Ədəbiyyatşünas, esseist, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin “Ədəbiyyat qəzeti” yayınları seriyasından “Ədəbi “Kəpənək effekti” kitabı çap olunub. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turandır. Kitabın ön sözünü oxuculara təqdim edirik.
Azər TURAN
Mətanət Vahidin "Ədəbi "Kəpənək effekti" kitabı Salvador Dalinin "Müəmmalar yolu"ndan başlanır. Kitabda həmin rəsm barədə söhbət getməsə də, Mətanətin mətnlərindəki qırxıncı qapının sirrinə varmaq üçün bu əsərdən keçib getmək lazım gəlir. Dalinin "Sonuncu rol" silsiləsindən olan bu sənət nümunəsi öz sirli mistikası, aşırı sürreallığı, xəyal gücünün bitib-tükənməzliyi, qeyri-adiliyi ilə hələ ki sənətşünaslığın predmeti ola bilmir. Hələ ki bu əsəri dərk edən kimsə yoxdur. Mətanət Vahid isə ilk kitabı olan "Ədəbi "Kəpənək effekti"ni Dalinin son tablosu olan "Müəmmalar yolu"ndan başlamaqla, əslində, özünün idrak hüdudlarında modern esseistikanın potensial imkanlarını meydana çıxarmış olur.
Azərbaycanda intellektual tənqidin dəyərli örnəklərindən olan "Ədəbi "Kəpənək effekti" kitabında klassika, postmodernizm, mistika, təsəvvüf və konspiroloji düşüncə, hətta sevgi, həsrət eyni estetik ortama gətirilib, cərəyanlardan tutmuş intermediallıq məsələsinə qədər dünya ədəbiyyatının mozaikası bütün parametrləri ilə sərgilənib. Mətanət Vahid modern dünya ədəbiyyatı ilə bağlantılar qurmaqla, əslində, çağdaş ədəbiyyatımızın dünya ədəbiyyatı ilə ekvivalentlik münasibətini aydınlaşdırıb və nə yazıbsa, sanki bu iki qütbü qovuşdura biləcək nöqtəni tapmaq üçün yazıb.
Yazılarını çoxdan oxusam da, mənə elə gəlir, Mətanət Vahid imzasını bütün təfərrüatı ilə "Üşüyorum, kapama gözlerini" essesindən sonra tanıdım. Çünki bu yazının sentimental, ruhsal tərəfi ilə intellektual mahiyyəti bir-birinə qarışıb cazibədar effekt yaradırdı. Sanki müəllif bu yazını həm ədəbiyyatın, mətnin, özəlliklə, Nəcib Fazilin, Ahmed Arifin, Edip Cansevərin, Özdəmir Asəfin, Bülənt Ecevitin şeirlərinin, həm də sevginin içindən yazmışdı: "Sevmək yaradıcılıqdır, bəlkə bir az da yıxıcı, dağıdıcı, öldürücü yaradıcılıq...". Bu yazını niyə xatırlatdım? Mətanət Vahid üçün mətndən öncə heç bir əyar yoxdur. Sevgidən, Vətəndən... nədən yazırsa-yazsın, mətn ona adekvat deyilsə, bəsitdirsə, bir sözlə, mövzu mətnləşməyibsə (dünyalaşmayıbsa), hər şey saxtadır. Mətanət Vahid Derridanın "Mətn dünyadır" - təlimini mənimsəmiş tənqidçidir. Onun üçün önəmli olan əsərin mövzusu deyil, estetik yönləridir, hələ üstəlik, bu əsər postmodern ədəbiyyat örnəyidirsə, önəmli olan onun konstruksiyasıdır, əsərin doğurduğu diskursdur. Bu diskursda Mətanət Vahidin timsalında çağdaş Azərbaycan ədəbi tənqidi də iştirak edir. "Oxucu aldadılmağı könüllü şəkildə qəbullanmalıdır ki, mətnin gerçəyi ilə üz-üzə qalıb alternativ dünyanın zövqlərini duya bilsin. Bir oxucu mətn gerçəklərinin içində yalanlar axtarışına çıxan "həqiqətpərəst"dirsə, demək, əslində, oxucu deyil. Sənətin gerçəkliyinə inanmaq Tanrıya inanmaq kimidir. Şübhələr ürəyini didsə də, suallar beyninə dolu kimi yağsa da, inanırsan" (M. Vahid).
