöv-bitkin qapsadığı səbəbinə "povest" siqlətlidir ("Qızıl qaval", "Ölümlə üz-üzə", "Sərnişin bileti və baqaj çeki"). Düzdür, yazıçının qələmindən bir çox "situasiya hekayələri" də çıxmışdır ("O gün qar yağırdı", "Dua", "Qonorar", "Təhlükə sovuşdu" və s.), amma baxıb görürsən, magistral olmayıb, ya ilkin yaradıcılıq nümunələrinə aiddir, ya da daha çox yumor səciyyəlidir, yazıçı stressini atmaq qəbilindəndir.
Uzun illərin hekayəçiliyi Mənzər Niyarlının özünəxas nəsr üslubunu, poetikasını formalaşdırmışdır. Bu üslub birbaşa təsvir-göstərmə tipli olmayıb, danışmağa-nəql etməyə meyllidir; mövzunu-hadisələri-olayları analizə-təhlilə yox, təhkiyə və təlqinə üstünlük verir. Epik səciyyəlidir, olmuşlardan, nəticələrdən, həzm olunmuş mətləblərdən çıxış edir, "səbəbləri qoy ibrət alası oxucu özü düşünsün" səciyyəlidir. Mənzər Niyarlının hekayəçiliyinin maraqlı intriqa əsası var; bir qayda, əvvəldən hadisənin, əhvalatın ən gərgin, kulminasiya anında oxucunu haqlayır, maraqlandırıb hekayənin içinə çəkir, çəkdikcə çəkir; kulminasiyaya gətirən yollarda təhkiyə oxucunu yalnız olaylar, personajlar, təsvirlərlə məşğul etmir, eyni zamanda ideya-mətləblə də "yükləyir". Bu zaman mətnlərdə nəsr mədəniyyəti yüksəkdir, təhkiyəçi süjetlə demədiklərini də oxucuya obrazların, təfərrüat və detallarin dili ilə aşılayır, təlqin edir, onu daim baş vermişlərin yanında saxlaya bilir. Nəticədə hekayənin sonunda əvvələ, haqlandığı məqama qayıdan oxucu müəyyən həzz, katarsis prosesindən keçmiş olur.
Biz, ədəbiyyat həmkarları Mənzər xanımın öz ətrafına, "başqaları"na son dərəcə həssas olduğunu yaxşı bilirik. Bu məziyyət hardasa onun yazıçı qələmini də şərtləndirir. Mənzər Niyarlının "şahidlik poetikası" ilə yazdığı əsərlər məxsusən təsirlidir. Povestin əvvəllində Əfruz xalanın görüşünə tələsən təhkiyəçi-müəllif ("Qürbətə aparan qatar") əsər boyu, hiss etdirmədən həm qəhrəmanının yanında olur, həm də oxucunun; kədər, ağrı, nisgil hisslərini onunla bölüşür. "Səhv atılan addımlar" povestində təhkiyəçi-obraz oxucunu, əksinə, ilk cümlədən macəra ovqatına kökləyir; süjet kanvası ritual münasibətləri, ailə-məişət sferası, elçilik əhvalatı üzərində qurulan əsərdə hadisələr, himayəsində böyüdüyü xalanın ailəsi, xala-uşaqlarının həyat hekayəsindən təkanlanaraq cəmiyyətin diblərinə, sosial ədalətsizlik və bərabərsizlik mənzərələrinə qədər gəlişsə də, oxucu bir an belə hər şeyin yaxşılıqla qurtaracağına şübhə etmir; bu hissi ona süjet boyu təhkiyəçinin səylə axıra saxlamağa çalışdığı sevinc əhval-ruhiyyəsi xəbər verir. Mənzər Niyarlı oxucuda emosional ovqat yaratmağı, onu riqqətləndirməyi, kədərləndirib-sevindirməyi, ağlatmağı, gözündən sevinc yaşları çıxarmağı və məhz emosional qatda kontakt quraraq düşündürməyi bacaran yazıçıdır; gerçək həyatda olduğu kimi.
Təvazökar xarakteri ilə əksərən kölgədə qalsa da, Mənzər Niyarlının nəsrdə uğurları ədəbi ictimaiyyətin də diqqətindən yayınmamışdır. Hekayələri 2013-cü ildə Amerikada nəşr olunmuş "Azərbaycan qadın nəsri" kitabında yer almış, "Tar", "Təhlükə sovuşdu", "Tənha durna qatarı" əsərləri televiziya və radionun ədəbi verilişlərində səhnələşdirilmiş, o cümlədən "Qızıl qaval" pyesi radionun Qızıl Fonduna daxil edilmişdir. Həmçinin hekayələri rus, Ukrayna, ingilis dillərinə tərcümə olunmuşdur. Hələ gənc ikən xalq yazıçısı Mirzə İbrahimovun diqqətini çəkmiş, böyük ədib nasirin dilinin, təfəkkürünün, sənətkarlığının inkişafından söz açmışdır. Ədəbiyyatşünas həmkarları Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Safurə Quliyeva, Mərziyyə Nəcəfova, yazıçı həmkarları Sara Oğuz, Əli Əmirli Mənzər Niyarlı haqqında yazılar yazmışlar.
Hər bir yazıçı kimi Mənzər Niyarlı da həyatla, ədəbiyyatla nəfəs alan insandır. Bugünlərdə yazıçını məktəblərdən birinə görüşə dəvət etmişdilər. "Xocalının şəhid uşaqlarına" həsr etdiyi "O ağrılı gün" hekayəsini oxuyub, səhnələşdirən şagirdlər əsərin tamaşasında müəllifi də görmək istəmişdilər. Görüşdən sonra duyğusal Mənzər xanımı ikili ovqatda: həm gümrah, qürurlu, həm də tutqun, kədərli, qayğılı gördük. Kədərin mənbəyi bəlli. "O ağrılı gün" hekayəsi belə bir sonluqla tamamlanır: "Amma ana ürəyi onu geri çəkilməyə qoymadı. İnanırdı ki, analarının, bacılarının, Azərin, vəhşi ermənilərin gülləsinə tuş gələn insanların intiqamını alanlardan biri də Araz olacaq". Amma yazıçı, şəksiz, Xocalı dərslərinin məramını gənc Arazlara ötürə bilmişdisə, qürur duymaq da olardı...
Zəngin və mənalı yazıçı ömrü yaşamış Mənzər Niyarlıya AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bütün kollektivi adından daha gümrah sabahlar, yaradıcılıq şövqü və həyat əzmi diləyirik. Zira milli insanın, milli cəmiyyətin yazılası mənəvi qayğıları hələ çoxdur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!