Bu gün uşaq ədəbiyyatının vəzifəsi onillərlə qabaqkından daha fərqlidir. Vaxtı ilə mütaliə səriştəsi önə çəkilirdisə, indi daha çox balaca oxucunu düşünməyə, mühakimə yürütməyə, xəyallara qapılmağa cəlb edən ədəbi nümunələr uşaq ədəbiyyatı hesab edilmək hüququna malikdir. Amma istər keçmiş olsun, istərsə də indi - hər iki dövrün ədəbiyyatından bircə tələb var ki, o da bədii keyfiyyətdir.
Açığı bu gün uşaqlar üçün yazanlar az deyil, nəşr edilən kitablar da, baxmayaraq ki, oxucu əlinə gedib çatmır, bəlkə də həddindən artıq çoxdur. Sadəcə, şablon ifadə ilə demiş olsaq, ağılla hissin calağından doğulan əsərlər yox dərəcəsindədir. Çılpaq ifadələr, soyuq fikirlər, primitiv mühakimələr ədəbi nümunələr adı altında baş alıb gedir. Bir paraları da ondan-bundan, ordan-burdan qəsb eləməklə məşğuldu. Ən təəccüblüsü odur ki, bəzi tənqidçilər də məhz belə primitiv, mayası oğurluqdan tutulan cızma-qaraları təqdir eləməklə şeirimizin-sözümüzün ağzını naməlum yollara yönəltməkdədir.
Nə yaxşı ki, bu gün üz tuta biləcəyimiz ədəbi nümunələr də var. Ustad şairimiz Zahid Xəlilin yaradıcılığında məhz belə bədii bütövlüyü görə bilirik. Odur ki, onun bu yaxınlada nəşr etdirdiyi "Ağ leyləklər" kitabı haqqında danışmağı özümə borc bildim.
Püxtə qələm sahibi olan Zahid Xəlil təkcə uşaq psixologiyasına bələdliyi ilə seçilmir, o həm də uşaq ədəbiyyatının qarşısında duran vəzifələri daha yaxşı görə bilir. Növbəti kitabında da uşağı fikrə salmaq, düşünməyə vadar etmək baxımından maraqlı şeirlərini toplamışdır. Götürək "Lalə" şeirini və onun məğzinə varmağa çalışaq. Bu bədii parçanı oxuyub qurtarandan sonra düşünürsən, axı bu obrazlar məzmunca yeni deyil. Amma o an da öz fikrinə qarşı çıxmalı olursan - bəs fikrin ifadə yeniliyi, deyimin orijinallığı, bənzətmələrin özünəməxsusluğu:
Lalə qara gecədən
Bir göz aldı özünə.
Şair demir "Lalənin gözü qaradır". Uşaq belə fikirləri babasından, nənəsindən çox eşidib. Odur ki, belə deyimi o mexaniki oxuyub keçəcək. Z.Xəlilin məharəti ondadır ki, sözün üstündə balaca oxucunu ləngitməyi bacarıb:
Lalə qara gecədən
Bir göz aldı özünə.
O an uşağın fikrinə özü boyda bir "necə" sualı düşür və misralara təkrar qayıtmalı olur. Mənaya nüfuz edib, onu öz malı eləməkdən ötrü az qala xəyala dalır. Deməli, ədəbi əsər öz vəzifəsini yerinə yetirmiş oldu.
Sovet dövründə belə bənzətmələr hətta qəlizlik nümunəsi kimi tənqidə məruz qalırdı. Yadımdadır, oxumuşdum, böyük S.Vurğun gərək ki, hansısa şairə "başımda od çaxdı, gözümdə duman" misrasına görə az qala lağ eləmişdi. Amma həmin misra bu gün təbii qarşılanır. Axı müasir uşaqları hansısa sözlə, hansısa fikirlə çaşdırmaq elə də asan deyil. Bu gün məhz bir az tapmacaya oxşayan, sirli, lap düzü, obrazlı deyimlər tələb edir uşaq təfəkkürü. Şair Z.Xəlil də bunu yaxşı bilir.
Ustadın nümunə gətirdiyimiz şeirinin başqa bir məziyyəti isə fikrinin obrazlı ifadə orijinallığıyla bağlıdır:
Lalə qara gecədən
Bir göz aldı özünə.
