İşıqları söndürüb qaranlığı yandıranda başlayan nağıl - Məti Osmanoğlu yazır - Məti OSMANOĞLU

Günay Ümidin şeirləri haqqında

Məti OSMANOĞLU

 

Günay Ümidin şeirləri ilə ilk tanışlığım "Xalqın şairi" televiziya müsabiqəsində olub. Ona münsiflərindən biri olduğum müsabiqənin favoritlərindən biri kimi baxırdım. Sonrakı mərhələyə çıxsa da, Günay müsabiqəni yarımçıq tərk elədi. Ancaq onun imzası mənim, eləcə də şeiri sevən, sözə dəyər verən tamaşaçıların yadında qaldı...

Günayın şeirləri haqqında yazıya niyə müsabiqədən başladım? Mənə elə gəlir ki, həmin yarış gənclərin təmsil etdikləri müasir poeziyamız, ədəbiyyatımızın yeni (və ya ən yeni) nəslinin yaradıcılığı, ədəbiyyatımızda müşahidə olunan yeni bədii-estetik təmayüllər barədə ümumi təsəvvür əldə etmək baxımından əhəmiyyətli idi. Mindən çox iddiaçının iştirak etdiyi müsabiqədə gənclərin üz tutduqları mövzular, mövzunun bədii həllinə münasibət, müasir həyatla, ictimai proseslərlə bağlı dününcələrin sözlə ifadə olunması kimi məsələlər barədə suallara cavab tapmaq mümkün idi. Müsabiqənin gedişində bir-birini təkrar edən mövzular, bir-birini döyən obrazlar və motivlər, boz-bulanıq axın təsiri bağışlayan oxşarlıq isə təəssüf doğururdu.

Ədalət naminə, axının içində öz sözü və səsi ilə fərqlənənlər də oldu və onlardan biri Günay Ümid idi. Məni bu yazını yazmağa vadar edən həmin fərqlilik barədə düşüncələrimi bölüşmək istəyidir.

Günayın fərqliliyi öz yaşantılarının, fərdi dünyasının şeir donunu biçməyə, onu fərqli boyalarla ifadə etməyə çalışmasındadır. İlk baxışda ənənədən uzaq görünən, ənənədən qaçmağa çalışan, bəzən də ənənəyə ironiya etmək təsəvvürü yaradan Günay üçün ənənə düşüncənin şeirə çevrilməsində özünü göstərir və buna görə də Günayın şeirlərini sağlam kök üstə bitən kövrək pöhrə kimi səciyyələndirmək mümkündür.

Günayın şeirləri Əli Kərimin düşüncənin xaosundan şeir yaratmaq texnikası - üsulu və üslubu ilə səsləşir. Əli Kərim bədii lövhə yaratmağın, anın sözlə şəklini çəkməyin bənzərsiz ustadıdır. O, əbədi səfərdə olan dünyanın, dünyanın üstündəki  insanın ovqatının, yaşantılarının ayrı-ayrı anlarını saxlayır, sözün işığına tutur. Bu, Əli Kərimin şairlik identifikasiyasıdır, o, daim hərəkətdə olan zaman içindən seçdiyi fraqmentin rənglərinin, rəng ayrıntılarının bir anını təqdim edir. Sonradan bu poetik təcrübənin - ayrı-ayrı detalların əyaniləşdirilməsinin davamını "dərdlərimizin rəngli şəkillərini çəkən" Esmira Məhiqızının şeirlərində gördüm.  

Günayın şeirlərində də həmin keyfiyyət aparıcıdır. Günay da əhval-ruhiyyənin, şüuraltı axının hələ dərk olunmamış, düşüncənin süzgəcindən keçirilməmiş müxtəlif anlarının obrazlı lövhələrini yaradır. Gözlə görünməsi mümkün olmayan məfhumlar onun şeirlərində bədii obrazlara çevrilərək canlandırılır.

"Həyatımın rəsmi" adlı şeiri Günayın bədii sözə münasibətini anlamaq baxımından maraqlıdır. Günayın estetik yanaşmasına görə rəssam bir insanın həyatını təsvir etmək üçün onun  gözlərini deyil, baxışlarını; dodaqlarını deyil, sözlərini; qollarını deyil, günahlara uzanan ovuclarını; ayaqlarını deyil, sürünən addımlarını; özünü deyil, ürəyini çəkməlidir. Rəssamla bu dialoq, əslində, Günayın şeirlərinin poetik kodlarını açmağa, bu şeirlərin poetik yükünü müəyyənləşdirməyə ipucu verir.

Ağlamıram, baxma gözlərim dolub,

Gözümə ayrılıq düşüb göynədir.

Burada "çöp" sözü işlənməyib, həmin anlayışı mətnə dilin yaddaşı "əlavə edir". Gözə ayrılığın çop kimi düşməsi isə gözü yox, ürəyi göynədir və bu göynərti uzun müddət "təsir dairəsini" saxlayır, oxucunun duyğuları ilə rezonans yaradır...

