Məmməd İsmayıl - 80
Bəzən şairi olduğundan daha möhtəşəm göstərmək üçün onun yazdığı mətn və mövzuların orijinallığından, xüsusən hansısa mövzunun "ağırlığından" və bütün bunların poeziyanın, dolayısı ilə də insanların mənəvi inkişafındakı müstəsna rolundan bəhs edilir. Ən müxtəlif mükafatların verilməsində məhz onların nə üçün verilməsinə dair kiçik bir qeyd olur, məsələn: əsrlər boyunca misralar arasında, künc-bucaqda gizlənmiş filan məsələni işıqlandırdığına, onu mənəvi müstəvi üzərinə çıxardığına görə... Yəni uzun bir yol keçmiş şairin yaradıcılığında özünün də haçansa hiss etmədiyi bir məqam fokusa gətirilir, mükafat da məhz bu cəhət nəzərə alınaraq verilir. Və məsələ... bitmir. Hər şey bundan sonra başlayır. Şairin ədəbi ömrünün müxtəlif məqamlarında toxunduğu nöqtələrdəki mətləblər həmin o kiçik qeydin içindəki "intriqa" tərkibli təyinlə savaşa qalxır. Məsələn, XX əsrin nəhəng poeziya dühası Tomas Sternz Eliota Nobel ödülü "müasir poeziyanın təşəkkülündə prioritet (müstəsna-!) novatorluğuna görə" verilib. Sonra, 1987-ci ildə başqa bir böyük şair İosif Brodskiyə Nobel ödülü "hər şeyi əhatələyən, aydınlıq və ehtirasla dolu poeziyasına görə" verildi. İsveç şairi Tomas Tranströmerə isə bu mükafatı verəndə belə bir qeyd keçdi: "onun şəffaf obrazları sayəsində biz gerçəkliyi yeni, tam fərqli libasda görə bildik...". 1996-cı ildə polyak şairi Vislava Şimborskayaya bu mükafat veriləndə xəbər lentlərindən İsveç Akademiyasının adından hansı qeydin keçməsini xatırlamıram və mənə bir o qədər də maraqlı deyildir, maraqlı olansa şairin özünün dediyi sözlərdir:
Poeziya -
Nədir axı poeziya?
Bu suala
Çox sayda şübhəli cavablar verilib artıq.
Mənsə doğrudan heç bilmirəm və
Yıxılmaq qorxusundan
Məhəccərdən tutub
Yapışdığım kimi
Bilmədiyimdən tutmuşam,
Bərk-bərk...
Bunu, bu şeirin içindəki mətləbi izah etmək, zənnimizcə, qeyri-mümkündür, nə qədər sadə və ələ gələn olsa da. Yəni bir var poeziyaya yaxın, oxşayan şeylər, bir də var onun özü...
Yəni şair, istənilən şair haçansa içinə bir damcı kimi düşüb səs salan mübhəm bir duyumun içindədir, bütün qabartmaq, yazmaq, aşkara çıxarmaq istədiyi mövzu və mətləblərlə, yəni bu mövzular (elə mətləblər də) onsuz da çox olmadığından unudulub gedir, bir həmləylə həll edilmir və ümumiyyətlə heç zaman həll edilmir, sənin gəlib min bir əziyyətlə qaldırıb özülə qoyduğun daş parçalanıb yox olub gedir, ümid ancaq bu sözü, onun içindəki ağrını hecalara bölüb yenidən, daha böyük hiss və ağrıyla tələffüz etməyədir.
Dünya da gözəldi...Ömür də gözəl,
Sinəni göynədən eşq sarı simdi.
Arxadan gözünü bağlayan bir əl
Hərdən soruşardı: tap görüm kimdi...
Ad sayıb çəkdiyin çilələr hədər
Tapmadın! Boynunda babalı qaldı.
Çəkilib getmədi üzündən əllər
O vaxtdan gözləri qapalı qaldın...
