1
Bəzən bizə belə gəlir ki, şair hər hansı şeirdə nəyisə - əşyanı, insan təbəssümünü, yarpağı, ağacı... təsvir, yaxud tərənnüm edir və zahirən bu, doğrudan da belədir, ancaq şair bu "əsas" şeylərdən vaz keçib bəlkə on illər, yüz illər sonra meydana çıxacaq nəsnələri nişan verir, gerçəkliyi ona bənzəməyən sxem içində işarələyir, yəni gerçəkliyi maqnit kimi özünə çəkib ondan zərrə-zərrə, bəzən də biryolluq imtina edir... Vladimir Mayakovskinin lirik şeirlərini, cavabsız məhəbbətdən doğan iztirablarının şeirlərində açdığı şırımlara baxın (Mama! //Vaş sın prekrasno bolen!// Mama! //U neqo pojar serdça!). Yaradıcılığının bəlli mərhələsində o, yaşantısız şeiri təsəvvür etmirdi və buna görə də özünün ən gərgin məqamları əks etdirən hissləri ilə lirik qəhrəmanın duyğuları arasındakı mərz bəzin bilinmirdi və elə buna görə o, məhəbbət haqqında o dövr üçün ən işıqlı şeirlər yazırdı. Burada, həyatını alt-üst edən hadisələrlə (eşq...) poetik mətnin içində gedən proseslər bir məqamda qovuşur və dünyada misli-bərabəri olmayan ritm-intonasiya modelləri yaranırdı. Bəzən belə bir hiss də yaranır: şair, sanki bu mətni dünya, gerçəklik bitəndən, bütün hisslər, duyğular yaşanıb qurtardıqdan sonra yazıb (Fərid Hüseynin "Xivə" şeiri - Çox şey məhv olur// bircə paltarlarımızın yaxasından başqa// və hər kəs təmiz pambıqdan// yumşaq ipəkdən// ən gözəl yaxalığını asıb gedir Qiyamət zivəsinə...). Yəni artıq hekayəsi bitmiş bir şeyə baxış kimi... Həm də, hekayəsi bitib artıq büsbütün unudulmuş nəsnə bu təsadüfdə olduğu kimi, dünyaya gələndə unudulmuş detallar da daxil həm də onu doğuran ruh haləsində görünə bilir...
2
Lirika haqqında danışarkən insan qəlbinin həyəcanlarını və onun təfəkkürünün vəziyyətini bilmək lazımdır. Buraya onun emosional düşüncəsi, qeyri-rasional hissiyyatı və cəhdləri daxildir. Romantizmin nəzəriyyəçisi Şleqel yazırdı ki, "Lirika həmişə yalnız öz-özünə aydın olan vəziyyəti, məsələn, təəccüb anını, qəzəb püskürməsini, ağrını və sevinci təsvir edir".
Hegel epos və dramı obyektiv poeziyaya, lirikanı isə subyekvtiv poeziyaya aid edirdi. Onun fikrincə, "Lirik poeziya qəlbin daxili dünyasını, onun hisslərini, sevinc və iztirablarını təsvir edir. Lirik nümunədə şairin ifadə etdiyi intim və real nəsnələr onun özünün əhvalı kimi təqdim edilir; bu onun ruhunun canlı məhsuludur". Demək, lirika poetik ilhamla sıx şəkildə bağlıdır. Lirik əsərin məzmunu dünyanın müxtəlif künc-bucaqlarına qədər iz salan hər hansı obyektiv hərəkətin inkişafı ola bilməz. Burada məzmun ayrıca götürülmüş subyektdir və beləliklə vəziyyət və situasiyanın xüsusiləşməsi, eləcə də bu vəziyyəti ifadə etməyin üsulları xüsusi prinsiplərə söykənir. Yəni Hegelin tərifindən alınan nəticə bu ola bilər ki, lirik əsərdə forma və məzmunu hansısa hərəkətin "saçdığı" təəccüb deyil, məhz subyekt müəyyənləşdirir. Demək, hansısa zahiri səbəb, nə də onun gerçəkliyi məxsusi olaraq lirik vahidi formalaşdırmır, burada əsas olan qəlbin daxili hərəkəti və predmeti qavramaq üsuludur.