Ayağımın altına ümidlərimi yığıb

Pəncərədən boylanıram getdiyin tərəfə...

Heç nəyə yaramayan, lazımsız şeylər kimi ayaq altına atılmış ümidlərin "əşyalaşdırılması" əyani mənzərə canlandırdığı kimi, həm də tükənən ümidlərin xatirəsinə deyilmiş ağı əhvalı oyadır.

Körpəmi sol qolumda,

bu şeiri də kağızda yatırtdım...

Şeir də övlad kimi dünyaya gəlir: bu varlıqlardan biri ananın bətnindən, biri də ürəyindən doğulur. Bu doğmalardan biri ananın qolunun, biri kağızın üstə yatır.

Armudu stəkanın boğazında düyünlənər çay...

İçməyi də unudarsan...

İşıqları söndürüb qaranlığı yandırarsan... 

Günay bu misralarda qəfil rastına çıxan, xatirələr oyadan şəkil qarşısında yeni bir portret çəkir. Xatirələrin qəhər olub boğazına tıxandığı insan ilə armudu stəkan arasında paralellik gözümüz önündə predmetləşmiş bir mənzərə yaradır. Şeir dilinin "işıqları söndürüb qaranlığı yandırmaq" məntiqi isə bədii sözün tarixinin portretini canlandırmaq baxımından əhəmiyyətlidir. 

"İşıqları söndürüb qaranlığı yandırmaq" metaforası Günayın şair fərdiliyini üzə çıxartmaqla yanaşı, həm də yaşadığımız zamanın şeir düşüncəsi ilə keçən əsrin 60-80-ci illərinin poetik təcrübəsi arasında maraqlı bir dialoq qurur. Həmin dialoqu oxucuya müəllifin istəyi deyil, mətnin yaddaşı təklif edir. Bir misranın yaratdığı təəssürat ədəbiyyatın fərqli dövrləri arasında əks-səda verir.

"İşıqları söndürüb qaranlığı yandırmaq" bugünkü şeirimizin, xüsusilə gənclərin yaradıclığının aparıcı leytmotivlərindəndir. "Yanan qaranlığın" içində isə ümidsizlik, sabaha inamsızlıq, hüzn, ölüm, intihar kimi siluetlər dolaşmaqdadır. Onu da deyək ki, bu siluetlərə öz fərqli yozumu ilə Günayın şeirlərində də sıx-sıx rast gəlirik.

Keçən əsrin 60-80-ci illərinin poeziyasının, belə demək mümkündürsə, başlıca devizi "işığı yandırıb, qaranlığı söndürmək" idi. Şeirdəki bu gün, bu an keçmişdən, xatirədən, keçmişi özündə yaşadan nağıldan daha parlaq və işıqlı göstərilirdi. Şeir mövcud reallıqda, eləcə də insanın içində daha çox işıq axtarırdı. Hətta ən bədbin şeirlərdə belə tunelin o biri ucuna çıxmaq ümidi közərirdi. Əli Kərimin "Vəsiyyət" şeirini xatırlaya bilərik: son sözünün deyən şair ölümündən sonra təbəssümünü divar lampası kimi övladlarının başının üstündən asmağı vəsiyyət etmişdi. Bunu da vurğulamağı zəruri hesab edirəm ki, həmin təmayülü siyasi ideologiya ilə bağlamaq düzgün deyil, bu, şeirin öz təbiətindən gəlirdi. 

Belə düşünürəm ki, həmin dövrün ən hüznlü şeirlərini yazan, indinin özündə də  adı "məhəbbət şairi" kimi anılan Nüsrət Kəsəmənlinin yaradıclığındakı nağıl motivi ilə Günayın şeirlərindəki nağıl motivinin müqayisəsi ədəbiyyatımızın dövrləri arasındakı səsləşməni anlamaq baxımından maraqlı ola bilər. 

Şeirlərində inandığı və inanmadığı nağıl, nağıl obrazları tez-tez təkrarlanan Nüsrət real həyatını da bir nağıl kimi təqdim edirdi:

Olan olub, keçən keçib bəlkə də,

İndi daha kövrəlməyin yeri yox.

Ömrüm boyu belə gəlib mənimki

Əvvəlindən biri vardı, biri yox...

Günayın da ömür və şeir dünyasının başlanğıcı nağıldan gəlir:

Dünən köhnə əşyalarımın içindən

Şəkilli jurnalımı tapdım.

"Tık-tık xanımın nağılı"

Bilirsənmi, ata,

O nağıl nə qədər doğmadı mənə?          

