İraq Türkmanelinin qiymətli alimi və böyük araşdırmaçısı Avqat Əta Tərzibaşı (Kərkük, 14 noyabr 1924 - 31 Mart 2016), bilindiyi kimi, ən dəyərli əsəri olan "Kərkük şairləri" adlı külliyyatını 13 cilddə tamamlamışdı.
Kərkük və Türkman sevdalısı olan prof. dr. Qəzənfər Paşayev, Əta Tərzibaşının 13 cildlik "Kərkük Şairləri" ilə 3 cilddən ibarət "Ərbil Şairləri" əsərlərindən dərləmə yaparaq "İraq-türkman poeziya antologiyası" başlığı ilə Azərbaycanda nəşr etmişdir.
Paşayev klassik dövrdə yetişən Kərkük şairlərini kitaba almamışdır. Daha çox müasir dönəmdə yetişən şairləri seçmişdir. Bu seçimi Paşayev Hicri Dədədən (1880-1952) başlamışdır. Böyləcə kitabda Kərkük ve dolaylarından 51 şair yer almışdır. Bunlar doğum tarixlərinə görə sıralanmışlardır.
Antologiya kitabına Paşayev Ərbildə yetişən klassik şairləri almamışdır. Müasir dönəmdə yetişən və populyar olan 15 şairə yer vermişdir.
Əta Tərzibaşının 13 cild olaraq hazırladığı "Kərkük Şairləri" kitabına, daha öncə də söylədiyimiz kimi, həyatda olmayan şairləri almışdır. Yaşayan şairləri kəndindən sonra gələnlərin təqdir və insafına tərk etmişdir. Ancaq Ərbil şairlərinin həyatda olanlarına da yer vermişdir. Tərzibaşı kitabına aldığı Kərkük və Ərbil şairlərinin şeirlərinin yanı sıra nəsr əsərlərinə də yer vermişdir. "İraq-türkman poeziya antologiyası" əsərini hazırlayan Paşayev isə şairlərin sadəcə şeirlərinə yer vermişdir.
Tərzibaşı qələmə aldığı şairlərin həyatlarını ayrıntılı olaraq vermiş, bəzilərinin anı və lətifələrini də dilə gətirmişdir. Paşayev isə şairlərin bioqrafilərini qısaca vermiş və ən önəmli şeirlərinə üstünlük vermişdir.
Kərkük və Ərbil şairlərindən seçmə yapan Paşayev, Tərzibaşının yazdığı bioqrafiləri olduqca yığcam vermiş, verilən şeirlərdən bir neçə örnək seçmişdir. Bu xüsusda daha təsərrüflü davranan Paşayev, daha çox şairi Azərbaycan dünyasına tanıtmağı hədəfləmişdir. Əta Tərzibaşı 13 cildlik "Kərkük şairləri" kitabında 177 şairi tanıtmışdır. Paşayev bunlardan 51 şair seçmişdir. Tərzibaşının 49 şairi tanıtdığı 3 cildlik Ərbil şairlərindən Paşayev 15 şair ələ almışdır. Sonuc olaraq Tərzibaşının 226 Kərkük və Ərbil şairindən Paşayev toplam 66 Kərkük və Ərbil şairi seçmişdir.
Böyləcə "İraq-türkman poeziya antologiyası" başlığı ilə Azərbaycanda basılan əsər sayəsində Qəzənfər Paşayevin dəyərli çalışması və hümmətiylə Əta Tərzibaşı dost və qardaş Azərbaycan soydaşlarımıza tanıdılmışdır.
İraq türkmanlarının dostu, candaşı, qandaşı və qardaşı olan Paşayev, zatən ömrünün bütövünü (tamamını) türkmanları Azərbaycan dünyasına tanıtmağa həsr etmişdir. Bu dostluq keçici və gözəl günlərin dostluğu da deyildir. Paşayev İraq türkmanlarına qara gündə də gerçək dostluğunu, vəfakar və içdən gələn sevgi və məhəbbətini hər zaman göstərmişdir.
Bir Kərkük bayatısında keçdiyi kimi:
Yaramı sən;
Oyubsan yaramı sən.
Var gündə yanım aldıv (aldın)
Yox gündə aramısan - degil.
Var gündə də, yox gündə də Paşayev, türkmanların yanında durmuşdur. Türkmanların acılar çəktigi, böyük zülm və haqsızlıqlara məruz qaldığı, yoxluq və sıxıntılı çəkdikləri qara günlərdə, yardıma qoşduğunu bilən birisi olaraq söyləyirəm.
Əvət Paşayev gerçək və sadiq bir dostdur. Möhnət günlərində yardıma qoşan alicənab və ədalətli bir abidədir. Türkmanları bütün tərəfləri və yanları ilə anladan rəflər dolusu külliyyat sahibi bir elm adamıdır. Türkmanlara qarşı duyduğu "bu sevda ölüncədi" demək yerindədir.
Türkmanların ədəbiyyat dünyasını ələ alan Əta Tərzibaşının "İraq-türkman poeziya antologiyası"nı tanıdan bu çalışması da hər halda ən son xidməti olmayacaqdır. Bilirəm ki, yerində rahat durmaz və daha neçə yeni-yeni çalışmalar arar və bular. Çünki o, hər zaman yeni bir şey bulan və çalışan bir gənc-ixtiyardır.
Paşayev ilə tanış olduğumuz uzun illərdən bəri hər zaman qəlbimizdə yer etmiş əziz və candan bir böyük qardaşımızdır. Özü və sözü hər zaman candan olan Paşayev, türkmanların könlündə taxt qurmuş bir sultan kimidir. Kəndisinə burada təşəkkür edərkən, ümumiyyətlə, Paşayevə və ailəsinə asudə, sağlıqlı və səadətli bir ömür və həyat diləyirəm. Türkmanlar adına təşəkkür edərkən, Allahdan kəndisinə səhhət və afiyət arzu edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!