Yaşayan şairlər... - Vaqif YUSİFLİ yazır

"Unudulmazlar" silsiləsindən ilk yazı

 

Sərdar Əsəd, Rəfiq Zəka, Məmməd Aslan. İndi onların heç biri həyatda yoxdu. "Bir də bu dünyaya qayıda bilsəm" (İsa İsmayılzadə), amma nə Sərdar Əsəd, nə Məmməd Aslan, nə də Rəfiq Zəka bir də bu dünyaya qayıtmayacaqlar. Fəqət "Göy uçsa, yer qopsa, ölmərəm yenə, Hələ neçə dəfə doğulacağam" (Əli Kərim) - onların fiziki-bioloji ölümü bizi nə qədər sarsıdırsa, ölümlərindən sonra bizim şeir karvanında uzaq gələcəyə yol almaları bir həqiqətdir. Çünki:

Səma yolu, yer yolu,

Su yolu, dəmir yolu,

Yoldadır ömür yolu,

Ömür bitər, yol bitməz!

Rəfiq Zəka

Yaşasaydı, Sərdar Əsədin 90 yaşı tamam olacaqdı. Amma mən Sərdar Əsədi 90 yaşlı bir qoca kimi təsəvvür eləmirəm. 1975-ci ildə Sərdar Əsəd intihar elədi. Şeirlərini dönə-dönə oxumuşam, amma heç bir şeirində intiharına, vaxtsız ölümünə ciddi bir işarə görməzsiniz. Amma bircə şeiri var ki:

Əbədi ayrılanda -

Yaddaşımdan ötüşən

İzin izimdə qalsın.

Son vidanın qəm səsi -

Eşqimizdə yetişən

Bir sarı simdə qalsın.

Amma bu şeiri qətiyyən "ölüm saça", intihardan xəbər verən bir şeir hesab etmirəm. Bir sevgi şeiridir. Amma 1971-ci ilin 17 noyabr günü - intiharına 4 il qalmış, gecə, hamı yatandan sonra, Sərdar Əsəd belə bir yaddaş yazır: "Özüm olmadığım təqdirdə mənim arxivim Məmməd Araz, Ələkbər Salahzadə və İsa İsmayılzadənin diqqətli qayğısı ilə açıla bilər". Bu yaddaşdan kimsə xəbər tutmayacaqdı. Ta 1975-ci ilin 29 iyununa qədər. Səbəb nə idi? Niyə istedadı etiraf olunan, şeir kitabları çap olunan, ziyalı bir ailənin başında duran Sərdar Əsəd 46 yaşında, özü də yaradıcılığında heç bir depressiyaya uğramayan gözəl bir şair niyə intihar elədi?

Sərdar Əsəd Cəbrayılın Soltanlı kəndində dünyaya gəlmişdi. Atası Heydər kişi Sovetin əleyhinə qaçaqçılıq edirmiş. Qaçaq atasına görə anası və böyük bacısıyla bir yerdə Sibirə sürgün olunurlar. Amma az sonra tezliklə onlar Sibirdən Vətənə qayıdırlar, çünki atası qaçaqçılıqdan əl çəkir. Əlbəttə, bu hadisə səkkiz-doqquz yaşlı Sərdarın hafizəsindən silinmir. Bəs sonra? Orta məktəbi bitirir, Pedaqoji İnstitutun Filologiya fakültəsində təhsil alır, institutu bitirəndən sonra Süleyman Rəhimovun köməyilə "Ədəbiyyat və incəsənət" qəzetində işə düzəlir. Amma bu xoşbəxtlik uzun sürmür, onu işdən çıxarırlar, neçə il işsiz qalır, nəhayət, bir nəşriyyatda işə düzəlir, amma yenə işdən ayrılır. Ölümünə qədər də işsiz qalır. Sərdar Əsəd, deyilənə görə, sərbəst adam idi, heç kəsdən söz götürməzmiş, kasıbçılıq onu yaxalayanda da vüqarını, mənliyini itirməzmiş. İşsizlik və xasiyyətindəki ötkəmlik - bunlar bir-birilə uyuşmurdu. Amma onun şeirlərində yox, içində hansı tufanlar hökm sürürmüş, bunu söyləyə bilmərəm.

Şeirlərinə gəldikdə isə... Sərdar Əsəd orijinal şair idi.

Bağladı günəşi dağın qarına,

Yaydı yalmanını atdı şəlalə.

Dözməyib düzlərin intizarına

Zirvədən özünü atdı şəlalə.

***

Ana ağrısının sözü olaydım,

Titrəyib yanaydım tellərin üstə.

O yorğun ayağın izi olaydım -

Yataydım getdiyin yolların üstə.