Günayın şeirlərindən aldığımız ümumi qənaətə görə, köhnə əşyalarının içindən çıxan rəngli jurnal onun xoşbəxt, qayğısız, "rezin çəkmələrin, qırmızı əlcəklərin içində qalmış" uşaqlığı, uşaqlığın rəngli nağılıdır.

Nüsrətin şeirlərinin son dərəcə maraqlı və özünəməxsus cəhəti bundadır ki, bu yazılarda geriyə - "uşaq yaddaşını qanadan" nağıla qayıtmaq, nağılı yenidən yaşamaq, yenidən nağıl qəhrəmanına çevrilmək arzusu yoxdur. Nüsrət daha çox içində olduğu zamanın, dayanmadan axıb keçən ömrün nağılını yaratmağa və "canlı" nağılda yaşamağa üstünlük verir. Nağılın oyatdığı uşaqlıq yaddaşı isə zədəlidir və o zədəni qurdalamaq, yada salmaq qaysaq bağlamış yaranı göynədir:

Çapıb öz atını Ağatlı getdi,

Atları şimşəkdən qanadlı getdi,

Uşaq yaddaşımı qanatdı getdi,

Daha nağıllara inanmıram mən.

Günayın şeirlərində isə nağıla inanan, nağılla yaşayan uşaqlıq dövrü insan ömrünün ən xoşbəxt zamandır. Həqiqi xoşbəxtlik nağıldadır. Nağılın bitdiyi, həyatın başladığı yer xoşbəxtliyin bitdiyi yerdir. İndi - işığı sönüb, qaranlığı yanan hazırkı an isə ümidlərin aldanış yeridir.

Böyüməyə tələsmə, oğlum...

Gümanların yaxasından tutub

Ümidlərin aldatdığı

Həyat nağıllarını dinləmə!..

Sözün fərqli mənaları ilə "oyun qurmağı" bacaran Günay "həyat nağılları" ifadəsində "nağıl" sözünü yaddaşımızı yaşadan janrın adı mənasında deyil, "boş söz", "yalan" mənasında işlədir. 

Şeirlərində yaşadığı anın nağılı ilə yaşamağa, "anı tutub" onun nağılını yaratmağa üstünlük verir Nüsrət Kəsəmənlidən fərqli olaraq Günayın "həyat nağılı" kimi təqdim etdiyi indiki zaman qadın uydurmasıdır: yəni yalandır, boş xülyadır. Ən dramatik məqam isə odur ki, "qadın uydurduğu nağıla inanır":

Çoxdan kədərimə oxşayıram mən

İnanma, uşaqlıq bəyənə məni.

Onsuz da nağıllar əynimə gəlmir,

Yama nağılların əyninə məni.

Nüsrət Kəsəmənli inanıb-inanmadığından asılı olmayaraq nağılın əbədi olduğu qənaətində idi. Bu gün sən öz övladına nağıl danışırsan, sabah da onun öz övladına nağıl danışmaq növbəsi çatacaq:

Vaxt gələcək sən özün deyəcəksən.

Deyəcəksən: biri vardı, biri yox!

Günayın şeirində nağılın köynəyindən keçən, nağılın altında dayanan əbədi bir uşaq var. Ancaq nə yazıq ki, zamanı çatanda onun da nağıl yaddaşı qanayır:

Hələ də xəbərin yoxdu

Xəyallarını ümidlərinə bağlayıb

göy üzündə uçuran uşağın da

Uçurtmasını göydən düşən üç alma sındırdı...

Başqa yazılarımda verdiyim bir fikri yenidən təkrar etmək istəyirəm ki, nəsrdən fərqli olaraq şeir zamanı təhlil etmir, hiss edir və obrazlarla hərəkətə gətirib sözə çevirir...

Bugünkü şeirimizin hiss etdiyi sərt həqiqət budur ki, yaşadığımız son dərəcə mürəkkəb zəmanə, xüsusən də indiki gənc nəsil üçün dərk və qəbul edilməsi çətin olan yeni münasibətlər sistemi və özümüzün bir toplum olaraq dünyanı və dünyada baş verən prosesləri dərk etmək "tutumumuz" bədii sözü ciddi dilemmalar qarşısında qoyur. Dünyada ədəbiyyatın ən çox üz tutduğu əzəli dilemma isə "ölüm, yoxsa qalım?" sualıdır.

İctimai düşüncədəki bulanıqlıq, vaxtsız ölümlər, intihar hadisələri öz əks-sədasını ictimai proseslərin ən həssas güzgüsü olan şeirdə tapır. Ona görə də gənclərin əksəriyyəti kimi Günayın yaradıcılığında da intihar və ölüm motivinin fəallığı əsassız görünmür...

Bununla belə, yaşadığımız həyat, mövcud olduğumuz dünya, bizi əhatə edən insan münasibətləri ucsuz-bucaqsızdır və mən Günayın yaradıcılığına da bu sonsuz genişliyi əks etdirməyi arzulayıram.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!