Məmməd İsmayıl uşaq yaddaşına tərtəmiz donda, qatışıqsız şəkildə gələn anımların şairidir, bu hisslər elə bir xassəyə malikdir ki, ömür yaşandıqca tükənmir, ürəyi yerindən oynadan eyni bir hiss ən müxtəlif libaslarda dəfələrlə təşrif gətirir, haçansa bitəcək ömrün (... dekabr ayına sancılan iltək...) bitməyəcək xatirələri, parçaları kimi bütün ərzə, Yer Kürəsinə səpələnir. Şairin əksər mətnlərini yan-yana düzün, ya da elə belə, ixtiyari şəkildə oxuyun, ilk olaraq diqqətinizi həmin saf, ömrün əvvəlindən dünyanın "sonunu" göstərən obrazlar cəlb edəcək, demək Məmməd İsmayıl şeiri elə bu xassəli obrazlar üzərində qurulur, səmimilik, təzəlik, bəzən də (xüsusən sevgi şeirlərində) baş alıb gedən assosiativlik həmin obrazların (...Nə belə yerindən oynadıb Kürü /// dolub ürəyinə kiminsə eşqi...) içiylə axan "çayın" gümüşü sularında bərq vuran xalis ipəyin işıltısıdır... Bu anımlar, onların belə deyək, səhər küləyi ilə birgə insanın ürəyinə astaca toxunuşuyla yaranmış həsb-hal ovqatı şeirin cığırlarını bu dünyanın sərhədlərini adlayıb nağıllar aləminə aparır, belə bir təbii "gediş" şübhəsiz ki, başqa mətnlərdə "liman", "dəniz", "çay", "səssiz dayanacaqlar", "çinar", "Savalan"... kimi tutumlu obrazların meydana gəlməsinə səbəb olur, yəni, əslində, bu dayanmadan, assosiativ ehtirasla yaranmaqda olan obrazlar, kadr arxasında susub qalmış şairin danışan dilinə çevrilir. Məmməd İsmayılın mətnlərində bir xassə də var: belə demək mümkünsə, bu deyim və intensiyalar ilk baxışdan, sanki sənin üçün deyildir, sadəcə deyilir, ətrafa yayılır, həm də: onlar elə bil ki, qədimlərdən bu yana ən gözəl, munis şeylərdən yerə düşən, itən hissləri yığa-yığa gəlir, bunları ömrün, gərdişin hansı çağındasa salıb itiriən ünvanları axtarır, bilə-bilə ki, bunlar heç zaman tapılmayacaq. Şeirin adı, hörüldüyü obrazlar, kompozisiya tipi məhz bu xüsusiyyətin hesabına formalaşır, özlərini tapır, intonasiya məhz bu ladın üstüylə hərəkət edir. Bu mənada onun mətnlərini iki tipə ayırmaq olar. Deyimin, havanın, havacatın çərçivəsinə sığan və orada qalmaq istəyən mətnlər, bir də bu çərçivəyə müqavimət göstərən, onun içindəki havanı büsbütün dəyişən şeirlər. Ancaq hər iki tip eyni bir mətləbə bağlanır: bu mətnləri yazdıran nəfəs təzə və orijinaldır, bu nəfəs köhnəlmir, həm klassik aşıq poeziyası, həm də modern şeir prinsipləriylə sıx şəkildə və həm də içdən bağlıdır. Bu kontekstdə "nəfəs" sözünü təsadüfən işlətmədik. İlk şeirlərindən son misralarına qədər hər şey, sanki bir baxışla, özü də hər şeyi fərqli donda göstərə bilən baxışla izlənilir. Baxın: Meşə çığırları dönüb bir çaya // Torpaq yağışlardan bəhrələnibdir // Necə gözəl olub təbiət, Allah// Quru kötüklər də pöhrələnibdir! Sonra: Təzəydi//köhnəydi//nəydi, bilmədim // Talada çığırlar qafiyələndi...
