Tehran Əlişanoğlu - tənqidçi üslubunun kodları - Cavanşir YUSİFLİ yazır

Tehran Əlişanoğlu - 60

 

Tehran Əlişanoğlu bizim ədəbi tənqid və ümumən ədəbiyyatımızda fərqli bir imzadır - həm üslubu, məsələyə, mətləbə, bədii mətnlərə yanaşma, onları çözmə üsuluyla, həm də, - və bəlkə daha çox, - hadisələri üzdə olmayan yönlərdən qabartmaq (və fəhm etmək-!) cəhdləriylə. Bu cəhəti bilmədən, bunu önəmsəyib öyrənmədən onun yazdıqlarına gərəyincə qiymət vermək mümkünsüzdür, əks təqdirdə, o yazılar anlamadığımız heroqliflər şəklində görünəcəkdir və çox zaman elə belə də olur. Amma aradan keçən otuz il müddətində onun unudulmaz Yaşar Qarayev haqqında yazdığı kiçikhəcmli kitabından "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" adlı ikicildliyində məsul redaktor kimi çəkdiyi zəhmətə qədər uzanan yol ədəbiyyata, bədii mətnlərə, hər şeydən öncə konkret dövrün ədəbi prosesinin hadisələrinə konseptual yanaşmanı sərgiləyir. Bu yanaşmaların orijinallığı onun dilində də hiss olunur, Tehranın yozma, təhlil, dərində gedən prosesləri incələmə mənasında dili yaxşı mənada dəyişkəndir; siz onun hələ keçən əsrin 90-cı illərində o dövrün şedevri sayılan "Cahan" jurnalında (Məsiağa Məhəmmədinin redaktorluğu ilə nəşr edilən dərgi-!) Anarın "Otel odası" romanından bəhs edən yazısına baxın: kiçik, amma fərqli təhlil, mətni, onun içində yatan enerji-informasiyanı üzə çıxarmaq, müəllifin oxucuya ötürdüyü aşkar və gizli informasiyanı çeşidləmək bacarığı ilə seçilən bu yazı Tehranın üslubunu tanıdan ən dəyərli mətnlərdən hesab edilməlidir. Bu yazının jurnalda necə dərc edilmə hekayətini də danışa bilərik: bəli, "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini vəzifəsində çalışan Tehrandan yazı istənmişdi, həm də çox fərqli, yüksək kriterilərə cavab verən bir yazı, çünki adıçəkilən dərgi sıradan mətnləri çap etmirdi. Tehran özlüyündə maraqlı təsir buraxan başqa bir yazı vermişdi və bu yazı mülahizəmizə görə yaxşı olsa da, o dərgilik deyildi, o məqamda Tehranın "Otel odası"ndan qəribə enerjiylə danışan yazısına rast gəldim. Bu, "bədii nəsr mətnini necə təhlil edərlər" anlamında bir nümunə olmaqla yanaşı, ədəbi prosesdə dövrlə, zamanla, həm də ölkənin taleyi ilə bağlı baş vermiş mühüm dəyişikliyi incə şəkildə tutmaq fəhminin mətni idi. Tənqidçi daha sonra, 2018-ci ildə adıçəkilən məqalədə hifz olunan ideyanı davam etdirirmiş kimi yazırdı: "...Anar bu ədəbiyyatı bilavasitə quranlardandır; əsərləri ilə, yazıçı mövqeyi, əqidəsi, prinsipiallığı ilə. 60-cılar ədəbiyyatına dəxli nə varsa, Anarda var. Kimisi lirika, "mən" duyğusu, kimisi mühakimə, fikir, kimisi ağrı, müqavimət, ya aqressiya... - Anar müasir ədəbiyyatımıza düşünmək mədəniyyəti gətirib. Doğrudur, kimsə deyə bilər ki, bu, klassikada var; klassikada nə yoxdur ki; o sıradan 60-cılarda da klassikadan bir duz var. Düşünmək, düşünmək, düşünmək; düşüncənin yaratdığı aurada var olmaq... - bu məhz Anarın yaratdığı bədii platformadır. Bir tənqidçinin söylədiyi kimi: Anar nəsrimizə "düşünən və düşündürən