Amma... Ancaq... Lakin... - Ədəbi qeydlər - Qan Turalı - Qan TURALI

VI hissə

Qan TURALI

Qeydləri ancaq özüm üçün etmişdim. Bəziləri elə bu boyda doğulur. Bəziləri isə böyüyə bilmir, bu kiçiklikdə də qalır. Yarımçıq yazıdan bir qəlpə kimi... Bəziləri hansısa bir kitabı bitirdikdən sonra başlayan sükut dolu dəqiqələrin diqtəsiylə yazılan yazılır. Ya da bir axşam Günəşin qürubunu izlərkən ürəyimə daman məqamlardan süzülür. Bəzən soyuq bir mühakimə, bəzən isə qaynar bir duyğu... Bəzən ədəbiyyat, bəzən cəmiyyət, bəzən isə yalnızca özüm. Amma hər zaman qeydlərdir, hisslərin, düşüncələrin  stenoqramması...

*  *  *

Bir dəfə Elminlə (Həsənli) şəhərdəki kafelərin birində oturub susurduq. Çünki kənar stolda ehtirasla, alovla danışan bir gəncin sözləri bizə bizim edəcəyimiz söhbətdən daha maraqlı görünürdü.

Gəncin yaşı ya 19 olardı, ya da 20. Amma belə danışırdı: "Mənim çəkdiyim filmlərdə əzab çəkən insan var. Mənim qəhrəmanlarım azadlığa can atır. Onları buxovlayıblar, mentalitet buxovlayıb,  ataları-anaları buxovlayıb, cəmiyyət buxovlayıb".

İndi onun dediyi fikirləri təhlil etməyəcəm. Məni bircə şey maraqlandırır. Cəmi 19 yaşı olan uşağın özünü rejissor adlandırmağı.

Rejissorluq yazıçılıq, ya da şairlik kimi bir peşə deyil. Dünyanın harasına baxsan 19 yaşlı bir rejissor tapa bilməzsən. Bu yaşda ən yaxşı halda insan rejissorluq fakültəsinin tələbəsi ola bilər.

Hərçənd, ali təhsil diplomu belə rejissor olmaq üçün kifayət etmir. Rejissorluq fakültəsini bitirmək başqa şeydir, rejissor olmaq başqa. Bununla belə mən o gəncin özü haqqında bu cür təqdimatını zarafata salınacaq bir tərəfi olmadığını düşünürəm.

Biz adətən yeniyetmələrin dünyanı başqa cür görməyinə, özləri və dünya haqqında təsəvvürlərinə lağ edirik. Amma unuduruq ki, metafizik suallar insanları daha çox yeniyetməlik vaxtında narahat edir.

Lakin qıraqdan baxana döyüş asan gəldiyi kimi, sənət özü də kənardan çox cazibədar görünür. "Rejissor olacağam" deyən insan bəlkə də lüks həyat, bahalı tətillər, milyon dollarlıq layihələr xəyal edir. İllər sonra əlində qalan isə bəlkə də zirzəmidəki bir otağın montaj stolunda qazandığı aylıq maaş olur.

Sənət yalnız kənardan cazibədardır, daxilində isə o ağır əmək, güclü əsəb, gərgin zəhmət və məhdud şərait daxilində kreativlik tələb edir. Bir otağa çəkilib günlərlə süjet haqqında düşünmək, bəyənmədiyin səhifələri yumurlayıb yerə atmaq, otaqda kağızdan qar yağdırmaq çox da füsunkar bir mənzərə olmasın gərək.

Hə, əlbəttə, gərgin əmək və zəhmət qarşılığından əldə edilən bir romanın, bir filmin, ya da bir rəsm əsərinin müəyyən bir imtiyazı da olur. Dar bir şöhrət, bir az pul, bir az populyarlıq, iki kanalda müsahibə, üç tədbirdə iştirak və s. Bütün bunlar bu əziyyətin yanında o qədər cüzi bir şeydir ki...

İndi sual oluna bilər ki, bu qədər əziyyətin qarşısında bu qədər kiçik bir qazanc əldə edilirsə, ümumiyyətlə, bu məşğuliyyətin adı nədir? İnsan niyə belə bir işlə məşğul olsun ki?

Həə... Biz artıq burda sənətin nüvəsinə gəlib çıxırıq. Sənət elə bir şeydir ki, sənətkar onunla məşğul olmağa məhkumdur. Bu sənətkar üçün özünüifadə vasitəsidir. Sözə çevrilə bilməyən əhvalatlar, ağ pərdəyə köçürülə bilməyən ssenarilər, rəsmləşə bilməyən duyğular sənətkara yalnız və yalnız əzab verə bilər. Əzab deyəndə ki, ağır stress, depressiya, bir sözlə, psixiatriya kitablarında olan və olmayan xəstəliklər.

Bu mənada sənət insanın xilasıdır. Və sənətin bəşəriliyi ondadır ki, sənətkar özünü xilas etməklə kifayətlənmir, özünü xilas edərkən həm də sənətkarın kəşfləri başqalarının da işinə yarayır. Katarsis də elə budur. Sənət yolu ilə mənəvi təmizlənmə...

Və əsl sənət də elə budur. Şöhrətə aldanmamaq, rəyasətə şirnikməmək, yalnız sənəti, o böyük özünütəsdiqi düşünmək...