Bunlar Sərdar Əsədin ən kiçik şeirləridir. Amma görün, hər dörd misrada bir bitkinlik var, Azərbaycan şeirinin poetik siqlətini, obrazlılığını nümayiş etdirir.

Sərdar Əsəd orijinal şair idi, heç kimə bənzəmirdi. Onun yaradıcılığı barədə ən sanballı sözü Məmməd Araz söyləyib: "Sərdar Əsəd deyirdi: "Mən bir balaca qələm sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilirəm ki, onun düzgün şırım açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sındırmaq istəyir". Sərdar Əsədin şeirlərinin hamısı hecadadır. Amma standart ölçülü, sanki hər şeyi - qafiyəsi, rədifi, sonuncu iki misrası da "fikir" ifadə edən şeirlərdən fərqli idi. Əvvəlinci misradan sona qədər sən onun şeirinin təsirindən ayrıla bilmirsən. Dilimizin zərifliyi, adi sözlərin qeyri-adi məna kəsb etməsi doğrudan da səni heyrətləndirir.

Ala gözlər kölgələnsə,

Qaş çatılar, göz ağlayar.

Yaz yağışı yağsa yerə,

Çəmən çimər, iz ağlayar.

Bir şeirində yazırdı:

Hələ yol gedirəm nə vaxtdan bəri.

Qarşıda illərim qalaq-qalaqdır.

Qəlbimdə od gəzir, dilimdə zəfər.

Qarşımda hələ ağ səhifələr var.

Mənim başladığım həyat dastanı

Ömrümün sonunda qurtaracaqdır.

Amma qurtarmadı. Çünki əsl şairlərin ömrü qurtarmır.

...Yaşasaydı, Məmməd Aslan 80 yaşını görəcəkdi.

Əlvan gül dənizi, çiçək dənizi,

Ətirli dalğalar dizimdən mənim.

Getməz bu dağların göyçək dənizi

Ürəyimdən mənim, gözümdən mənim.

O, bütün yaradıcılığı boyu vurğunu olduğu təbiətdən, onun gözəlliklərindən qələm çaldı. Təbiətdən yazan şair gərək içində, ruhunda o təbiəti yaşada, güllərin, çiçəklərin, dağın, daşın, qayanın, çölün-çəmənin sirlərinə bələd ola. Məmməd Aslan Kəlbəcərdən gəlmişdi Bakıya, amma Kəlbəcərin təbiəti onun varlığında yaşayırdı.

Yönəldim bulağa: bir qurtum içim;

Cığır fərşə dönüb, gül əlçim-əlçim.

Bəs necə tapdayım, bəs necə keçim? -

Min naxış pozular izimdən mənim.

Bu şeiri izah etməyə, oradakı poetik naxışları incələməyə dəyərmi? Zənnimcə, yox! ...Məmməd Aslandan misal gətirdiyim bu şeir parçasında söz rəsmlə birləşməyibmi? Sadəcə, hisslərin, duyğuların sözdə ifadə olunan rəsmləridir bu misralar. Şeirin sonrakı iki bəndinə diqqət edək:

Bir tifildim, aləmdim,

Çiçəyinə bələndim,

Bulağından bal əmdim -

Mənim şəhdim, şirəmdi.

...Yenə çiçək fəslidi,

Hava gül nəfəslidi.

Bu dağlar - Xan Əslidi,

Məmməd - Yanıq Kərəmdi.

Məmməd Aslanın belə gözəl şeirləri çoxdu, hamısında da gülün, çiçəyin, dağın, qayanın, çayın, bulağın insanlaşdığını və insanın da çiçəkləşdiyini, qayalaşdığını görərsən. Həmin şeirin adı "Kəlbəcər"dir. Mən Kəlbəcəri görməmişəm. Amma Məmməd Aslanın bir çox şeirlərində Kəlbəcəri də, onun dağlarını da, çöllərini, güllərini, yaylaqlarını da gördüm. Məmməd Aslanın şeirlərində olan saflıq, duruluq, saz səsinin ahəngi onun binadan təbii şair olduğuna misaldır. Onun bir şeiri digəri ilə müqayisədə poetik səviyyəcə müxtəlif ola bilər, amma hər şeirində o dağlardan əsən küləyin, o çaylardan gələn qıjıltının, oradakı yağışın, dumanın, payız yarpaqlarının özünü görərsən. Bu dediklərim bəlkə də onun poeziyasının bədii dəyərini ifadə etmək üçün azdır. 1990-cı ili xatırlayıram. Qanlı yanvar gününü. İyirmi doqquz il keçib o Qanlı yanvardan, amma içimizdən o qan hələ çəkilməyib. Məmməd Aslan işlədiyim "Azərbaycan" jurnalı redaksiyasına gəldi. Bir şeir gətirdi. Və bir də "Gerçəkləşən qorxulu nağıllar" yazısını. İyirmi doqquz ildə Qanlı yanvarla bağlı poetik haray, fəryad hələ də davam edir, o şeirləri, poemaları, publisistik yazıları bir yerə cəm eləsən, neçə cild kitab yaranar. Onların çoxunun bədii səviyyəsi ilə işim yox. Demək istəyirəm ki, o yazıların başında həmişə nümunə və örnək gətiriləsi üç-dördü var ki, biri Məmməd Aslanın şeiridir. Və o şeir təkcə Məmməd Aslanın deyildi, o şeiri Azərbaycan xalqı yazmışdı:

...Bu günahsız qanlara,

Bu didilmiş canlara,

Bu cansız cavanlara

Ağla, qərənfil, ağla!

Məmməd Aslan türk poeziyasının bilicilərindən biriydi. Qardaş ölkədə tez-tez olurdu, müasir türk şairləri hamısı onu tanıyırdı. Əsl türkçü idi desək, yanılmarıq. Azərbaycan folklorunu nəinki sevirdi, onu təbliğ etməkdən yorulmurdu. Aşıq Şəmşir ocağının pərvanəsiydi...

...Yaşasaydı, Rəfiq Zəka Xəndan da öz 80 yaşını görəcəkdi. Amma altmış yaşının tamamına altı ay qalmış - 1999-cu ilin yanvar ayında dünyasını dəyişdi. Onu necə xatırlayırıq? Rəfiq Zəka kənddən, təbiətdən gəlməmişdi şəhərə, o, Bakıda doğulmuşdu. Görkəmli ədəbiyyatşünas, professor Cəfər Xəndan Hacıyevin ailəsində...

Rəfiq Zəka əsl azərbaycançı və türkçü idi. O, Sovet dönəminin ən qızğın, türkçülüyün yasaq olunduğu, bu xüsusda çoxluğun ucadan danışmadığı çağlarda ədəbi məclislərdə türkçülüyü təbliğ edən şeirlər söyləyərdi. Səksəninci illərin ortalarından Türkiyəyə gedib-gələn ziyalılarımız içərisində Rəfiq Zəka birincilərdən idi. Sonralar onun türk mətbuatında şeirləri çap edildi, kitabları nəşr olundu, o, qardaş ölkənin bir çox qəzet və jurnallarının redaksiya heyətinin üzvü seçildi. Türkiyə Folklor Akademiyasının üzvü oldu, beynəlxalq Atatürk mükafatı laureatı fəxri adını qazandı.

Türkiyə böyükdür, Türk böyük deyir,

Türkün Atasıdır Atatürk deyir.

Ey gidi düşmənim, məndən ürk deyir,

Çünki bu yer üzü mənə Türk deyir.

Türk ədəbiyyatına vurğunluğu o dərəcədə şiddətli idi ki, türkün şairlərindən Əbdülhəqq Hamidin 5000 misralıq "Məqbər" poemasını başdan-ayağa əzbər bilirdi. Mən onun hafizxanlığına heyran idim. Az qala Azərbaycan və türk klassik poeziyası onun yaddaşında yaşayırdı.

Rəfiq Zəkanın ilk şeirlər kitabının adı "Çağlayan" idi, bu kitabı o, Müşfiqin xatirəsinə həsr etmişdi. Çünki Müşfiqin sağlığında bu adda bir kitabı çap olunmalıydı, amma məlum səbəblərə görə çap olunmadı. Rəfiq Zəkanın dilindən Cavid sözü düşmürdü. Onun bir çox şeirləri məhz Hüseyn Cavidin təsiriylə yazılmışdı.

Rəfiq Zəka əruzda mükəmməl idi. Çünki əruz vəzninin qayda-qanunlarını yaxşı bilirdi. Əsl əruz isə xoş bir musiqi, ritm deməkdir.

Onun 300-dən artıq şeirinə mahnı bəstələnib. İndi də o mahnılar tez-tez oxunur. "Dəli Kür" filmində "Ana Kür" mahnısını xatırlayın. Sözləri Rəfiq Zəkanındır. Amma bir mahnı var ki, onu eşidəndə Rəfiq Zəka yada düşür.

Mənə bircə kəlmə can söyləsəydin,

O bircə kəlmənə min can deyərdim.

Ömrümü, günümü dərd eyləsəydin,

Ömrümü, günümü dərman verərdim.

Rəfiq Zəka Xəndan iyirmi ildir aramızda yoxdur. Amma o gülər çöhrəsi, içi, varlığı şeirlə dolu şair heç unudularmı?

Bu yazını gözəl şairlərimiz Sərdar Əsədin 90, Məmməd Aslanın və Rəfiq Zəka Xəndanın 80 illiyinə həsr etdim. Ölən yox, Yaşayan Şairlərə!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!