Bu anlayış filosofun irəli sürdüyü estetik konsepsiya kontekstində ifadə olunur. Həmin konsepsiyaya uyğun olaraq digər incəsənət növlərindən fərqli olaraq, poeziyada "ruhani məzmun hissi materialdan pərvəriş tapır" və burada zahiri və obyektiv elementin rolu daxili təsəvvür və seyri ifa etməkdir. Başqa sözlə desək, poeziyada ruh elə onun özünün məcrasında predmetləşir. Hegelin fikrincə, lirikada bir addım da interiorizasiyaya doğru atılır - o özünün daxilinə, bu məkanın qurtaracağına qədər enir, öz halını seyr etmək imkanı qazanır. Belə bir arqumentin hesabına lirik düşüncənin məzmunu əhvalın istənilən təsadüflərindən arınmış obyektə çevrilir, elə bir obyektə ki, orada daxili aləm azaddır.
Hegelin dövriyyəyə daxil etdiyi başqa bir tərifi qeyd etmək olar. "Estetika" əsərində o yazırdı: "...Lirik janr subyektiv aləmi, daxili dünyanı, hissləri, qəlbin emosiyalarını ifadə edir; hər hansı hərəkətin inkişafını izləməkdənsə, onun mahiyyəti və əsas məqsədini bəlləmək üçün fərdin qəlbinin çırpıntılarını təsvir etmək daha düzgün olardı". Hegelin universal xarakteri öyrənən mütəfəkkir olmasına baxmayaraq, subyektivlik anlayışı həvəskar oxucularda maraq oyadırdı və onları lirik poeziyada şəxsi poeziyanı görməyə səsləyirdi. Bununla belə, müasir və post-Hegel düşüncə belə bir məhdud baxışın və bu səhv interpretasiyanın yalan olduğunu sübut edir. Bu şəxsi ölçüyə gəlincə, XIX əsrdə yaranmış nümunələrin oxusu ibrətamizdir. Total ambisiyalardan tutmuş universallığa yetişmək cəhdlərinə qədər böyük romantiklərin əksəri əzab çəkən insanın şəxsi ehtiraslarını ifadə etmək üçün miflərə müraciət edirdilər: "Sizə sizdən danışanda sizə özümdən bəhs edirəm. Bunu necə hiss etməyəsiniz? Ah! Mənim sən olmadığımı düşünən adam səfehdir", - deyə Viktor Hüqo "Seyrlər"in astanasında yazırdı.
Nitsşe isə, öz növbəsində, lirik şairin özünəməxsusluğunu və subyektivliyin identifikasiyasını şübhə altına qoyurdu. Lirik şairin "mən"i varlığın daha dərin uçurumundan gələn səsi əks etdirir; müasir estetiklərin şərhində onun "subyektivliyi" xalis illüziyadır". O, "lirik mən"də varlığın mütləq ifadəsini görür. Lirik poeziya mövzusu da buna baxmayaraq filosofları geniş şəkildə düşündürürdü və onları ədəbi təhlillərə sövq edirdi: formalaşmaqda olan subyekt, böhran keçirən subyekt, mövzunun fiksiya tülünə bürünməsi və sair...". O, heç zaman qəti bir cavab tapa bilmir. Bütün bunlara baxmayaraq subyektivlik/obyektivlik oppozisiyası o qədər də effektli görünmür. Lirik poeziya hər şeyi obyektivləşdirmək və "şairin nitqdə əriyib itməsini" göstərir. XIX əsrin ikinci yarısından başlayaraq emosional ifadə subyektlə müəyyən distansiya saxlayır və söyləmin şəxssizləşməsinə meydan açır. Ancaq subyektivliyin geridə buraxılması, hətta "mən" konstruksiyası saxlansa da, oxucu üçün lirik mətnin identifikasiya qabiliyyəti önündə maneələr yaradır. Bəzi modern şairlər bu vəziyyəti şeirin mövzusuna belə çevirmişlər. Öjen Gilevikin "Poeziya sənəti" şeiri bu qəbildəndir:
Mən özüm üçün danışmıram,
Mən öz adımdan danışmıram,
Burda söhbət məndən getmir.
Mən nəyəm ki,
Bir az həyat, daha çox qürur.
Mən olan hər şeydən danışıram,
Forması olan və olmayanların
adından danışıram,
Çəkisi olan,
çəkilə bilən şeylərdən danışıram.
