Ahəngə köklənən ömür... - Günay Qarayeva yazır

Müasir elmi-ədəbi mühitdə öz dəst-xətti, geniş yaradıcılıq imkanları ilə tanınan simalardan  biri də Əhməd Qəşəmoğludur. İxtisasca riyaziyyatçı, sosioloq, iqtisad elmləri doktoru, "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı, Azərbaycanda emprik sosiologiyanın əsasını qoymuş, riyaziyyatın sosiologiyaya tətbiqi sahəsində Cənubi Qafqazda ilk mütəxəssislərdən biri olan Əhməd müəllim şair, publisist kimi də tanınır. Alimin 300-dən çox elmi-publisistik məqaləsi, 7 elmi kitab və monoqrafiyası, 5 şeir kitabı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da çap olunmuş, mükafatlara layiq görülmüşdür. Yaradıcısı olduğu "Ahəngyol" elmi-fəlsəfi konsepsiyası dünya elmi-nəzəri fikrinin diqqətini cəlb etmiş, ictimai, fəlsəfi, sosioloji, bədii konsepsiya kimi əhəmiyyətli və müəllifin çoxsahəli elmi-bədii fəaliyyətində təsdiqini tapmış bir sistemdir. 2011-ci ildə azərbaycanlı alim Lütfi Zadənin dəstək verdiyi və Kaliforniya Universitetinin elektron jurnalında təqdim etdiyi Orta əsr İslam fəlsəfəsinə əsaslanan bu nəzəriyyənin 16 ölkədə təqdimatı olub. Təbii ki, bu, Azərbaycan elmi-nəzəri fikrinin böyük uğurlarındandır.

Əhməd Qəşəmoğlu 1950-ci il fevralın 15-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Vayxır kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Qəşəm Məmmədov Naxçıvanda tanınmış maarif xadimi, uzun müddət məktəb direktoru vəzifəsində çalışmış, zəhmli, sərt, düzlüyü, dürüstlüyü sevən əsl ziyalı olmuşdur. Böyük ailənin mənəvi-fiziki yükünü zərif çiyinlərində daşıyan Mələk ana evdar, dindar qadın olsa da, övladlarının təlim-tərbiyəsində, Əhməd müəllimin şair kimi yetişməsində xüsusi rolu olmuşdur. Həmin anları Əhməd Qəşəmoğlu belə xatırlayır: "Həyatda ən böyük müəllimim anamdır... Anam mənim həm şair kimi yetişməyimə, həm də dərslərimdə uğur qazanmağıma yardım edib. İlk şeirimi səkkiz yaşımda yazdım və anama göstərdim. Bir neçə bənd yazmışdım, hamısı da eyni fikri ifadə edirdi. Anam məni başa saldı ki, şeiri belə yazmazlar".

Zaman keçdikcə, Əhməd müəllimin sözə verdiyi dəyər nə adi məşğuliyyət, nə də ötəri həvəs olaraq qalmamışdır. Bu onun həyatında bir ahəng, nizam şəklində təzahür etmişdir.  Yaradıcısı olduğu  "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının əsas məğzi onun "avtopsixoloji" yaddaşının və şair fərdiyyətinin mahiyyətini şərtləndirir. Bu cəhətdən şairin poeziyası bir tərəfdən informativ yaddaş ötürücüsü kimi folklor örnəklərinə köklənirsə, digər tərəfdən, çoxəsrlik Şərq poeziyasının sufi-təsəvvüfi fəlsəfi təlimin təməl prinsiplərinə söykənir. Şair mövcudiyyəti müəyyən bir nizam, ahəng üzərində görür. Allaha istiqamətlənən yol Şərq təlimində mərhələli şəkildə müəyyən etaplardan sonra Tanrının dərkinə yönəlirdisə, Əhməd Qəşəmoğlu şeirində eşqin dekonstruksiya kimi mövcudiyyətin, Allahın qoyduğu norma, yaratdığı, buyurduğu prinsiplərin nizamına köklənməyə və o istiqamətdə hərəkətdə davamlı olmağa yönəlir. "Dünya - ahəng dilidir. Ahəng dili Allahın yoludur. Qəlbim mənə deyir ki, nə qədər ki, insanlar dünyadakı əməllərini ahənglə kökləməyiblər, özləri də, ətrafları da, yer üzü də qan-qada içində olacaqdır. Dünyanın bir çox şeirlərinin açarı elə həmin ahəng aləmindədir". İnsanın həyatı başlanğıcdan sona qədər bir ahəng üzərində, daha doğrusu, ahəngə köklənən qanunla bərqərar olur. İnsan doğulduğu andan o ahəngə bağlıdır, əgər bu bağlar möhkəmdirsə, mövcud normativlər qırılmır, yox, əgər əməllər ahəngə köklənə bilmirsə, əlaqə pozulur. İnsan bunu dərk edirsə, cəmiyyət də, şəxsiyyət də bütöv, sağlam olur.

...bir ahəngin içindədi

bu yer üzü, bu göy üzü,

dünya özü...

o ahəngi duya bilmək

bir qismətdi

sadə deyil.

