Xatırlatma: Ədəbi Suprematizm (İntellektual poeziya haqqında nəzəriyyə) əsərində intellektual bədii mətnlərin yaranması məqsədi ilə təqdim etdiyimiz model belədir: elmi informasiya - fəlsəfi düşünsə - bədii təfəkkür: Eİ - FD - BT. Yəni intellektual təmayüllü bədii mətnlər yaradarkən istifadə etdiyimiz elmi nəzəriyyələrin, elmi faktların və anlayışların fəlsəfi düşüncə vasitəsilə mətnlərə gətirilməsi texnikası bu üç komponentin şərtləndirdiyi ardıcıllıqla həyata keçirilir.
Yuxu, elmi informasiyalardan məlum olduğu kimi, fizioloji prosesdir və canlıların əksəriyyətinə xas xüsusiyyətdir. Yəni canlıların əksəriyyəti yatır və bununla da bir növ özünü yenidən bərpa edir. Lakin bizi maraqlandıran yuxugörmə halıdır ki, bu fenomenə müxtəlif elmi, fəlsəfi, mistik yanaşmalar mövcuddur. Bu müxtəliflik də yaradıcılıq üçün kifayət qədər maraqlı və qeyri-adi xammal hazırlayır. Ədəbiyyat müstəvisində yuxugörmədən bədii fənd kimi istifadə təcrübəsi zəngin çalarlara malikdir. Lakin bu fenomendən yalnız yuxuda görünən hadisələri olduğu kimi təsvir etməklə kifayətlənmək bədii əsərin məna qatına az təsir göstərə bilər. Yuxugörmə hadisəsi ilə bağlı bir çox fəlsəfi və mistik məlumatlara malik olmaqla qələmə alınan bədii əsərlər daha dərin mənalara baş vurmağa imkan yaradır.
Ümumiyyətlə, fəlsəfi fikir tarixində yuxugörməyə, əsasən, iki münasibət mövcud olmuşdur:
1. Yuxugörmə - keçmişin, yəni yaşananların nəticəsidir;
2. Yuxugörmə gələcəkdən xəbər verir.
Lap qədim zamanlardan insanlar yuxu zamanı görülən hadisələrə və predmetlərə müəyyən yozum verir, onları gələcək hadisələr barədə işarələr kimi anlayırdılar. Məsələ burasındadır ki, bu tendensiya hazırda da cəmiyyətin bəzi dairələri arasında öz aktuallığını saxlayır. Bu yozumlar nə dərəcədə həqiqətə uyğundur? Gələcəklə bağlı yuxuyozmalar barəsində elmi əsaslandırma olmadığı üçün dəqiq bir söz demək çətindir.
Freydə görə, yuxular gələcəkdən yox, keçmişdən xəbər verir. O, irəli sürdüyü bu tezisin izahını Psixoanalizin köməyi ilə verir. Hesab edir ki, yaşam boyu şüuraltına yığılmış istəklər, görüntülər, həyata keçməyən arzular insan yatdığı zaman donunu dəyişib, onun şüuruna yuxular kimi daxil olurlar.
Demək, hər iki halda - istər keçmişdən xəbər versin, istər gələcəkdən, yuxugörmə - şüurla, insan düşüncəsi ilə bağlı hadisədir. Lakin bədii mətnlərdə yuxugörmədən istifadə edərkən, hesab edirik ki, hadisəni yuxugörmə ilə bağlı informasiyaların fəlsəfəsindən yararlanaraq və eyni zamanda müəllifin özünəxas mülahizələri vasitəsilə təsvir etmək intellektuallıq baxımından vacib amillərdən biridir.
Belə olan halda, biz də bu məsələyə bir qədər fərqli - bu vaxta kimi mövcud olan kontekstdən fərqli yanaşsaq, ortaya nə kimi məqamlar çıxar, görəsən? Bəlkə özümüzü sınayaq: hesab edək ki, yuxu zamanı gördüyümüz hadisələr də elə gerçək hadisələrdir. Fərqli məkan-zaman müstəvisinin real hadisələri. Nəyə görə? Fikir verin: yuxuda hadisələr elə sürətlə baş verir ki, əslində, həmin hadisələr real həyatda daha uzun zaman axınında yaşanardı. Yəni real həyatda uzun zaman kəsiyində baş verən hadisələri yuxuda bir neçə dəqiqə, bəzən də bir neçə saniyə ərzində müşahidə etmək mümkündür. Deməli, yuxuda zaman axını dəyişir, daha dəqiq, yuxuda zaman qısalır. Xüsusi nisbilik nəzəriyyəsinə istinadən, fərqli zaman axını (zamanın qısalması) hadisənin fərqli məkanda baş verməsi fikrini söyləməyə əsas verir. Biosentrizm nəzəriyyəsi bir daha təsdiq edir ki, çoxlu sayda kainat (paralel aləmlər) var və müşahidə olunan hər bir hadisə müxtəlif variasiyalarda bu kainatlarda eyni zamanda mövcud olur (Kvant fizikasına əsaslanan nəticələrdən biri). Bu mülahizələrə söykənsək, yuxuda gördüklərimizin fərqli zaman-məkan müstəvisində baş verən gerçək hadisələr olduğunu fərz edə bilərik.