qəhrəmanlar" gətirmiş, yaxud bir başqasının sezdiyi kimi: "həyat maksimalizmi", ya üçüncü birisinin bəyan etdiyi kimi: ekzistensial İnsan problemləri... Müasir dünyanın nəfəsi var 60-cılarda, şəksiz; o cümlədən bir çimdik duz da Qərb modernizmi, modernizm estetikasından. Amma yazmışam, demişəm; bir də demiş olum: "Azərbaycan yeni nəsri" özəl hadisədir, əzəl mübtədası Anar olmaqla; biz bu nəsri yalnız dünya ədəbiyyatı içrə qavradıqda əsl çəkisini duya, sanbalını bilə bilərik...". Belə ki, Tehranda yazıçı, yazar üslubunu duymaq və bunu tənqid, təhlil mətnində maksimum ekspressivliklə ifadə edə bilmək səriştəsi var. Bu məqamda "ekspressivlikdən" başqa bir cəhət də qabardıla bilər: ideyanı, fikri dolandırmadan, məxsusi yerində otuzdura bilmək çevikliyi. Yəni tənqidçi "düşünmək mədəniyyəti" anlayışına oxucunun gözlədiyi izahları vermir, əksinə bu gözləntidən yan keçib onu məsələnin başqa keyfiyyətinə doğru yönləndirir, yəni bir yazıçının ədəbi ömrü boyu yazdıqlarını bircə səhifəyə sığışdıran məqamlar (tezislər-!) hansılardır, bu mənada onun mətnlərindəki təhkiyə, bədii mətndən aldığı informasiyanı çatdırmaq, gördüyü, hiss edib "gizlətdiyi" qüsurları hansı məqamlarda üzə çıxarmaq üsulu fərqlidir; beləliklə, tənqidçi "çoxmərtəbəli" təhkiyə strategiyasına önəm verməklə bir əsər ətrafında gəzişib modern milli ədəbiyyatın yolunu, istiqamətini nişan vermək cəhdlərində bulunur... Yəni ədəbiyyatı, ədəbi prosesi keçmişli-bugünlü və gələcəkli proqnozlar daxilində çözməyin kifayət qədər çətin və müşkül olduğu bir şəraitdə daim özünü ötmək, bədii mətnləri müxtəlif üslub prizmasından görə bilmək ehtirası bir tənqidçinin baxışlarında "sınmalar" yaratdığı kimi, əksər hallarda onda mövcud anlayış və problemlərə ayıq baxmaq özəlliyini də şərtləndirir. Bu mənada Tehran bəzən, həm də ehtiyac duyulduğu məqamlarda təhkiyə "çoxmərtəbəliliyindən" "janr kodifikasiyasına" keçid edir, onun fb, onlayn rejimdə ərsəyə gətirdiyi yazılar janrı etibarilə fərqlidir, daha çox o mənada ki, Tehran indiki şəraitdə ədəbi prosesə çevik münasibət və reaksiyanın zəruri olduğunu dərk edir və bu yöndə daha çox mübahisə yaradan fikirlər atır ortaya. Əslində, mübahisə doğuran həmin çevik mətnlərdəki ideyalar deyil, baxsanız, o fikirlər onsuz da məlum və aydındır, fərqli olan bu günümüz üçün zəruri olan aspektləri oxucuya, ədəbi cameəyə "qıcıqlandırıcı tonda" çatdırmaqdır. Və həm də ədəbiyyatla uğraşan, onu oxuyan, yaxud ara vermədən təhlillər yazan oxucu və müəlliflərin yaddaşını, bədii mətnə nüfuz edə bilmək duyğusunu yoxlamaqdır. Tehran bir tənqidçi kimi öz missiyasını yaxşı bilir, bu missiyanın bir sistem kimi komponentlərini tam şəkildə ortaya qoyub gerçəkləşdirməyə çalışır, yazılarında "yaxşıdır, pisdir", "gərəkli, ya gərəksizdir" qütblərindən vaz keçib tarixi-estetik fonu bu günün mətnlərindən gələn intensiyalarla qovuşdurmağa çalışır, bu baxımdan onun "oxu zalı" portalındakı müzakirələrdə iştirakı, yazdığı təhlil yazıları gənc ədəbiyyatçılar üçün öyrənmək mənasında önəmlidir.