Adətən belə obrazlı deyimlərə bayatılarımızda təsadüf edilir. Xalq ədəbiyyatında bizim vərdiş elədiyimiz bənzətmələri genə-bol da görə bilməzsən. Orijinal bənzətmələr var bayatılarımızda.
Hansısa bir qızın gözəllik meyarını - "mil kimi düz qaşları" fikri görün necə obrazlaşır xalq ədəbiyyatında:
Qaşların mil qədəri.
Və ya sevincin böyüklük çalarını göstərən başqa bir misra:
Açıllam gül qədəri!.
Və ya qara çadırın rəng çaları - tündlüyü fikir verin, hansı obrazla gözümüzün qarşısında canlandırılır:
Qara çadır his tutmaz.
Yəni elə qaradır ki, hətta his kimi zil qara rəng çadıra hopsa belə, bilinməz.
Məhz bu priyomlardan təhtəlşüur (şüuraltı) istifadə nəticəsində şair Zahid Xəlil bədii parçada qarşısına qoyduğu məqsədə nail olur. Şair şeiri kamilləşdirmək yoluna davam edir:
Sonra Qızıl Günəşin
Paltarını geyindi...
Burda da şair birbaşa demir ki, Lalə qırmızı paltar geyindi. Ustad şairin misralarını oxuyan uşaq, sözün bədii anlamını açmağı can atır desək, daha doğru olar.
Şairin folklora, ağız ədəbiyyatına dayanıqlı belə əsərləri təbii ki, balaca oxucuları ovsunlamaya bilmir.
Eləcə də "Damcılar" şeirini fikrimizdə canlandıraq:
Damcılar gör nə çoxdu -
Beşdi, ondu, yüz idi...
Damcılar mirvaridi,
Damcılar quş gözüdü.
"Damcılar quş gözüdü". Bu obrazla uşaq su damcısının şəffaflıq, oynaqlıq, həyatsevərlini və parlaqlığını ifadə etmiş olur. Bununla da balaca vətəndaş bir misrayla öz xəyalında - şəffaf... oynaq... həyatsevərlik... parlaqlıq... sözlərindən bir gül dəməti tutur.
Öz istəyini ədədbiyyata gətirən ustad şairimiz balaca oxucunun da istəyindən - fikri bir anda qavramaq istəyindən də yan keçmir:
Gülnur yedi
Yağ yaxması.
Yağa batdı
Ağ yaxası.
"Yaxma"
Bu bədii parçanı oxuyan başqa Gülnurlar, inanmıram ki, ondan ibrət dərsi almayalar.
"Qurbağa" şeirini isə elə bil şairə şəxsən uşaq özü - müşahidələrini şeirə çevirməyi sifariş verib:
Bir yekə "M" hərfinə
Oxşayır bu qurbağa.
Tərpənməyir, elə bil
Yapışıbdır torpağa.
Ədəbiyyata baxış nöqteyi-nəzərini özü üçün aydınlaşdırmaq istəyən hər kəs şair Zahid Xəlilin klassik nümunə olan "Çəmən" şeirini dərindən təhlil etməlidir.". "Bu ədəbi nümunəni bizə sevdirən cəhətlər nədir?" sualına dayanmış olsaq, çətinlik çəkmədən cavabını tapa bilərik - hər şeydən əvvəl bədiiliyi, yüksək müşahidə qabiliyyəti, sözlərin seçilib, sanballanıb öz yerinə qoyulması.
Bizim bağçamıza bir çəmən düşüb,
Sürüşüb baharın çiynindən düşüb.
Gündüzlər nə qədər quzu var orda,
Xırphaxırp otlayır quzular orda.
Səhər otlar üstə şehdən inci var,
Şehlər quzuların gözü tək parlar.
Düzü başdan-başa tərifdir çəmən,
Quzu tükü kimi zərifdir çəmən.
Gəlin, siz də görün çəmənzarımı,
Amma ürkütməyin quzularımı.
Bizim bağçamıza bir çəmən düşüb,
Sürüşüb baharın çiyindən düşüb.
Məşhur rus şairi Yaroslav Smelyakov yazırdı: "Bir kitabda bir yaxşı şeir varsa, deməli o kitab yaxşı kitabdır, iki yaxşı şeir varsa, əladır". Bu mövqedən yanaşanda ustad yazıçımız Zahid Xəlilin "Ağ leyləklər" kitabında neçə-neçə gözəl şeirlər toplandığının şahidi oluruq. Deməli, bu, əla kitabdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!