Bu cənnətin adı Eşqdir... - Xuraman Hüseynzadə

Ahmed Arifin mübarizələrdə keçən ömrü

"İndi axşamdı. Hələ heç nə yeməmişəm. Siqareti atmaq niyyətindəydim. Bugünkü, inan mənə, unutdum neçənci qutudu... Evdə bir ölüm sükutu var. Sual verməyə qorxurlar. Ah, bir soruşsalar, səni anlatsam... Ah, bu rəzil dünya səni tanısa, səni öyrənsə, səni anlasa..."

Əsl adı Ahmed Önal olan Ahmed Arifin şeirlərindəki sevginin qaynağını deşifrə edən sürpriz bir kitabdan - Leyla Erbilə yazdığı məktublardan ibarət "Leylim Leylim"dəndir bu isti sözlər. Arifin Erbilə yazdıqları şeirlərinin eskizidir sanki. İki ədəbiyyat adamının məhrəm yazışmalarının kitab halında işıq üzü görməsi ayrı bir mövzudur.

Ahmed Arifin məktublarının  toplandığı bu kitab, ədəbiyyat tarixçilərinə təbii ki, önəmli bilgilər vəd edir. Yazıldıqları dönəmin intellektual ortamını, Ahmed Arifin sürgün günlərini, gördüyü siyasi təpkini, iç dünyasını və ən çox da sevgisini bütün çılpaqlığıyla ortaya qoyur: "Bilirsən, ölüm mənim üçün çox önəmli bir şey deyilsə də, bu mövzuda... məhkumam! Ölərəm ha! Nə gözəl yaşayırdıq! Necə də yaşadırsan... Nə qədər söyləyim, elə yaşadan, elə sevdirənsən ki... Səni tanımaq, səni bir dəfə belə görmək, milyard il yaşamaqdan daha dolu, daha dəyərlidir. Amma kimə deyilir bu sözlər, anlayana təbii. Səni anlamaq, səni sevmək mühüm və əziz bir işdir. Çətin də deyil. Amma öncə insan olmaq lazım..."

"Bu uşaq türkdür"

"Yaxşı yadımdadır... Biz oyun oynayırdıq. Üç adam bəhsə girmişdi. Onlardan biri ərəb, biri kürd, o biri zaza (Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplum-X.H.) imiş… Biri məni göstərərək "Bu uşaq ərəbdir" - deyir. O biri etiraz edir: "Yox, bu uşaq kürddür." Üçüncüsü "bu, nə ərəb, nə də kürddür...  Bu,  zazadır" - deyir. Biz oynayırıq, onlar danışığımızı dinləyirlər… Anlaşa bilməyib bir  ustadan uşağın milliyyətini soruşurlar. Və beş lirədən mərc gəlirlər. O zaman bu, böyük məbləğ imiş təbii. Usta deyir: "Üçünüz də yanıldınız. Bu uşaq türkdür."

Uşaqlıq illərindən çeşidli bölgələrdə yaşadığı üçün ərəbcə, zazaca və kürdcəni yaxşı mənimsəmişdi Ahmed... Uşaq vaxtlarından həmişə ədalətin arxasınca düşən Ahmed, zərrə haqsızlığa dözə bilməzdi. Hələ sevdiklərindən danışırıqsa bu, daha da şiddətli olurdu. Şeirlərində həmişə əzilən insanların tərəfindəydi: "Çocukluğumda özüm üçün heç vaxt dava etmədim. Amma dostlarım, məhəlləmiz, ya da məktəb yoldaşlarım üçün  çox dava etdim. Bu mənim xarakterimdən irəli gəlir."

Uşaq ikən anasını itirir. Bu səbəbdən həyatı atasının yeni  həyat yoldaşları ilə davam edəcəkdi. Səkkiz uşağın ən kiçiyi olan Ahmed oxumağı, yazmağı ibtidai sinfə getməmiş öyrənir. Onun poeziya sevgisi orta məktəbdə oxuduğu zaman yaranır. O, Ankara Dil və Tarix Coğrafiya fakültəsi Fəlsəfə bölümündə təhsil alan zaman iki dəfə həbs olunur...

