Unudulmayan mübarək doğumlara... - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

"Unudulmayan mübarək doğumlara" adlanan ön sözü "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.

Elnarə AKİMOVA

 

Yaratmaq ölümü öldürmək deməkdir.

Romen Rollan

Vaxtilə Frans Kafka dostu Maks Broda əlyazmalarını verib onları yandırmağı istəmişdi. Maks Brodsa onları yandırmayıb dünyaya bir Kafka ehtişamı yaşatdı. Azər Turan da dostu Faiq İsmayılovun iynəboyu şeirlərini onunla bir ölməyə qoymadı. Şeirlərini çap elədi, haqqında "Ölüm süvarisi" kitabını yazdı, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olduğu bu illərdə Faiqin şeirlərini ədəbi prosesin həmişə hərəkətdə olan canlı orqanizminə çevirdi. Azərbaycan poeziyasına Faiq İsmayılov adlı şair qazandırdı.

Poeziya üfüqlərində qəfil gün işığı kimi doğub gəldiyi qəfil sürətlə də qeybə çəkilən Faiq ancaq yaddaşlarda, xatirələrdə, bir də yazdığı şeirlərin sətirlərində yaşadı. Onların heç biri ona vəfasız çıxmadı. Heç olmasa burda bəxti gətirdi. Heç olmasa burda fələyin çərxi tərsinə fırlanmadı. Bir dost əli, bir də şeir yaddaşı onu çəkildiyi qaranlığın hücrəsindən alıb gün işığına çıxartdı. Müvəqqəti olan ömrün əbədi yürüşü başladı. Yenidən doğuldu Faiq İsmayılov...

İndi budur, haqqında ikinci kitab ərsəyə gəlib: "Doğumun unuduluşu"! Müəllifi Ülvi Babasoyun təbirincə desək, "Faiq İsmayılov səfərdən qayıdır. Təmiz, nadir bioqrafiyası və Azərbaycan poeziyasındakı layiqli yeri ilə". Qəribədir, çox qısa ömür kəsimi yaşayan, yaşlanmadan həyatı tərk edən Faiq İsmayılov bu gün az qala poeziyanın klassiki səviyyəsində qəbul, dərk edilir. Bunu həm də klassikanın oxunuşu məqamı üzərindən səsləndirmək olar. Hər gələn nəsil klassik irsi yeni gözlə dəyərləndirdiyi kimi, Faiqin də şeirləri yetişən gənc nəslin, yeni ədəbi nəfəsin, poetik düşüncənin predmetinə çevrilir. "Doğumun unuduluşu" kitabı dediklərimizə sübutdur. Ülvi çağdaş, modern sənət görüşlərini, elmi-nəzəri bilgilərini, poeziya sistemi haqqında yeni dünyagörüşləri, düşüncə paradiqmalarını Faiqin şeirləri əsasında sınaqdan çıxarır. Bu şeirlərə istinadən ümumən mətnin struktur və ifadə estetikası haqqında fikirlərini, sənətlə bağlı nəzəri düşüncələrini bölüşür. Çünki Faiqin şeirləri hər zaman yeni oxunuşa imkan verən mətnlərdir. Əsl sənətin, əsl poeziyanın gücü həm də bundadır. Yeni sənət paradiqmalarını içindən keçirə bilməsində.

Ülvi Faiq İsmayılovu "sevgidən ölən şair" adlandırır: "Siz heç sevgidən ölən adam görmüsünüzmü? Mən görmüşəm. Ancaq real həyatda deyil. Sənətin fenomenal estetika bucağında kəsişən bir ömürdə şahid oldum bu nadir yaşamaq, var olmaq formasına. "İynəboyu şeirlər" yazan Faiq İsmayılovun yaradıcılığnda rast gəldim sevinc və kədərin poetik izdivacına. Bir-birinin əksi olan bu iki duyğu sifətimdə eyni anda canlandı, təzahür etdi. Ruhum və bədənim isə ayrı-ayrılıqda qəzaya uğradı, sanki. Çünki Faiqin həyatı da şeirləri kimi, zülmət qaranlıqda iynə boyda işıq axtaran, ümidli bir sevginin qurbanına çevrilmişdi".