3
Lirik janrların təsnifatında qəliz məqamlar saysız-hesabsızdır, bu çətinliyin nədən qaynaqlandığını araşdırmağa çalışaq. Bu mənada operativ mətn modelini yaratmaq üçün hər şeydən əvvəl janr üçün səciyyəvi olan ədəbiyyat tarixindən götürülən bəzi əsas məqamları seçmək imkanına malik olmalıyıq. Ancaq lirik tekstuallığa gəlincə, müəllif və oxucular üçün oriyentir rolunu oynaya biləcək ayin mətnlərini nəzərdən qaçırmaq olmaz. Ədəbiyyatşünas Rəhim Əliyev bu mənada yazır: "Lirika mədəniyyətin yeni bir sahəsi idi: o, artıq təkcə müğənninin yaddaşında yox, yeni, inqilabi bir mədəniyyət sahəsi olan mətn mədəniyyətinin içində yaşadı. Nəğmənin mətnə çevrilməsi poeziya və ya qədimlərdə deyildiyi kimi lirikanı yaratdı. Lirika, ilk növbədə, mətn mədəniyyətinin bir şəkli oldu. Onun ritmi və ovqatı isə yazıda əks oluna bilmir və ancaq nəzərdə tutulurdu. Məsələn, "Bibliya"da Davud peyğəmbərin nəğmə - şeir mətnləri yazılışca hələ nəsrdən seçilmir. Lakin insanlar şeirin ritmini və ovqatını mətndə ifadə etmək üçün yollar və vasitələr axtardılar və nəticədə ritmik mətnlərin, şeirin yazı qaydası, orfoqrafiyası yarandı". Sitat verdiyimiz müəllifin də vurğuladığı belə bir çətinlik hər şeydən əvvəl lirik janrın tarixindən qaynaqlanır. Bəllidir ki, lirik janrın tarixi tam bir inqilabi "çevrilişə" məruz qalıb: o, qeyri janr statusundan, yaxud marginal statusdan hiper janr statusuna adlaya bilmişdir.
Fransız strukturalisti Jerar Jenet "Arximətnə giriş" araşdırmasında yazır ki, ümumi klassifikasiya Platon və Aristotel modellərinin əsaslandırılması və yenidən nəzərdən keçirilməsinə əsaslanmışdı. Epos və dram nisbətən sabit qalsalar da, bütün marginal ədəbi formaların yuvası olan lirika süni şəkildə genişlənirdi. Qlobal sistemə inteqrasiya olunmasına baxmayaraq, janrı müəyyənləşdirən meyarlar heç də həmişə aydın və uyğun deyildi, onlar tez-tez dəyişikliyə uğrayırdılar.
Antik dövrdə şəraitdən asılı olan və performativ xarakterli, həm də musiqi ilə sıx bağlı olan lirik janr İntibah dövrünün şairləri tərəfindən yüksək dəyər qazandı.
Rəhim Əliyevin fikrincə, "hələ qədimlərdən şeir dili mərasim ayinlərinin qalığı kimi sosial statusa malik olmuşdur. Ən qədim zamanlardan bu status sosial seçməliyə səbəb olmuşdur və çox güman ki, kahinlik peşəsi həm də insanlar arasında musiqili və ritmik danışıq - söyləmə qabiliyyətinin nəticəsi kimi yaranmışdır. Təsadüfi deyil ki, indi də bütün müqəddəs kitablar, o cümlədən monoteizmin müqəddəs kitabları xüsusi ritmlə oxunur ki, bu da dini mətn ifaçılığının ən qədim mərasim söyləmələri ilə əlaqəsinin qalığıdır. Beləliklə biz müğənnilik - kahinlik - peyğəmbərlik və şairlik peşələrinin varislik əlaqəsini qeyd edə bilərik. Həm də şairlik bu sırada ən cavan və peyğəmbərlik institutundan sonra yaranmış bir yaradıcılıq sahəsidir. Təsadüfi deyil ki, bütün peyğəmbərlərin bioqrafiyasında onların yaxın rəqibləri və opponentləri arasında şairlərin adları çəkilir". Müəllif daha sonra bunun təsadüf olmadığını qeyd edir və vurğulayır ki, həm kahin və peyğəmbərlərin, həm də şairlərin insanlar arasında mistik hakimiyyəti ritmik və qafiyəli söyləmə qabiliyyətinə əsaslanır. Şeir dilinə, onun intonasiyasında yuva qurmuş magik gücün insanlara zaman-zaman sirayət etməsinə diqqət etdikdə aydın olur ki, şeir dilindəki hakimiyyət gücü məhz verbal, səslə təsir prinsipinə əsaslanır. Orta əsrlərdə şahların (Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Sultan Səlim...) şeir yazması, divan bağlaması sıradan bir hadisə olmayıb böyük bir tarixi, onun çevrəsində gedən çox mürəkkəb hadisələri əhatə edir. Məlumdur ki, poetik dil heç şübhəsiz ki, mistik başlanğıca malikdir və bu keyfiyyət həmin dildə yaradılan lirik mətnlərin yer və göyü birləşdirmək mahiyyətini açıqlayır.