Əhməd müəllimin elmi-fəlsəfi konsepsiyasının məğzini əks etdirən bu ideya klassik şeir qəhrəmanının Allaha sevgisinin, onu dərk etmə, ona qovuşma anının müasir düşüncədə estetik, ideal, yeni dünyagörüşün təzahürü şəklində meydana çıxır.   

Sonsuzluq içində dalğa-dalğa,

dünya-dünya yayılıb

qəlbimin telləri...

qəlbim boyu

günəş nuru, Ay nuru kimi

uyuyan pəri!

Yer üzünə gələndən bəri

sənin qüdrətinlə yazdım

bu dünyada sənə həsr elədim

bütün sevgi şeirlərimi.

Onun poeziyasında eşqə mübtəla olan aşiq də, yar da məlum obyektdir. Haqq yoluna qul olmaq, qul məqamı, qəlbən bu sevgini öz mənindən keçirmək hissi klassik şeir qəhrəmanını xatırladır. Bu baxımdan şairin şeirlərində çoxəsrlik poeziya ənənələri ilə müasir poeziyanın ideya-estetik prinsipləri təkrarlanmadan sintezləşir.

Eşqim dəryadı, Allah, məni Məcnun eləmə,

Sevgim bir mələkdi, ürəyi, qəlbi təmiz

Yolumuz sənin yolun, bizi məhrum eləmə...

Sevdamızın ahəngi dünyaya ahəng verir

Ahu-nalə nəvasın bizə məlhəm eləmə.

Çox uca zirvədi bu, haqq yoluna qul olmaq

O qula mən qul olum, arzumu kəm eləmə.

Sən Allah aşiqisən, Qəşəmoğlu qəlbən

Qorxma qəlbin qırılmaz, bu qədər qəm eləmə.  

Sufi-təsəvvüfi eşqdən qaynaqlanan, ahəngli eşqə köklənən yeni bir eşq fəlsəfəsi! Təsəvvüfdə bütün dünya nemətlərindən, nəfsdən keçərək Allahı dərk etmə, onun verdiyi əzabları böyük sevgi ilə yaşayaraq Allaha qovuşma istəyi XXI əsr aşiqinin qismində ona adekvat olaraq Allahın yaratdığı nizama, eşq üzərində bərqərar olan külli-aləmə sevgidən keçir. Nizaminin eşq fəlsəfəsində insanı nizama kökləyən eşqdir, idealdır. Varlığın əsasında, mahiyyətində eşq dayanır. Eşqsiz xilqət heç bir məna daşımır. Nizami Gəncəvi "Xosrov və Şirin" poemasının müqəddiməsində eşqin mahiyyətini açır, bütün yaradılışın əsasında eşqin mövcudluğunu, yaradılışın zəmininin ona əsaslandığını, eşqsiz insanın yüz canı belə olsa ölü, qırıq ney adlandırır. Eşqin yanğısı olmasa, nə gül gülər, nə də bulud ağlar. Əgər maqnit eşqin əsiri olmasaydı özünə dəmir zənciri çəkə bilməzdi, Göydən nə qədər yağış yağarsa, torpaq üzərində qalmayacaq, torpaq onu öz canına çəkəcək. Kainatda hər şey cəzbə bağlıdır, Göylər əgər eşqdən azad olsaydı, yer üzü abad olmazdı.

Əhməd Qəşəmoğlu Allaha olan sevginin, eşqin mahiyyətini bir az da konkretləşdirərək, ona yeni fəlsəfi məzmunla yanaşaraq göstərir ki, insanın ətrafı, mühiti sağlam olmasa, onun da sağlamlığı mümkünsüzdür. Əgər üzərində gəzdiyin, nəfəs aldığın, qoynunda yaşadığın  təbiətdə nizam yoxdursa, demək bütün orqanizmdə, canlı aləmdə, cəmiyyətdə boşluq, vakuum var.

Əhməd Qəşəmoğlu şeirində aşiq obrazının, ilahi eşqin ənənəvi obraz elementləri - işıq, sonsuzluq, qəlb, nur və s. yeni biçimdə təqdim olunur. Şairin şeirlərində bir işıq seli var. Bu işıq İlahidən, Allahın yaratdıqlarına sevgidən qaynaqlanır.

İşığın da dilavari,

İşığın da lalı var...

Salam olsun o kəslərə,

Onlarda

İşıq əhvalı var...

Qəlblərdə doğan işıq,

Aləmdəki işıqdımı?

İlahinin bir sirridi

İşıq onun adı deyil.

Yer üzündə mövcud olan hər bir nəsnə Allahın varlığının təzahür elementləri, onun təcəllasıdır. Klassik poeziyada vasitəçi simvolik obrazlarla Allaha, İlahiyə olan sevgi, müasir şeir qəhrəmanının düşüncə və anlamında kainatla, varlıqdakı mövcud gözəlliklərlə birbaşa əlaqədən, təmasdan formalaşır. Bu xüsusiyyət şairin "Dünyadan ətri gəlir yarın", "Bu sevgi", "Günəş elə doğmalaşdı ki", "Mən sənin özünlə sevirəm səni", "Yaman yubandın" və s. şeirləri üçün xarakterikdir.