Azərbaycan ədəbiyyatının bütün postmodernist arsenalı "Ədəbi "Kəpənək effekti" kitabının səhifələri arasındadır. Mətanət sözdən mətnə doğru gedən arteriyalara qarışıb axmağı bacarır. Avropada çoxdandır ki, ədəbiyyata tətbiq olunan nəzəriyyələri Azərbaycan ədəbiyyatşünaslığının təhlil sferasına daxil etməyə cəhd göstərir. Hələ mətnlərinin həssas harmoniyasını təmin edən həzin və orkestral ruh...
Bu kitabdan çox şey öyrənmək olar. Bu kitab çox mətləbləri yenidən xatırladır. Bu kitabdan öyrəndim ki, ətir Şarl Bodlerin ətrafı dərketmə üsullarından biridir, bu kitabın mütaliəsi zamanı xatırladım ki, Anarın Təhminəsi "bir neçə ətrin müəyyən ölçülərdə qarışığından tamamilə yeni, orijinal, yalnız ona aid olan bir ətir hazırlayır". Çünki Təhminəyə görə "Hər bir qadın fərqlidir, hər şeylə, o cümlədən, ətri ilə də özünəməxsusluğa, fərqliliyə nail olmalıdır". Və ətirlə bağlı dünya ədəbiyyatını çevrələyən bütün bunları və çoxlu belə detalları Mətanət "Ədəbiyyat və moda" məqaləsində təhlil edir. Ümumiyyətlə, moda və ədəbiyyat, eləcə də bir çox digər mövzular ilk dəfədir ki, bizim ədəbiyyatşünaslıqda sistemli təhlil dövriyyəsinə Mətanətin bu kitabı ilə daxil olur...
Mətanət Vahidin nəzəri təfəkküründə bütün hallarda və əksər yazılarında zaman və məkanca çox fərqli və uzaq - dövrlərarası estetik bağlantılar qurulur, antik ədəbiyyatla postmodern mədəniyyətin (ən qədimlə ən yeninin), klassika ilə avanqardın diskursu baş verir.
Həm də onun yazı metodu başqadır. Tutaq ki, Səlim Babullaoğlunun "Rəqs edən ispan qızı" şeirini Yasmin Levinin "Una-noce-mas" mahnısını dinləyərək, Zərdüşt Şəfinin "Başqa adamlar"ını "Ave Maria"ya dalaraq, Aydın Talıbzadənin "Əbuhübb" romanını yaddaşında yoqların Om mantrasını səsləndirərək təhlil edir...
Bu kitab həm də ona görə dəyərlidir ki, onun müəllifi Mətanət Vahid ədəbiyyatşünaslığımızda intermediallıq konseptini yaradanların ön sırasındadır. Və yaxşı ki, o, tutalım, "Ədəbiyyat və yeddi not" essesini yazır. Forma və ritmin, söz və musiqinin, təsvirin qovuşa bildiyi bədii mətnlərdən çıxış edib intermediallığın geniş, aydın və nəzəri mənzərəsini - (ilk dəfə bu kitabdan oxuduğum təbirlə) "metafizik morfologiya"sını təqdim edir. "İntermedial fenomen: vizual poeziya. Səlim Babullaoğlunun vizual eksperimentləri" məqaləsində Babullaoğlunun qrafik şeirlərindən, özəlliklə, Səlimin "Rəqs edən ispan qızı" şeirindən yazır: "İspan ladlarında musiqi, bu sədalara "rəqs edən" ispan qızı və onun alovlu rəqsini təsvir edən mətn. Ehtirasla rəqs edən qarasaçlı, gözəl təbəssümlü ispan qızının zərif əllərini havada necə oynatdığını, qara krujeva ilə bəzədilmiş qırmızı donunun ətəklərini əsdirərək incə bədənini necə qıvırdığını və onu heyranlıq və sevgiylə, arzu və ehtirasla izləyən baxışları görürdüm. Söz, rəsm və musiqinin yaratdığı harmoniya, sənətin insan ruhunu qanadlandırdığı qeyri-adi məqamlardan biri idi...".