Poeziyanın fəlsəfəsi onsuz da sevgi həqiqətində ehtiva olunur. Faiq həyatın, yaşamağın mənasını sevgidə görürdü və sonadək inandığı bu ideyanın iradəsi əleyhinə getmədi. Ölümü ilə sevgi mətnlərinin tamlığını, daxili saflığını qorumuş oldu. Göydən bəxtinə yazılan qəzavü-qədərə elə yağan yaz yağışına olduğu kimi çətir tutmadı: "Siz Allah, bağlayın o çətirləri,/açın başınızı yaz yağışına", - dedi. Amma ona ayrılan az vaxtda sürreal rəsm tablolarına sığdırılan mənanı öz kiçik şeirlərinin bətninə yığıb: "Bu dünyanın istisiylə soyuğu/öpüşən yerdən/küləyi başlayır...", - kimi misralarla təkcə təbiətin yox, poeziyanın hadisəsini yaratdı Faiq İsmayılov.

Bu mənada onun şeirləri və ölümü sevgi aktının metaforudur. Sevgi ilə bağlı Faiqin öz gerçəkliyi var və Ülvi haqlı olaraq bunu insanın ilahi mahiyyətə bağlılığının ekvivalenti kimi səciyyələndirir. Çünki bədii mətn həm də ilkin dünyanı, onun gerçəklik strukturunu ehtiva edəndir. Ülvi bu şeirləri mifopoetik təfəkkür sisteminin hüdudları daxilində təhlilə çəkir, şeirdəki əsl mənanı, sanki daim gizli, örtükdə saxlanılan ilahi mahiyyətin sirrini dərin qatlarda arayır. "Faiqin şeirləri üç müxtəlif tarixi, mifoloji və poetik yaddaşı özündə birləşdirir. Beləliklə, sivilizasiyanın üç fərqli dövrü eşq, şeir və müdrikliklə uzlaşır". Müəllif şeirlərdəki məhəbbət duyğusunun ali səviyyədə təqdiminə adekvat olaraq qadın, sevgi anlamlarının cazibəsini mümkün olan bütün nöqtələrdən və estetikalardan göstərir.

Təklik və hüzndən, həsrət və ayrılıqdan boylanan, darıxan, gözləri yol çəkən, küçələri qərib-qərib gəzən şair obrazı... Faiq niyə kədərdən bu qədər məhrəmliklə bəhs edirdi, görəsən? Bu şeirlərin canındakı yorğunluğun səbəbi nələr idi? Bəlkə sadə bir kənd uşağı kimi doğulub dünyanın çirkinliklərinə bulaşmamaq acısı, onu irəlidə gözləyən bəxtsiz taleyi duyub ağrımaq, yarım qalmış niyyətlər, paralanmış ümidlər, amma və lakin... diri qalan, heç solmayan arzuların göy qurşağı... Bu fikirləri 2016-cı ildə Faiq haqqında "Duyğuların çiçək ətri" adlanan yazımda yazmışdım. "Doğumun unuduluşu" kitabında da müəllif bu kontekstdə dəqiq vurğular edir: "Faiq yalqızlığı Avropa modernistləri kimi lənətləmir. Tənhalıq hissini mənimsəyir, doğma, məhrəm duyğuya çevirir. Kazimir Maleviç "Qara kvadrat"da incəsənətin tənhalığını, bəlkə də, sonunu təsvirsizliyin və rəngsizliyin qara kölgəsinə çevirdiyi kimi, Faiq "Qara" şeirində insanı kölgətək izləyən mənliyin, eqonun zərif bədii strukturunu yaradır. Çünki "Qara" şeirində üsyan yoxdur, təsdiq, razılaşma var. Faiq insanın özüylə - kölgəsiylə barışmağının poeziyasını yaradır. Modernist struktur antimodernist məzmunda təqdim edilir":

Bir mənəm,

bir də ağ divarda

qara kölgəm...

Deyirəm nə yaxşı

tək deyiləm.