Ay uzaqlarda qalan sevgilim...

bu səhər

qəlbim dolu həsrətin,

kədərli-kədərli günəşə baxdım...

Günəş elə doğmalaşdı ki,

ona pıçıldadım

ayrılığa dözə bilmədiyimi...

Bu səhər

yenicə çıxan günəşin şəfəqləri

gözümün önündəki

zümrüd meşənin üstə

elə ilahi

bir aləm qurdu ki...

sən o aləmdən,

buludlar arasında

məlakətək yüksəldin...

günəşin dili ilə

dindirdin məni...

Əhməd müəllimin şeirlərində obrazın yığcam, dolğun təsvirini yaratmaq meyli olsa da, orijinallıq obrazlılıq gücündə deyil, məna və məzmun qatında, fikir və hiss vəhdətində və ən ali həqiqətin, insani meyar və ölçülərin  şeir dilində təsdiqindədir. Mahiyyətə varmaq, bu şeirlərdə daha aparıcıdır. Onun üçün forma, təsvir əsas deyil, formanın bətnindəki məzmunun bütövlüyü, fəlsəfi tutumu öndədir.

Günəşin özü şeir deyil hələ,

Şeir onun istisidi, işığıdı.

Dənizin özü şeir deyil hələ,

şeir onun nəfəsidi, nəğməsidi...

Konkret bir nümunədə və yaxud hər hansı şəxsiyyətə, müəyyən bir hadisəyə həsr olunmuş lirik parçaların impulsları dərin köklərə, mənəvi, ruhi-hissi, etnopsixoloji yaddaş qatlarına nüfuz edir. Obraz və ya hadisə ilə bağlı yaşananlar, təsvirə gətirilənlər geniş mətləblərə, yaddaşın dərinliklərinə yönəlir. Şairin şeirlərində məna və məzmun bütövlüyünü şərtləndirən başlıca amillərdən biri də budur. "Nazim Hikmət" şeirində oxuyuruq:

Bütün yer üzünün, göy üzünün

kainatın nəfəsi var

türkün nəfəsində,

bu nəfəsin odu var

Nazimin hər kəlməsində...

Əhməd Qəşəmoğlunun şeirlərində xalq ədəbiyyatı, folklor örnəkləri, natura fəlsəfi şeir, təsəvvüfi poeziyanın zəngin fəlsəfi qatları müasir poeziya ilə çulğalaşır, maraqlı ahəng yaradır. Şairin yaradıcılığında bu məqamlara xüsusi diqqət yönəldən ədəbiyyatşünas Qurban Bayramov yazır: "Əhməd Qəşəmoğlunun poeziyasında kökü, ruhu Nəsimidən, Füzulidən, Xətaidən, eləcə də bayatılarımızdan, Qurbanidən, Aşıq Ələsgərdən gələn poeziya ilə müasir modern poeziyanın olduqca maraqlı, yaradıcı, orijinal sintezi var". Aşıq şeirindəki dinamiklik, ritmika, təsvir tonallığı şairin aşıq şeiri tərzində yazılmış şeirlərində maraqlı ahəng yaradır. Bu şeirlərdə bir tərəfdən, şifahi aşıq şeirinin, digər tərəfdən, A.A.Tufarqanlı, M.Vaqif, A.Ələsgər, A.Şəmşir qoşmalarının ruhu, digər tərəfdən isə, bu ənənələrə yaradıcı şəkildə bağlı olan XXI əsr varislərinin şeirlərindəki novator xüsusiyyətləri izləmək mümkündür. Şairin "İncə xətlər" şeirində A.Şəmşirdən gələn, Əvəz Lələdağın şeiri ilə çulğalaşan ortaq məqam da budur.

Nə gözəl gəlmisən ömrümə mənim?!

Sanki bir pöhrəsən yaz vədəsində...

Ögeylik ömrümə olmuşdu qənim,

Yaxşı ki, gəldin sən öz vədəsində.

 

Sən haqqa aşiqsən, mən sənə Lələ,

Sübhdə bal arısı qonmaz hər gülə.

Üzündən birçəyi tez ol, dəstələ

Dön mənə gülümsə tez, vədəsində.

Onun sosioloq kimi elmi, ictimai-sosial, şair, publisist kimi müxtəlif sahələrdə elmi-nəzəri, bədii fəaliyyəti ayrı-ayrılıqda bir neçə yaradıcı insanın ömür missiyasına hesablanmış olsa da, bu ağır yükü Əhməd Qəşəmoğlu təkbaşına 70 illik ömrünə sığışdıra bilmişdir. Əhməd müəllim bu gün yaşının ən müdrik məqamındadır. Ahəngə köklənən, İlahi sevgidən qüvvət alan ömrünün bu kamil çağında ona yaradıcısı olduğu elmi konsepsiyanın fəlsəfi mahiyyətini, nizamını cəmiyyətdə, şüurlarda formalaşdırmağı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!