Deməyə sözü, çözməyə mətləbi olan istənilən şair daim susur, sükut onun kitabı, əlifbası və hələ hecalanmamış sözləridir. Biz şairi unudub ancaq şeirdən yazanda həmin sükut əlifbasını görə bilirik, o kitabın dilində keçmiş və gələcəyin sirlərinə vaqif ola bilirik, fikrimizcə, indi, haçansa və gələcəkdə yazılan mətnlərə məhz bu gözlə baxmaq lazımdır və məhz bu perspektiv şairi, onun insan kimi arzu və ehtiraslarını unutdurmağa ən mükəmməl açardır, yəni şair yaxşı mənada unudulduqca onun şeiri, dünyanın içindən səssiz qatar kimi keçib heç harda dayanmayan mətni dirilir, bütün əlvan notlarını, göy qurşağı ilə bəhsə girən rənglərini göstərə bilir. Şeirinə, sözünə görə şair qürbətdə yaşaya, həbs edilə, sürgünə qovula, daş-qalaq da edilə bilər, amma bütün bunlara rəğmən mətnin görünməsi (yaşaması demirik-!) üçün şair unudulmalıdır, bədii mətnin görünməsi keçmiş və indinin, hətta gələcəyin də gerçəkliyinin haçansa olmuş, ürəyə dammış, azularımızdan keçmiş kimi duyulmasına cığır açır, yolu bəlləyir.
Gediş-dönüş yolları...
Köçəri quşlar... Səma!
Göydən xəbər almada
yer durna lələyindən.
Hicrət günortasından
ömür düşdü axşama
Xəbər gətirəni yox səhər gələcəyindən...
Gecənin qucağında
tənha bir bayquş səsi,
Özünə yoldaş gəzər əzik giley-güzarı.
Nə keçmiş geri dönər,
nə gələcək gələsi,
Ürəyi - sevənlərin tərk edilmiş məzarı...
Yuxarıda dediyimiz kimi, Məmməd İsmayıl səksən yaşına çatsa da uşaqlıq, yeniyetməlik və gənciliyinin saf, içi bir az xiffətlə dolu, dünyanı balaca uşaq əlləriylə, çox məsum bir körpənin çəçələ barmağıyla ölçən obrazları axına qoşulub gəlir və bitib tükənmir, dünya kitabının səhifəsindən səhifəsinə adladıqca yozduqları pozulur, amma o sətirlrin pozulan yerində şeir mətni yenidən hecalanar, yenidən cücərər, çünki belə deyək, bu dünyada bir quşun boğazına düşən səsi suduracaq bir güc, qüvvə yoxdur.
Məmməd İsmayıl poeziyasında bütün bu suallar və həsb-hallar duyğuların altıyla, görünməz şəkildə axıb gedir, digər şairlərdən (nəsildaşlarından və digərlərindən) görünən fərqi sualı, mətləbin insanın hislərini dalayan yerlərini məhz duyğuların altıyla "axıtmasındadır", belədə ikili mənzərə yaranır, oxucu bir tərəfdən haçansa verilmiş suallarla üz-üzə gəlir, digər tərəfdən isə duyğuların axışına təkan verən assosiativliyin arasıkəsilmədən "danışıb", məhz bu niqtin sözləriylə həmin kəskin suallara, ömrün, həyatın, gərdişin tərs döngələrinə işarə edir. Yəni, bir poetik kateqoriya kimi assosiativlik işarəyə, fikrin ifadəsindən vaz keçib hisləri, emosiyanı danışdırmağa əsaslanır. Yəni, poetik niyyət və fikrin özü də bu duyğuların qovşağında, assositiv axışında bəllənir. Bu halda sövq-təbii həmin müstəvidə, həmin "çay yatağında" iki dilin bir-birinə sarmaşdığının, eyni zamanda danışdığının şahidi oluruq; bu cəhət həmin mətnlərdə qafiyənin də bir növ "şəffaflaşmasına", mənaların bu qafiyə keçidlərində, misralar arası keçib gedən və arabir dərinlərdəki hiss, həyəcan girdabını nişan verən məkanda yaranmasına şərait yaradır. Söz və qafiyə oyunları (köç ötürmək, köks ötürmək...) məna reyestrində "batıb-çıxma" effekti yaradır, yəni sırf ənənəvi ladda yazılan, qurulan mətndə şair bu sözləri, bu məna və fikirləri uzatmağı, davam etdirməyi təklif edir:
Baxtın istəyinə vaxtı oyatmaq
Yenidən dünyaya gəlməkdi bəlkə.