Lirik janrda "keçmişin indiləşdirilməsi" janr təsnifatında spesifik şəkildə meydana çıxır. Bayatıda bu zaman "dönüşünü" gerçəkləşdirmək üçün janrın özünə qədər sıxılmasına ehtiyac yaranır, yəni sıxılma, hiss və emosiyanın daha çox kədər, iztirab, yaxud sevinc ifadə etməsini şərtləndirir. Qoşmada bu "hissi konsentrasiya", yəni həm də zaman və məkan boyunca "sıxılma" insan qəlbinə səyahət, onun ən dəruni hisslərini faş etmək niyyətini şərtləndirir. Həmin poetik mətnlərdə mənanın yaranma, görünmə mexanizmi qəzəldən çox fərqlidir, qəzəldə dil az qala "heroqlif" səviyyəsinə qədər "lallaşırsa" (Bahar oldu və açıldı yüzündən pərdə gülzarın...), qoşmada bu əks proses kimi gedir, məna sözlər, pasajlararası cilvələnir, onun hissələrlə, misra və bəndlərlə görünməsi, yaratdığı parlaq vizuallıq qəlbin daha munis məqamlarının üzə çıxması ilə şərtlənir, həm də insanın bütün həyatından, bəlkə bu həyatın ağır yükü altında qalan bir detalı götürmək üçün ömür... kino lenti kimi kəsilir, qoşmada kəsilən lentin xışıltısı eşidilir... (Xəstə Qasımdan: Ay ariflər, bir tərlanım uçubdu//Sağ əlimdən sol əlimə alınca//Onu tutan xeyrü-bəhrin görməsin//Mən yazığın naləsi var dalınca).
Bədii mətnlərdə bəzən dil unudulmuş, yaddan çıxmış məkanı canlandırmaq, yenidən yaratmaq işinə xidmət edir. Hər hansı ad çəkilən kimi göz önündən səciyyəvi mənzərələr keçir, atalar sözü və məsəllər mətndə həm də ilk dəfə işlədildikdə yaratdıqları təsəvvürün hərəkət forması ilə birlikdə işlədilir. "Heydərbabaya salam" dastanında olduğu kimi. Vizuallıq məhz təkidlə yada salınan nəsnənin son işartısı səhnədən çəkildiyi an aktuallaşır. Keçmiş indiləşdirilir, səhnələşdirilir, dağların o üzündə axan çayın şırıltısı eşidilir. Mayakovski bu məqamda nə deyir (Vot ə boqoxulil // Oral, çto boqa net //a boq takuö iz peklovıx qlubin // çto pered ney qora//zavolnuetsə i droqnet //vıvel i velel //löbi!).
Sevgi şeirlərində hər hansı anlayışın, sözün semantikasından "ayrılan" bircə cəhət ("əşyayi-dəlil"-!) o qədər dərindən fəhm edilir ki, onları qavrama sərhədi ixtiyariləşir, sən onları həm aydınca görür, hiss edir, həm də konturlarını gözünə yığa bilmədiyini dərk edirsən. Xəyalla gerçəkliyin sərhədi qarışanda təsvirdə yalnız bir yeganə cəhət vizuallaşır və bütün mənzərənin başqa şəkildə görünməsini şərtləndirir. Demək, gerçəkliyin təsvirinin hansısa təsadüfi bir cəhəti olur ki, onu həm əvəz edir, həm də danır, başqa formada görüntülənməsini şərtləndirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!