"Otuz üç kurşun" şeiri...

1943-cü ilin iyul ayında Vanda heyvan qaçaqmalçılığı iddiası ilə 33 nəfər ordu komandiri  Mustafa Muğlalının əmriylə  güllələnir. 32 nəfərin ölümü, birinin qaçması ilə nəticələnən olaya Ahmed Arif "Otuz üç kurşun" adlı şeir yazır. Şair özü bu şeiri ağı kimi yazdığını deyir: "Ağı kimi qələmə aldığım "Otuz üç kurşun"u yayımlamaq fikrində deyildim. Yaxınlarım, dostlarım "Niyə yazdın bunu? Bunu yazacağına Mustafa Sübhidən yaz" dedilər. Mustafa Sübhinin keçmişdə qaldığını, bunun isə gözümün önündə baş vermiş bir olay olduğunu söylədim: "Bu Bahçelievlərdə manyakın biri otuz dənə toyuğu oğurlasa, kəssə, küçəyə atsa, ertəsi gün "Ulus" olayı dörd sütunda verər. Toyuq deyil bu, 33 nəfər sənin vətəndaşındır. Heç bir günahı yox. Tərtəmiz. Bəlkə hamımızdan da günahsız... Kimsəsizlikdən başqa günahları yox. Kimsəsiz adamlar, o qədər! Həmin bu "Otuz üç kurşun" şeiri üzündən gəldilər apardılar məni."

Ahmed Arif dəfələrlə işgəncələrə məruz qalır, təqib edilir, başqa  qruplarda fəaliyyət göstərdiyi iddiasıyla hədəfə alınır. Onu bir küncə sıxışdırıb döyməsinlər deyə davamlı olaraq idman edir, qaçır. 1951-52-ci illərdə iki dəfə həbs olunan şair bu səbəbdən ali məktəbi tamamlaya bilmir. Buna baxmayaraq, işgəncələr və basqılar altında daim ayaqüstə durmağa çalışır.

"Oxu" - dedilər, oxumadım. "Ölərəm, oxumaram" - dedim. Sabaha qədər söydülər, döydülər." Döyüldükdən sonra şeir Salim Şengil adlı tanışının vasitəsilə hissə-hissə "Seçilmiş hekayələr" dərgisində yayımlanır… Şeirin başına gələnlər bununla bitmir. Serhat adlı uşaq evdə siyirmədən yazılı bir kağız tapır. Kağızda həmin şeir yazılıbmış. Bunu görən uşağın atası qiyamət qoparır. Balaca uşaq çox qorxur. Bir yandan atası bağırır, bir yandan anası. "Demək, orada necə bir terror var, düşüncə terroru, danışma terroru. Sözünü danışmaq, fikrini ifadə etmək mövzusunda elə bir terror var ki, bu şeiri çox gizli, təhlükəli bir şey kimi görür və gizli-gizli əldən-ələ ötürürdülər"- deyirdi Ahmed Arif. Şeirin başına gələn hadisələrdən danışarkən bunun həyat ilə şeirin, həyat ilə sənətin iç-içə olduğu bir durum olduğunu bildirirdi: "Bir zaman gələcək, tarix ilə sənətin, şeirin iç-içə olduğu bir durum olacaq. İnsanın öz köklərini araşdırması çox önəmlidir."

Eşq adlı cənnət

O, bütöv bir həyatı qovğasına-qalmaqallara və sevdasına  xərcləyir. "Mən böyük deyiləm. Xalqımın sıradan və qərib bir ozanıyam... Buna inanıram və qürur duyuram. Bəziləri son əlli ilin ən yaxşı kitabını mənim yazdığımı deyir. O, öz iddiasıdır həmin möhtərəmin… Nazım Hikmətin məmləkətində belə söz danışılarmı?" deməklə təvazökarlığını heç əldən vermir.