Tehran, eyni zamanda həm klassik nəsri, həm modern-müasir nəsr və poeziya mətnlərini təhlil edir. Klassik nəsr mətnlərinə yanaşması ilə digər bədii mətnləri çözmək üsulu həm oxşar, həm də fərqlidir: şübhəsiz ki, metod və zamanın dərki baxımından. Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"na yönəlik araşdırmalarında Tehran ədəbiyyatşünasdan çox tənqidçidir və həm də ədəbiyyat tarixçiliyinin fəlsəfəsindən axıb gələn ən dürüst meyarları içində ehtiva edən yeni tənqid estetikasının prinsiplərini davam və inkişaf etdirmək əzmi ilə. Onun tədqiqatında Mirzə Cəlilin nəsr əsərlərinin ayrı-ayrı klassik janrlarla (bayatı, qoşma, qəzəl...) müqayisəsi müəyyən dərəcədə assosiativlik üzərində qurulsa da, hər halda klassik mətnlərdən ümumən ədəbi düşüncəni var edən ideyaların məhvərini, içini-tamamını bəlli etmək cəhdi kimi çox maraqlıdır. Bu tipli araşdırmalarda Tehran ədəbiyyat tarxçiliyinin ciddi prinsipləri ilə bədii mətni sərbəst şəkildə, heç bir maneə və estetik qadağa olmadan yalnız fəhmlə duyma və bunu sözlərə çevirmək cəhətləriylə birləşdirməyə çalışır (Xudu Məmmədovun "Qoşa Qanad" kitabındakı intellektlə hissin, fəhmin qovuşduğu anların son dərəcə maraqlı obrazlarını yada salın). Yəni bir ədəbiyyat tarixçisi, daha çox isə bir tənqidçi kimi, Tehran bədii mətni ən müxtəlif yönlərdən oxumağa çalışır. Diqqət edin: "Günün qəhrəmanı necə olmalıdır? - soruşursuz. Bir peşəkar oxucu olaraq hər bir yeni əsərdə mən, ilk növbədə, özümü axtarıram, qəhrəmanın yerinə qoyaraq, necə deyərlər, özümü qəhrəmanla eyniləşdirirəm, identifikasiya edirəm. Mənim duyduqlarımı-gördüklərimi-bildiklərimi deyə bilirsə, hələ yaxşıdır, təqdir edirəm; üstəlik bilmədiklərimə aparırsa məni, heyrətləndirirsə, düşündürürsə... - əhsən!, deyirəm, bu barədə başqalarına da xəbər verməyə çalışıram". Buna da diqqət edin: "Amma bilirsizmi, ədəbiyyatımız ümumən "dünya təcrübəsi"nə nədə uduzur? Mənimcə, bütövlükdə intellektual düşüncə səviyyəsində! Ədəbiyyatımız çağın ağrılı suallarını elə bil orijinal düşünə - həzm edə bilmir, sanki "dünya təcrübəsi"ndə olanları təkrarən istehsal edir. Təzə, tam orijinal ideya-tərz-yanaşma, yəni sırf "öz sözümüz"ü təklif edə bilmir oxucuya. İstər modernizm məcrasında olsun, istərsə də elə postmodern. Görünür, oxucuların yaşadığımız qlobalizə dövrünün suallarına cavabı daha çox əcnəbi ədəbiyyatda axtarmaları da elə bununla bağlıdır...". Bu iki mətn pasajında Tehranın bədii mətnə və ədəbi tənqidin funksiyasına aydın münasibəti əksini tapıb. Hələ bu da azdır: cari prosesdəki çatışmayan cəhəti, özü də prosesdə dərin şırımlar açmış, onu dərininə inkişafdan illər boyu məhrum edən bir aspekt onun