Faiqin hər çür söz oyunundan uzaq dillə yazılan, metafora zənginliyi və qəribəliyi, bədii tapıntılar və obrazlı ifadələr çeşidi ilə seçilən, ayrı bir intonasiya ladında gerçəkləşən şeirlərini Ülvi müxtəlif yollarla, fərqli mövqelərlə öyrənməyə can atır. Elmin dəqiq və əsaslandırılmış müddəaları, fəlsəfi fikrin çoxyönlü və mürəkkəb konsepsiyalarının hasilə gətirdiyi mülahizələrlə yanaşı, o, şeiri qavramanın digər aspektlərindən də yararlanır. Dil və mifologiyanın, mifologiya ilə incəsənətin birgəliyini, sözün mifopoetik təfəkkürdən gələn metaforik gücünü Faiqin şeirləri əsasında izah etməyə çalışır. Faiq İsmayılov şeirlərinin aparıcı poetik amili dil vasitələrinin xarici effekt və təəssürat yaratmaqdan daha çox xüsusi anlam yaradıcı mexanizmə, məntiqi gücü olan dəlil və əsaslara çevrilməsidir. Bu baxımdan, Ülvi təxəyyülünün imkan verdiyi qədər bu şeirləri fərqli kulturoloji aspektlərdən açmağa yönlənir. İlk baxışda rasional ifadə ilə yazılan bu məqalələrdə emosional gərginlik, film və musiqi fonunun birgəliyi mətnə dolğun səciyyə qazandırır. Ülvi Babasoy fərqli coğrafi məkan və zaman qatlarına daxil olur, mətnlərarası sərhədləri müəyyənləşdirməyə çalışır, onlar arasında cizgilər aydınlaşdıqca hər mətnin daxilində oxşar səslər, notlar öz modusu ilə meydana çıxır.           

Daha bir məqam. Müəllif Faiqin şeirlərindəki "oxucu-bədən dili" amilini vizual mətnin plastik ifadəliliyində önəmli rol daşıyan amil olaraq səciyyələndirir. Vizual şeirlər məsələsinə toxunur. Bu gün çağdaş poeziyada funksional olan vizual şeir yazmaq tendensiyasını Faiq 80-ci illərdə gerçəkləşdirib: "Faiq iyirmi yaşında şeir sənətində yeniliklər edir. O, nəzəri anlayışlardan birbaşa xəbərdar deyildir. "Yağış" şeirində irəli və geriyə sıçrayışlar, vizual effektlərin kadrarxası və kadrönü təcəssümü maraq doğurur. Yəni oxucunun yaddaşı, misraların yaddaşı və şairin yaddaşı vahid bir harmoniya yaradır".

İstənilən mətn - istər poeziya nümunəsi olsun, istər proza, özündə müxtəlif zaman qatlarını ehtiva edir. Keçmişin yaddaşı və indinin müasirliyinə dair elementlərin cəmləşdiyi mətn yalnız qızıl orta yaradıb zamanın axarına daxil ola bilir. Və daxil olduğu zamanda öz daxili iyerarxiyasını qurub, öz zamanı ilə sərbəst davranmağı, dil tapmağı bacarır. Ülvi Babasoy Faiqin şeirlərinin daxili-bioloji ritmlərində zaman anlayışına sığmayan virtual bağları üzə çıxarır. Müəllif ədəbiyyatşünaslıqda müəllif-obraz-oxucu səviyyələrində gerçəkləşən mətnin bədii zaman konsepsiyasında əks olunması məsələsini qabardır. İntertekstual mətnlərdə oxucu amili vacib məsələdir. Niyə? Çünki bədii mətnin metaforik çoxqatlılığında zamanın varlığı və düzümü xaotikdir, fərqli mədəniyyətlərdən gələn mətnlər hansısa eyni başlanğıcda birləşirlər. Deməli, müəyyən zaman hüdudunu aşmış olurlar. Amma bu təmərküz nöqtəsi, vahid estetik ərazinin sahibi artıq yazıçı yox, oxucudur. Umberto Eko "Qızılgülün adı" romanı haqqında yazırdı: "Mətn sizin qarşınızdadır və öz mənasını yaradır. Mən istəsəm də, istəməsəm də tapmaca meydana gəlib. Ziddiyyətli ikilik. Burada bir (ola bilsin ki, hətta bir neçə) gizli mənanın həkk olunduğunu anlasam da heç nəyi izah edə bilmirəm. Müəllif kitabı bitirən kimi ölməli idi. Mətnin yolunu kəsməmək üçün".

Ülvi Babasoy şərhlərində başqa yolu tutur. O, Faiqin şeirlərinə əsasən həm müəllifin özünün daxili xarakter özəlliklərini, həm də onun düşüncə tərzini, dünyagörüşünü, mətnlərindəki "dünya və gerçəklik modeli"ni, sənət haqqında fikirlərini duymağa çalışır. Bəzən, sanki özü də bu mətnlərin içinə daxil olub onların fəal personajına çevrilir. Və bu zaman şeirlərin "oxucu qavrayışı"nı müəllifini "öldürmək" hesabına gerçəkləşdirmir, belə bir yol düzgün də olmazdı. Bütün şeirlərin təhlilində obrazlı element kimi çıxış edir. İ.Erenburqun belə bir fikri var ki, müəlliflə oxucu arasında qəribə yaxınlıq var, müəyyən məqamda onların hər ikisi eyni işi görür: oxucu da eynilə yazıçı kimi süjet uydurur, əsəri öz düşüncələri, xatirələri, hissləri ilə zənginləşdirir.