Onsuz da hər gecə ölməkdi yatmaq,
Şairlik - oyana bilməkdi bəlkə?
Yazarsan, misralar çıxar canından,
Yerində boşalan bir ürək qalar.
Gecə köç ötürüb keçər yanından,
Sənə də köksünü ötürmək qalar...
Yəni, bu tipli poetik sistemdə bir tərəfdən sözü son "dayanacağına" qədər izləyib görk olmaq xətti, digər tərəfdən isə bundan qaçmaq ehtirası yaşanır. Sözü aforistik deyimə sığışdırmaq əsrlər boyunca poeziyanın öz içində yaratdığı mifdir, bu semioloji sistem həm də mətnin açmağa, pardaqlamağa çalışdığı mahiyyətdən qaçışdır, bu mənada əsl poeziya bəlli, həm də təyinedici məqamda həmin mifə qarşı durur. Bir ifadəylə deməli olsaq, "...mif faktlar sisteminə çevrilməyə cəhd edən semioloji sistemdir, poeziya isə mahiyyətlər sisteminə qədər sönməyə, azalmağa can atan semioloji sistemdir." Ona görə hər şeyin, hər addımın, lap elə hər nəfəs dərmənin bəlli olduğu qapalı mətn (şeir) sistemindən açıq "əraziyə" çıxmaq üçün şair haqqında yazdığı təbiəti də necə deyərlər, hissələrə bölməli, onları ayrı-ayrılıqda qavrayıb başqalaşdırmağa cəhd etməlidir. Bütün bu cəhətlər Məmməd İsmayılın yaradıcılıq yolunda yeni detal və tapıntılarla yadda qalan nəsnələrdir.
Bu tipli şeirlərdə sözlərin belə deyək, "nəfəs dərmədən" bir-birinə bağlana-bağlana getməsi bir tərəfdən relyasiyanın, sözlər arasındakı sonsuz əlaqələrin hədəfini nişan verir, digər tərəfdən isə bu hədəfdən qaçıb mahiyyətə, mətn boyunca yaranmış mənaların arasındakı cazibə sahəsini genişləndirmək amacını daşıyır. Sirr açılmır, onun həmin cazibə sahəsində "batıb-çıxması", çöhrəsini açıb göstərməsi çox sakit bir məkanda təbəddülatlar yaradır, elə bir təbəddülat ki, bunların sayəsində şeirdəki gərginlik sahəsi oxucuya sirayət edir və bu şəraitdə danışanla susan vaxtaşırı olaraq bir-birini əvəz edirlər, kimin danışıb kimin susması arasında sərhədsə itir və görünməz olur. Şeirdə hər hansı mənzərəni son detalına, ən kiçik nöqtəsinə qədər görükdürüb yox etmək "mərəzi" qaçılmazdır, həm də yeni "oyunlara" yön verən qədim-qaim yoldur.
Ağrım zəmanənin, çağın üstünə,
Ahım axın edər axın üstünə...
Sinəmə çəkilən dağın üstünə,
Yaş olub gözləri çən gələcəkdin...
Yaxud
Gününü günəşə borcludu kölgə,
Kölgəlik bəxtdisə, bəxtdən qaçılmaz.
Oğul atasının sirridi bəlkə,
Allah istəməsə o sirr açılmaz.
Şair Məmməd İsmayıl uzun bir yol keçib, ədəbi taleyinin hər qarışını özü bəlləyib, dərs alıb, dərs keçib, millət üçün çətin və ziddiyyətli məqamlarda sonradan milli mətbuatın gəlişməsinə yön verən "Gənclik" jurnalını nəşr edib, o jurnalın ətrafında bir çox istedadların yoluna işıq salıb, şeirləri dünyanın əsas dillərinə çevrilib... Amma ən əsası uşaqlıq, yeniyetməlik və gənclik çağlarında ürəyinə daman hislərin munisliyini itirməyib, o duyğular bu gün də təzə-tər və gözəldir, bizim sərvətimizidir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!