Sevdi, döyüldü, savaşdı, işgəncələrdən, həbsxanalardan və daha nə qədər oyundan alnıaçıq, üzüağ çıxdı. Xalqına, yaşadığı torpaqlara böyük ürək və bənzərsiz şeirlər ərməğan edən şairin yeganə kitabı olan "Hasretinden prangalar eskittim" (Həsrətindən qandallar köhnəltdim) çox büyük səs-küy yaradır. Kitab, işıq üzü gördüyü vaxtdan sonrakı 12 ildə 18 dəfə yenidən nəşr olunur. Orhan Velinin şeirə təsir etdiyi bir dönəmdə yaradıcılığa başlayan Ahmed Arif, Nazım Hikmətin açdığı cığır ilə gedir. Ondan aldığı ilhamı bir Anadolu həssaslığı və istedadı ilə şeirə çevirir.

"Cəsarəti söyləyir Ahmed Arif. Və iğidliyi... Bir bulaq kimi, yer altından axan sular kimi...- Cemal Süreya, "Şapkam dolu çiçekle" kitabında Ahmed Arif haqda belə yazır. Türk şeirində müstəsna yeri olan bir neçə şairdən biri kimi tanınır Ahmed Arif. Onun şeirləri feodal istismarına, zülm və haqsızlıqlara qarşı bir üsyandır. Həyatı boyunca çəkdiyi əzablar, həbslərdə yatması, həqiqətləri söyləməkdən çəkinməməsi Ahmed Arif şeirinin əsas cəhətidir. Üsyanın, mübarizənin, həsrətin, qandalların ortasında ideal bir cənnəti təsvir edir bizə Arif. Bu cənnətin adı isə eşqdir...

Yenə Nazım Hikmət…

"1950-ci illərin əvvəlləri idi… Abidin Dinogildəydik… Yenə şeirdən danışırıdıq. İçirdik. Bir mübahisə başladı. "Türk şeirində yeniliyi biz etdik, Nazım yox. Bir çağ varsa, onu biz başlatdıq",-dedilər. Düşündüm ki, Nazım bunların əqrəbası deyil ki? Bunları yüksəklərə qaldırmış, tərcümələrinə yardımcı olmuş... Biz eyni xalqın çocuklarıyıq. Nazımla nə mən, nə də Yaşar Kamal tanışıq… Dedim: "Güzin xanımdan üzr istəyirəm, mənim hocamdır, amma bu, bir tərbiyəsizlikdir. Özünüzü Nazımdan daha böyük bir şair, daha önəmli, ədəbiyyatda cığır açmış, yenilik etmiş adamlar kimi görməniz sadəcə təlxəklikdir. Burada mənim ağabəylərimsiniz, amma məni məcbur etdiniz. İkincisi, deyək ki, hər sahədə - həm iqtisadiyyatda, həm siyasətdə çox inkişaf etmiş bir toplumuq. İndi deyil, o zaman biriləri çıxıb türk şeirindən danışsa  və siz də bu sözlərinizlə ortaya çıxsanız, məsələn, Yəhya Kamala bir şey deməzlər, amma sizə xain deyərlər. Ayıbdır, həm Nazımı tanıyırsınız, həm də bu cür danışırsınız." Oktay Rifat, Nazımdan başqa şeir bilib-bilmədiyimi soruşdu. Mən səsimi çıxarmadım artıq. Amma Güzin xanım "Oxu",- deyə işarə etdi… Mən də "Hani kurşun sıksan geçmez gecen"i oxudum. "Bu kimin?",- deyə sual etdi Oktay Rifat. "Bir dostun",- dedim. Oktay Rifat çaşıb qaldı: "Qorxunc dərəcədə gözəl bir şeir." Sonra "Mən bu şeirdən əlli dənə yazaram",- deyib söhbətə davam etdi- "Məhsulu necə boşuna xərcləyir bu…" O zaman bu qarşılığı verdim: "Sən əlli dənə yazarsan, şitini çıxararsan şeirin. "Bu boya ilə əlli rəsmi boyayaram" - deyirsən. O zaman bu şeir olmaz. Zənn etmə ki, sənin dediyini biz bilmirik…"