Ülvi Babasoy poetik mətnlərin təhlili zamanı şairin psixoloji əhval-ruhiyyəsi məsələsini qabardır, mətləbə müəllifin ruhunun dərki müstəvisindən gəlir, onu şərh edir. Azər Turanın 1994-cü ildə yazdığı "Ölüm süvarisi" kitabı da V.Hüqodan alınmış belə bir fikri epiqraf seçməklə başlayırdı: "Orda tənha qalmış bir ruh vardır". Maraqlıdır ki, Ülvinin kitabının epiqrafı da ruhla bağlı Azər Turanın kitabda yer almış qeydlərindəndir. Bu, ədəbiyyatımızda az rast gəlinən, amma vacib məqamlardandır. Çünki ədəbiyyatda üslub rəngarəngliyi ilə bir-birindən fərqlənən, təhkiyə tərzləri ilə seçilən mətnlərin meydana çıxmasının təminatçısı kimi müəllif kimliyinin və onun psixoloji durumunun mühüm əhəmiyyəti vardır. Ülvi də Faiqin şeirlərindəki xüsusi fərdi-psixoloji yük daşıyan təzadlar sistemini, güclü emosiyaya malik yığcam epizodlar monolitliyini, fikirlə düşüncənin vəhdətini, hər addımda oxucunu heyrət, gözlənilməzlik qarşısında qoya bilmək özəlliklərini üzə çıxarmağa çalışarkən daha çox fikrin, ruhun obrazını gözəgörünən edir, mənəvi dünyasını önə çəkir: "Şeir insan kimi bədən və ruha malik orqanizmdir. Deməli, ruh metaforu, ruhun estetik obrazı əbəs yerə deyildir".

Bəli, mən Ülvi Babasoyla razılaşıram, o mənada ki, bizdə, Azərbaycan ədəbiyyatşünaslığında bir çox poetika məsələlərinin konseptual nəzəri təhlili aparılmayıb, xüsusən özünün vurğuladığı kimi, "şairin ruhu və bədəni anlayışına bizim poeziya və ədəbiyyatşünaslıqda ötəri nəzər salınıb. Daha çox kövrək, duyğulu, şeiriyyətli bir şair obrazı canlandırılıb. Halbuki, şairin ruhunun daxili qatı, şüuraltı vəziyyəti poeziyada daha həssas və vacib olan struktur və ifadə estetikasını yaradır". Bu, təbii ki, sovet dövrünün qapalı ideoloji məkanda fəaliyyətindən irəli gələn məsələdir. Hər halda varsa da keçmişin sosioloji təhlil kontekstində fiaskoya uğramış bəzi nəzəri kateqoriyalar kimi, bu gün yeni kontekstdə - dünya ədəbi-estetik fikrinə əsaslanan baxış sistemində həllini tapması gərəkdir. Burada mətnlə ona yanaşanın arasında dialoqun yaranması amili də vacibdir. Bu gün reseptiv tənqidin əsas prinsiplərindən biri də məhz budur: yazıçı və onun mətnini oxuyan arasında dialoq! Faiqin şeirləri ilə Ülvi arasında münasibət daima dialoq şəklində gerçəkləşir. Bu dialoq nəticəsində Ülvi Babasoy şeirlərin məsamələrində, süxurlarında gizlənən ideya və düşüncələri önə çıxarır, onları uzaq ölkələrin, ayrı mədəniyyətlərin yazıçılarının mətnləri ilə eyni məqamda görüşdürür. Faiqin mətnlərinin linqvistik və vizual kodlar əsasında açımına çalışır. Bu mənada, kitabda ideyanın həllinə, açımına yönəlmiş müxtəlif bədii əsərlərin eyni məqamda bəhsləşməsi, birləşməsi ilə yanaşı, bunun kinematoqrafik kodlarla çatdırılması işləkliyi də diqqətdən qaçmır. Belə bir qəribə və qərib görünən müqayisələr müəllifə niyə gərək olur? Göstərmək üçün ki, sənət konseptualdır, bəşəridir, biri digərini törədəndir.