Mətanətin bu yazısını oxuduqca essenin ümumi intellektual ab-havası duyğularımı Pol Verlenin "Sözsüz romanslar"ına, Apollinerin kalliqrafik şeirlərinə və Yahya Kamalın "Yelpaze çevrilir gibi birden dönüşleri, / İşveyle devriliş, saçılış, örtünüşleri"nə ("Əndəlusda rəqs") pərvazlandırırdı və indi bu sətirləri yazarkən iş otağımın divarındakı rəsmə - dostum Səlimin mənə bağışladığı vizual şeirinə - mavi fondan və ağ fiqurdan (hərflərdən) oluşan "Rəqs edən ispan qızı"na baxıb (!) alternativ dünyanın həzzləri barədə düşünürəm. Bu hissi mənə modern Azərbaycan şeiri ilə yanaşı, modern Azərbaycan ədəbi tənqidi yaşadır.
Bədii mətndə mifologiya, rəssamlıq, heykəltəraşlıq, musiqi, teatr, balet və ədəbiyyat arasında bizdə ilk dəfə intermedial bağlantılar quran Əli bəy Hüseynzadə olub. Cəmşidin heykəlini, Sen Sansın fleytada çalınan "Dans-maqaber"inin ahəngində rəqs edən fosforlu skeletləri, hətta Misir piramidaları biçimində (amma hərəkət edən və modern) arxitekturanı, hətta tarix öncəsi - mifoloji zamanlarda birdən-birə elektriklə işıqlanan teatr salonuna dönmüş mağarada Bakının "Nicat" cəmiyyəti aktyorlarının göstərdiyi Nərimanovun "Nadir şah" dramını... bir mətnin içində - "Siyasəti-fürusət"də qaynayıb-qarışdırıb. Və xoşdur ki, Mətanət Vahid kitabında Əli bəy Hüseynzadəni də unutmur. Amma onun barəsində daha çox milli ideologiya müəllifi kimi bəhs edir.
Mətanət Vahid Qarabağ şəhidi ilə İsa Məsih arasında, azərbaycanlı şəhid anasının iztirabı ilə Mikelancelonun "Pyeta"sındakı mərhəmətli Məryəmin iztirabları arasında əlaqə qurur, paralellər aparır... Və bunu edərkən, təkcə Mikelancelonun "Pyeta"sı ilə kifayətlənmir, Koreya kinematoqrafının eyniadlı filminə də, Anna Axmatovanın "İncil" motivinə interpretasiya edərək yazdığı "Rekviyem" poemasına da istinad edir... Ədəbi panoram elə mükəmməl təqdim olunur ki, bunun müqabilində oxucunun diqqəti tənqidçinin çağdaş Azərbaycan ədəbiyyatından bu nöqtəyə hansı mətni çıxaracağına fokuslanır. Məsələn, mən o nöqtəyə milli ədəbiyyatımızdan elə "Pyeta"nın yaşıdı "Hədiqətüs süəda"dan Hüseynin anası Zəhranı çıxarardım. Amma Mətanət Vahid üçün önəmli olan çağdaş ədəbiyyatdır. Həmin mətn isə yeni ədəbiyyatımızda, təbii ki, yoxdur.