*  *  *

Sənət çevrəsi çox geniş olan şair, axşamlar Orxan Vəli ilə gəzintiyə çıxar, Orhan abisinə öz şeirlərini oxuyardı. Şeirlərini oxuduğu başqa bir dostu isə həmşəhərlisi Cahit Sıtkı Tarancı idi. "Orxan Vəli də mənim şeirlərimi bilirdi. Böyük heyranlıqla, sayğıyla qarşılayardı. Cahit Sıtkı da o cür… Hönkür-hönkür ağlardı. Neçə dəfə oxumuşdu mənə "Otuz üç kurşun"u, "Karanfil Sokağı"nı… Hər səfərində Cahit abi kövrələrdi."

Nikah şəkəri yerinə Ahmed Arifin kitabı

Şairin şeirlərinə diqqət o qədər böyük idi ki, bir müəllim öz nikahında şəkər yerinə satın aldığı 500 ədəd Ahmed Arif kitabını paylayır. Bunu öyrənən şair utanc qarışıq xəcalət yaşayır. Bu diqqət özünü dərgilərdə də göstərir. Adi vaxt 500 tiraj satılan "Soyut" dərgisi Ahmed Arifin şeirləri dərc olunan vaxtlarda üç min nüsxə satılır və şeirləri əldən-ələ dolaşırdı…

Son arzu

Geridə sadəcə bu arzusu qalır Ahmed Arifin: "Mən buralarda, bu xəstəxanalarda, bu torpaqlarda deyil, yenə oralarda - Dəclə sahilində bir çadırda ölmək istəyirəm. O qədər gözəl ağı deyər ki, o qadınlar…Heç bir musiqi o qədər toxunmaz ürəyə…"

Ay qaranlıq

Maviyə,
Maviyə çalar gözlərin,
Yanğın mavisinə.
Rüzgarda asi,
Korsam,
Səndən qeyrisinə yoxamsa,
Dağınığamsa,
Can mənim, xəyal mənim,
Ellərə nə?
Haydı gəl,
Ay qaranlıq…
İtdən ac,
İlandan çılpaq,
Vurğun və bəla
Gəlib durmuşamsa qapında
Varmı ki, doymazlığım?
İllah ki, sevməyim,
Sevməyim kimisi?
Oturmuş yazıcılar
Fərmanımı yazar.
Nə olar gəl,
Ay qaranlıq…


Sevdan məni
Tərk etmədi sevdan məni,
Ac qaldım, susuz qaldım.
Xain, qaranlıqdı gecə,
Can qərib, can susqun,
Can paramparça...
Və əllərim qandallarda,
Tütünsüz, yuxusuz qaldım,
Tərk etmədi sevdan məni...


Susqun
Sus, kimsələr duymasın,
Duymasın, ölərəm ha.
Ay imişəm yarı gece,
Səni tapmışam sonra.
Səni, qabırğamın qızıl parçası.
Səni, dişlərində alma qoxusu
Bir daha hansı ana doğar bizi?
Ruhum... Misra düzürəm xəbərin olsun.
Bazarların ən kiçik meyxanası bu,
Saçları üzümdə qardaş, çocuqsu.
Dərimizin altında o ölüm namussuz...
Və Ahmedin işi ilk andan rast gedir.
İlkdir dost əlinin xəncərsizliyi...


Ağlayır yaşıl.
Röya, bütün çəkdiyimiz.
Röya qəhrim, röya zindan.
Necə də illəri tapdı,
Bir misra boyu macəram...
Bilməzlər necə aradıq bir-birimizi,
Bilməzlər necə sevdik,
İki yetik həsrət,
İki parça can.
Çatladı ürəyi çaxmaq daşının,
Ağlayır göy qurşaqlarının sərinliyində
Çağlardır boğulmuş bir su...

Ağlayır yaşıl.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!