Faiqin şeirləri ilə müxtəlif sənət nümunələrinin təhlili, fərqli fəlsəfi-estetik, arxitektonik-üslubi, kompozisiya və təhkiyə quruluşları olan mətnlərin bir araya gətirilməsi də məhz sənətdəki konseptuallığın dərki baxımından maraq doğurur: "Yarpaqların üzündə ölüm kölgəsi" şeirinin təhlili Edqar Morenin eşq, şeir və müdriklik tezisi kontekstində" izah olunur. "Lui Araqonun "xoşbəxt sevgi yoxdur" misrası ilə Faiqin "deməli, görmüsən səadət nədir" ifadəsi arasında estetik planda bir ünsiyyət, rabitə yaranır. İlk baxışda bir-birinə zidd görünən bu misralar eşqin mahiyyətindəki kədərdə qovuşur". Yaxud qızı Gülə çaldığı laylanın mistik haləsi, Nazim Hikmət, Xalidə Edip Adıvar, Yəhya Kamal Bayatlı mətnləri, Cozef Koşutun "Bir və üç stul" əsəri ilə Faiqin şeiri arasındakı əlaqə, Sara Kolancelonun "Bağça müəllimi" filminin müəllifə 5 yaşındakı Faiqi xatırlatması və s. hər biri şeirlərdən görünən ruhun diktəsi ilə yaşanır. Maraqlısı budur ki, Ülvi Faiqin şeirlərinin hər birində dərin psixoloji yük daşıyan kontrasta köklənir, onların poeziyadan daha çox nəsri xatırladan təəssürat bütövlüyünün əks-sədasını arayır. Onun təhlilə cəlb etdiyi bir çox əsərin, deyək ki, Mövlud Süleymanlı, Jan-Lük Qodardan gələn və ayrılan notların vurğulanması, film, musiqi və rəsmlərin struktur-tipoloji müqayisəsinə zəmin buradan doğur. Müxtəlif zaman və məkan koordinatlarında yaradılan bu sənət nümunələrinin daxili motivi eyni bir melodiyanın vahid zəminli törəmələri, ayrıntıları statusunda görünürlər.

Biz hər şeir, musiqi, film parçasında dünyamıza yaxın nələrsə tapıb duyğulana bilirik. Zaman keçir, illər geridə qalır, bəzən yaddaşının lap uzaq küncündə qalan hansısa munislik oyanır, oyanışı ilə çox şeylərin sükutu pozulur. Biri digəri ilə uyuşluq tapan bu nəsnələr çox uzaqlara gedib çıxır. Bizdən sonra gələnlərdən belə uzaqlara adlamaq gücünə sahib olurlar. Faiq İsmayılovun şeirləri də belədir. İldən-ilə keçərək, zamanlara qarışaraq həm yaşa dolmaqdadır, həm də hər zamanın ruhunu daşıya bildiyi üçün cavandır. Ona görə həm tarixin, sivilizasiyanın, mifoloji yaddaşımızın başlanğıc məqamından boy verir, həm həməsri Nazim Hikmətlə qovuşur, həm yeni yaradılışın ruhunda - körpə Gülə oxunan laylada bir daha durulur, müqəddəsləşir, sanki.

"Ömür çevrəsi qapanmayıb Faiq İsmayılovun. Heykəlləşmiş şair olmaqdansa, şeirin dünyasında daimi mövcudluq, var olmaq daha yaxşıdır. Qara torpaqla günəş arasındakı fərq qədər bir uçurum var bu bölgüdə. Faiq şeirdə yaşamağı seçməklə ortaq düşmənimiz ölümü öldürməyi bacarır".

Mən bu məqamda, gənc ədəbiyyatşünas Ülvi Babasoyun yazıb hasilə gətirdiyi kitabın məziyyətlərinə müəyyən vurğu salandan sonra onun niyyətinə, gördüyü bu dəyərli işin dəyərinə fokuslanıram. İndiki ədəbi xaos və stixiya məqamının işlək olduğu, az qala hər şeyin alınıb satıldığı çağımızda Ülvinin əsl ədəbiyyat faktı olan Faiq İsmayılovun şeirlərinə diqqət ayırmasını, onları böyük sevgi və səliqə ilə təhlilə çəkib kitab meydana qoymaq əzmini alqışlayıram. "Doğumun unuduluşu" adlandırdığı bu kitabın adı içimdəki təəssüf nidasını təsəlli sevinci ilə əvəzləyir.

Nə qədər ki, sözə, sənətə saf duyğulardan yanaşan qələm adamları olacaq, Doğumlar unudulmayacaq! Bu kitab da unudulmayan mübarək doğumlara ithafdır!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!