19 yaşda bu arzularla yaşamaq isə çox xoşdur. Amma bu arzunu 91 yaşda da saxlamaq isə dahilikdir.

*   *   *

Orta əsrlərdə bədii ədəbiyyatın mütaliəsi  hamıya müyəssər deyildi. Yalnız xüsusi təhsilli insanlar "belə şeylərdən ləzzət apara" bilirdilər. Çap maşınının kəşfindən sonra kitabların qiymətindəki kəskin ucuzlaşma, arxasında gələn kütləvi savadlanma ədəbiyyatı cəmiyyətin hər bir fərdinin malına çevirdi. İndi kitab oxumaq üçün əlifbanı bilmək kifayətdir, statistikaya baxsaq Azərbaycan əhalisinin 99.9 faizi əlifbanı da bilir.

Ədəbiyyat qədim tarixi olan bir mədəniyyət hadisəsi kimi çoxlu imtahanlar vermiş, son sınaqlara sinə gərmişdir. Təsəvvür edin ki, yeganə oxumaq vasitəsi kitab ola. Nə qəzet ola, nə jurnal, nə radio, nə televizor, nə də internet. Bu zamanlarda əlbəttə ki, mütaliə ən güclü özünüinkişaf və asudə vaxt keçirtmə vasitəsi olacaq. Xüsusilə son 20 ildə internetin kəşfi əslində insanları kitabdan da müəyyən qədər uzaq saldığı barədə fikirlər var. Kitab tirajlarına baxsaq, bu tendensiyanı görə bilmirik. Dünyanın hər yerində də olmasa əsas inkişf etmiş ölkələrdə kitab çapı ildən-ilə artır, bədii ədəbiyyatın tirajı da bu artım tempində xüsusi nəzərə çarpır. Bir çoxları isə əksini iddia edirdi. Lakin indi bir çox insanların, xüsusilə, gənclərin kitab yerinə telefon oxuduqlarına da şahid oluruq. Bu yaxşıdırmı? Bilmək çətindir. Fakt odur ki, mütaliə edənlərin sayı artır. Və bəlkə ən gözəli isə budur ki, kitab asudə vaxt keçirmək vasitəsindən xilas olur. İnsanlar kitabı kitab oxumaq üçün, sırf mütaliə üçün oxuyurlar, nəinki bekarçılıqdan. Bir zamanlar teatra da asudə vaxt keçirmək üçün gedirdilər. Kinonun ortaya çıxması ilə bu tendensiya da dağıldı. Demək, elmi inqilab sənəti elitarlaşdıra bilir. 

*   *   *

Son zamanlarda Hüseyn Arifin bir sözünü tez-tez xatırlayıram: "Pulu var, imkanı var, qanacağı gözünə soxmayacaq ki?" Doğrudan da belə insanlar hər yerdə artıb. Ya daha çox gözə dəyir.

*   *   *

Haqverdiyevi daim zarafatcıl bir adam kimi təsəvvür etmişəm. Xatirələr bunu deyir. Misal üçün, onunla eyni məktəbdə işləyən Abdulla Şaiq xatirələrində yazır ki, Haqverdiyev hər tənəffüsdə yeni lətifə danışardı. Haqverdiyevin əsərlərində də onun yüksək yumor hissi açıq görünür. Mirzə Cəlilin yumoru acıqlı yumordur. Hirsindən gülən adamlar kimi... Haqverdiyevin yumoru isə özüylə və hər şeylə barışmış bir müdrikin yumorudur. Amma yazıçının yetimçiliklə keçən ağır uşaqlıq illərini oxuya-oxuya düşünürəm: "Bəlkə də uşaqlıq travmalarına qalib gəlmək mümkün imiş". Uşaq ikən atasını, sonra himayəsində yaşadığı əmisini və bircə bacısını itirən insan son anda gəlib "Sən Allah, Həsən ağanın qohumusan?" kimi şeylər yaza bilərmiş. Bu, həqiqətən də böyük iradə, beyin gücü tələb edir.

*   *   *

Sosial media bizdən hər gün daha çox şey tələb edir. Bizi daha çox göstərir. Daim bizə "nə düşünürsən?" deyə soruşur. Getdiyimiz yerin fotosunu istəyir. Və biz də bunları ona verə-verə fərqinə varmırıq. Fərqinə varmadan bölüşürük hər şeyi. Sonra sosial mediadan şikayət edirik. Düşünmürük ki, əslində sosial media elə bizik. O, sadəcə, bizi özümüzə göstərir.

Sadəcə olaraq sosial media bizə azadlıq verir. Dünən bu yox idi. İnsan azadlıqda nəyə qadirdir? Bunu orda görürük. Və özümüzdən qorxuruq.

İnsan qəhqəhə ilə güləndə bütün vəhşi heyvanları öz qorxuncluğu ilə geridə qoyur deyirdi Nitsşe.

*   *   *

Facebookun istehsalat müdirlərindən biri işdən çıxaraq uzaq bir adaya çəkilib. Deyir ki, 30 il ərzində mədəniyyət çökəcək, işsizlik artacaq və sosial siyaət institutu da bunun qarşısında dayana bilməyəcək.

Biz isə bu xəbəri oxuyan kimi onu Facebookda paylaşmaq istəyirik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!