Məhəmməd Hadini mütaliə edəndə bu qənaətlərə gəlirik ki, dünya xoşbəxtliyi - ruhla zəkanın vəhdətindədir. Ağıl - mühiti dərk etməyilə zəmini xoşbəxtliyi insandan uzaqlaşdırır. Ruh ağılı idarə edə bilmir. Şeir ruhun sözə dönən maddiləşmiş halıdır. Şairlər millətin ruhunu dilləndirir. Ruh ya sabit, ya da üsyankar olur. Baba Kuhi, Xaqani, Nəsimidən başlayıb Seyid Əzimə, Sabirə, Müşfiqəcən Şirvan şairləri üsyankar ruhludur. Üsyankarlar isə heç vaxt bu dünyada xoşbəxt olmazlar. Ona görə də Şirvan talesiz şairlər diyarıdır. Ən talesiz şairlər içində Məhəmməd Hadi xüsusi seçilir. Nə dünya həyatında özü, nə də dünyasını dəyişəndən sonra məzarı rahatlıq tapmayıb. Həyatı boyu möcüzələrlə rastlaşdığı da az olmayıb, ən çıxılmaz hallarında, sanki mələklərin görünməz əlləri onu odun-alovun, qaçılmaz ölümün, səfalətin içindən alıb çıxarıb, göylərə yüksəldib.
Məhəmməd Hadi uzaqgörən fəhmi, iti zəkası ilə fərqlənmir, ancaq məqsədyönlülüyü, ağayanalığı onu bir söz adamı kimi fərdiləşdirir. Millətinin imzasını bəşərin qəbul etdiyi vərəqlər arasında görmədiyi üçün o, həyatın səslərini ancaq fəryad kimi eşidir. Spenser cəmiyyəti canlı orqanizmə bənzədir, iflic olmuş bədənin ancaq danışan, zarıyan dili kimi görürük şairi. Fərdi talesizliyinin və Birinci Dünya müharibəsinin yaratdığı bəla girdabında cizginməkdən dərin biliyi də şairi xilas edə bilmir. Din, Vətən və Pak məhəbbəti onu əhatə edən cəmiyyətdə insanlara o qədər də gərəkli nəsnələr deyil, hər kəs cismani tələblərinin hökmü ilə hərəkət edir. Cəmiyyət insandan alınacaq nə varsa hamısını son damlaya qədər vampircəsinə sümürür, əvəzində isə ancaq dərd, ələm verir. Şair hayqırır, onu başa düşmürlər, səsinə səs verən yoxdur:
Olmuş Vətən qünudə ləyali-cəhalətə,
Zülmatə qarşı mərifətim mahtabdır.
Hürriyyət ilə etməli məmur milləti,
Yavrum, əsarət ilə Vətən pək xərabdır.
Tiği-məzalim ilə əvalim cərihədar,
Ey ədl, sürət eylə, zəmani-şitabdır!
Əshabi-zülm ziynətidir təxti-rahətin,
Məzlumlar dilim kimi püriztirabdır.
Bax, bax, şu hurə, qoynuna girmiş səfalərin!
Dildadeyi-cəmalı düçari-əzabdır.
Ağuşuma atılma, a zalim, dayan, dayan!
Son xabigahın iştə kənari-türabdır.
Aldanma rəngü buyinə gülbərgi-hüsnünün,
Beş gün sürər də, sonrası bibuyi-tabdır.
Ölməkdə olan Osmanlı ləhcəsində söylədikləri üçün avamlar onu başa düşmür, eşitməkdən ruhları döyənək olduğu üçün təhsillilərə də bu sözlər kar eləmir. Əslində, şair elə də çətin sözlər demir, insanlara anlatmağa çalışır ki, yuxulu ovqatla millətin dərdinə əlac edə bilməzsən, ayıl, xalqına, vətənə layiqli vətəndaş ol! "Biz həqiqətə gülürük, həqiqət bizə ağlayır" adlı şeirində şair "Həqiqəti görürüz biz xəyal şəklində" - deyir.
Müəyyən dairələr bu ruhu və sözü güclü olan şairdən siyasi məqsədləri üçün istifadə etmək istədilər və tezliklə yanıldıqlarını anladılar. Osmanlı dövlətində rusun, Rusiya imperiyasında isə osmanlının casusu kimi təqib olunan şairin ən böyük günahı öz qövmünü, millətini vulkan ehtirası ilə sevməsiydi. Vətənin azadlığını görmək arzuları əlçatmaz xülya kimi şairin dilində həmişə səslənib:
Vətən övladı qəmpərvər,
Vətən viranəzar olmuş,
Xərab-abad bir mülkü edər
imrani-hürriyyət.
Bu ədvari-maarifdə
bütün millətdən əfzuntər -
Gərək biz milləti-islam olaq
cuyani-hürriyyət.
Neçin kim, binəsibiz biz
hüquqi-adəmiyyətdən,
Həqi-məşruimizçin olmalı
qurbani-hürriyyət.
Məhəmməd Hadi xalqımızın azadlığa qovuşması üçün necə və neçə məşəqqətlə üzləşdiyini bəzən umu-küsülü, bəzən ümidsiz, bəzən qəzəblə, ancaq düzgün yazan şair kimi qiymətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!