şərhində bəzək-düzəksiz analitik tərzdə yozumlanır. Bu nəyə görə belədir? Tənqidçi 20-30 ilin proses istiqamətlərini, ümumən ədəbi gedişatdakı ən ümdə detalları seçib bir kontekstdə dəyərləndirə bilir, bu mənada onun cari prosesdə tənqidçi imzaları ilə çıxış edən müəlliflərə də münasibəti analitik yozumla müəyyənləşir, həm də fərdi üslub bucağından. Baxın, 70-80-ci illərdə ədəbi prosesdə inkişaf baxımından düzxətlilik vardısa, bu proses hazırda bəzən bir-biri ilə çarpazlaşan çoxlu çevrələr şəklindədir. Ona görə də bizim tənqid prosesindəki ziddiyyətlər ilk baxışdan oxunan olsa da, əslində, problem çox ağrılı və bir az da ümidsizdir. Bir tərəfdə ədəbi prosesə münasibətdə əyalət təfəkkürü çağlayır, "məhsuldarlığı" ilə seçilir (təzad nədədir? - bu əyalət təfəkkürünün ifadəçiləri qəribədir ki, dünya ədəbi prosesin çevrələmək iddiasına düşür və özlərinə qədər deyilənləri çox bəsit şəkildə təkrar edirlər), digər tərəfdən, modern çağın düşüncə tərzini mənimsəmək, qavrayıb mətndə inikas etdirmək şövqü yeni nəzəriyyəçilər, tənqidçilər nəslinin yetişməsinə təkan verir. Bu prosesdə Tehranın payı əhəmiyyətlidir.

Tehranın tənqidçi konsepsiyasında iki cəhət mənimçün maraqlıdır: 1) O, bütün yazılarında açıq-aşkar milli bədii nümunələrdə Azərbaycan obrazını axtarır, bu xətt onun yaradıcılığında bir an olsun belə qırılmır; 2) milli və dünya ədəbi prosesində baş verən hadisələri, bunların gətirdiyi yeni rakursu anında fəhm edir, hər hansı bədii nümunənin orjinallığını məhz məxsusi tənqidçi konsepsiyasına maksimum uyar şəkildə açıqlaya bilir. Bu mənada Tehran janrların dilini gözəl bilir, bu dillə deyilənləri və "gizli saxlanılanları" fəhm edir, hissiyyatla intellektin qovuşuğunda bədii mətndən keçmişə və gələcəyə uzanan yolları nişan verir. (Baxın: ...Yuxarıda sadalanan əsərlərin hər birində 1990-cı illər Azərbaycanından gərəyincə həyat materialı var; amma yeni epoxanın-zamanın, yeni Azərbaycanın obrazı yoxdur hələ bu nəsrdə; bir qayda olaraq, qəhrəman içində daşıdığı (öz) Azərbaycan xəyalı-təsəvvürü-idealı ilə girir əsərə, eləcə onun da obrazı-təcəssümünü: pafosu-tragizmi-dramatizmini, yaxud satira-ironiya-parodiyasını verir. Yeni həyat materialı yeni də yanaşma-təqdim, xarakterini-obrazını istəyir nəsrdən). Onun təfsirində tariximizin hər hansı dönəmində irəli sürülən ideya, ideal, daha sonrakı, müstəqillik dönəmində bu idealın iflasa uğraması bədii nümunələr əsasında, bədii mətnlərin toxumalarından keçirilərək dərk və təqdim edilir. Bu mənada təhlil, erudisiya, dərk, inikas... masştabı bütöv tənqidi mətnin struktur və quruluşunu müəyyənləşdirir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!