Mətanətin "Acısını övladı kimi sevənlər" yazısını oxuduqca yaddaşıma tamam başqa nəsnələr yansıyır və 1990-cı illərin əvvəllərində tez-tez mənim iş yerimə gələn Məryəm adlı bir şəhid anasını xatırlayıram. Məryəm xanım gənc bir qadın idi. Müqəddəs Məryəm yaşındaydı və qoynunda bir fotoşəkil gəzdirərdi. Bizim Məryəm ana oğlunu qurda-quşa yem olandan sonra hansı əlamətinə görəsə (əlamət şəhid atasının oğluna yazdığı məktub idi. Oğul çürümüş, məktub isə qalmışdı) tanıyıb cəbhə bölgəsindən tapmışdı və şəkil də Məryəmin oğlunun yarıskelet nəşini əks etdirirdi. Bax, ədəbiyyatımız həmin ananın iztirabını yazmadığına görə, onun oxucusu olacaq insanların yaşantılarının nəinki fövqünə qalxa bilmir, heç o yaşantılarla yanaşı addımlamağı belə bacarmır. Paradoks bundadır ki, tənqidçinin "Şəhid analarına" ithafən yazdığı mətn çağdaş ədəbiyyatımızdan bir yazıçının mətni ilə deyil, Mikelancelonun mərmərə hopdurduğu ruhla və həyatın iztirab dolu mətni ilə assosiasiya edir...
"Ədəbi "Kəpənək effekti"ndəki yazıların böyük əksəriyyəti son beş ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub. Bəzisinin ilk oxucusu olmuşam. İndi bu yazıları nəzərdən keçirərkən Mətanətin son beş ildəki inadlı yaradıcılıq axtarışları barədə düşündüm. Mətanət Vahidin bu kitaba daxil etmədiyi bir çox yazıları da var ki, o yazıların indi bu kitabın səhifələri arasında olması ədəbiyyatşünaslığımızın miqyasını, estetik simasını və ruhunu daha aydın görükdürə bilərdi. Məsələn, dünyanın ilk qadın yazarları barədə silsilə portretləri... Mətanət həmin silsilədən yalnız bir yazısını - Azərbaycan ədəbiyyatında ilk qadın romançı və dramaturq Səkinə xanım Axundzadə barədə məqaləsini bu kitaba daxil edib. Eramızdan əvvəl 2285-ci ildə doğulmuş mesopotamiyalı Enheduanna, İngiltərənin ilk qadın yazıçısı Afra Ben, Fransanın ilk peşəkar qadın yazıçısı Kristin de Pizan, rus ədəbiyyatının ilk qadın romançısı Mariya İzvekova, ilk türk qadın romançısı Fatma Aliyə Topuz, Başqırdıstanın ilk qadın romançısı Hadiyə Dövlətşina... barədə yazdığı portretlər bu kitabın ən gözəl səhifələrini təşkil edə bilərdi. 2015-ci ildə bu qəbildən olan yazıları ilə o, dünya ədəbiyyatı tarixinin bizim üçün pünhan qalmış cizgilərini milli ədəbiyyatşünaslığımıza qazandırırdı...
Bəlkə də Mətanət, özü demişkən "esselərini usandırıcı akademizmin triviallığını ədəbiyyatımızdan uzaqlaşdırmaq üçün yazır". Amma mən Mətanətin bütün esseləri ilə bərabər, akademik üslubda yazdığı məqalələrini də diqqətlə oxumuşam. Esselərində olduğu kimi, həmin yazılarında da heç bir triviallıq görməmişəm. Mətanət Vahid hüzur dolu qələmi ilə və öz universal, işıqlı zəkasına istinadən istər akademik üslubda, istər esse janrında hər nə yazıbsa onları ədəbiyyatlaşdırıb yazıb. Çünki hər şeydən əvvəl öz ömrünü ədəbiyyatın bir parçasına çevirməyi bacarıb...
"Ədəbi "Kəpənək effekti" ədəbiyyatlaşmış bir dünyanın kitabıdır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!