Yoxluqların sevgisi -
yuxu da gerçəklikdi
Sevirəm O-nu və toxunuram O-na.
Əlimdən tutub bərk-bərk,
gülümsəyir üzümə və sevir məni O da.
Bu məkan və zaman kəsiyində
başqa heç nə və heç kim yox düşüncəmdə
O-ndan savayı.
Nə ayrılıq barədə düşünürəm,
nə başqa biri ağlımda.
Eyni məkan-zaman kəsiyi;
bir mənəm, bir O, bir də sevgi.
Məkan haradı,
zaman neçədi,
mən, O və sevgidən başqa
hadisələr
hara qeyb olub, hardadı?
Oyanıram yuxudan; çoxalır hadisələr.
Mən varam, O yoxdu.
Daha doğrusu,
indi mən olan yerdə
O yoxdu.
Mən öz evimdə,
O öz evində.
O, var olan yerdə mən,
mən var olan yerdə O yoxdu.
Bəs bir az əvvəl yaşadıqlarım -
necə toxuna bilərdim yoxluğa,
yoxluq necə sevə bilərdi məni?
Başqa necə ola bilər axı -
eyni vaxtda
həm eyni, həm də
ayrı-ayrı müstəvilərdə?..
Bir az əvvəl gecə idi;
mən öz evimdə, O öz evində.
Bir az əvvəl
yoxluğumuz sevişirdi
mən və O olmadığımız yerdə.
Biosentrizm nəzəriyyəsinin gəldiyi maraqlı nəticələrdən biri də ölümün mövcud olmaması barədə mülahizədir. Bu nəzəriyyəyə görə, ölüm yoxdur, o, insan şüurunda yaranan illüziyadır. Bu dünyada müşahidə olunan hadisələrin ehtimal edilən bütün variantları digər mövcud kainatlarda (paralel aləmlərdə) həyata keçir. Bir kainatda insan ölürsə, digərində yaşamağı davam etdirir. Və insan həyatı çoxillik bitki kimidir və o, multikainatda çiçək açmaq üçün geri qayıdır.
Biosentrizm nəzəriyyəsi və yanlış zəng
(şeir-esse)
Yaz tətili vaxtı uşaqlıqdan sevdiyim,
kənd evimizdən bir az aralı,
dayandığım yerdən üç tərəfə uzandıqca uzanan
çöllüyə üz tuturam.
Boşluğu və hüdudsuzluğu uzaqlara yollayan yaşıllığı
yarımçevrə boyu qapayan evlərdə sınır baxışlarım. Sınıb
qayıdır gözlərimə və gözlərimdən beynimə süzülür
gətirdiyi mənzərələr bir anın içində.
Yaşıllığın uzaqlara ötürdüyü boşluğun nizamını
adda-budda gözə dəyən iribuynuzlular
və çəmənliyə qonan çöl quşları pozur azacıq.
Yaşıllıqda otlayan mal-qara, hənirtidən ürküb qəfil uçan
çöl quşları yaşamaq və özünümüdafiə instiktindən xəbər
verir. Düşünürəm ki, ağıl - yaşamaq naminə mübarizə üçün yox,
yaratmaq üçün Tanrı bəxşişidir.
Haranı və nəyi seyr edirəmsə, sonsuzluqdan söz açır sanki;
uzandıqca uzanan yaşıllığın qoynuna sığınan boşluq, boşluğu
yarımçevrə boyu qapayan evlərin getdikcə gözdən itməsi,
çəmənlikdə gövşəyən mal-qaranın biganəliyi, qəfil pırr edib uçan
çöl quşları, yaxınlıqdakı su kanalı, qışdan sonra çılpaq ağaclar...
məkan və məkanı dolduran nə varsa "mən sonsuzam" -
söyləyir sanki astadan - "son, ani dayanmaları sonsuzluğun,
sürətlə şütüyən qatarın ani dayandığı stansiyalar misalı".
Bir film kimi gördüyüm mənzərəyə daldığım zaman
ölüm dəyir gözümə birdən,
su kanalının kənarında çürüyən it cəsədinin üstünə qonan. Ölüm -
bu da gözgörəsi son. Amma qulağımda yeni bir pıçıltı:
ölüm bir illüziya, şüurun doğurduğu aldanış, mən sonsuzam,
N sayda kainatda N sayda versiyada mövcudam
azacıq fərqli ehtimallarla -
çoxlu sayda cürbəcür səslər qarışır bir-birinə.
Telefona zəng gəlir, diksinirəm:
gəl oynayaq, təzə zərlər almışam... - səs
çox uzaqdan gəlir elə bil, lap uzaqdan və getdikcə zəifləyir,
sanki hardasa bir məchulluqda gizlənir yenidən
sirli harmoniyası ilə birgə.
... yanlış zəng.
Amma dinlənildiyimi duyduğumdan
cavab verməyə macal tapıram:
axı mən ancaq şahmat oynayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!